Azərbaycanın İndoneziyadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir

 

Azərbaycanın İndoneziyadakı səfirliyindən bildirmişlər ki, yanvarın 12-də Cakarta İncəsənət İnstitutunda 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar mərasim keçirilmişdir.

Səfir İbrahim Hacıyev qanlı faciə barədə məlumat vermiş, 20 Yanvarın Azərbaycanda hər il ümumxalq hüzn günü kimi qeyd edildiyini bildirmişdir. Qanlı Yanvarın Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayan diplomat bu hadisənin xalqımızın yenilməzliyini, ölkəmizin azadlığı, suverenliyi ərazi bütövlüyü uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdiyini demişdir.

İ.Hacıyev qanlı hadisəyə ilk etiraz səsini məhz ümummilli lider Heydər Əliyevin ucaltdığını vurğulamışdır.

Səfir ölkəmizin tarixi, müasir həyatı, inkişafı, dünyada artan nüfuzu, beynəlxalq regional layihələrdə aparıcı rolu barədə məlumat vermiş, Azərbaycan-İndoneziya əməkdaşlığının bütün sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır.

20 Yanvarı böyük faciə kimi səciyyələndirən Cakarta İncəsənət İnstitutunun rektoru Vaqiono Sunarto həmin hadisələrin Azərbaycanın müstəqilliyinin bərpasında müstəsna rol oynadığını qeyd etmişdir.

Sonra İ.Hacıyev tədbir iştirakçılarının suallarını cavablandırmışdır.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən foto-slaydlar nümayiş olunmuşdur.

Səfirliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə hazırladığı kitab disklər ali təhsil ocağının kitabxanasına hədiyyə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 yanvar.- S. 2.