Azərbaycan Prezidenti İlham Əliyev Dənizkənarı
Milli parkdakı Yaxt-klubda aparılan yenidənqurma işləri
ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Dənizkənarı Milli parkdakı Yaxt-klubda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Prezident İlham Əliyev
Yaxt-kluba gəldi. Dövlət başçısına burada
aparılan yenidənqurma işləri haqqında ətraflı
məlumat verildi. Bildirildi ki, Yaxt-klub Dənizkənarı Milli
parkın ümumi ansamblına uyğun tikilmiş
yaraşıqlı binalardan biridir. Bu binanın layihəsi
orijinallığı ilə seçilir.
Prezident İlham Əliyev binanın yenidən qurulması layihəsi ilə tanış oldu. Dövlət başçısına təmir işlərinin gedişi və istifadə olunan tikinti materialları barədə məlumat verildi. Qeyd olundu ki, bu materiallar ən müasir standartlara cavab verir və binanın dizaynını daha da zənginləşdirəcəkdir. Hazırda yenidənqurma tədbirlərinə əsasən Yaxt-klubun ərazisi də genişləndirilir.
Aparılan yenidənqurma tədbirlərindən sonra Yaxt-klub daha yaraşıqlı görkəm alacaq və burada yüksək səviyyəli qonaqların qəbulu, habelə müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şərait olacaqdır. Bu obyektdə aparılan əsaslı yenidənqurma işləri bütövlükdə ölkədə idmanın, o cümlədən yelkənli qayıq idmanının inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam etmiş, bütün sosial və infrastruktur layihələri ardıcıl olaraq həyata keçirilmişdir. İşlərin gedişi göstərir ki, Yaxt-klubda 2009-cu ildə başlanmış əsaslı yenidənqurma işləri də uğurla başa çatacaqdır. Dövlət başçısı yenidənqurma işləri ilə tanışlıqdan sonra tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2010.- 15 yanvar.- S. 1.