Azərbaycanın istiqlaliyyəti
90 il əvvəl beynəlxalq səviyyədə
tanındı
Dövlətçilik ənənəsi qədim olan Azərbaycanın yaxın və uzaq dövlətlərlə əlaqələri zəngin tarixə malikdir. XIX yüzilliyin əvvəllərində növbəti dəfə torpaqları işğal olunmuş Azərbaycan xalqı 100 il sonra milli dövlətçiliyinə qovuşaraq bütün türk aləmində, müsəlman Şərqində liderə çevrildi.
1918-ci il mayın 28-də bəyan edilmiş istiqlaliyyət, nəhayət ki, 1920-ci il yanvarın 11-də beynəlxalq səviyyədə rəsmən tanındı. Dövlətlərarası münasibətləri tənzimləyəcək beynəlxalq təşkilatın meydana gəldiyi prosesdə yenicə doğulmuş Azərbaycan dövləti öz varlığını qəbul etdirməyə nail oldu.
Parisə, beynəlxalq sülh konfransına yola düşmüş Azərbaycan nümayəndə heyəti taleyüklü missiyanı yerinə yetirdi. Konfransda Ali Şuranın yekdilliklə qəbul etdiyi qərarla Azərbaycanın müstəqilliyi faktiki olaraq tanındı. Bu qərarın sonrakı dövlətçilik tariximiz üçün misilsiz əhəmiyyəti olmuşdur. Azərbaycana təcavüz etməyə hazırlaşan Rusiya hökuməti belə bu faktı dəyərləndirməyə bilmirdi: "Azərbaycana qarşı zorakılıq aktı beynəlxalq münasibətlərdə dostlarımızı bizə qarşı qoyar... Bizi imperialist hesab etmələrinə yol verməməliyik". Bolşevik hakimiyyəti Azərbaycana hərbi müdaxiləsini daxili üsyan xəttilə pərdələndirməyə başladı. Aprelin sonunadək uzanan işğala hazırlıq prosesi nəticə etibarilə Cümhuriyyətin milli müstəqillik təməllərini dağıtmağı bacarsa da, Cümhuriyyət quruluşunu, ən ümdəsi onun daşıdığı Azərbaycan təyinatını siyasi statusundan endirə bilmədi. Bolşevik hakimiyyətinin "bacara bilmədikləri"nin bir təməli də 1920-ci il yanvarın 11-də qoyuldu. Həmin günün sevincini Bakı bir gün sonra yaşadı. 14 yanvar Azərbaycanın 1920-ci il təqvimində ən möhtəşəm gün idi. Azərbaycan parlamenti həmin gün xüsusi iclas keçirərək bayram sevincini rəsmiləşdirdi: "...Bugünkü gün daha fövqəladə bir gündür. Bu gün 19 ay yarım zərfində çəkdiyimiz zəhmətlər sayəsində istədiyimiz kimi yaşamaq arzumuz bulunan istiqlaliyyətimizi Avropa ölkələri təsdiq etmişlərdir".
Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi 1920-ci il yanvarın 12-də xarici işlər naziri F.Xoyskiyə teleqram göndərərək müttəfiq dövlətlər tərəfindən Azərbaycanın və Gürcüstanın mütsəqilliyinin tanındığını xəbər vermişdir. Bu xəbəri isə Böyük Britaniyanın Qafqazdakı səlahiyyətli nümayəndəsi O.Uordrop çatdırmışdır. Azərbaycan hökuməti yanvarın 12-də müstəqilliyin tanınması haqqında məlumatı alan kimi təcili iclas keçirmişdir. Paris sülh konfransının rəsmi qərarı isə yanvarın 15-də Fransa Xarici İşlər Nazirliyində Əlimərdan bəy Topçubaşova təqdim olunmuşdur: "Müttəfiq və Birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar". Böyük Britaniyanın xarici işlər naziri lord Kerzonun təklifi ilə qəbul edilən bu qərarın Azərbaycanda doğurduğu sevinci F.Xoyski parlament kürsüsündən belə səciyyələndirmişdi: "Bu yalnız bizim üçün deyil, islam milləti və ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri millətlər on illər ilə çalışmışdır. Biz isə onu az müddətdə, bir il yarım içərisində qazandıq". Hökumət yanvarın 14-ü çərşənbə gününün bütün dövlət müəssisələrinin qulluqçuları üçün qeyri-iş günü olduğu barədə sərəncam vermişdir. Həmçinin parlamentin təntənəli iclasının, hərbi paradın, mitinq və nümayişlərin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Artıq yanvarın 14-də gündüz saat 12-də parlamentin qarşısındakı küçə şəhər dumasının binasınadək başdan-başa çoxminlik insan izdahımı ilə dolmuşdu. Binalar milli bayraqlarla bəzədilmişdi. Musiqi orkestrlərinin, "ura" sədalarının müşayiəti ilə Azərbaycan ordusunun hissələri təntənəli marşla meydandan keçirdi. Cavad bəy Məlikyeqanov fəhlələr adından parlamentin üzvlərini və rayəsət heyətini təbrik etmiş və bildirmişdi ki, Avropanın tanımayacağı halda belə fəhlələr istiqlal uğrunda canlarından keçməyə həmişə hazır olublar. Həsən bəy Ağayev də parlament adından fəhlələri salamlamışdır. Geniş nitq söyləyən Piri Mürsəlzadə sülh konfransının işindən ətraflı bəhs etmiş və demişdir: "Azərbaycan bir tək türk xalqının deyil, onu öz vətəni, özünü isə onun vətəndaşı kimi tanıyan və qəbul edənlərin hamısı üçündür".
Kazan türklərinin, polyakların və digər milli azlıqların adından çıxışlar olmuşdur. İzdiham Nəsib bəy Yusifbəylini böyük şadyanalıqla qarşılamış, avtomobildən düşürərək əllərində parlamentə aparmış, sonra isə onların istəyi ilə M. Rəsulzadə tribunadan alovlu nitq söyləmişdir. Elə həmin gün hökumətin başçısı Nəsib bəy Yusifbəyli istiqlaliyyətin tanınması münasibətilə Azərbaycan vətəndaşlarına müraciət etmiş, çıxışını "Yaşasın müstəqil Azərbaycan xalqı!" şüarı ilə tamamlamışdır. Hökumət başçısının adına, parlamentə çoxsaylı təbrik teleqramları daxil olurdu. Teleqramlardan bir qismi haqqında parlamentin sədri Həsən bəy Ağayev təntənəli iclasda məlumat vermişdir. O bildirmişdir ki, Gürcüstan Müəssisələr Məclisi, Türküstan Məclisinin çağırılması üzrə Komitənin sədri, Polşa Respublikasının Qafqazdakı nümayəndəliyi, Norveçin Qafqazdakı konsulu, Ukraynanın Qafqazdakı diplomatik missiyasının başçısı və başqaları Azərbaycanı xalqını müstəqilliyinin tanınması münasibətilə təbrik edirlər.
Milli azlıqların təmsilçiləri parlament kürsüsündən təbrik sözlərini çatdırdılar. Polyaklar adından Vanseviç, yəhudilər adından Qoxman, gürcülər adından Baqradze çıxış etdilər. İstiqlaliyyətin tanınması xəbəri fərqli siyasi qüvvələri yanvarın 14-də bir araya gətirdi. "İttihad" firqəsinin nümayəndəsi Bəhram bəy Vəzirov kürsüdən özünün yazdığı şeirlə təbrikini ifadə etmiş, "Əhrar" firqəsindən Muxtar Əfəndizadə "məsud gün" münasibətilə təbrikləri ilə yanaşı, arzularını da izhar etmişdir: "Avropa dövlətləri daima bizlərə vədə verirdilər. Bu gün bunu təsdiq etdilər... Amma onu da biz bilməliyik ki, gələcəkdə heç kəsə alət olmamalıyıq... Onlar bizim istiqlaliyyətə layiq olduğumuzu da isbat etdilər. Və bundan sonra da bütün tanımayanlar istiqlalımızı tanıyacaqlar. Onu bilməliyik ki, Azərbaycan xalqı müstəqil yaşamağa müstəiddir və yaşayacaq, buna görə yaşasın Azərbaycan xalqı və onlara kömək olan türk milləti". Sosialistlər adından Aslan bəy Səfikürdlü Azərbaycan zəhmətkeşləri adından təbriklərini bildirməklə yanaşı, siyasi mənsubiyyətinə müvafiq məqamları qabartmışdır: "Böylə böyük nailiyyət və müvəffəqiyyətləri camaat ancaq mübarizə ilə qazana bilər... Əgər bütün dünyada yaşayan əmələ və zəhmətkeşlər birləşməsə, öz ixtiyarlarını əldə edə bilməzlər".
"Müsavat" firqəsi və bitərəflər adından çıxış edən Məhəmməd Əmin Rəsulzadə istiqlal yolunda canından keçmiş insanların xatirəsini yad etməyə çağırmışdır: "Biz bu gün Azərbaycan istiqlaliyyətini mühafizə edərkən o müəzzəz ruhları yadımıza gətirməliyiz". Parlamentin sədri Həsən bəy Ağayev istiqlal yolunda şəhid düşənlərin ruhlarına ehtiram əlaməti olaraq ayağa qalxmağı təklif edərkən belə bir müqayisə də aparmışdı: "Bu yolda biz başqa millətlər yüz sənə içərisində verdiyi qurbanı bir il içərisində verdik. Bunlar sözdə deyildir. Xarabazara dönmüş şəhərlərimiz və köylərimiz buna birər şahidlərdir".
Parlamentin iclasının sonunda ədliyyə naziri Xəlil bəy Xasməmmədov hökumətin bayram münasibətilə əfvi-ümumi layihəsini hazırlamağı ona həvalə etdiyini bildirmişdir. Həmin sənəd müstəqilliyin tanınması münasibətilə əhaliyə verilən güzəştlər haqqında qanun (əfvi-ümumi haqqında qanun) şəklində parlamentin 1920-ci il 9 fevral tarixli iclasında qəbul olunmuşdur.
Təntənəli iclasdan sonra Azərbaycan ordusunun hərbi paradı keçirildi. Paradın ardınca Xarici İşlər Nazirliyində müstəqilliyin tanınması münasibətilə təbriklərin qəbulu təşkil olundu. Axşam saat 6-dək davam etmiş təntənəli qəbulda Nəsib bəy Yusifbəyli başda olmaqla bütün nazirlər, Həsən bəy Ağayev başda olmaqla parlamentin üzvləri, İngiltərənin, Fransanın, Gürcüstanın, Ermənistanın diplomatik nümayəndələri, Təbətəbainin başçılığı ilə İran missiyası, xarici dövlətlərin konsulları və başqaları iştirak edirdilər.
Dövlət müstəqilliyinin tanınması münasibətilə Gəncə şəhəri də böyük təntənələr yaşadı. Milli mətbuat bayram ovqatına büründü. Yanvarın 14-də "Azərbaycan" qəzeti dərc etdiyi materialların məzmununa uyğun olaraq "Müstəqil Azərbaycan" adı ilə çıxdı.
90 il öncə milli istiqlalı dünyaya tanıtdırmaq missiyasını fədakarlıqla yerinə yetirmiş şəxsiyyətlərin adlarını dönə-dönə xatırlamalıyıq: Əlimərdan bəy Topçubaşov (heyətin rəhbəri), Əkbər ağa Şeyxülislamov, Ceyhun Hacıbəyli, Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev - Paris sülh konfransına yola düşmüş bu insanlar son dərəcə mürəkkəb şəraitdə vətən naminə əzmlə çalışırdılar. 1920-ci il yanvarın 11-də onların uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycan Paris konfransında Ali Şuranın tanıdığı ilk türk və müsəlman respublikası oldu. Xaricə göndərilmiş nümayəndələrin Azərbaycanı layiqincə tanıtdığını söyləyərkən Həsən bəy Ağayevin qəti əminliklə dediyi "Biz müstəqil yaşamağa layiqiz və bizdə o qabiliyyət vardır" sözləri yalnız indiki nəslin deyil, sonrakı nəsillərin də devizinə çevrilməlidir.
70 il sonra bərpa olunmuş Azərbaycan istiqlalının möhkəm təməli vardı. 90 il əvvəl Cümhuriyyət xadimləri "Biz özümüzü tanımasaydıq, təbii, bizi tanımazdılar və bugünkü günə qovuşa bilməzdik" qənaətilə haqlı tələblərinə yetişdiklərini bayram edirdilərsə, bu gün biz, XXI yüzilliyin Azərbaycan vətəndaşları müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpa olunacağına qəti inamla yaşayırıq. Qələbə gününü nə vaxt qeyd edəcəyimiz bəlli olmasa da, bir həqiqət mövcuddur: "Bir kərə yüksələn bayraq bir daha enməz" (Məhəmməd Əmin Rəsulzadə) uzaqgörənliyi "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir" (Heydər Əliyev) sonucuna qovuşdu.
Firdovsiyyə ƏHMƏDOVA,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti,
tarix elmləri namizədi
Azərbaycan.- 2010.- 14 yanvar.- S. 4.