Gürcüstanın Batumi şəhərində enerji
məsələləri üzrə konfrans
keçirilmişdir
Yanvarın 14-də Gürcüstanın Batumi şəhərində
enerji məsələləri
üzrə konfrans keçirilmişdir.
Konfransda 11 ölkədən nümayəndə
heyəti, Avropa Komissiyası nümayəndəliyinin
rəhbəri Her Eklund
iştirak etmişdir.
Azərbaycan konfransda Baş nazir Artur Rasizadənın
rəhbərliyi etdiyi
nümayəndə heyəti
ilə təmsil olunmuşdur.
Konfransdan əvvəl Baş nazir Artur Rasizadənin
gürcüstanlı həmkarı
Nikoloz Gilauri ilə təkbətək görüşü keçirilmişdir.
Gürcüstanın Baş naziri Nikoloz Gilauri konfransı açaraq demişdir ki, belə bir tədbirin
Batumidə keçirilməsi
bölgədə böyük
layihələrin reallaşdırılmasında
Gürcüstanın mühüm
rol oynadığına
sübutdur. Gürcüstan Azərbaycanın enerji ehtiyatlarının beynəlxalq bazara nəqlində etibarlı tərəfdaşdır. Bunu
Gürcüstanın Bakı-Supsa,
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi beynəlxalq layihələrə
qoşulması təsdiq
edir. Batumi konfransında
bir sıra mühüm məsələlər
müzakirə olunacaqdır.
Əminəm ki, konfransın
iştirakçılarının diskussiyalarda fəallığı
səmərəli nəticə
verəcəkdir. Enerji təhlükəsizliyi
məsələsində Avropa
İttifaqı səylərini
artırmalıdır. Gürcüstan enerji təminatı
ilə bağlı çətin vəziyyətdə
qalanda Azərbaycan dostluq köməyini əsirgəmədi, bizi təhlükədən xilas
etdi. Buna görə də Azərbaycan Respublikasının
rəhbərliyinə gürcü
xalqının minnətdarlığını
bildiririk.
Sonra Azərbaycan Respublikasının
Baş naziri Artur Rasizadə çıxış edərək
dövlətimizin başçısı
İlham Əliyevin konfrans iştirakçılarına
xoş arzularını
çatdırmışdır. Konfransın dünya
iqtisadiyyatının qlobal
böhranla üzləşdiyi
bir şəraitdə
keçirildiyini bildirən
A.Rasizadə böhranın
sənayenin aparıcı
sahələrinə, o cümlədən
energetika kompleksinə
də təsir göstərdiyini qeyd etmişdir.
Daha sonra Baş nazir istehsalçı, tranzit və istehlakçı ölkələrin
enerji siyasətinin uzlaşdırılmasının vacibliyini qeyd etmiş, Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm
rol oynadığını
vurğulamışdır.
A.Rasizadə diqqətə
çatdırmışdır ki, 2009-cu ildə Azərbaycanda 51 milyon tondan çox neft və 23,7
milyard kubmetr qaz hasil edilmişdir.
2010-cu ildə 52,5 milyon ton neft və 28,5 milyard kubmetr qaz çıxarılması
nəzərdə tutulur.
Azərbaycanın təbii qaz
yataqlarının təsdiqlənmiş
ehtiyatlarının həcmi
2 trilyon kubmetrdən çoxdur, lakin biz bu rəqəmin xeyli artıq olduğunu güman edirik. Baş nazir qeyd etmişdir ki, Azərbaycan Türkiyəyə,
Gürcüstana, Rusiyaya
və İrana neft və qaz
ixrac edir.
Azərbaycanın çoxşaxəli nəql
infrastrukturuna malik olduğunu vurğulayan A.Rasizadə demişdir ki, region və dünya bazarlarının
enerji ehtiyatları ilə təchiz edilməsi sahəsində
ölkəmizin təcrübəsi
beynəlxalq əməkdaşlığın
möhkəmləndirilməsi və genişləndirilməsi
üçün güclü
potensial yaradır. Bununla əlaqədar biz Avropa ölkələri, Azərbaycan,
Gürcüstan, Türkiyə,
Mərkəzi Asiya və Yaxın Şərq ölkələri
arasında qarşılıqlı
faydalı tərəfdaşlığın
təmin edilməsi üçün "Cənub
dəhlizi" layihəsinin
həyata keçirilməsi
təşəbbüslərini və müvafiq tədbirləri yüksək
qiymətləndiririk.
Baş nazir qeyd etmişdir ki, Azərbaycan öz təbii qazının Gürcüstandan
keçməklə, Qara
dənizin dibi ilə Bolqarıstana, Rumıniyaya, Ukraynaya, Şərqi və Mərkəzi Avropa ölkələrinə nəqli
marşrutları ilə
bağlı məsələləri
də tərəfdaşlarla
müzakirə etməyə
hazırdır. Bunun üçün
enerji ehtiyatlarının
həmin istiqamətlər
üzrə nəqlinin
iqtisadi və kommersiya baxımından səmərəliliyi hərtərəfli
araşdırılmalıdır.
Sonda A.Rasizadə əmin olduğunu bildirmişdir ki, konfransda səmərəli müzakirələr
aparılacaq, faydalı
təkliflər irəli
sürüləcəkdir.
Konfransda digər ölkələrin
nümayəndə heyətlərinin
rəhbərləri də
çıxış edərək
enerji təhlükəsizliyi
ilə bağlı fikirlərini bildirmişlər.
Bununla da konfrans
işini başa
çatdırmışdır.
* * *
Azərbaycan nümayəndə heyəti həmin gün Vətənə qayıtmışdır.
İslam Əliyev,
AzərTAc-ın xüsusi
müxbiri
Tbilisi
Azərbaycan.- 2010.- 15 yanvar.- S. 2.