ARDNŞ ilə
İran Milli Qaz İxrac Şirkəti arasında qısamüddətli saziş
imzalanmışdır
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildirmişlər ki, yanvarın 13-də ARDNŞ-də Azərbaycan təbii qazının İrana ixracı haqqında qısamüddətli sazişin imzalanması mərasimi keçirilmişdir.
Tədbirdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ölkəmizin son illər dünya qaz bazarına inamla daxil olduğunu diqqətə çatdırmış, bunu ümummilli lider Heydər Əliyevin neft strategiyasının parlaq təzahürü kimi qiymətləndirmişdir. Hazırda Azərbaycan Türkiyə, Gürcüstan və Rusiyaya qaz ixracını uğurla həyata keçirir.
İranın Milli Qaz İxrac Şirkəti ilə ARDNŞ arasında Azərbaycan təbii qazının qonşu ölkəyə ixraçı haqqında ötən il danışıqlara başlandığını vurğulayan Rövnəq Abdullayev bildirmişdir ki, bu danışıqlar artıq ilk nəticəsini vermişdir.
İranın Azərbaycandakı səfiri Məmmədbaqir Bəhrami və İran Milli Qaz İxrac Şirkətinin baş direktoru Seyid Rza Kesaizadə sazişin ölkələrimiz üçün əhəmiyyətini diqqətə çatdırmışlar.
Sazişi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və İran Milli Qaz İxrac Şirkətinin baş direktoru Seyid Rza Kesaizadə imzalamışlar.
Bu münasibətlə iranlı tərəfdaşları və mərasim iştirakçılarını təbrik edən ARDNŞ-in prezidenti R.Abdullayev bildirmişdir ki, 2010-cu ilin qış mövsümünü əhatə edən qısamüddətli saziş qonşu ölkəyə gündəlik minimum 1 milyon 200 min kubmetr Azərbaycan təbii qazının nəql edilməsini nəzərdə tutur. Ümumilikdə, ARDNŞ İran tərəfinə 100 milyon kubmetr həcmində qaz ixrac edəcəkdir. İxrac olunan qazın qiyməti Avropa sxemi üzrə formula əsasında müəyyən ediləcəkdir. Mərasimdə qeyd olunmuşdur ki, Azərbaycan təbii qazının İrana uzunmüddətli ixracı haqqında sazişin hazırlanması prosesi də davam etdirilir. Şirkətlərin işçi qrupları bu istiqamətdə danışıqlar aparırlar.
Sonda ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və İran Milli Qaz İxrac Şirkətinin baş direktoru Seyid Rza Kesaizadə jurnalistlərin suallarını
cavablandırmışlar.
AzərTAc
Azərbaycan.- 2010.- 14 yanvar.- S. 3.