Məmməd Səid Ordubadinin ev-muzeyi yenidənqurmadan sonra açılmışdır
M.S.Ordubadinin ev-muzeyi yenidənqurmadan sonra açılmışdır. Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov demişdir ki, tarixi şəxsiyyətlər, ədiblər, vətənpərvər övladlar yaşadıqları yeri tanıdır, şöhrətləndirirlər.
Məmməd Səid Ordubadi də dövrünün imkanlarına uyğun olaraq fəaliyyət göstərmiş, özünün qələmi ilə dövrünün ustad ədibi, ictimai xadim adını qazanmışdır. Bütün bunları nəzərə alan ulu öndərimiz 1972-ci ildə Ordubad şəhərində Məmməd Səid Ordubadinin ev-muzeyinin yaradılması haqqında qərar qəbul etmişdi. Muzey o dövrdən fəaliyyət göstərir və yenidənqurmadan sonra da uzun illər fəaliyyətini davam etdirəcəkdir. Ədib Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi şöhrət tapmış, "Dumanlı Təbriz", "Qılınc və qələm", "Gizli Bakı", "Döyüşən şəhər" əsərləri ilə tarixi bədii formada indiki və gələcək nəsillərə yadigar qoymuşdur.
Natiq qeyd etmişdir ki, hər dövrün özünün tələbləri olmuşdur. Sovet dövründəki tələblər yazıçılar üçün müəyyən çətinliklər yaratdığına baxmayaraq, Məmməd Səid Ordubadi elə fəaliyyət göstərib ki, onun fəaliyyəti o dövrdə də, Azərbaycanın müstəqilliyi dövründə də qiymətlidir. Ona görə də belə şəxsiyyətlər ölməz, əbədiyaşar insanlardır. Məmməd Səid Ordubadi də belə insanlardan biridir. Ölməz ədib özünün qoyub getdiyi ədəbi irslə bu gün də yaşayır. Azərbaycan xalqının çox sevdiyi ədiblərindən biri olan Məmməd Səid Ordubadi yaratdığı əsərlərlə gələcək nəsillər üçün də bir nümunə, örnək olacaqdır. Buna görə də onun muzeyi fəaliyyət göstərməlidir. Muzey öz fəaliyyətində ədibin irsini yaşatmaqla bərabər onu təbliğ etməli, gələcək nəsillərə çatdırmalıdır. Çünki belə ədiblərimiz, ictimai xadimlərimiz hər bir dövr üçün nümunə göstərilə biləcək tarixi şəxsiyyətlərdir.
Ali Məclisin Sədri Məmməd Səid Ordubadinin ev-muzeyinin yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə muxtar respublika ictimaiyyətini, ədib və yazıçılarını, onu sevənləri təbrik etmiş, muzeyin kollektivinə işlərində uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra muzeyə baxış keçirilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 13 yanvar.- S. 2.