Görkəmli alim, mahir pedaqoq
Tanınmış riyaziyyatçı,
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
əməkdar elm xadimi,
fizika-riyaziyyat elmləri
doktoru, professor Arif Əliheydər oğlu Babayev sağ olsaydı, 75 yaşı tamam olardı. O, məşhur riyaziyyatçı
Əşrəf Hüseynovun
elmi məktəbinin ən istedadlı, ləyaqətli davamçılarından
sayılır. Orta məktəbi
qızıl medalla, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat
fakültəsini fərqlənmə
diplomu ilə bitirmişdi. 1957-ci ildə universitetin Elmi Şurasının qərarı ilə riyazi analiz ixtisası
üzrə aspiranturada
saxlanılmış, 1960-cı ildə vaxtından əvvəl müvəffəqiyyətlə
dissertasiya işi müdafiə edərək
fizika-riyaziyyat elmləri
namizədi alimlik dərəcəsi almış,
həmin ildən universitetin mexanika-riyaziyyat
fakültəsində mühazirə
və seminarlar aparmışdır. 1964-cü
ildə Azərbaycanda
ilk Riyazi analiz kafedrasının təməlini
qoymuşdur.
Arif Babayev apardığı elmi-tədqiqat işlərini
həmişə uğurla
yerinə yetirirdi. Fitri istedadı nəticəsində
dünyanın məşhur
riyaziyyatçılarının araşdırdığı problemlərin
həllinə qısa
müddətdə nail olurdu.
Arif müəllimin gözəl
nitqi, güclü riyazi məntiqi, yüksək mədəniyyəti
vardı.
Görkəmli alim 1966-cı ildə Tiflisdə "Bəzi sinqulyar inteqral tənliklərin tədqiqi"
mövzusunda doktorluq dissertasiyası müdafiə
etmişdir. Müdafiə böyük müvəffəqiyyətlə
keçmişdi. Sinqulyar
inteqral tənliklər,
məxsusi inteqral və operatorlar nəzəriyyəsi sahəsində
dünyada tanınmış
alimlər N.İ.Musxeleşvili,
Ə.İ.Hüseynov, İ.N.Vekua,
C.E.Allahverdiyev, F.D.Qaxov,
L.Q.Maqnaradze və başqaları onun əsərini yüksək
qiymətləndirmişdilər. O, 1968-ci ildə professor, 1976-cı ildə
isə Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü seçilmişdir.
Professor Arif
Babayevin elmi əsərləri bütün
dövrlərdə aktuallığı
itirməyən məxsusi
inteqral və sinqulyar tənliklərin həllinə həsr olunmuşdur. O, ilk dəfə
inteqrallanma əyrisi hamar olmadıqda məxsusi inteqrallar üçün Ziqmund qiymətləndirilməsi almış,
həmin qiymətləndirmənin
köməyi ilə
normal fəzalar quraraq
sinqulyar inteqral tənliklərin həllini
vermişdir. Qeyri-xətti
sinqulyar tənliklər
üçün varlıq
və yeganəlik məsələlərini tədqiq
etmiş, onların təqribi həllinə üsullar tapmışdır.
Həmçinin professor A.Babayev
akademik Ə.Hüseynovla,
çoxsaylı tələbələri
V.Salayev, S.Abdullayev, B.Musayev, R.Sədirxanov, T.Səlimov, S.Malsakov, Z.Abbasov ilə birlikdə cəmlənən
funksiyalar sinfində sinqulyar operatorlar, Hilbert nüvəli qeyri-xətti
sinqulyar inteqral tənliklərin kvadratur üsulu ilə həlli, hamar olmayan əyrilər üçün Plemeli-Privalov
teoreminin analoqu, Koşi tipdəki inteqral üçün Rimanın bircins və bircins olmayan sərhəd məsələlərini, sonsuz
əyrilərdə sinqulyar
operatorları geniş
təhlil etmişdir.
Azərbaycan gənclərinin
dəqiq elmlərə
marağının artmasında
Arif Babayevin böyük xidməti olmuşdur. O, elmin mahir təşkilatçısı
olmuşdur. Çox qısa müddətdə
Riyazi analiz kafedrasını təşkil
etmiş, istedadlı gəncləri cəlb edərək, sinqulyar inteqral tənliklər və məxsusi inteqrallar sahəsində böyük müvəffəqiyyətlər
qazanaraq güclü bir məktəb yaratmışdır. Bu məktəb
keçmiş SSRİ-də
dörd məktəbdən
biri sayılırdı.
Həmin məktəblər
Moskva, Bakı, Tiflis və Kazan şəhərlərində
idi.
Kafedrada elmi-tədqiqat
işləri kollektiv şəkildə yerinə
yetirilərdi. Tələbələr
assistentlərin, aspirantların,
müəllimlərin köməyi
ilə elmi işə cəlb olunar, aspirantlar və dissertantlar isə elmlər namizədi və ya elmlər doktorlarının rəhbərliyi
ilə işlərini
yekunlaşdırar, sonra
kafedrada professor Arif Babayevin rəhbərlik etdiyi elmi seminarda
çıxış edərdilər.
Professor A.Babayev
həm də mahir pedaqoq idi.
Uzun illər BDU-da riyaziyyatın ən maraqlı sahələrindən olan riyazi analiz fənnindən
mühazirələr oxuyardı.
Arif müəllimin mühazirələri yetkin,
elmi cəhətdən
yüksək səviyyədə
olardı. O, SSRİ-də
riyazi analiz fənnindən ən yaxşı mühazirə
oxuyan professorlardan biri sayılardı.
Arif Babayev
BDU-nın mexanika-riyaziyyat
fakültəsinin dekanı,
Riyazi analiz kafedrasının müdiri,
"Məxsusi inteqral
və sinqulyar tənliklər" elmi seminarlarının rəhbəri,
ixtisaslaşmış Müdafiə
Şurasının sədri,
EA-da İxtisaslaşmış
Müdafiə Şurasının
üzvü, SSRİ dövründə
Ali Attestasiya Komissiyasının
eksperti, Azərbaycan Respublikası Ali Attestasiya
Komissiyasının riyaziyyat
ixtisası üzrə
şuranın sədri,
AMEA-nın Rəyasət
Heyətinin "Riyaziyyat
problemləri" Şurasının
üzvü, Azərbaycan
Riyaziyyat Cəmiyyətinin
vitse-prezidenti, müxtəlif
elmi jurnalların redaksiya heyətlərinin üzvü kimi fəaliyyət göstərmişdir.
Onu da qeyd etmək fərəhlidir ki, Arif müəllim bilik və bacarığını
dilindən, dinindən
asılı olmayraq heç kəsdən əsirgəmirdi. Xüsusilə
Şimali Qafqaz, Rusiya Federasiyasında yaşayan, azlıq təşkil edən xalqların nümayəndələrinə,
Orta Asiya və Qazaxıstan respublikalarından gəlmiş
aspirantların elmi işlərinə həvəslə
rəhbərlik edər,
dissertantların opponenti
olardı. Arif Babayev EA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Q.Əhmədli,
fizika-riyaziyyat elmləri
doktoru, professor Ə.Həbibzadə
ilə birlikdə Aşqabad, Daşkənd, Səmərqənd, Alma-Ata (indiki
Almatı) kimi şəhərlərdə də
riyazi analiz məxsusi inteqrallar, diferensial inteqral tənliklər, optimallaşdırma
məsələləri mövzularında
mühazirələr oxumuşdur.
Arif Əliheydər
oğlu ömrünü
Azərbaycan riyaziyyat elminin inkişafına həsr etmişdi. Onun minlərlə tələbəsi, rəhbərlik
etdiyi aspirantlar, dissertantlar, doktorantlar dünyanın müxtəlif
ölkələrində əzmlə
çalışırlar. Arif
müəllim 50-yə yaxın
namizədlik, onlarca doktorluq işinin məsləhətçisi olmuşdur.
İstedadlı riyaziyyatçılar,
mərhum V.V.Salayev, B.J.Musayev, T.S.Səlimov, Ə.Ə.Mehtiyev onun tələbələrindən idi.
Bundan başqa, S.K.Abdullayev (Bakı), R.M.Rzayev
(Bakı), V.S.Quliyev (Bakı),
F.A.Abdullayev (Bakı), S.M.Malsaqov
(Çeçenistan), R.S.Sədrxanov
(ABŞ), Y.Q.Hüseynov (ABŞ), R.K.Seyfullayev (ABŞ), A.Nəzərov
(Səmərqənd), A.Qazıyev (Özbəkistan),
B.Muradov (Özbəkistan), B.K.Rəcəbov (Tacikistan), S.Feyziyev
(Səmərqənd), E.Xalmuradov
(Daşkənd), V.V.Vasilyev (Rusiya) R.İssa (Misir Ərəb Respublikası),
İ.K.Kustov (Rusiya), R.Qansalis
(Kuba), Z.M.Abbasov (Gəncə) və başqaları onun elmi işlərini davam etdirirlər.
Ensiklopedik biliyə
malik olan professor A.Babayev ədəbiyyata, sənətə, musiqiyə,
idmana yüksək qiymət verərdi. Öz fikirlərini yığcam, konkret şəkildə şərh
edərdi. Dahi Üzeyir Hacıbəyovun,
şairlərdən Mirzə
Ələkbər Sabirin,
yazıçı Cəlil
Məmmədquluzadənin əsərlərini
daim oxuyar, sərkərdələr Şah
İsmayıla, Napoleona,
Atatürkə böyük
rəğbət bəsləyərdi.
Bəxtiyar Vahabzadənin
əsərlərini çox
bəyənərdi, akademik
Ziya Bünyadovun, yazıçı Mixail Şoloxovun, qırğız
yazıçısı Çingiz
Aytmatovun, qazax Oljas Süleymenovun, yazıçı Anarın,
Elçinin (Anar və Elçin onun gənclik dostları idi), bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun, Xəyyam Mirzəzadənin, rəssamlardan
Maral Rəhmanzadənin,
Tahir Salahovun və başqalarının
yaradıcılıqlarını daim izləyərdi.
Arif Babayev riyaziyyatın böyük
bilicisi, təbliğatçısı
və təşkilatçısı
idi. Fitri istedada malik olan professor A.Babayev riyaziyyatın müxtəlif
sahələrindəki əsas
elmi nəticələri
bilir, onun kökünü görürdü.
O, elmi mətbuatda dərc olunmuş hər bir yeni
nəticəni dərhal
ictimaiyyətə çatdırar
və onu müzakirə edərdi. Elmdə saflığı,
obyektivliyi üstün
tutardı. Arif Babayev, sözün əsl mənasında, Azərbaycan riyaziyyatçılarının
ağsaqqallarından biri,
milli mədəniyyətimizin
və mənəviyyatımızın
daşıyıcısı kimi tanınan fenomen şəxsiyyət idi.
Professor A.Babayev
sadə və mehriban insan idi. Sanki dünyaya xeyirxahlıq üçün
gəlmişdi və bu işdən zövq alırdı. O, tələbə, aspirant və
dissertantlara ata, qardaş kimi qayğı göstərərdi.
Şəxsən mən
həyatda az-çox nəyə nail olmuşamsa,
Arif müəllimə
borcluyam. Professor Arif Babayev şərəfli bir ömür yaşamışdı. O, qısa
müddətdə elm aləmində
qibtə ediləcək
dərəcədə müvəffəqiyyətlər
qazanmışdı.
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
fizika-riyaziyyat elmləri
doktoru, professor Arif Əliheydər oğlu Babayev bəşəriyyətə
Əbu Reyhan Biruni, əl Xarəzmi (əl Cəbr), Əli İbn Sına (Avitsenna), Əli Quşçu, Məhəmməd
Nəsirəddin Tusi, Mirzə Uluğbəy, Lütvi-zadə, Zahid Xəlilov, Şövkət
Alimov, Mirabbas Qasımov, Taşmuhammed Sarımsakov, Qoşqar Əhmədli, Maqsud Cavadov, Rauf Hüseynov,
Sədi Siracəddinov
kimi riyaziyyatçılar
bəxş etmiş turk dünyasının XX
əsrdə ən görkəmli ailmlərindən
biri sayılır.
Zahid ABBASOV,
Azərbaycan Aqrar
Universitetinin müəllimi,
fizika-riyaziyyat
elmləri namizədi
Azərbaycan.- 2010.- 13 yanvar.- S. 5.