Prezident İlham Əliyev Bakı buxtasında tikilən quru yük liman
məntəqəsində inşaat
işlərinin gedişi
ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Bakı buxtasında tikilən quru yük liman məntəqəsində inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
Prezident İlham Əliyev Bakı buxtasına gəldi. Dövlət başçısına quru yük liman məntəqəsində həyata keçirilən inşaat işləri barədə ətraflı məlumat verildi. Burada tikintiyə 2008-ci ilin may ayında başlanmışdır. Layihəyə Prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq dövlət büdcəsindən vəsait ayrılmışdır. Həmin məntəqədən yalnız quru yüklər daşınacaqdır. Bu obyektin tikintisindən başlıca məqsəd ekologiyanı sağlamlaşdırmaqdan, sənaye müəssisələrini paytaxtın mərkəzindən kənara köçürməkdən və respublikamızdan yük daşımalarının həcmini artırmaqdan ibarətdir.
Prezident İlham Əliyevə bildirildi ki, indiyə qədər liman məntəqəsində quru yüklərin boşaldılması üçün 6 körpünün inşası başa çatdırılmışdır. Təmirə dayanacaq gəmilərin yuyulub təmizlənməsi üçün 4 körpü də artıq hazır vəziyyətdədir. Liman məntəqəsində yüklərin yığılması üçün çoxsaylı anbarların tikintisi də yekunlaşdırılmışdır. Məntəqəyə çəkilən dəmir yolu da işlək vəziyyətdədir. "Paris Kommunası" adına gəmitəmiri zavodunun bir hissəsinin köçürülməsi üçün 4 gəminin yan ala biləcəyi 250 metr uzunluğunda körpünün tikintisi isə davam edir. Liman məntəqəsində inzibati binanın tikintisi başa çatmaq üzrədir, burada tamamlama işləri aparılır.
Liman məntəqəsində aparılan inşaat işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2010.- 15 yanvar.- S. 1.