Moskvada "Vokruq Sveta" seriyasından "Azərbaycan" bələdçisi nəşr edilmişdir

 

Moskvada "Vokruq Sveta" seriyasından "Azərbaycan" bələdçisi nəşr edilmişdir. Odlar yurdu barədə məlumatların toplandığı nəşr Rusiya oxucusunu ölkəmizin mədəniyyəti ilə tanış edir. Bələdçi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə hazırlanmışdır.

Azərbaycan haqqında informasiya toplusu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müraciəti ilə açılır.

Müraciətdə deyilir ki, zəngin ehtiyatlara malik Azərbaycan iki dünya sivilizasiyasının - Avropa və Asiyanın qovuşuğunda Transqafqaz nəqliyyat dəhlizinin mərkəzində yerləşir. Burada çoxlu tarixi, arxeoloji və mədəni abidələr qorunub saxlanmışdır. Nazir yazır: "Ölkəmizdə səyahətçilərin arzuladığı hər şeylə - çoxlu tarixi və memarlıq abidələri, qədim mədəniyyət, zəngin xalq sənəti, çoxəsrlik adət və ənənələr, rəngarəng təbiət, mətbəx, əsl Şərq qonaqpərvərliyi ilə rastlaşacaqsınız".

"Azərbaycan" bələdçisi praktiki və ümumi informasiya, habelə tariximizi, mədəniyyətimizi və ənənələrimizi əks etdirən rəngarəng illüstrasiyalarla zəngindir. Kitabda Azərbaycanın görkəmli şəxsiyyətləri və görməli yerlərindən də söhbət açılır.

Bələdçinin müəllifi Yuliya Şukinanın sözlərinə görə, onun Azərbaycana səyahəti çoxdan başlanmışdır, çünki onun babası və nənəsi Bakıda yaşamışdır. O, ölkəmizin gözəlliklərini və ətrini yaxşı xatırlayır. Yuliya Şukina demişdir: "Budur, 15 ildən sonra yenidən Bakıya gəlmişəm. Hər şey dəyişmişdir! Uşaqlıqda burada yalnız yolüstü olmuşam. Bakının gözəlliyi, dünyada analoqu olmayan memarlıq abidələri məni heyran qoymuşdur... Bu heyrətamiz səyahət zamanı məni müşayiət edən Oqtay Rzayevə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bələdçinin tərtib edilməsi və səyahətin təşkili ideyasını dəstəklədiklərinə görə Azərbaycanın Rusiyadakı səfirliyinə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə və "Golden Book LLC" firmasına təşəkkür edirəm.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.- 14 yanvar.- S. 5.