Yeni Naxçıvan: inkişafdan intibaha
XX əsrin doxsanıncı
illərinin başlanğıcında görkəmli dövlət
xadimi, böyük öndər Heydər Əliyevin taleyin
hökmü ilə Naxçıvanda yaşayıb-fəaliyyət
göstərməsi çətin və mürəkkəb
şəraitdə Azərbaycanın ərazi
bütövlüyünün qorunub saxlanılması
baxımından mühüm tarixi hadisə idi. Ümummilli
liderimiz Heydər Əliyevin Azərbaycan miqyasındakı
böyük xilaskarlıq missiyası Naxçıvandan
başlamışdı. Ağır düşmən təzyiqlərinə
mərdliklə sinə gərmiş, qorunub möhkəmləndirilmiş
Naxçıvan Muxtar Respublikası keçən əsrin
doxsanıncı illərinin əvvəllərində ulu
öndər Heydər Əliyevin müstəqil Azərbaycana əvəzsiz
ərməğanı idi. Naxçıvandan sovet
qoşunları bölmələrinin
çıxarılması, regionda milli ordu hissələrinin
formalaşdırılması xilaskarlıq hərəkatının
ana xəttini təşkil edirdi.
Ermənistan sərhədinin
cəmi üç-dörd kilometrliyində Türkiyə
Cümhuriyyəti ilə Naxçıvan Muxtar
Respublikasını əlaqələndirən Sədərək-Aralıq
Dilucu bölgəsində Ümid körpüsünün
salınması siyasi, hərbi, diplomatik və iqtisadi
baxımdan böyük hadisə idi. Hələ 1921-ci ildə
imzalanmış məşhur Qars müqaviləsinin yenidən
beynəlxalq siyasi mühitin gündəminə gətirilməsi
bölgədə sülh şəraitinin möhkəmləndirilməsinə
özünün sanballı töhfəsini vermişdir. Eyni
zamanda, çətin blokada şəraitində görkəmli
romantik şair Hüseyn Cavidin 110 illik, Naxçıvan
Dövlət Universitetinin 25 illik yubileylərinin keçirilməsi,
Naxçıvandan yüz nəfər orta məktəb məzununun
Türkiyədə ali təhsil almağa yola salınması
elm, təhsil və mədəniyyət sahəsində həyatın
canlanmasına səbəb olmuşdu. Nəhayət, Azərbaycanda
ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında
iqtisadi islahatların aparılması, keçmiş planlı
təsərrüfat sisteminin yerində bazar iqtisadiyyatına əsaslanan
özəl sektorun yaradılması ilə yeni həyat
başlanmışdı. Beləliklə, böyük öndər
Heydər Əliyev hələ XX əsrin doxsanıncı illərinin
əvvəllərində Azərbaycanın ayrılmaz tərkib
hissəsi olan Naxçıvan Muxtar Respublikasında cəmiyyət
həyatının bütün sahələrini əhatə
edən inkişafın möhkəm əsaslarını
yaratmışdı. Sonralar ümumən Azərbaycanın hər
yerində, o cümlədən Naxçıvanda baş verən
böyük yeniləşmə və inkişaf prosesləri həmin
zəmin üzərində ucalmışdır.
Bütün bunlara görə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 5 dekabr
1995-ci il tarixli sessiyasında muxtar respublikanın
başçısı seçilən Vasif Talıbovun bəyan
etdiyi aşağıdakı mülahizələr mövcud
reallığı çox dolğun şəkildə əks
etdirirdi: "Mənim ayrıca bir fəaliyyət proqramım
olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət
xadimi Heydər Əliyevin dövlətçilik
proqramının Naxçıvanda dönmədən həyata
keçirilməsinə həsr edəcəyəm".
Bu qısa bəyanatda həm
tarixin bütün sınaqlarından çıxmış
Heydər Əliyevin siyasətinə dərin sədaqət, həm
də böyük əzmkarlıq ifadə olunmuşdu.
Sonrakı illərdəki gərgin, ardıcıl və səmərəli
fəaliyyətin uğurlu nəticələri seçilmiş
yolun nə qədər düzgün olduğunu bir daha təsdiq
etdi. Bu, Heydər Əliyev siyasi kursuna münasibətdə
sözlə əməlin, dərin sədaqətlə konkret
işin vəhdəti baxımından canlı örnəyə
çevrildi. Beləliklə, Heydər Əliyev dövlətçilik
məktəbinin Naxçıvan modeli yarandı. Bu
böyük dövlətçilik konsepsiyasının qətiyyətlə
həyata keçirilməsi Naxçıvan Muxtar
Respublikasında bütün sahələrdə inkişafdan
yeniləşməyə və intibaha doğru hərəkatın
başlıca hərəkətverici qüvvəsinə
çevrildi.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov hər
şeydən əvvəl, regionda böyük quruculuq
proqramını gerçəkləşdirmişdir. Nəticədə
muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri,
demək olar ki, qısa müddətdə əsaslı surətdə
yenidən qurulmuşdur. Qədim tarixə malik olan
Naxçıvan şəhərinin əsas memarlıq
üslubu saxlanılmaqla yanaşı, şəhərdə
düşünülmüş şəkildə yeniləşdirilmə
proqramı həyata keçirilmişdir. Hazırkı
Naxçıvan Şərq memarlığı zəminində
ucaldılmış Avropa şəhəridir. Naxçıvan
şəhəri indi Nuh əyyamından, Atabəylər
dövlətindən XXI əsrə qədər keçdiyi
yolda ən uca zirvəyə gəlib çatmışdır.
Şəhərsalmada xüsusi diqqət yetirilən kərpic
və şəbəkə elementləri burada Şərq
memarlıq ənənələrini, şüşə və
metal konstruksiyalardan istifadə isə Qərb inşaat
texnologiyalarını üzvi vəhdətdə
yaşatmağa xidmət edir. Müasir Naxçıvan Şərq
mühitinin özünəməxsus aurasını və qərbyönlü
inkişafın əsas meyillərini cəm halda təcəssüm
etdirir. Naxçıvan şəhərində əsaslı
şəkildə bərpa edilmiş XIX əsrə məxsus
Came məscidi, görkəmli şair-dramaturq Hüseyn Cavidin
şəbəkə ilə işlənmiş türbəsi,
yerli travertin materialı ilə üzlənmiş binalar, Zaviyə-mədrəsə
kompleksi qədimlik ənənəsinin örnəkləridir.
Eyni zamanda, muxtar respublikanın baş kəndindəki Gənclik
mərkəzi, konsulluq idarəsi, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin, Dövlət Gömrük Komitəsinin
çoxmərtəbəli binaları, Naxçıvan
Dövlət Universitetinin elektron kitabxanası,
konservatoriyası, diaqnostika-müalicə mərkəzi, Məhəmmədağa
Şahtaxtlı adına Naxçıvan Kitab evi Şərq
şəhərindəki Qərb inşaat abidələridir.
Yenidən qurulmuş Təbriz
mehmanxanası, yeni tikilmiş Duzdağ oteli Avropadakı ən
yaxşı beşulduzlu otellərlə yanaşı
dayanmağa tamamilə layiqdir. Heydər Əliyev sarayı yeni
dövr Azərbaycan memarlığının şah əsərlərindən
biridir. Bu möhtəşəm sarayın inşaatında və
interyerindəki Şərq və Qərb üslubunun üzvi
sintezi milli memarlıq ənənələrinin yeni
çalarlarla zənginləşdirilməsinə şərait
yaratmışdır. Naxçıvan Dövlət
Universitetinin beynəlxalq münasibətlər və xarici dillər
fakültəsinin beşmərtəbəli korpusunda da eyni
harmoniya qorunub saxlanılmışdır. Bütün
bunların sayəsində qədim Naxçıvanın zəminində
yeni bir şəhər - müasir Naxçıvan
ucaldılmışdır. Müasir Naxçıvan isə
yeni tipli Avrasiya şəhərinə çevrilmişdir. Eyni
prinsiplər Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində
- Şərur, Babək, Culfa, Ordubad, Şahbuz, Kəngərli
və Sədərəkdə aparılan quruculuq proseslərində
də mühafizə edilmişdir. Şəhərsalma və
quruculuq prosesində qədim və zəngin ənənələrə
malik Ordubadda Şərq ənənələri, yeni salınan
Kəngərlidə Qərb elementləri, Araz kənarında
yerləşən Culfada Şərq-Qərb ünsürləri
ağırlıq təşkil edir. Məsafə etibarilə
muxtar respublikanın mərkəzindən xeyli aralıda yerləşən
rayon mərkəzləri sanki Naxçıvan şəhərinin
hər birinin özünəməxsus görkəmi olan
mikrorayonları təsiri bağışlayır. Beləliklə,
Naxçıvan Muxtar Respublikasında şəhərsalma fərqliliklərin
və bənzərliklərin vəhdətindən ibarət
olan vahid bir tam, sistemli bir bütöv təəssüratı
yaradır. Bu isə regionda şəhərsalmada və
memarlıqda Ali Məclisin rəhbəri səviyyəsində
aparılan dövlət siyasətinin uğurlu bəhrəsidir.
Naxçıvandakı yeniləşmə
və intibahda elm, təhsil və mədəniyyətin
xüsusi yeri və payı var. Əslində, Naxçıvan
Muxtar Respublikası Ali Məclisi sədrinin möhkəm qənaətlərinə
görə elm, təhsil və mədəniyyət sahəsində
ciddi islahatlar aparıb yeniləşməyə nail olmadan əsl
intibah səviyyəsinə çatmaq mümkün deyildir.
Müasir səviyyədə qurulmuş elm və təhsil
regionda yeniləşmənin əsas hərəkətverici
qüvvəsi, qızıl açarı kimi qəbul olunur.
Ona görə də muxtar respublikada bu istiqamətdə dövlət
səviyyəsində aparılan siyasət ardıcıl və
məqsədyönlü proqram şəklində həyata
keçirilir. Bir tərəfdən Naxçıvanın qədimliyi,
minilliklərə dayanan yaşı, milli-tarixi ənənələri,
buradakı minilliklərdən xəbər verən Azərbaycan
toponimləri, arxeoloji abidələr, qayaüstü rəsmlər
əsaslı şəkildə tədqiq edilir, öyrənilib
bərpa olunur, digər tərəfdən isə ən
müasir informasiya texnologiyalarına yiyələnmiş yeni nəslin
hazırlanması, bu sahədə olan potensialın işə
salınması prosesi gedir. Yanaşı, paralel aparılan bu siyasət
biri digərini tamamlayır. Nəticə etibarilə regionda
milli-tarixi ənənələrə yiyələnmiş yeni
təfəkkürlü ziyalılar nəsli yetişib
formalaşır. Proses həm eninə, həm də dərininə
doğru inkişaf edir, getdikcə dərinləşir və
möhkəmlənir. İlk növbədə, elm, təhsil və
mədəniyyət sahəsində maddi-texniki bazanın yeniləşdirilməsi
və əsaslı şəkildə yenidən qurulması
siyasəti həyata keçirilmişdir.
Ötən 15 ilə
yaxın müddətdə ucqar dağ kəndlərindən
tutmuş rayon mərkəzlərinə, Naxçıvan şəhərinədək
178 orta və ali təhsil müəssisəsinin tikilib istifadəyə
verilməsi, məktəblərin sürətlə
kompüterləşməsi, Naxçıvan şəhərində
və rayon mərkəzlərində kompüter təlim-tədris
mərkəzlərinin, internet klublarının
yaradılması elm və təhsil sahəsində
böyük inkişafın və yeniləşmənin
möhkəm təməlini təşkil edir. Muxtar respublika
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xətti
ilə "Kənd rabitəsinin inkişaf etdirilməsinin
problemləri" (2007), Naxçıvan Dövlət
Universitetində "Blokada şəraitində fəaliyyət
göstərən regionların inkişafında informasiya
texnologiyalarından istifadənin imkanları" (2008)
mövzularında keçirilən beynəlxalq simpoziumlar
regionda informasiya-kommunikasiya vasitələrinin tətbiq edilməsi
sahələrində dünya təcrübəsinin öyrənilməsinə
və həyata keçirilməsinə münasib şərait
yaratmışdır.
Naxçıvan Dövlət
Universitetində ardıcıl olaraq gerçəkləşdirilən
Elektron-universitet proqramına muxtar respublikanın rəhbərliyi
səviyyəsində dəstək verilməsi bu ali təhsil
ocağında elektron kitabxananın yaradılmasına, elektron
lövhə və müasir informasiya texnologiyaları ilə təchiz
olunmuş açıq dərs siniflərinin, kompüter
otaqlarının təşkilinə geniş meydan
açmışdır. Universitetdə NATO-nun texniki dəstəyi
ilə MDB və Şərqi Avropa ölkələri içərisində
birinci dəfə olaraq 108 hektarlıq ərazidə 2,4 meqabit
gücündə olan Vay-fay kampus simsiz internet şəbəkəsinin
qurulması beynəlxalq əhəmiyyət daşıyan
mühüm hadisədir. Ardıcıl olaraq dörd dəfə
keçirilmiş və hər il keçirilməsi nəzərdə
tutulan "Elektron Naxçıvan" beynəlxalq miqyaslı
video konfranslarda və prezentasiyalarda Naxçıvan MR Ali Məclisinin
sədri Vasif Talıbovun iştirakı və
çıxışları geniş mənada muxtar respublikada
elektron vasitələrinin, informasiya texnologiyalarının,
yeni tipli kommunikasiya vasitələrinin imkanlarının ildən-ilə
genişləndirilməsinə təkan verir. Bu zəmində
məqsədyönlü şəkildə inkişaf etdirilən
Naxçıvan Dövlət Universiteti bu gün möhkəm
milli əsaslara malik olan, dövlətçilik yönlü və
Avropaya inteqrasiya edilmiş ali məktəbə
çevrilmişdir. Ali təhsilin yeniləşdirilməsi ilə
bir sırada aparılan genişmiqyaslı tədqiqat işləri
Naxçıvan Dövlət Universitetinin həm də ciddi
bir elmi məktəb səviyyəsində inkişaf etməsinə,
tanınmasına şərait yaradır.
Bununla yanaşı, elmi-tədqiqat
işlərinin miqyasını daha da genişləndirmək və
funksiyasını artırmaq üçün regiondakı
akademik qurumların fəaliyyətinin tamamilə yenidən
qurulması zərurəti meydana çıxmışdır.
Muxtar respublikada 1972-ci ildən mövcud olan Naxçıvan
Regional Elmi Mərkəzinin mövcud strukturunun və işinin
yeni dövrün tələblərinə cavab verə bilmədiyi
nəzərə alınmaqla burada Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan bölməsinin
yaradılması haqqında təşəbbüsün
qaldırılması regionda elmin inkişafında yeni mərhələnin
başlanmasına səbəb olmuşdur. Ulu öndər Heydər
Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə
yaradılmış AMEA-nın Naxçıvan bölməsi
ölkə elminin üfüqlərinin, əhatə dairəsinin
genişləndirilməsində, Naxçıvandakı
mövcud elmi potensialdan istifadənin səmərəliliyinin
artırılmasında mühüm rola malikdir. Qısa
müddətdə AMEA-nın Naxçıvan bölməsi
üçün elmi-tədqiqat institutlarından bir neçəsinin
yerləşdiyi ayrı-ayrı çoxmərtəbəli
binaların tikilib istifadəyə verilməsi, ən müasir
avadanlıqlarla təchiz edilməsi, normal iş şəraitinin
yaradılması Naxçıvan MR Ali Məclisinin sədrinin
görkəmli dövlət xadimi Heydər Əliyevin
imzaladığı sərəncamın, qəbul etdiyi qərarların
dönmədən həyata keçirilməsinə bəslədiyi
ciddi, məsuliyyətli münasibətin konkret nəticəsidir.
Bu gün AMEA-nın
Naxçıvan bölməsi maddi-texniki imkanlarına görə
postsovet məkanı ölkələrində mövcud olan ən
yaxşı təchiz edilmiş akademiyalarla müqayisə
oluna bilər. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müəyyən etdiyi siyasi xəttə
uyğun olaraq muxtar respublika Ali Məclisinin həyata
keçirdiyi məqsədyönlü elm siyasəti sayəsində
Naxçıvan bölməsi regionun qədim tarixinin, ədəbi-mədəni
mühitinin, folkloru, etnoqrafiyası, arxeologiyası və
toponimikasının, təbii sərvətlərinin və
biomüxtəlifliyinin aktual məsələlərinin öyrənilməsi
istiqamətində mühüm nəticələr əldə
edə bilmişdir. Demək olar ki, hər il Azərbaycan Milli
Elmlər Akademiyasının elmi-tədqiqat institutları və
Naxçıvan Dövlət Universitetinin professor-müəllim
heyəti ilə birlikdə keçirilən ənənəvi
Naxçıvan simpoziumları diyarın qədim tarixi və
mədəniyyətinin, flora və faunasının araşdırılmasına
sanballı töhfələr verir. Naxçıvan MR Ali Məclisinin
sədri Vasif Talıbovun "Ordubad rayonundakı Gəmiqaya
abidəsinin tədqiq edilməsi haqqında"kı 26 fevral
2001-ci il tarixli sərəncamı əsasında başlayan Gəmiqaya
hərəkatı Azərbaycan elminin qiymətli əlavələrlə,
nadir materiallarla zənginləşdirilməsi ilə nəticələnmişdir.
Son illərdə Naxçıvanda formalaşan gəmiqayaşünaslıq
elmi fondu ümumən Azərbaycan elminin qiymətli sərvətidir.
Eyni zamanda, görkəmli maarifçi şair və pedaqoq Məhəmməd
Tağı Sidqinin anadan olmasının 150, məşhur
publisist və ictimai xadim Məhəmmədağa
Şahtaxtlının 160 illik yubileylərinin Naxçıvan
Muxtar Respublikasında qeyd olunması haqqındakı
mühüm tarixi əhəmiyyətə malik sərəncamların
işığında aparılan səmərəli
axtarışlar, aşkar edilən yeni ədəbi-tarixi
materiallar, nəşr edilən kitablar elmimizin yaddaqalan hadisələridir.
Bundan başqa, birbaşa Naxçıvan MR Ali Məclisinin
sifarişi əsasında hazırlanıb çap edilmiş
ikicildlik "Naxçıvan" ensiklopediyası,
"Naxçıvanın tarixi atlası", Azərbaycan və
ingilis dillərində çıxan "Naxçıvan abidələri"
ensiklopediyası, muxtar respublikanın qırmızı
kitabı Azərbaycan elminin Naxçıvan məktəbinin
azərbaycanşünaslığa qiymətli töhfələri
sayıla bilər. Bütün bunlar isə həm də bədnam
Ermənistanın Naxçıvana qarşı haqsız ərazi
iddialarına dəlilli-sübutlu cavabların ifadəsidir.
Əldə olunan nəticələrin,
yekun qənaətlərin elmi əhəmiyyəti ilə bir
sırada həm də regionda möhkəm real əsasa malik
olan azərbaycançılığın təsdiqinə,
milli-mənəvi dəyərlərin möhkəmləndirilməsinə
yönləndirilməsi müstəqillik dövründə vətənpərvər
milli ziyalılığın formalaşmasında
başlıca rol oynayır. Muxtar respublikada Ali Məclisin
müvafiq sərəncamları əsasında
keçirilmiş "Uluslararası qaynaqlarda
Naxçıvan" (1996), "Naxçıvan Muxtar
Respublikasının təbii sərvətləri" (2002),
"Naxçıvan: tarixi gerçəklik, müasir dövr
və inkişaf perspektivləri" (2006), "Nuh peyğəmbər,
dünya tufanı və Naxçıvan" (2009) beynəlxalq
simpoziumları dünyanın elmi ictimaiyyətinin Azərbaycan
elminin Naxçıvanda qazanılan nailiyyətləri ilə
yaxından, əyani surətdə tanış olmalarına
şərait yaratmışdır. Eyni zamanda,
Naxçıvanda yaşayan elm adamlarının Yer kürəsinin
müxtəlif ölkələrində keçirilən beynəlxalq
elmi tədbirlərdə təmsil olunmalarına dəstək
verilməsi regionda formalaşan elmi potensialın
inkişafına müsbət təsir göstərir.
Görkəmli dövlət
xadimi Heydər Əliyevin "Azərbaycan xalqının qədim
tarixini əks etdirən müqəddəs bir torpaq"
adlandırdığı Naxçıvan diyarının zəngin
mədəniyyətinin inkişaf etdirilməsi sahəsində
də böyük proqramlar həyata keçirilməkdədir.
Son on beş ildə Naxçıvan Muxtar Respublikasında 143
mədəniyyət müəssisəsinin tikilib istifadəyə
verilməsi, 52 memarlıq abidəsi və dini obyektlərin bərpa
edilməsi regionda mədəniyyətin inkişafına real təminat
yaratmışdır. Əsaslı şəkildə yenidən
qurulan Naxçıvan teatrı Azərbaycan teatr mədəniyyətinin
mühüm qollarından birini təşkil edir.
Naxçıvan Kukla teatrının, yeni təşkil
olunmuş Naxçıvan Uşaq teatrının səmərəli
fəaliyyəti bölgədə milli mədəniyyətin
müxtəlif növlərinin tərəqqisinə imkan
yaratmaqla bərabər, burada ölkəmizin yeni nəslinin
milli və dünyəvi dəyərlər əsasında tərbiyə
olunmasına kömək edir. Naxçıvan Dövlət
Filarmoniyasının kamera və xalq çalğı alətləri
orkestrlərinin təşkili, Şərur yallı rəqs
ansamblının fəaliyyət dairəsinin genişləndirilməsi,
regionlardakı xalq teatrlarının, özfəaliyyət
kollektivlərinin canlandırılması mədəni
mühitin səviyyəsinin artırılmasına rəvac
verir. Naxçıvan Dövlət Universitetinin Tələbə
teatr studiyasında hazırlanan Cəlil Məmmədquluzadənin
"Ölülər", "Anamın kitabı"
tamaşaları, Tələbə opera studiyası üzvlərinin
səhnəyə çıxardıqları Üzeyir
Hacıbəyovun "Arşın mal alan"
operettasının uğurlu Türkiyə, Rusiya və
Gürcüstan qastrolları, universitet televiziyasının
efir məkanına çıxması regionda yeni mədəniyyətin
daşıyıcılarının yetişib
formalaşmasının real təcəssümüdür.
Keçən il
Naxçıvan Muxtar Respublikasının incəsənət
ustalarının Türkmənistanda keçirilən Azərbaycan
mədəniyyəti günlərində və
Naxçıvan Muxtar Respublikasının 85 illiyi ilə əlaqədar
Moskva şəhərindəki konsertdə uğurlu
çıxışları artıq regionda peşəkar,
professional musiqi kollektivlərinin
formalaşdığını nümayiş etdirir.
Naxçıvan MR Ali Məclisi sədrinin 9 fevral 2009-cu il
tarixli sərəncamı ilə muxtar respublikada xalq
yaradıcılığının ayrı-ayrı sahələrinin
dirçəldilməsi diqqət mərkəzinə çəkilmişdir.
Unudulmaqda olan tikmə, döymə, toxuma, oyma sənəti sahələrinə
yeni həyat bəxş edilmiş, milli mətbəxin ön
mövqeyə çıxarılması təmin olunmuşdur.
Regionda milli və bəşəri
dəyərlərin vəhdətdə yaşadılması baxımından
Naxçıvan MR Ali Məclisi sədrinin "Nuh peyğəmbərin
Naxçıvan şəhərindəki məzarüstü
türbəsinin bərpa edilməsi haqqında"kı 28
iyun 2006-cı il tarixli sərəncamı əsasında həyata
keçirilən tədbirlər böyük əhəmiyyətə
malikdir. Tarixi qaynaqlardan əldə edilmiş məlumatlara və
Naxçıvanın çoxəsrlik memarlıq ənənələrinə
istinad edilməklə bərpa edilib 2008-ci ildə
ucaldılmış Nuh türbəsi həm də
Naxçıvan diyarının böyük sivilizasiyanın
beşiyi olduğunu bir daha təsdiqləyir. AMEA-nın
Naxçıvan bölməsinin əməkdaşı, müxbir
üzv Qadir Qədirzadənin həmin sərəncamın
ruhuna uyğun olaraq "Nuh peyğəmbər, dünya
tufanı və Naxçıvan" adlı
monoqrafiyasının meydana çıxması (2008) və bu
istiqamətdə aparılmış digər tədqiqatlar ulu əcdadlarımızın
sivilizasiyanın başlanğıc dövründən bu
regionda məskən salıb yaşadığını yəqinləşdirir.
Aparılan məqsədyönlü
dövlət siyasəti sayəsində Naxçıvan Muxtar
Respublikasında müasir sənayeləşmənin və
özəl sektorun inkişaf etdirilməsinə nail
olunmuşdur. Belə ki, 1995-ci ildən 2009-cu ilədək
muxtar respublikada kiçik müəssisələrin, sənaye
sahələrinin sayı 390-a
çatdırılmışdır. Sənayeləşmə
proseslərində daxili bazarın tələbatının nəzərə
alınması ilə yanaşı, ixracyönlü məhsulların
istehsalına da diqqət yetirilmişdir. Naxçıvan
avtomobil zavodu, Badamlı mineral su zavodu, duz mədəni, kərpic
zavodu, mebel fabriki, "Gəmiqaya" şirkətlər
qrupu, mərmər zavodu və sair kimi müəssisələrdə
istehsal olunan məhsullar dünya bazarının tələblərinə
cavab verir. Aqrar sahədə baş verən dəyişikliklərin
tənzimlənməsi və idarə olunması ilə regionda
yeni təsərrüfat münasibətləri şəraitində
kənd təsərrüfatı sahələrinin dirçəldilməsində
mühüm nailiyyətlər qazanılmışdır.
Bütün bunlar, hər
şeydən əvvəl, ölkəmizdə ümummilli
lider, görkəmli dövlət xadimi Heydər Əliyev
siyasi kursunun təntənəsidir. Eyni zamanda, Naxçıvan
Muxtar Respulikasında inkişafdan intibaha qədər
keçilən yol Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müvəffəqiyyətlə həyata
keçirdiyi regionların inkişafı üzrə dövlət
proqramı sahəsində qazanılan nailiyyətlərin
üzvi tərkib hissəsidir. Naxçıvan
diyarındakı hərtərəfli sürətli inkişaf
muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun
ardıcıl və yorulmaz fəaliyyətinin, məqsədyönlü
və qətiyyətli mövqeyinin, fədakar işinin konkret
və uğurlu nəticəsidir. Vasif Talıbov kimi
böyük təşkilatçılıq qabiliyyətinə
malik olan dövlət xadiminin yetişib formalaşması Heydər
Əliyev dövlətçilik məktəbinin, geniş mənada
müstəqillik dövrü Azərbaycan dövlətçiliyinin
nailiyyətidir. Ona görə də Naxçıvan MR Ali Məclisinin
sədri Vasif Talıbovun böyük zəhməti, xidmətləri
ölkə rəhbərliyi tərəfindən həmişə
yüksək qiymətləndirilmişdir. Hələ 14 oktyabr
1999-cu ildə, Naxçıvan Muxtar Respublikasında yeniləşmə
və inkişafın ilkin nəticələri nəzərə
çarpdığı dövrdə Azərbaycan
Respublikasının rəhbəri, görkəmli dövlət
xadimi Heydər Əliyevin Ali Məclisdə keçirilən
görüş zamanı dediyi aşağıdakı sözlər
Vasif Talıbovun əsl dövlət adamı kimi böyük
potensiala malik olduğunu nümayiş etdirirdi: "Mən
ümumiyyətlə demək istəyirəm ki,
Naxçıvanda işlər lazımi səviyyədə
gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə
mən onun çox xüsusiyyətlərini bilirdim. Amma o,
çox gənc idi. Daxilən bir az fikirləşirdim ki, gəncliyinə
görə bəlkə də ağır, çətin olar.
Ancaq o, sübut etdi ki, vətəninə, millətinə,
xalqına sədaqətli olan adam yaşından asılı
olmayaraq böyük işlər görə bilər".
Hələ 40 yaşı
tamam olmamış Vasif Talıbovun fəaliyyətinə verilən
bu yüksək qiyməti zaman dəfələrlə təsdiq
etdi. Bu təsdiqnamələrin sırasında
Naxçıvanda geniş quruculuq hərəkatının
böyük sürətlə davam etdirilməsi, möhkəm
və etibarlı ordu quruculuğunun uğurla həyata
keçirilməsi, sosial-iqtisadi gedişatın real nəticələr
verməsi, muxtar respublikanın başdan-başa
qazlaşdırılması, enerji böhranının aradan
qaldırılması səviyyəsində ciddi problemlərin
uğurlu həlli kimi hadisələr dayanırdı. Sözlə
işin, əməllə əqidənin vəhdəti həmişə
Vasif Talıbovun böyük uğurlarının əsasını
təşkil etmişdir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin qiymətlərində də
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbovun əqidə bütövlüyü ilə
böyük əməllərinin vəhdəti xüsusi olaraq
nəzərə çarpdırılır. Möhtərəm
Prezidentimizin 21 dekabr 2006-cı ildə Naxçıvana səfəri
zamanı verdiyi aşağıdakı qiymət bu amilin daim
diqqət mərkəzində dayandığını göstərir:
"Mən çox məmnunam ki, Naxçıvan Muxtar
Respublikasının rəhbərliyi, Vasif Talıbov Heydər Əliyev
siyasətini burada uğurla icra edir, onu davam etdirir və
Naxçıvanın möhkəmlənməsinə öz
töhfəsini verir".
Ölkə Prezidentinin
çıxışlarında Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun
xarakterini tamamlayan Vətən və torpaq sevgisi amilləri də
öz əksini tapmışdır: "Siz Naxçıvanda
işlərin düzgün qurulması, Naxçıvanın
rəhbərliyinin, Ali Məclisin sədri Vasif Talıbovun fəaliyyəti
nəticəsində bütün bu uğurlara nail olmusunuz. Azərbaycanın
digər bölgələri də inkişaf edir. Amma sizə
deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda
liderdir və ümid edirəm ki, siz gələcəkdə də
liderliyi saxlayacaqsınız. Bunu - abadlıq-quruculuq işlərini,
yeni binaların yüksək zövqlə, səliqə ilə,
diqqətlə tikilməsini Naxçıvana gələn hər
bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər
böyük məhəbbətlə görülür. Bu da əsas
şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin
əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa
olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir.
Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər
də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə
xidmət edirlər. Bu, Naxçıvanda var və məni
çox sevindirir".
Göründüyü kimi,
yüksək tələbkarlıq, prinsipiallıq, yorulmaz fəaliyyət,
əqidə bütövlüyü, qəti siyasi mövqe, dərin
sədaqət və vətənpərvərlik
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbovun siyasi portretinin ana xətlərini təşkil
edir.
İnkişaf etdirilmiş, əsaslı şəkildə yenidən qurulmuş, tikilib ucaldılmış, düşmən sərhədində alınmaz qalaya çevrilmiş Naxçıvan diyarı Ali Məclisin sədri Vasif Talıbovun Azərbaycan dövləti və xalqı qarşısındakı layiqli hesabatıdır. Həm də yarım əsrlik mənalı ömrün qiymətli yekunu olan bu möhtəşəm hesabat Naxçıvanın beş min illik tarixində yeni tarixi mərhələnin qiymətli salnaməsidir. Eyni zamanda, müasir Naxçıvan çətin şəraitdə intibah yaratmağın mümkünlüyünün konkret və əyani göstəricisidir. Bu mərhələ qədim Naxçıvanın yeni dövr tarixinin çoxcildlik kitabıdır.
İnkişaf və yeniləşmə istiqamətində keçilmiş şərəfli yolun dərsləri, dövlətçilik, quruculuq, idarəetmə sahəsində toplanmış zəngin təcrübə Azərbaycanın bu qədim və həmişəcavan diyarının sabahkı üfüqlərinə də gur işıq salır.
İsa HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət Universitetinin rektoru,
Milli Məclisin deputatı, akademik
Azərbaycan.- 2010.- 14 yanvar.- S. 2.