20 Yanvar dairəsində "Şəhidlər" xatirə memorial kompleksi yaradılmışdır

 

Metronun "20 Yanvar" stansiyası üzərindəki dairədə 20 Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Xatirə kompleksi Qanlı Yanvar faciəsinin 20-ci ildönümü günü açılacaqdır.

20 Yanvar dairəsindəki parkda ucaldılmış xatirə kompleksinin inşasına ötən ilin oktyabrında başlanılmışdır. Hazırda tikinti işləri başa çatmışdır.

Memar Eyvaz Bağırov bildirmişdir ki, kompleksin ümumi sahəsi 1400 kvadratmetrə yaxındır. Abidənin ətrafındakı meydana mərmər qranit döşənmişdir. Layihəyə əsasən, kompleksin qarşısında 17 metr uzunluğunda üçpilləli pilləkən müasir işıqlandırma sistemi quraşdırılmışdır. Kompleksin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılmışdır. Abidənin müəllifi heykəltəraş Cavanşir Dadaşovdur.

Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş yaralanan insanların ad soyadları, habelə ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızıl hərflərlə həkk olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 14 yanvar.- S. 6.