Azərbaycan Respublikasının "Ekoloji atlas"ı böyük elmi-praktik dəyərə malikdir

 

Bu gün dünyanın ən qlobal problemlərindən biri ekologiyanın qorunmasıır. Bu problemin həlli üçün külli miqdarda maliyyə vəsaiti ayrılır, beynəlxalq seminarlar, müşavirələr keçirilir, dünya alimləri çıxış yolları axtarırlar.

Problemin həlli üçün Azərbaycan da yaxından iştirak edir. Təbii mühitdə baş verən bütün qlobal dəyişikliklər, o cümlədən iqlimin istiləşməsi, atmosferin qaz tərkibinin pozulması, turşu tərkibli yağışların yağması, ozon təbəqəsinin nazikləşməsi, təbiətdə maddələr dövranının pozulması, meşələrin kütləvi qırılması, torpaqların eroziyası və münbitliyinin azalması, səhralaşmanın genişlənməsi, planetin genefondunun azalması, təbii fəlakətlərin artması və s. bizi narahat edir.

Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər ərzində başqa sahələrdə olduğu kimi, Azərbaycanda ekoloji mühitin qorunmasına da xüsusi diqqət ayırmışdır. Təsadüfi deyil ki, həmin kursu uğurla davam etdirən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında (16 oktyabr 2009-cu il) yekun nitqində ekoloji tədbirləri bir daha inkişaf etdirmək məsələsini ön plana çəkərək demişdir: "Ekoloji tədbirlərin görülməsi prioritet xarakter daşıdığına görə mən təklif edirəm ki, gələn il (2010-cu il) Azərbaycanda "Ekologiya ili" elan edilsin. "Ekologiya ili"ni yüksək səviyyədə keçirmək üçün tezliklə tədbirlər planı hazırlansın".

Məsələnin vacibliyini nəzərə alaraq Azərbaycan Respublikasının "Ekoloji atlas"ı AMEA-nın müxtəlif institutları, DTXK-nın, Səhiyyə Nazirliyinin və BDU-nun mütəxəssisləri tərəfindən hazırlanmış, akademik Q.Ş.Məmmədov, professor M.Y.Xəlilov, biologiya elmləri doktoru S.Z.Məmmədova tərəfindən tərtib edilmiş və akademik B.Ə.Budaqovun redaktorluğu ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikində Azərbaycanda ilk dəfə olaraq vahid xəritəçilik əsəri kimi çap olunmuşdur.

Atlas "Ekoloji sistemlərin kosmosla qarşılıqlı təsiri və Yer-kosmos-vahid ekosistem" başlığı ilə başlayır. Başlanğıcda Yerin kosmosla qarşılıqlı əlaqəsi, Yerdə həyatın təkcə planetar deyil, həm də kosmik bir hadisə olduğu şərh edilir. İllüstrasiyalarla verilmiş Cəmiyyət-Ölkə-Dünya-Günəş sistemi - Qalaktika ardıcıllığının Yer-Kosmos-Vahid Ekosistem olduğu sadə şəkildə sübut olunur.

Atlas respublikada ekoloji vəziyyətin tədqiqatı, səmərəli dövlət ekoloji siyasəti, ekoloji təhsil, geniş kütlənin maariflənməsi, ekoloji mədəniyyətin yüksəlməsi haqqında məlumatları özündə əks etdirir.

"Ekoloji atlas" xüsusi əhəmiyyətə malikdir. Atlasın tematikasının müxtəlifliyi və hər bir bölmənin uyğun olaraq dünyadakı ekoloji vəziyyətlə əlaqələndirilməsi onun elmi-praktiki əhəmiyyətini daha da artırır.

Atlasın xüsusi məzmunu 11 bölmədən ibarət olub, 150-dən artıq xəritədə verilmişdir. Bu xəritələr Azərbaycan elmində xüsusi xidmətləri olmuş görkəmli alimlərin mühüm elmi nəticələri əsasında tərtib edilmişdir. Atlasda müxtəlif xəritələr üçün verilmiş izahedici mətnlər, qrafik və diaqramlar onun informativliyini daha da artırır.

Atlasın atmosfer bölməsində dünyanın iqlim xəritəsi ilə yanaşı Azərbaycanın iqlim xüsusiyyətləri ilə bağlı 8 xəritə verilmişdir. Bu bölmədə, əsasən, Azərbaycanın iqlim xəritəsi, əsas iqlim tipləri, aqroiqlim rayonlaşdırılması, əlverişli təbii-iqlim şəraitləri, iqlimin kontinentallığı, ümumi günəş radiasiyasının paylanması, günəş parıltısı saatlarının miqdarı xəritələri verilmişdir. Dünyada atmosferin texnogen çirklənməsi və Azərbaycanda atmosferin çirklənməsi xəritələri ilə yanaşı izahedici mətnin verilməsi onun əhəmiyyətini daha da artırır.

Atlasın hidrosfer bölməsində isə 10 xəritə verilmişdir. Bunlardan atlasın məzmununa daha yaxın olan çayların ekoloji problemlərinə aid xəritəni xüsusi qeyd etmək lazımdır.

Xəzər dənizi dünyada ən unikal su hövzələrindən biridir. Dənizin səviyyəsinin dövri olaraq tərəddüdü Yer kürəsində baş verən təbii proseslərin nəticəsini özündə əks etdirir. Bundan əlavə, Xəzər dənizi zəngin təbii ehtiyatlar xəzinəsidir. Belə bir hövzənin bioresurslarının məhsuldarlığının artırılması, dənizi çirkləndirən mənbələrin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi çox vacibdir. Qeyd olunan problemlərlə əlaqədar Xəzər dənizinə tökülən Kür, Volqa, Ural, Terek və s. kimi sanitariya-gigiyenik baxımdan gərgin olan çaylar ciddi ekoloji problemlər yaradır. Bu baxımdan Xəzər dənizi haqqında verilmiş izahedici mətn, müvafiq xəritələr, səviyyə tərəddüdlərini göstərən qrafik və diaqramlar xüsusi əhəmiyyətə malikdir.

Atlasın torpaqlar bölməsi xüsusilə fərqlənir. Bölmənin əvvəlində təqdim olunmuş, Azərbaycanın torpaqları xəritəsinə aid torpaq profilləri ölkə ərazisində yayılmış bütün torpaq tipləri haqqında geniş məlumat verir. Respublikanın iqtisadi rayonları üzrə orta miqyaslı torpaq xəritələrinin verilməsi ölkənin ayrı-ayrı bölgələrinin torpaqları haqqında dəqiq məlumat əldə etməyə imkan yaradır. Torpaq xəritələrinin ümumiləşdirilmiş məzmunu "Torpaqların ekoloji qiymətləndirilməsi" xəritəsində öz əksini tapmışdır.

Atlasın landşaftlar bölməsində respublika təbiətinin ekoloji durumunu kompleks şəkildə əks etdirən zəngin xəritələr verilmişdir.

İlk dəfə tərtib olunmuş Azərbaycanın tibbi-ekogeokimyəvi landşaft xəritəsi xüsusilə fərqlənir. Çoxillik geokimyəvi tədqiqatlar nəticəsində Azərbaycanın müxtəlif landşaft tiplərində kimyəvi elementlərin miqrasiyası, mikroelementlərin anomal konsentrasiyası təsirindən yaranan xəstəliklər və bu xəstəliklərin yayılma dərəcəsi müəyyən olunmuş və xəritələşdirilmişdir.

Azərbaycan landşaftlarının ekocoğrafi xüsusiyyətləri ekoloji-coğrafi rayonlaşma xəritəsində ümumiləşdirilmişdir. Respublikanın ayrı-ayrı fiziki-coğrafi vilayətləri, müxtəlif landşaft tipləri ekoloji cəhətdən gərginliyinə görə qruplaşdırılmış və bu xəritədə öz əksini tapmışdır.

Atlasda ekoloji tarazlığın pozulmasında mühüm rol oynayan müxtəlif təbii-sel axınları, sürüşmələr, zəlzələlər və s. aid xəritələrin verilməsi onun dəyərini daha da artırır. Atlasın atmosfer, litosfer, biosfer bölmələrinin əvvəlində verilmiş xüsusi sxem, diaqram və izahedici mətnlər, bitki örtüyü və heyvanlar aləmi bölmələrində Azərbaycanın "Qırmızı kitab"ına düşən nadir bitki və heyvan növlərinin şəkillərinin verilməsi ekoloji təhsil sahəsində istifadə üçün çox əhəmiyyətlidir. Atlasda ekoloji məzmunda digər xəritələr də verilmişdir ki, bunların hər birinin özünəməxsus yeri var.

Azərbaycan ictimaiyyətinə təqdim olunmuş "Ekoloji atlas" onun milli sərvəti dəyərində qiymətləndirilməlidir. Atlasda dərc olunmuş hər bir xəritə müvafiq sahələr üzrə mütəxəssislərin uzun illər ərzində apardıqları tədqiqatların nəticəsidir. "Ekoloji atlas"dan təkcə Azərbaycan ictimaiyyəti deyil, digər ölkələrin, xüsusilə MDB ölkələrinin mütəxəssisləri də yararlana bilərlər. Çünki atlasda verilmiş xəritələrin legendası və digər izahedici mətnlər rus dilində də verilmişdir. Qeyd olunan xüsusiyyətlər atlasın elmi-praktik dəyərini daha da artırır və ölkənin bütövlükdə ekoloji vəziyyətinin qiymətləndirilməsində çox böyük əhəmiyyətə malikdir. Atlasda ekoloji vəziyyətlə əlaqədar təqdim olunan bütün xəritələr dövlət ekoloji siyasətində, ekoloji təhsil, əhalinin ekoloji maariflənməsində və bütövlükdə dünyada ekoloji vəziyyətin qiymətləndirilməsində çox əhəmiyyətli bir vasitədir.

"Ekoloji atlas"ı ölkə Prezidenti cənab İlham Əliyevin elan etdiyi 2010-cu il - "Ekologiya ili"nə töhfə kimi qiymətləndirmək olar.

 

 

Budaq BUDAQOV,

Akademik

 

Azərbaycan.- 2010.-13  yanvar.- S. 4.