Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2010-cu ilin may ayında Azərbaycanın xalq şairi, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın (Rəsul İbrahim oğlu Rzayevin) anadan olmasının 100 illiyi tamam olur.

Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək novator şair kimi geniş şöhrət qazanmışdır. Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublikamızın elmi-mədəni həyatında yaxından iştirak etmiş, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.

Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2010-cu il

 

Azərbaycan.- 2010.- 15 yanvar.- S. 1.