20 Yanvar - xalqın sınaq günü

 

Xalqın tarixi taleyi ilə bağlı xüsusi əhəmiyyət kəsb edən bir hadisə barədə söhbət düşərkən mütləq qan yaddaşı ifadəsi işlədilir. Bu, bir növ həmin faktın müstəsnalığını, fövqəladiliyini nişan verir. Bəlkə də qəribə görünə bilər, amma maye təbiətdə əsas informasiya daşıyıcısi kimi xarakterizə olunur. Qan da insan orqanizmindəki əsas maye olduğuna və fizioloji səviyyədə informasiya mənbəyi kimi çıxış etdiyinə görə elə bir xüsusi bioloji kod daşıyıcısına çevrilir ki, onda insan həyatı və inkişafının özünəməxsus proqramı molekulyar səviyyədə təqdim olunur. Azərbaycan xalqının qan yaddaşında onun tarixinə şərəf gətirən hadisələr çoxdur. Çünki biz həmişə elnən gələn bəlanı da "toy-bayrama" çevirməyi, yəni dərslərindən ibrət götürməyi bacarmışıq.

 

Hər bir millətin, xalqın tarixi on-yüzillər sonrası dönə-dönə xatırlanıb yada salınan hadısələrlə zəngindir. O tarix kasıbdır, kasaddır ki, vərəqlənən səhifələrində yaşamın hər hansı taleyüklü bir dönəminə diqqəti çəkməsin, yüzillərin məhvərindən sıyırıb keçirdiyi yaddaş boxçasında bir xalqın ömürlüyünün qürur və rəşadətdən, iftixar və şücaətdən yoğrulmuş anlarına güzgü tutmasın. Heç şübhəsiz, əzilən, döyülən, zavallı tariximizdən də imtina etmirik. Deyirlər ki, insanların taleyi xalqların tarixidir. Mübahisə etmirəm. Bir gül göstərin ki, ləçəksiz bitsin, bir ağac göstərin ki, budaqları, pöhrələriylə qüdrətli olmasın. Elə bir xalq göstərin ki, taleyi zamanın şahə qalxan dalğalarında balıqçı təknəsitək atılıb-düşməsin, eləcə sığallı-sahmanlı ləpələrin qoynunda üzsün, qəzavü-qədərdən yan keçsin. Hər halda, Azərbaycan xalqı o bəxtəvərlərin sırasında olmayıb. Minilliklər boyu çəpərinin yağısı, başının qeylü-qalı əskik düşməyib.

Bizləri unutqanlıqda qınayırlar. Bilsəniz, bu ürəyiyuxalığımız tarix boyu bizlərı hansı qada-balalara, məhrumiyyətlərə ürcah etməyib?! Eləcə içimizdən, çölümüzdən vurula-vurula, bəzən axara düşüb, bəzən də qədərə baş əyməyib ruzgarlara sinə gərə-gərə gəlib çıxmışıq üçüncü minilliyin tifaqına. Dünya xəritəsində Azərbaycan adlı bir dövlətin adını oxuyanda dişlərini qıcayan, təzyiqi pərsəng vuran, ovqatı təlx olan nə qədər ölkə var, bilsəniz...! Çox uzaqda da deyillər, elə ətrafımızdadırlar. Əl uzatsalar, dost desələr, üzümüzə gülsələr də ürəkləri qan ağlayır, qanımıza yerikləyirlər. Həmişə ayaqda saxladıqları nifrət və xəyanət xəncərini köksümüzə saplamağa məqam gəzirlər. Aqillər necə də yaxşı deyiblər: sən mənə dostumu göstər, düşmənimlə özüm də bacararam.

Bir Allah şahiddir ki, Azərbaycan dostluqda bivəfa, etibarsız, dönük olmayıb. Təknəmizin son tikəsini, suyumuzun son qətrəsini, ocağımızın son kösövünü də qapımıza gələndən müzayiqə etməmişik. Elə bu qonaqpərvərliyimiz, məğrurluğumuz, ləyaqət, şərəf, namus sahibi olmağımız başımızın "əngəl-kələfinə" çevrilib. Nə okeanın o tayında, nə də bu tayında heç kimsəyə boyun əymədiyimizdəndir ki, sovetlər çökəndən, çox sular axıb durulandan sonra da başı dik, vüqarla gəzirik, heç kimin "forpost"una (oxu - qapısının tulasına!) çevrilməmişik.

Bütün dünya bilir ki, Azərbaycanın bütün bəlaları Ermənistanla bağlıdır. Cümlə aləm agahdır ki, Azərbaycan Ermənistanın qarşısında aciz deyil. Bu iki ölkənin imkanlarını müqayisə etmək ən azı fəzanı çəkməyə, yaxud karlara simfonik musiqi dinlətməyə cəhd göstərmək kimi absurd bir məşğuliyyət olardı. Təxminən 200 il əvvəl də, ötən əsrin əvvəllərində və 80-ci illərinin axırında da erməniləri üstümüzə qısqırdan Rusiya imperiyası və həmin ideologiyanın xələfləri olmuşlar.

Həyasız erməni təbliğatının antiazərbaycan fəaliyyəti ötən əsrin 80-ci illərinin ortalarında məxsusi vüsət aldı və ölkə rəhbərliyinin qətiyyətsizliyi, prinsipsizliyi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin yaranıb alovlanmasını səbəbləndirdi. Münaqişənin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından - indi Ermənistan adlanan diyardan qovuldu. Ölkə rəhbərliyinin passiv mövqeyi getdikcə güclənməkdə olan xalq hərəkatını boğmaq məqsədilə 1990-cı ilin yanvarında Bakıya silahlı qoşun dəstələrinin yeridilməsi və 20 Yanvar faciəsi ilə nəticələndi. Yenə də qan, nifrət, qəzəb... Yüzlərlə günahsız azərbaycanlı məhv edildi, şikəst oldu, yaralandı. Tariximizin bu faciəsi də erməni barmağı olmadan keçinmədi. Başlanğıcını 1988-ci ildən götürən erməni ekspansiyası, Dağlıq Qarabağda aparılan işğalçı müharibə və etnik təmizləmə azərbaycanlıların soyqırımı qurbanlarının sayını bir neçə dəfə artırdı. Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, 18 mindən çox həmvətənimiz həlak olmuş, 20 mindən çox yaralanmış, 50 mindən çox əlil olmuş, 4 mindən çox əsir və itkin düşmüşdür. 1992-ci il fevralın 26-da əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsində böyük bir yaşayış məntəqəsi yer üzündən silinmiş, 63 nəfəri azyaşlı uşaq və 106 nəfəri qadın olmaqla 613 nəfər dinc əhali vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər əsir götürülərək ağlasığmaz işgəncə, təhqir və həqarətə məruz qalmışdır. Bütün bunların nəticəsi kimi təkcə XX əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin və onların havadarlarının yürütdükləri soyqırımı siyasətinin təsirinə məruz qalmışdır. Azərbaycan isə həmişə özünü müdafiə edib. Qırılıb, qovulub, amma münaqişələrin həllində silaha sonuncu vasitə kimi baxıb. Elə 1990-cı ilin 20 Yanvarında da biz müdafiə olunurduq. Sonralar həmin o məşum günü Qanlı Yanvar kimi yazacaqdıq millətin tarixinə. Hər birimizin yaddaşında dərin şırımlar açan, qızıl qanla boyanmış iri hərflərlə.

1990-cı ilin havasından barıt və terror qoxuyan həmin qorxulu günlərində ulu öndər Heydər Əliyev min bir təqib və təhlükəyə baxmayaraq Moskvada Azərbaycan xalqına qarşı sovet ordusu tərəfindən törədilmiş bu amansız soyqırımı aktını pislədi. Respublikada ikinci dəfə hakimiyyətə gələndən sonra isə 20 Yanvarın Milli Məclis tərəfindən hüquqi və siyasi qiymətini almasının təşəbbüsçüsü kimi çıxış etdi.

Bu gün bizi əlləri biləyinə kimi Azərbaycan xalqının qanına bulaşmış Qorbaçov və başçılıq etdiyi kommunist xuntasının qanlı cinayətindən tam 20 illik bir tarix ayırır. Bizdə bunca zaman məsafəsinə bir igidin ömrü də deyirlər. Çünki həm 20 il əvvəl, həm də tarixin elə o həndəvərində cərəyan edən Qarabağ savaşında yaşı heç 20-ni haqlamamış neçə-neçə gəncimizin müqəddəs şəhid qanı ilə suvarıldı zavallı vətən torpağı. 20 Yanvardan sonra doğulanların o hadisə barədə göz yaddaşı yoxdur. Necə ki, bu gün böyüməkdə olan bir nəsil beşiklərinin başında Şuşa, Ağdam, Kəlbəcər, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın haqqında ən şirin laylaları, ən qəmli bayatıları ürəkləri torpaq həsrətindən çərləyib çökən nənələrindən eşidiblər.

20 Yanvarda nələr baş verirdi? Əliyalın xalqı sovetin hərb maşınının üstünə qaldıran nə idi? Axı, hələ 91-in nəinki SSRİ-nin, bütövlükdə dünyanın müqəddəratını dəyişən tarixi Belovejsk anlaşmasına bir il vardı. O vaxtlar xalqın meydanlara ayaq açmış milli-azadlıq mübarizəsindən öz merkantil maraqları naminə bəhrələnmək istəyən daxili qüvvələrin az fitnələrə bais olmadıqları kimi qənaətlər də tirajlanırdı ümumi rəydə. Ancaq minlərlə insanı kükrəyən dağ seli kimi küçələrə tökən əsas nəsnə xalqın yenicə tamsınmağa başladığı azadlığın, müstəqilliyin şirin dadı idi. Azadlıq uğrunda boynuna kəfən dolamağı, qurban verməyi bacarmayan bir xalq heç vaxt belə bir bəşəri neməti haqq edə bilməz.

20 Yanvar tarixin dan yerindən üzübəri onunla yoldaşlıq etmiş əsilli-nəcabətli, ulu bir xalqın ləyaqətinə təcavüz, azadlıq uğrunda mübarizəsinin qarşısına sədd çəkmək qəsdi idisə də, digər tərəfdən...

20 Yanvar hansı cilddə təcəllə etməsindən asılı olmayaraq, imperiya əsarətinə, istibdadına etiraz nümunəsi idi.

20 Yanvar taleyüklü məqamlarda xalqın bir yumruq kimi birləşərək zindan çəkici kimi zülmün başına enməyə hazır olduğunun bariz nümayişi idi.

20 Yanvar ən ali varlıq olan anadan da bir köynək yaxın olan Vətən uğrunda ölümə hazır olanların bir qəhrəmanlıq və qürur nəğməsi idi.

Bəlkə də həmin gecə heç kim ölüm haqqında, havada çovuyan qəfil güllələrdən birinin hər an onu haqlaya biləcəyi barədə düşünmürdü. Əslində, buna nə vaxt vardı, nə macal.

Bəli, həmin gün tək Azərbaycan yox, dünyanın dörd bir yanına səpələnmiş bütün azərbaycanlılar öz şəhidləri üçün ağlayırdı. Xalq matəm içində idi. Aldığımız yara ağır və göynədici, hüznümüz dərin və sonsuz idi. Şəhidlərimizi dəfn etdik, ana-bacılarımızın göz yaşları ilə yuyunmuş qərənfilləri Bakının qan izləri qurumamış, müdhiş cinayətlərə şahid olmuş küçələrinə döşədik. Lakin Azərbaycan xalqının qüdrəti onda idi ki, bu hadisələrdən yenilmədi, matəm gününü özünün qəhrəmanlıq, birlik və qədirkeşlik gününə, qan yaddaşına çevirməyi bacardı. Bu cür tarixlər insanları, xalqları kiçiltmir, əksinə, onların əzmkarlığına, mübarizliyinə dəlalət edir. Çünki yaddaşımıza, qanımıza yazılıb.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2010.- 14 yanvar.- S. 6.