İctimai və humanitar elmlərin
tədrisi və tədqiqi dövrün-zamanın yeni tələbləri
səviyyəsində olmalıdır
Elmi ictimaiyyətimiz, təhsil işçilərimiz çox yaxşı başa düşür və həm də yüksək qiymətləndirirlər ki, Azərbaycanın elmi inkişafa daha çox meyilli olması və təhsilimizin dünya standartlarına uyğun yenidən qurulması dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzində və nəzarətindədir. Odur ki, indiki şəraitdə elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritet sahələrindən biridir və biliklərə əsaslanan iqtisadiyyatı inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da fundamental elmlər üzrə tədqiqatları genişləndirmək və fundamental elmlər üzrə araşdırmaların müasir tələblər səviyyəsinə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.
Bazar iqtisadiyyatı şəraitində dayanaqlı iqtisadi inkişafın təminatı ilk növbədə elmin müasir tələblərə uyğun inkişaf etdirilməsini tələb edir. Çünki iqtisadi sahədə yeniliklərə (innovasiya) əsaslanan inkişaf istiqamətlərinin müəyyən edilməsi, insan kapitalının formalaşması, intellektual potensialdan səmərəli istifadə, elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi bilik toplumunun inkişafında ən önəmli amildir. Hazırda Azərbaycan iqtisadi islahatları uğurla davam etdirərək keyfiyyətcə yeni dönəmə - bilik və texnologiyaya əsaslanan iqtisadi oriyentirə doğru irəliləyir. Bu oriyentirin əsas məqsədi isə iqtisadiyyatın ən müasir elmi biliklərə əsaslanan nailiyyətlərindən istifadə etməkdir. Məhz buna görə də Milli Strategiya Azərbaycan elminin intellektual potensialının gücləndirilməsinə dair müvafiq tədbirlərin gerçəkləşdirilməsini tələb edir və elmin son nailiyyətlərinin ali məktəblərin tədris proqramlarına daxil edilməsi tələbini açıq və qəti şəkildə ortaya qoyur. Bu cəhət Prezident Administrasiyasının rəhbəri, görkəmli ictimaiyyətçi alim, tanınmış filosof, Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin rəhbərliyi altında Dövlət İdarəçilik Akademiyasında ötən ilin 21 noyabrında keçirilən Humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirədəki proqram xarakterli məruzəsində və eləcə də onun 8 dekabr 2009-cu il tarixli "Azərbaycan" qəzetində dərc olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı dərin məzmunlu məqaləsində geniş şərh olunmuş və görəcəyimiz işlər, konkret vəzifələr göstərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ölkəmizin siyasi, sosial-iqtisadi və ictimai həyatı ilə sıx vəhdətdə olan proseslərlə bağlı obyektiv şərhlərə və hərtərəfli təhlillərə əsaslanan əsərləri həmişə ictimaiyyətçi alimlərimiz və cəmiyyətimiz tərəfindən böyük maraqla qarşılanır. Onun humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş və adını çəkdiyimiz bu məruzə və məqaləsi də elmi ictimaiyyətin xüsusi marağına səbəb olmuşdur. Ona görə ki, ictimai elmlər sahəsindəki hazırkı vəziyyət hər şeydən əvvəl elə ictimaiyyətçilərin özlərini təmin etmirdi. Çünki bir tərəfdən təhsilimizin, elmimizin yenidən qurulması və onun dünya elminə, təhsilinə inteqrasiyası prosesində cəmiyyətimizdə, qloballaşan dünyamızda ictimai elmlərin rolu və əhəmiyyəti heç də həmişə düzgün qiymətləndirilmir, bu elmlərin tədrisinə ayrılan saatların miqdarı getdikcə azaldılır, yeni tərzdə düşünməyi bacaran, yeni ruhlu gənc kadrların hazırlanması işinə heç də hər yerdə, hər zaman lazımi şərait yaradılmır, lazımi qayğı göstərilmirdi. Bu da ondan irəli gəlirdi ki, ictimaiyyətçi alimlərə müstəqilliyin ilk illərindəki xor baxışın təzahürləri istər tədris planlarının tərtibi, istərsə də elmi-tədqiqat işlərinin çap olunması sahəsində özünü hələ də göstərməkdə idi. Belə mövqedə olanlar unudurdular ki, bu gün qloballaşan dünyamızda belə bir yol kiçik xalqlar, kiçik millətlər üçün onların itib-batması baxımından çox təhlükəlidir. Heç bir zaman unutmamalı, heç bir vəchlə yaddan çıxarmamalıyıq ki, bizim təhsilimiz, elmimiz dünya elmi və təhsilinə inteqrasiya olmaqla onun nailiyyətlərindən daim bəhrələnməli, öz qınına qapanıb qalmamalı, eyni zamanda biz öz milli-mənəvi dəyərlərimizi də unutmamalıyıq. Digər tərəfdən də hesab edirəm ki, ictimai elmlər sahəsindəki nöqsanların, çatışmazlıqların bir səbəbi, həm də deyərdim ki, başlıca səbəbi elə biz ictimaiyyətçilərin özündədir.
Bu gün ölkəmiz yüksək sürətlə inkişaf edir və o, artıq öz inkişafında keyfiyyətcə yeni mərhələyə daxil olmuşdur. Ümumiyyətlə, hazırda cəmiyyət həyatının bütün sahələrində sürətli inkişaf, yeniləşmə, yüksəliş özünü bariz şəkildə göstərməkdədir. Təəssüf ki, ictimai elmlər bugünkü inkişaf sürəti ilə ayaqlaşa bilməyərək geri qalırlar. Halbuki ictimaiyyətçi alimlərimizin bu inkişafı, cəmiyyətimizdə baş verən keyfiyyət dəyişikliklərini, onların kökləri və səbəblərini dərindən elmi-nəzəri təhlil süzgəcindən keçirən tədqiqatlarına çox böyük ehtiyac duyulur. Dövlət ictimai elmlər sahəsində çalışan alimlərdən inkişafımızın indiki mərhələsinin dərin elmi təhlilindən gələcək üçün nəzəri təhlilə, elmi təcrübəyə əsaslanan yeni fikirlər, yeni proqnozlar və təkliflər gözləyir. Ancaq uzun illərdən bəri çətinliklər məngənəsində çırpınan ictimai elmlər hələ ki, bu tələblər səviyyəsində deyildir. Belə ki, ictimaiyyətçi alimlərimizin bir qismi hələ də köhnə stereotiplərdən ayrıla bilmirlər. Bir çox kafedralar, tədqiqat institutları və şöbələr isə bugünkü ehtiyacları lazımınca nəzərə almadan o qədər də aktual olmayan mövzular, bir-birinə oxşar, bəzən hətta bir-birini təkrar edən, Azərbaycan reallıqlarından uzaq məsələlər ətrafında vaxt itirirlər. Məhz buna görə də akademik Ramiz Mehdiyev öz məqaləsində çox haqlı olaraq yazır: "Əlbəttə, ictimai elmlərin yeri və nüfuzu ən əvvəl bu sahədə çalışan mütəxəssislərin özlərindən asılıdır. Sirr deyil ki, son 20-25 il ərzində məlum obyektiv, yaxud subyektiv səbəblərdən ictimai elmlər sahəsində canlı diskussiyalar aparılmır, məzmunlu elmi tənqidə və nəzəri aspektli təhlillərə rast gəlinmir... ölkəmizin inkişafının yeni təcrübəsi lazımınca öyrənilmir, ümumiləşdirilmir və yeni biliklərin hasil edilməsində ondan istifadə olunmur. Həyatımızın bugünkü reallıqları, elmi-nəzəri tədqiqatlarda özünün təcəssümünü tapmalıdır. Yeni dövrün ruhuna uyğun nəzəri-ictimai fikrin yaradıcı sürətdə inkişafı bu yolla təmin edilə bilər.
Ötən dövrə nəzər yetirdikdə aydın olur ki, bizim filosoflar, tarixçilər, iqtisadçılar ölkədə baş verən yeniliklərin heç də aparıcı qüvvəsi kimi çıxış etməyiblər. Həddən ziyadə vaxt itkisinə yol verilmişdir. Halbuki müstəqilliyimizin 19 ili lazımi elmi nəticələrə gəlmək üçün kifayət qədər möhkəm baza təşkil edir".
Yaşadığımız indiki dövr və Azərbaycan cəmiyyətinin hazırkı inkişaf səviyyəsi tələb edir ki, ictimai və humanitar elmlər sahəsində çalışan alimlərimiz bu gün Azərbaycan cəmiyyətində gedən sosial və ictimai-siyasi proseslərin elmi-nəzəri cəhətdən araşdırılması, Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi, cəmiyyətin demokratikləşdirilməsi işinin sürətləndirilməsi və humanistləşdirilməsi məsələlərinə dair əməli tövsiyələr hazırlanmasına xüsusi diqqət yetirsinlər, əməli işə, praktikaya daha çox kömək göstərsinlər. Təbii ki, bu elmi araşdırmalarda ümummilli lider Heydər Əliyevin fəlsəfi-siyasi ideyaları ilə yanaşı, xalqımızın və ölkəmizin müstəqillik işinə öz həyatlarını həsr edən tanınmış siyasi və ictimai xadimlərimizin fikirləri, ideyaları da dəqiqliklə öyrənilməli, ümumiləşdirilməli və sistemləşdirilməlidir. Hesab edirəm ki, bütün bunlarla bərabər son altı ildə müstəqil respublikamızda cəmiyyət həyatının bütün sahələrində baş vermiş böyük dəyişikliklər dərindən təhlil edilməli və ictimai şüura çatdırılmalıdır. Məhz bu və bu qəbildən olan digər strateji əhəmiyyət kəsb edən məsələlərin araşdırılması sahəsində də ciddi tədqiqatlar aparılması yaxın gələcəkdə elmi işlərin mühüm istiqamətlərdən birinə çevrilməlidir. Yalnız belə halda müstəqil Azərbaycanın daha sürətli dinamik inkişafı, xalqımızın firavan yaşaması yolları daha dürüst və dəqiq elmi əsaslarla müəyyən edilə bilər.
Təbii ki, yaşadığımız XXI əsrdə cəmiyyətin inkişaf prosesində insan amili müqayisəedilməz dərəcədə mühüm yer tutacaq, intellektual potensial, intellektual mülkiyyət əsas rol oynayacaq, informasiya sahəsindəki bütün dəyişikliklər bu əsrdə daha da inkişaf edəcək, informasiya amili sözün əsl mənasında aparıcı qüvvəyə çevriləcəkdir. Belə olan halda isə elm və təhsildə də böyük işlər görmək üçün elmimizin qarşısında daha geniş imkanlar açılacaqdır.
Yaşadığımız dövr təhsil sisteminin əsaslı surətdə yeniləşməsini bütün kəskinliyi ilə qarşıya qoyur. Böyük əhəmiyyət kəsb edən bu iş isə müasir tələblərə cavab verən yeni tipli ali məktəblərin yaradılmasını zəruri edir. Elə bir ali məktəb ki, orada səriştəlilik, axtarış və yenilik ruhu hökm sürsün, ətraflı elmi diskussiyalara, keyfiyyətli əməyə, yaradıcı adama hörmətə geniş yol açmış olsun. Bütün bunlar isə təbiidir ki, ali təhsilin məzmununu yeniləşdirməyi, tədris planları və proqramlarını yenidən tərtib etməyi, bir çox kafedraların adları və istiqamətlərini dürüstləşdirməyi, konkret profil üzrə mütəxəssisin formalaşması üçün zəruri olan başlıca məsələləri ön plana çəkməyi, tədrisin keyfiyyətini yüksəltməyi, ali məktəblərdə mədəni, demokratik, tələbkar və daha işgüzar bir şərait yaratmağı tələb edir.
Tədris sisteminin yeniləşməli olduğu bir zamanda, təbiidir ki, ayrı-ayrı fənlər də təkmilləşib yeniləşməlidir. Həm də bu, birinci növbədə ictimai, humanitar elmlərə, ümumiyyətlə isə bütün elmlərə aiddir.
İqtisadi, sosial-siyasi, mənəvi sahələrdə baş verən ciddi və prinsipial dəyişikliklər ictimai və humanitar elmlərin tədrisinin məzmununda, formasında, metod və metodologiyasında, bu sahədə aparılan elmi tədqiqatların istiqamət və məzmununda da ciddi dəyişiklikləri zəruri edir. Bu gün ali məktəblərdə tədris olunan ictimai və humanitar elmlərin rolu və əhəmiyyəti yüksəldilməli, bu elmlərin ali məktəblərdə tədrisi təkmilləşdirilməli, dövrün-zamanın tələblərinə uyğunlaşdırılmalı, bu iş milli-mənəvi dəyərlərimiz nəzərə alınmaqla beynəlxalq təcrübəyə əsaslanmalı, ona uyğunlaşdırılmalıdır. Fəlsəfəyə gəldikdə isə deməliyik ki, bu gün ictimai və humanitar elmlər arasında onun qabaqcıl rolu və əhəmiyyəti daha da artır. Odur ki, yeni dövrün nəzəri fəlsəfəsini yaratmaq istiqamətində işlər sürətləndirilməlidir. Belə bir şəraitdə ali məktəblərdə klassik fəlsəfənin, fəlsəfə tarixinin, xüsusilə də Şərq fəlsəfəsinin, Azərbaycan fəlsəfi fikir tarixinin, dinin elmi tarixi və fəlsəfənin öyrənilməsinə xüsusi diqqət yetirmək faydalı olardı.
Politologiya kimi fənnin ancaq yüksək səviyyədə tədrisi bu sahədə lazımi mütəxəssis kadrların hazırlanmasında istənilən nəticəni verə bilər.
Sovet dövründə eybəcərləşdirilmiş, təhrif edilmiş tariximizin yenidən nəzərdən keçirilməsi prosesi artıq bir neçə ildir ki, başlanmışdır. Təbiidir ki, bu da tarix elminə olan marağı müəyyən qədər artırır. Təəssüf ki, müasir gənclərin çoxunun həm tarixə marağı, həm də tarix sahəsindəki biliyi keçmiş nəsillərdəkindən xeyli geri qalır. Çünki keçmiş ideallar artıq dağılmış, yenisi isə hələ insanların zehninə, şüuruna və düşüncəsinə tam şəkildə çatdırılmamışdır. Bu da müəyyən qədər adamların tarixə olan marağını azaldır.
Tarixi şüurun inkişafına mane olan amillərdən biri də kitab köşklərini dolduran yüngül, dayaz əsərlərin peyda olmasıdır. Belə kitablarda həqiqətlə yalan bir-birinə qarışdırılır. Bu gün nəinki ciddi tədqiqatların nəticəsi olan tarixi əsərlərə, eləcə də bütünlükdə tarix elminin özünün köməyə böyük ehtiyacı vardır. Çünki bir tərəfdən istedadlı gənclər elmdən uzaqlaşırlar. Bütün bunlar azmış kimi fəlsəfənin tarix elminin və sosial-siyasi elmlərin öyrənilməsinə ayrılmış saatların miqdarı da getdikcə azaldılır.
On ilə yaxındır ki, fəlsəfə, siyasi tarix, politologiya, iqtisadiyyat sahəsindəki yeni proqramlar, yeni məzmunda dərsliklər, dərs vəsaitləri hazırlanmış və nəşr edilmiş, bu elmlərin tədrisi, tədqiqi və məzmununda ciddi dəyişikliklər baş vermişdir. Bunu görmək, qiymətləndirmək, ictimaiyyətçi alimlərimizi, müəllimlərimizi ruhlandırmaq, yeni işlərə istiqamətləndirmək gərəkdir. Təəssüf ki, bəzi tədris müəssisələrində buna o qədər də əhəmiyyət verilmir, əksinə, son vaxtlar onlara kömək və diqqət, qayğı xeyli zəifləmişdir. Belə ki, bəzi ali məktəblərdə kafedralar əsassız olaraq birləşdirilmiş və fənn saatları kəskin surətdə azaldılmışdır.
Ali məktəblərimizdə ictimai və humanitar elmlərin tədrisi kifayət qədər milli zəminə əsaslanmamışdır. Bu elmlərin tədrisi və tədqiqində bizim öz istiqamətimiz olmalıdır. Həmin istiqamət başlıca olaraq milli zəminə əsaslanmalıdır. Əlbəttə, bu, bizi dünya elminin vacib problemlərindən, bəşər sivilizasiyasının nailiyyətlərindən ayrı salmamalıdır. Bunlar üzvi əlaqədə öyrənilməlidir.
Sosial-siyasi elmlərin tədrisi tələbə-gənclərin dünyagörüşünün formalaşmasında, onların əqli, mənəvi tərbiyəsində və ümumi inkişafında çox mühüm rol oynayır. Bu gün həmin elmlərin nəinki məzmunu dəyişməli, onların tədrisinin forma və metodları da yeniləşməli, təkmilləşməli və rəngarəng olmalıdır. Burada əsas və başlıca sima müəllimdir, onun biliyi, dünyagörüşü, zəmanəmizdə baş verən elmi, ictimai-siyasi dəyişikliklərə yeni tərzdə yanaşmaq bacarığı, yenilik hissidir. Təhsilin müvəffəqiyyəti üçün bu cəhətlər həlledici əhəmiyyətə malikdir.
Həyat ictimai və humanitar elmlərin tədrisi və tədqiqi işini təkmilləşdirib yeniləşdirməyi və milli zəminə uyğunlaşdırmağı vacib bir vəzifə kimi qarşıya qoyursa, belə bir yeniləşmə bu elmlərin özünün normal inkişafı üçün də lazımdır, həm də bu işdə cəmiyyət özü maraqlı olmalıdır. Cəmiyyətin intellektual və mənəvi potensialının fəallaşması sosial-siyasi elmlərdən, ictimaiyyətçilərin yaradıcı səyindən, onların tədqiqatlarının obyektivliyindən, bu elmlər sahəsində kamil kadrlar hazırlanmasından çox asılıdır.
Akademik Ramiz Mehdiyevin İdarəçilik Akademiyasındakı məruzə və son məqalələrində elmi tədqiqatlar və kadr hazırlığı ilə əlaqədar qaldırdığı məsələlər həlli zəruri olan mühüm məsələlərdir ki, bunlar da bizi çox ciddi düşünməyə vadar edir. Bu məruzə və məqalələrdə elmi sahəyə dair qarşıya qoyulan prinsipial məsələlər həm də bizi düşündürən və narahat edən suallara cavab tapmağa da kömək edir. Qaldırılan məsələlər hər birimizin qəlbindən xəbər verir. Azərbaycanda yaxın keçmişdə ictimai və humanitar elmlər sahəsində çox güclü kadr potensialı olmuş və şükürlər olsun ki, indi də vardır və biz bununla fəxr edə bilərik.
Şübhəsiz ki, bu gün ölkə rəhbərliyi ictimaiyyətçi alimlər qarşısında dövrün, zamanın ruhuna və tələblərinə uyğun olan yeni, böyük vəzifələr qoyarkən həm də məhz bu mövcud potensiala, onun bacarıq və gücünə arxalanır. Bu potensial çətinliklərdən çıxmaq bacarığını dəfələrlə göstərmişdir. Elə ən böyük çətinlik 18-20 il əvvəl keçmiş quruluş dəyişilərkən yarandı. Lakin bu mövcud potensial özünü itirmədi, qəddini düzəltdi, öz işlərini yeni dövrün, zamanın, müstəqilliyimizin ruhuna uyğun olaraq ulu öndər Heydər Əliyevin kömək və məsləhətləri ilə yenidən qurdu. O vaxtdan bəri keçən müddət ərzində yeni ruhlu qiymətli əsərlər, tədqiqatlar yarandı. Lakin həyat çox böyük sürətlə inkişaf edir. İctimai və humanitar elmlər yeni, daha böyük vəzifələrlə üzləşir. Odur ki, təbiidir ki, bu elmlər sahəsindəki işlər təkmilləşməli və daha yenidən qurulmalıdır. Hesab edirəm ki, hər şeydən əvvəl ictimai və humanitar elmlər sahəsindəki elmi tədqiqatların istiqaməti-tematikası yeniləşməli, bu gün Azərbaycanda və dünyada gedən ictimai-siyasi proseslərin tədqiqi məsələləri önə çəkilməlidir. O, problemlərin tədqiqinə üstünlük verilməlidir ki, onlar müstəqil dövlət quruculuğunun qarşıya çıxardığı çətinliklərin aradan qaldırılması yollarının və vasitələrinin tapılmasının elmi əsaslarını göstərmək işinə xidmət etsin, əməli işimizə, praktikaya öz tövsiyələri ilə kömək edə bilsin. Elm üçün, bugünkü gün üçün az əhəmiyyətli olan, bir-birini təkrar edən mövzulara vaxt sərf olunmamalıdır. Bunun üçün isə Koordinasiya, Əlaqələndirmə Şuralarının işi yenidən qurulmalı, onların işinin məzmunu yeniləşməli, keyfiyyəti yüksəlməli, məsuliyyəti və nüfuzu artırılmalıdır. Dissertasiya Şuralarına kənardan çoxlu dissertasiyalar gəlir. Müdafiə Şurasının sədri kimi deyə bilərəm ki, kənardan gələn dissertasiyaların birbaşa elmi seminara çıxarılması praktikası özünü doğrultmur. Yaxşı olardı ki, daxil olmuş dissertasiyalar Dissertasiya Şuralarının mövcud olduğu müəssisədəki əlaqədar kafedralarda müzakirə olunsun və bu müzakirələr problem üzrə kənar mütəxəssislər cəlb edilməklə keçirilsin. Bundan sonra Elmi seminara ötürülsün və yaxud elə kafedradan birbaşa Elmi Şuraya keçirilsin və yaxud elmi seminarda da müzakirə edilsin. Hər halda kafedradakı müzakirə zəruri olaraq təşkil edilsin.
(Ardı var)
Seyfəddin QƏNDİLOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət İdarəçilik
Akademiyasının rektoru, Dövlət Qulluğunu
İdarəetmə
Şurasının üzvü, tarix elmləri doktoru,
professor, əməkdar elm xadimi
Azərbaycan.- 2010.- 14 yanvar.- S. 4.