Şərəfli ömrün mənası
Şəddat Cəfərov Azərbaycanın ilk poliqrafçı alimi, iqtisad elmləri namizədidir. İndi ömrünün 70-ci zirvəsində dayanan Şəddat Cəfərovun həyat yolu müxtəlif döngələrdən, çətinliklərdən keçdiyindən bioqrafiyası çox zəngindir.
Şəddat Cəfərov poliqrafiyanın əlifbasından tutmuş texniki vasitələrinə kimi hər bir detalını, qaydasını əzbər və dərindən bilən mütəxəssisdir. O bu sahədə fəhləlikdən başlayaraq alimliyə qədər yüksəldiyindən poliqrafiyanın inkişafı da onun öz ömrü kimi yaşa dolaraq, sanki qoşalaşaraq indiki duruma çatıb.
70 vərəqli ömür kitabının hər səhifəsi də elə məhz poliqrafiya ilə həmahəng səsləşən Şəddat Cəfərov 1940-cı ilin yanvarında Bakıda anadan olub. Ailə çoxuşaqlı olduğundan erkən əmək fəaliyyətinə başlayıb. Bakıdakı 44 saylı orta məktəbin VII sinfini bitirən kimi keçmiş 26 Bakı komissarı adına mətbəədə sinkoqrafiya sexində çalışıb. Axşamlar da 57 saylı fəhlə-gənclər məktəbində təhsilini davam etdirib. Ordu sıralarından tərxis olunduqdan sonra yenidən doğma kollektivə qayıdaraq əmək fəaliyyətini davam etdirib. İllər ötdükcə Şəddatın mətbəədəki vəzifələrinin adları da dəyişib: kəsici, sex ustası, texnoloq, sex rəisi və nəhayət, baş mühəndis. Bu arada ali təhsilini də unutmayan Şəddat Cəfərov əvvəlcə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, sonra isə Moskva Poliqrafiya İnstitutunu bitirərək yenə də mətbəədə istehsal sahəsində çalışıb. Sexlərdə yenidənqurma işləri apararaq mütərəqqi texnika və texnologiyanın istehsalata tətbiq edilməsində müstəsna xidmətlər göstərib. Onun səmərəli təkliflərinin həyata keçirilməsi sayəsində cild sexində axın-avtomatik ötürmə xəttinin quraşdırılması sex və sahələr arasında yarımfabrikat məhsulların daşınmasına sərf olunan əmək və vaxt itkisinin qarşısını alırdı. Linotip-sətirtökən yığma maşınında riyazi-kimyəvi mürəkkəb düstur və formulların asan yolla yığılmasına nail olunması da Şəddat Cəfərovun səmərəli təkliflərinin nəticəsi kimi qiymətləndirilirdi. O, bir tərəfdən, poliqrafiyanın inkişafına can yandırırdısa, digər tərəfdən, elmlə məşğul olmağı unutmurdu. 1971-1975-ci illərdə Moskva Poliqrafiya İnstitutunun aspiranturasını bitirərək namizədlik dissertasiyası müdafiə edib iqtisad elmləri namizədi adını alan Şəddat Cəfərov, əslində, bu sahənin ilk alimlərindəndir.
O, 1976-1977-ci illərdə "Yeni kitab" mətbəəsində direktor, 7-8 il keçmiş "Kommunist" nəşriyyatında baş dlirektorun müavini vəzifələrində çalışıb.
Söhbət zamanı söylədi: "Mənim həyatımda ümummilli lider Heydər Əliyevin unudulmaz yeri var. 1985-ci ildə ulu öndərin məsləhəti və keçmiş Sov.KP MK-nın göstərişi ilə "Ulyanovskaya pravda" nəşriyyatına (Rusiyanın Ulyanovsk şəhərində yerləşir - F.X.) baş direktor vəzifəsinə təyin olundum. Nəşriyyat qısa zaman kəsiyində keçmiş sovetlər məkanının ən qabaqcıl nəşriyyatlarından birinə çevrildi". Həqiqətən nəşriyyatda qəzetlərin ofset üsulu ilə çap edilməsi, bərk və yumşaq cildli kitabların nəşrinə imkan verən yenidənqurma planı və onun həyata keçirilməsi Şəddat Cəfərovun adı ilə bağlıdır. O, "Ulyanovskaya pravda" nəşriyyatında işlədiyi vaxtda da elmi və ictimai fəaliyyətini davam etdirirdi. Soydaşımız Kiyev İqtisad İnstitutunda tələbələrə mühazirələr oxuyur, yaşadığı şəhərin ictimai həyatında fəal iştirak edirdi. Bu səbəbdən də Ulyanovsk şəhəri Lenin rayonunun deputatı seçilən Şəddat Cəfərov həm də Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İdarəsinin kollegiya, Ulyanovsk Vilayəti Həmkarlar Təşkilatı Rəyasət Heyətinin üzvü idi. Ona çox inanır və etibar edirdilər. O zaman Şəddatın təşəbbüsü ilə bu məşhur nəşriyyatda həm də xeyli azərbaycanlı çalışırdı. Təsadüfi deyil ki, başçılıq etdiyi müəssisə Rusiyanın ən böyük poliqrafiya bazalarından biri idi. O vaxtın mətbuatında dönə-dönə Şəddat Cəfərovun ünvanına xoş sözlər yazılırdı. Ötən əsrin sonlarında yenidən Bakıya qayıdan Şəddat Cəfərov bir müddət mətbuat və informasiya nazirinin köməkçisi vəzifəsində çalışıb. Bir neçə il Bakı Kitab Mətbəəsində direktor, 1992-1993-cü illərdə "Azərbaycan" nəşriyyatının baş direktoru, 1993-cü ildə isə Ensiklopediya Nəşriyyat, Poliqrafiya Birliyində baş direktorun müavini, sonralar "Göytürk" mətbəəsinin direktoru və beləliklə, bir sıra nəşriyyat və poliqrafiya müəssisələrində rəhbər vəzifələrdə çalışıb. 2002-ci ildən isə 3 saylı "Bakı Mətbəəsi" ASC-də direktor vəzifəsində işləyir.
Azərbaycan poliqrafiyasının inkişafında göstərdiyi xidmətlərə görə əməyi dövlətimiz tərəfindən medal, fəxri fərman və diplomlarla təltif edilib. Haqqında bir sıra qələm sahibləri sanballı kitablar və məqalələr yazıblar.
Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə yaxından tanıdığı Şəddat Cəfərov haqqında söyləyir: "Şəddat, sözün həqiqi mənasında, səmimi, gözəl ailə başçısı, bacarıqlı təşkilatçı, qayğıkeş insandır. Azərbaycanda poliqrafiyanın inkişafında böyük rolu olub. Belə mütəxəssislərə həmişə ehtiyac var..."
Diqqətli oxucular onu həm də yumoristik hekayələr müəllifi kimi tanıyırlar. 100-dən artıq hekayənin və elmi-publisistik məqalələrin müəllifi olan Şəddat Cəfərovun bir neçə kitabı işıq üzü görüb. "Hadisələr... Düşüncələr" və "Yumoristiçeskie rasskazı" kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Onun hekayələri barəsində ötən əsrin sonlarında ədəbi tənqid tərəfindən maraqlı fikirlər söylənilib. "Balamirzə yazandı", "Mədəni adam", "Qovaq ağacı", "Yaxşısı budur dözək", "Həbib dayı və müdir bəy", "Arayış", "İmtahan" kimi hekayələri olduqca düşündürücü və təsiredicidir.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 13 yanvar.- S. 5.