Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət irəliləyiş yalnız Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra mümkündür

 

Xəbər verdiyimiz kimi, yanvarın 11-dən 12-dək Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətində rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində nazir E.Məmmədyarov Qətər Dövlətinin Əmiri şeyx Həməd bin Xəlifə Al-Tani ilə görüşmüşdür.

Əmir Azərbaycan Prezidenti İlham Əliyev ilə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini bildirmişdir.

Qətər-Azərbaycan əməkdaşlığının inkişafı üçün mövcud imkanlardan faydalanmağın məqsədəmüvafiqliyini qeyd edən Əmir zəngin neft və qaz ehtiyatlarına malik ölkələrin davamlı inkişafı və sabit gələcəyi üçün bu sərvətlərdən əldə olunmuş gəlirlərdən düzgün istifadə edilməsinin vacibliyini vurğulamışdır. O, bu istiqamətdə müştərək investisiya layihələrinin həyata keçirilməsinin, habelə qarşılıqlı təmasların inkişafı üçün birbaşa hava xəttinin açılmasının əhəmiyyətini qeyd etmişdir.

E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmışdır. Əmir də onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmişdir.

Nazir E.Məmmədyarov 2004-cü ildə Prezident İlham Əliyevin Qətərə, 2007-ci ildə isə Əmir şeyx Həməd bin Xəlifə Al-Taninin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına güclü təkan verdiyini vurğulayaraq münasibətlərin daha da genişləndirilməsi üçün ikitərəfli hökumətlərarası komissiyanın yaradılmasının, humanitar, elm-təhsil, mədəniyyət sahələrində əlaqələrin, habelə xalqlararası təmasların gücləndirilməsinin əhəmiyyətini qeyd etmişdir.

E.Məmmədyarov ölkələrimiz arasında əlaqələrin dostluq, qardaşlıq və qarşılıqlı etimada söykəndiyini vurğulamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyinin hər zaman Qətər tərəfindən dəstəkləndiyinə görə təşəkkür etmişdir.

Münaqişənin həlli ilə bağlı danışıqlar prosesi və nizamlanmaya dair ölkəmizin mövqeyi barədə ətraflı məlumat verən E.Məmmədyarov münaqişənin nizamlanmasında müsbət irəliləyişin yalnız Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra mümkünlüyünü bildirmişdir.

Əmir şeyx Həməd bin Xəlifə Al-Tani qeyd etmişdir ki, Qətər Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin nizamlanması ilə bağlı ölkəmizin mövqeyini dəstəkləyir, eyni zamanda problemin həlli bütün region, habelə Ermənistan üçün müsbət nəticələr verə bilər.

Görüşdə həmçinin Yaxın Şərq problemi və Qətərin regional təhlükəsizliyin təmin olunmasında rolu barədə fikir mübadiləsi aparılmışdır.

Sonra nazir E.Məmmədyarov Qətərin Baş naziri və xarici işlər naziri şeyx Həməd bin Casim bin Cabar Al-Tani ilə görüşmüşdür.

Görüşdə Azərbaycanın və Qətərin dövlət başçılarının dostluq münasibətlərinin ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olmasına şərait yaratdığı vurğulanmışdır.

Əməkdaşlığın genişləndirilməsi üçün iqtisadi sahədə əlaqələrin təşviqinə ehtiyac və geniş imkanların olduğu bildirilmiş, bu istiqamətdə aidiyyəti üzrə dövlət qurumlarının və iş adamlarının səfərlərinin mübadiləsi, müştərək sərmayə layihələrinin həyata keçirilməsi, habelə birbaşa hava xəttinin açılmasının əhəmiyyəti qeyd olunmuşdur.

"Azərbaycan Respublikasının hökuməti və Qətər Dövlətinin hökuməti arasında diplomatik və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən azad olunmaları haqqında Saziş"in imzalanmasının əhəmiyyəti yüksək qiymətləndirilərək ölkələrimiz arasında hüquqi-normativ bazanın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır. Mədəniyyət, elm, təhsil sahələrində tədbirlərin, habelə xalqlararası təmasların da əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyi bildirilmişdir.

Görüşdə dünya neft və qaz bazarlarında baş verən proseslər, ölkələrimizin enerji siyasəti, enerjidaşıyıcıların satışından əldə olunmuş gəlirlərin iqtisadi və infrastruktur layihələrinə, habelə sosial rifahın təmin edilməsinə istiqamətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Tərəflər regional məsələləri də müzakirə etmişlər.

Nazir E.Məmmədyarov Qətər Dövlətinin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri, biznes və ticarət naziri vəzifəsini icra edən Xalid Al-Aitiya ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında mövcud yüksək səviyyəli əlaqələrin daha da genişləndirilməsi üçün müxtəlif sahələrdə konkret layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunmuşdur. Qətərdə diplomatiya və beynəlxalq əlaqələr ixtisaslarının tədrisi ilə məşğul olan təhsil müəssisələri ilə Azərbaycanın Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası arasında tələbələrin qarşılıqlı mübadiləsi, təlim kurslarının təşkili və sair aidiyyəti istiqamətlərlə bağlı razılıq əldə olunmuşdur.

Görüşdə enerji və regional məsələlər, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Yaxın Şərq problemi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Azərbaycanın xarici siyasət idarəsi rəhbərinin Qətərin maliyyə və iqtisadiyyat naziri Yusif Hüseyn Kamal ilə görüşündə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, əməkdaşlığın genişləndirilməsi üçün atılacaq addımlar müzakirə olunmuşdur.

Bundan əlavə, Azərbaycanın və Qətərin iqtisadi vəziyyəti, enerji siyasəti, habelə neftin və qazın satışından əldə olunmuş gəlirlərin istifadəsi ilə bağlı məsələlər müzakirə edilmişdir.

Nazir E.Məmmədyarov Qətər Dövləti Əmirinin KİV üzrə müşaviri, Qətər İnformasiya Birliyinin prezidenti şeyx Həməd bin Səmir Al-Tani ilə də görüşmüşdür.

Görüşdə nazir E.Məmmədyarov ölkəmiz və regionumuz haqqında ətraflı məlumat vermiş, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xəzərin enerjidaşıyıcılarının dünya bazarlarına çatdırılması ətrafında cərəyan edən proseslərə toxunmuşdur.

Dünyanın bir sıra nüfuzlu KİV-in Dohada yerləşdiyini nəzərə alaraq Azərbaycan ilə bağlı məlumatların dünya ictimaiyyətinə, xüsusilə də Yaxın və Orta Şərq bölgəsinə daha dolğun çatdırılmasında Qətərin imkanlarının geniş olduğu bildirilmiş, habelə mətbuat sahəsində Qətərin təcrübəsindən bəhrələnmək üçün əməkdaşlığın maraq kəsb etdiyi vurğulanmışdır.

Səfər çərçivəsində nazir E.Məmmədyarov dünyanın ən iri media şirkətlərindən olan "Əl-Cəzirə" televiziya kanalının Dohadakı baş qərargahında olmuş, kanalın fəaliyyəti ilə maraqlanmış və müsahibə vermişdir. Bundan əlavə, nazir E.Məmmədyarov Qətərin ən nüfuzlu "Əl-Rayah" qəzetinə də müsahibə vermişdir. Hər iki müsahibəsində nazir E.Məmmədyarov əsas etibarilə Azərbaycan-Qətər əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, ölkəmizdəki vəziyyət, Azərbaycanın xarici siyasətinin istiqamətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi və onun nizamlanması prosesi, ölkəmizin neft və qaz strategiyası, regional enerji layihələri haqqında danışmış və Yaxın Şərq probleminə münasibətdə ölkəmizin mövqeyi barədə məlumat vermişdir.

Nazir E.Məmmədyarov "Qətər Diyar" investisiya şirkətinin fəaliyyəti, həyata keçirdiyi layihələri ilə tanış olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 14 yanvar.- S. 1, 3.