Azərbaycanın dinamik inkişafına yönəlmiş xarici siyasət xətti ötən il də uğurla davam etdirilmişdir

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, 2009-cu ildə baş vermiş beynəlxalq proseslər yüksək dinamikliyi və qloballaşma çağırışlarının kəskinləşməsi ilə səciyyələnmişdir.

Dünya siyasətinin ümumi vəziyyəti qeyri-sabitliyi ilə xarakterizə olunmuşdur. Keçən il qlobal maliyyə-iqtisadi böhranının ən yüksək fazası qeydə alınmış, beynəlxalq aləmdə güc və təsir mərkəzlərinin yenidən qruplaşmasına yönələn meyillər özünü daha qabarıq şəkildə büruzə vermişdir. Maraqların nisbi balansını təmin edən Azərbaycan ətrafındakı geosiyasi durum ciddi çağırışlara məruz qalmışdır.

Belə bir vəziyyətdə Azərbaycan mənfi xarici təsirlərin kifayət qədər azaldılmasına şərait yaradan çevik praqmatik davranış modelinə üstünlük vermişdir. Əsasını varislik ilə yenilik arasındakı tarazlıq təşkil edən bu model mövcud konyunkturanın dəyişikliklərinə əməli surətdə cavab verməyə, eyni zamanda, ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılmasına imkan yaratmışdır.

2009-cu il Azərbaycanın xarici siyasəti üçün də mühüm məqamlarla yadda qalmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən fəal xarici siyasət ölkəmizin milli maraqlarının təmini, beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi və regional lider kimi qüdrətinin artmasını şərtləndirmişdir.

Əsas etibarilə milli maraqlarımızın təmininə söykənmiş balanslaşdırılmış xarici siyasət kursu yaxın və uzaq ölkələrlə bərabərhüquqlu, mehriban və qarşılıqlı səmərəli əməkdaşlığın inkişafı və dərinləşməsinə xidmət göstərmişdir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin il ərzində Macarıstan, İsveçrə, Küveyt, Yunanıstan, İran, Rusiya, Belçika, Çexiya, Böyük Britaniya, Qazaxıstan, Rumıniya, Moldova, Belarus, İordaniya, Bolqarıstan, Almaniya və Fransaya dövlət, rəsmi və işgüzar səfərləri, eyni zamanda, Rusiya, İsrail, Ukrayna, Polşa, Latviya, Suriya, Sloveniya, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Bolqarıstan prezidentlərinin Azərbaycana həyata keçirdikləri səfərlər mühüm əhəmiyyət kəsb etmiş və Azərbaycan ilə bu ölkələr arasında siyasi dialoqun gücləndirilməsinə, iqtisadi-ticarət əlaqələrinin təşviqinə, humanitar sahələrdə əməkdaşlığın intensivləşməsinə, xalqlararası təmasların dərinləşməsinə və ümumilikdə, ölkəmizin beynəlxalq aləmdə təbliğinə böyük töhfə vermişdir.

Çoxtərəfli müstəvidə, xüsusilə ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə prinsiplərinin hüquqi tətbiq edilməsində kolliziyanın aradan qaldırılması məsələsində taktiki hücum fəaliyyətinə keçid əldə olunmuşdur. Ənənəvi yanaşma və situativ maraqları özündə əks etdirən praqmatizm, əməkdaşlıq və çevik ixrac siyasətinin həyata keçirilməsi xətti yürüdən Azərbaycanın enerji-nəqliyyat daşımalarında aparıcı regional rolunun daha da möhkəmlənməsinə imkan yaratmışdır. Ölkənin qlobal çağırış, təhdid və risklərə qarşı aparılan beynəlxalq səylərə töhfəsi davam etdirilmişdir. Avropa İttifaqı və Şimali Atlantika Alyansı ilə tərəfdaşlıq əlaqələrinin inkişafı və genişlənməsi, habelə bu strukturlara inteqrasiya üçün mövcud əsaslar möhkəmləndirilmişdir.

Azərbaycanın islam dünyasında siyasi nüfuzu və əhəmiyyəti daha da artmış, türkdilli dövlətlərlə münasibətlər xeyli genişlənmişdir. Sivilizasiyalararası dialoq, mədəniyyətlərarası münasibətlər və qeyri-maddi irs sahəsində fəaliyyət əhəmiyyətli dərəcədə artmışdır. 2009-cu ildə Azərbaycanın bu sahədə irəli sürdüyü yeni təşəbbüslər geniş beynəlxalq dəstək qazanmışdır.

2009-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılmış danışıqlar intensivliyi ilə səciyyələnmişdir. ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri arasında il ərzində altı, xarici işlər nazirləri arasında isə bir neçə dəfə görüşün keçirilməsi buna dəlalət edir. Eyni zamanda, il ərzində beynəlxalq ictimaiyyətin də münaqişəyə diqqəti kifayət qədər yüksək olmuşdur.

Beynəlxalq birlik münaqişədə status-kvonun saxlanılmasının yolverilməzliyini və münaqişənin tezliklə həllinin zəruriliyini dərk edir. Bu xüsusda, 2009-cu il iyulun 10-da cari "Böyük səkkizliyin" İtaliyanın L'Akuila şəhərində keçirilmiş sammitində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatının, habelə dekabrın 1-də Afinada keçirilmiş ATƏT-in Nazirlər Şurası çərçivəsində Minsk qrupunun həmsədr ölkələri nümayəndə heyətlərinin rəhbərləri olan Rusiya və Fransa xarici işlər nazirlərinin və ABŞ dövlət katibinin müavininin, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin birgə bəyanatının qəbul olunması münaqişənin nizamlanmasına ən yüksək səviyyədə diqqətin artdığını göstərir.

Münaqişənin nizamlanmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin tənzimlənməsi çərçivəsində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Münaqişənin sülh yolu ilə həll olunması üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına yönəlmişdir.

Keçən il Azərbaycan Respublikasının diplomatik xidmətinin yaradılmasının 90 illiyinin qeyd edilməsi ilə əlamətdar olmuşdur. Yubiley ilində milli diplomatiyamızın tarixi və dövlət müstəqilliyimizin bərpasından sonrakı dövr ərzində xarici siyasət idarəsinin fəaliyyətinin nəticələrinə yüksək maraq müşahidə olunmuşdur. Bu münasibətlə beynəlxalq ekspertlərin iştirakı ilə Bakı, Naxçıvan, Gəncə şəhərlərində, habelə diplomatik nümayəndəlik və konsulluqlarımızın yerləşdiyi ölkələrdə müxtəlif konfranslar və tədbirlər təşkil olunmuş, diplomatiyamızın tarixi, prioritet istiqamətləri, ona təsir edən amillər və başlıca vəzifələri ilə bağlı geniş müzakirələr aparılmışdır. Diplomatiyamızın keçdiyi yola dair bir sıra materiallar nəşr edilmiş, habelə bu mövzu kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olmuşdur.

Azərbaycan diplomatiyası ötən illər ərzində ölkəmizin ərazi bütövlüyünün bərpasının başlıca yer tutduğu əsas prioritetlərlə yanaşı, dünyada baş verən sürətli dəyişikliklərin tələblərinə cavab verməyə qadir olduğunu təsdiq etmişdir.

Azərbaycan Respublikası müasir dövrün hədə və təhdidlərinin əlaqələndirilmiş şəkildə aradan qaldırılması və qarşısının alınması üçün beynəlxalq birliyin səylərini səfərbər etmək məqsədi ilə mötəbər qlobal və regional təşkilatların işində fəal iştirak etmişdir. Azərbaycan bəşəri sülh və təhlükəsizliyin təminatında universal beynəlxalq təşkilat kimi BMT-nin mərkəzi rolunun daha da artırılması istiqamətində göstərilən səyləri dəstəkləmiş, təşkilatın müxtəlif qurumları və ixtisaslaşdırılmış təsisatlarında təmsilçiliyini artırmışdır.

Azərbaycan nümayəndələri BMT-nin Miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsi, İnsan Hüquqları Şurasının Məşvərətçi Komitəsi və Dünya Səhiyyə Təşkilatının Avropa Bürosu Regional Komissiyası Daimi Komitəsinin üzvlüyünə seçilmiş, həmçinin ölkəmizin namizədliyi Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına irəli sürülmüşdür.

Regionlararası inteqrasiyanın təşviqinə yönələn kommunikasiya infrastrukturunun inkişafına töhfə qismində Azərbaycanın irəli sürdüyü Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) təşəbbüsünə dair qətnamə layihəsi BMT Baş Məclisində yekdilliklə qəbul edilmişdir.

Qlobal və regional məsələlərin həllində Azərbaycan İslam Konfransı Təşkilatı (İKT) ilə sıx əməkdaşlığını inkişaf etdirərək, onun siyasi rolunun artırılması, beynəlxalq problemlərin həllində təsiri və iştirakının gücləndirilməsi istiqamətində apardığı fəal siyasətini davam etdirmişdir. Terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, insan alveri və digər qanunazidd fəaliyyətə qarşı beynəlxalq mübarizəyə töhfə çərçivəsində Azərbaycan göstərilən məsələlər üzrə islam ölkələri arasında müvafiq əməkdaşlığın gücləndirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu kontekstdə İslam Konfransı Təşkilatı çərçivəsində ilk dəfə keçirilmiş və qeyd olunan sahələr üzrə birgə fəaliyyətin gücləndirilməsinə dair Bakı Bəyannaməsinin qəbul edildiyi İKT-nin üzvü olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransına Azərbaycan tərəfinin ev sahibliyi etməsini qeyd etmək olar.

2009-cu ildə Bakının islam mədəniyyətinin paytaxtı elan edilməsi çox əlamətdar və mühüm hadisə olaraq, Azərbaycanın İKT ilə apardığı səmərəli və faydalı əməkdaşlığın, bütövlükdə ölkəmizin islam ümməti arasında qazandığı nüfuzun mühüm göstəricisi olmuşdur. Azərbaycan bu yüksək etimadı doğrultmağa çalışaraq mədəniyyətlər və dinlərarası dialoqun təşviqi, müxtəlif millətlər və dinlər arasında dözümlülüyün və qarşılıqlı anlaşmanın və tolerantlığın inkişafına xidmət edən səmərəli meyarların hazırlanması, beynəlxalq ictimaiyyətdə, ilk növbədə Avropada islamın, onun mədəniyyət, dəyər və fəlsəfəsinin düzgün dərk edilməsi məqsədi ilə fəal səylər göstərmiş, geniştərkibli bir sıra iri beynəlxalq təşəbbüslər həyata keçirmişdir.

Ötən illərdə olduğu kimi, 2009-cu ildə də Avropa və Avratlantik meyarı Azərbaycan xarici siyasətinin mühüm istiqamətini təşkil etmişdir.

İl ərzində Avropa İttifaqı ilə münasibətlər keyfiyyətcə yeni müstəviyə çıxmış, habelə NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının ikinci mərhələsi uğurla başa çatmışdır.

"Şərq tərəfdaşlığı" proqramı üzrə Praqa zirvə görüşünün Birgə Bəyannaməsinin imzalanması Azərbaycan ilə Avropa İttifaqı arasında gələcək yaxınlaşma və əməkdaşlığın inkişafına yeni təkan vermişdir. Bəyannamə dörd əsas platforma üzrə qarşılıqlı fəaliyyəti nəzərdə tutur: demokratiya, məsuliyyətli idarəetmə və sabitlik; iqtisadi inteqrasiya və siyasətin sektor elementləri ilə konvergensiya; enerji təhlükəsizliyi; insanlar arasında təmaslar. Burada zirvə görüşü çərçivəsində Transxəzər enerji daşıyıcıları layihələrini dəstəkləyən və dövlətimizin enerji təhlükəsizliyinin təminatına yönələn maraqları əks etdirən "Cənub Dəhlizi-Yeni İpək Yolu" Bəyannaməsinin qəbul edilməsini qeyd etmək lazımdır.

Eyni zamanda, ötən ilin dekabrında Avropa İttifaqının bir sıra ölkələrlə, o cümlədən Azərbaycan ilə assosiasiya sazişi ilə bağlı danışıqlara başlaması niyyətində olduğunu bəyan etməsi xüsusi diqqətə layiqdir.

Xarici siyasətin Avratlantik istiqaməti çərçivəsində Azərbaycanın NATO ilə tərəfdaşlıq əlaqələrinin inkişafı üçün irəliləyən proses davam etmişdir.

Azərbaycan Avropa və beynəlxalq təhlükəsizliyə öz töhfəsini verməkdə davam etmiş, tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və əsaslarının möhkəmləndirilməsi təşəbbüslərini fəal həyata keçirmişdir. Azərbaycanın NATO-nun Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin tərkibindəki hərbçilərinin sayını iki dəfə artıraraq 90 nəfərə çatdırması onun Avratlantik məkanda təhlükəsizlik və sabitliyin əldə edilməsi sahəsində daha böyük məsuliyyəti öz üzərinə götürmək əzmindən irəli gəlir. NATO ilə fəal siyasi dialoq qarşılaşdığımız birgə çağırışlar üzrə ortaq anlayışın yaradılması və möhkəmləndirilməsinə imkan yaradır.

Beynəlxalq əməkdaşlığımız digər beynəlxalq və regional təşkilatlar çərçivəsində də davamlı olaraq inkişaf etmişdir. Xüsusilə də ATƏT, Avropa Şurası, MDB, GUAM, QİƏT, İƏT və sair təşkilatlarla əməkdaşlığın gücləndirilməsi bu qurumlar çərçivəsində ölkəmizin maraqlarının təşviqi ilə yanaşı, onlara üzv ölkələrlə münasibətlərin fərqli prizmadan inkişafı üçün faydalı olmuşdur.

Azərbaycan Respublikası silahlara nəzarət, tərksilah və silahların yayılmaması sahəsində həm beynəlxalq və çoxtərəfli, həm də regional və ikitərəfli əsasda əməkdaşlığı intensiv surətdə davam etdirmişdir. Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyinin Müdirlər Şurasına üzv seçilməsi bu istiqamətdə aparılan uğurlu fəaliyyətin təzahürü olmuşdur.

Ötən il ikitərəfli diplomatiyanın inkişafı üzrə aparılan fəaliyyət davam etmişdir. İkitərəfli əsasda çoxsaylı səfər və görüşlər Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi, nüfuzunun artması, siyasi və iqtisadi maraqlarının, xüsusilə ölkəmizdə istehsal olunan məhsulların və xidmətlərin xaricdə təşviqi, qeyri-neft sektorunun inkişafı və ixracın şaxələndirilməsi, xarici sərmayələrin respublikamıza cəlb edilməsi və işgüzar dairələr arasında təmasların təmin olunmasında vacib əhəmiyyət kəsb etmişdir.

Ötən il ikitərəfli münasibətlər çərçivəsində müvafiq hüquq-müqavilə bazası da olduqca zənginləşmişdir. Prezident İlham Əliyevin xarici ölkələrə dövlət, rəsmi və işgüzar səfərləri, habelə xarici dövlətlərin başçılarının Azərbaycana rəsmi səfərləri zamanı siyasi, iqtisadi, rabitə, nəqliyyat, humanitar, turizm, elm və mədəniyyət sahələrinə dair 90-a yaxın ikitərəfli beynəlxalq sənəd imzalanmışdır. İl ərzində 15-ə yaxın birgə hökumətlərarası komissiyanın və işçi qrupunun iclası keçirilmişdir.

Yola saldığımız ildə beynəlxalq əlaqələrimizin coğrafiyasının genişlənməsi və diplomatik təmsilçiliyimizin sayının artırılması prosesi davam etmişdir. 2009-cu ildə Meksikada səfirliyimiz, Rusiya Federasiyasının Yekaterinburq şəhərində baş konsulluğumuz fəaliyyətə başlamış, Estoniyada, Omanda, Livanda, Liviyada və Serbiyada səfirliklərimizin, Gürcüstanın Batumi şəhərində isə baş konsulluğumuzun təsis edilməsi barədə qərarlar qəbul olunmuşdur.

Habelə, 2009-cu ildə Azərbaycanda Braziliyanın, Niderland Krallığının, Çexiyanın, Mərakeşin və Avstriyanın diplomatik nümayəndəlikləri açılmışdır. Bütün bunlar dünya ictimaiyyətinin ölkəmizə artan marağının sübutudur.

Eyni zamanda, ölkəmizin iqtisadi qüdrətinin və maliyyə imkanlarının artması Azərbaycanın potensial donor ölkəyə çevrilməsinə gətirib çıxarmışdır. Mövcud vəziyyətdə təbii fəlakətlərlə bağlı və inkişafa dəstək çərçivəsində müxtəlif ölkələrə hökumətimiz tərəfindən birbaşa və ya beynəlxalq təşkilatlar vasitəsilə maliyyə və texniki yardımların həcmi artırılmışdır. Qlobal iqtisadi böhranın mövcudluğu şəraitində ölkəmiz tərəfindən edilən yardımlar Azərbaycan iqtisadiyyatının dinamikliyini dünya ictimaiyyətinə nümayiş etdirməklə yanaşı, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə müstəsna təsir göstərmişdir.

Ötən il Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası (ADA) diplomatik xidmət orqanlarının yüksək səviyyəli kadr potensialı ilə təmin edilməsi və diplomatlarımızın peşəkar qabiliyyətinin davamlı olaraq inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. ADA-nın fəaliyyəti ölkəmizdə diplomatiya elminin tədrisi, müvafiq təlimlərin təşkili ilə yanaşı, təhsil sisteminə və dövlət idarəetməsinə müasir və innovativ texnologiyaların tətbiqində önəmli yeniliklərlə yadda qalmışdır. Akademiyanın bu istiqamətdə fəaliyyəti və gündən-günə genişlənən beynəlxalq əlaqələri respublikamızın insan resurslarına sərmayə yatıran və təhsil sahəsinin inkişafına xüsusi önəm verən ölkə imicinin təşviqinə töhfə vermişdir.

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş, milli maraqların təmininə, beynəlxalq aləmlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa, tarazlığa və praqmatizmə əsaslanan xarici siyasət və diplomatik fəaliyyət intensiv, son dərəcə zəngin və məhsuldar olmuşdur.

Azərbaycan öz geosiyasi və geoiqtisadi xüsusiyyətlərini nəzərə alaraq, əsas diqqətini transregional layihələrin həyata keçirilməsində əməkdaşlıq etdiyi Avropa, Yaxın və Mərkəzi Asiya dövlətləri üzərində cəmləşdirmişdir. Bu ölkələrlə yüksək səviyyədə səmərəli təmaslar və imzalanmış müqavilələr siyasi, ticari-iqtisadi, enerjidaşıma və mədəni-humanitar sahələrdə Azərbaycanın ikitərəfli beynəlxalq əməkdaşlıq bazasını möhkəmləndirmişdir.

Azərbaycan regional və qlobal səviyyədə gözəçarpacaq dərəcədə öz mövqelərini möhkəmləndirmiş, milli maraqlarının irəliləməsi və müdafiə olunmasında hücum taktikasını gücləndirmiş, ənənəvi və yeni təhdidlərə qarşı mübarizədə rolunun artmasına nail olmuşdur. Bundan əlavə, Azərbaycan əməkdaşlıq coğrafiyasını genişləndirmiş, regionlararası iqtisadi əlaqələr və sivilizasiyalararası dialoqun inkişafında özünün əhəmiyyətli rolunu təsdiq etmişdir.

Ötən il üzrə diplomatiyamızın nəticələri bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələrə əsaslanan konstruktiv beynəlxalq əməkdaşlığın gələcək inkişafı, həmçinin sülh, təhlükəsizlik və mehriban qonşuluq strategiyasına yönəlmiş milli xarici siyasət vəzifələrinin 2010-cu il və daha uzaq perspektivdə həllinə zəmin yaratmışdır. Əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsidir. Azərbaycanın Cənubi Qafqazda lider rolunun gücləndirilməsi, bərabər və sabit ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi, Avratlantik inteqrasiya proseslərində iştirakı və dünyanın enerji bazarlarında ixracat və tranzit imkanlarının genişləndirilməsi ilə bağlı məsələlər də prioritet olaraq qalır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 15 yanvar.- S. 2.