Sahibkarlara dövlət qayğısı iqtisadi inkişafa zəmin yaradan əsas amillərdən biridir

 

Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası sayəsində ölkənin tərəqqisində yüksək dinamizm təmin olunmuşdur. Ölkə başçısı işlək mexanizmlər əsasında islahatların davamlığını, ardıcıllığını təmin etmişdir, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur. İqtisadi inkişafı stimullaşdıran perspektivli layihələrin reallaşdırılması, bölgələrimizin tarazlı inkişafına hesablanan mühüm dövlət proqramlarının yerinə yetirilməsi, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması aparılan düzgün iqtisadi siyasətin nəticələridir. Sosial-iqtisadi sahədə davamlı inkişafı təmin etmək məqsədilə dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı"nın təsdiq edilməsi növbəti illərdə dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması kimi mühüm vəzifələrin həyata keçirilməsinə zəmin yaratmışdır.

 

Azərbaycanın qlobal maliyyə böhranının təsirinə ən az məruz qalan dövlətlər sırasında yer alması da hökumətin maliyyə sabitliyinin təmin olunması yönümündə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində mümkün olmuşdur. Uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, möhkəm maliyyə-iqtisadi potensialı ölkə iqtisadiyyatının dayanıqlığının qorunub saxlanılmasına, qlobal iqtisadi böhran şəraitində belə, ardıcıl islahatların həyata keçirilməsinə şərait yaratmışdır.

Ölkəmizin inkişafına zəmin yaradan başlıca amillərin biri də milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsidir. Bir sira dövlətlərin təcrübəsində sınaqdan şıxmış, ozünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahələrinə sahibkarlığın inkişafına yönəldilməsi, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Ötən ilin yekunları ilə bağlı iqtisadiyatımızın statistik göstəriciləri Azərbaycanın qlobal böhranın dəf edilməsində ciddi uğurlara imza atdığını bir daha təsdiqlədi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsulun artım tempində 9 faizdən artıq göstərici qeydə alınıb. Qlobal böhranın davam etdiyi və dünyanın əksər ölkələrində iqtisadi geriləmənin qeydə alındığı bir şəraitdə isə bu, kifayət qədər yüksək göstəricidir.

2009-cu ilin 11 ayı ərzində ölkə üzrə ümumi daxili məhsul 29654.2 mln. manat, o cümlədən qeyri-neft sektoru üzrə 13227.0 mln. manat, əhalinin nominal pul gəlirliyi 19816.2 mln. manat, nominal orta aylıq əməkhaqqı 296 manat, inflyasiya səviyyəsi 1.5% olmuşdur.

Ümumi daxili məhsul ilin əvvəli ilə müqayisədə 109%, qeyri-neft sektoru üzrə ÜDM 101%, əhalinin nominal pul gəlirləri 107%, nominal orta aylıq əməkhaqqı 111.7% artmışdır.

İlin sonuna iqtisadiyyata kredit qoyuluşunun məbləği 8064.6 mln. manat olmuşdur, bunun da 3827.7 mln. manatı dövlət bankları, 4059.9 mln. manatı özəl banklar, 177.0 mln. manatı isə qeyri-bank kredit təşkilatlarının payına düşür.

Sahələr üzrə kredit qoyuluşunun həcmi, ticarət və xidmət sahəsi üzrə 1839.8 mln. manat, energetika, kimya və təbii ehtiyatlar sahəsi üzrə 1420.5 mln. manat, kənd təsərrüfatı və emal sahəsi üzrə 390.4 mln. manat, inşaat və əmlak sahəsi üzrə 449.8 mln. manat, sənaye və istehsal sahəsində 434.0 mln. manat, nəqliyyat və rabitə sahəsində 518.1 mln. manat, ev təsərrüfatları üzrə 2324.9 mln. manat, ictimai təşkilatlar, hökumat idarələri, maliyyə sektoru və digər sektorlar üzrə 687.1 mln. manat olmuşdur.

2009-cu ilin 11 ayında banklarda depozit və əmanətlərin məbləği 4308.2 mln. manat olmuş, ondan 1628.2 mln. manat yerli valyuta ilə, 2680.1 mln. manatı isə xarici valyutalar üzrə olmuşdur.

Azərbaycanın bu uğurları dünyanın məşhur analitiklərinin də diqqətindən kənarda qalmayıb. Dünyanın nüfuzlu nəşrlərindən hesab edilən "İnternational Living" jurnalı Azərbaycanın dünya ölkələri arasında ən güclü iqtisadiyyata malik olduğunu bildirib. Qeyd edək ki, jurnalın həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastuktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə apardığı araşdırmalar 194 ölkəni əhatə edib və bu sahələr üzrə hər bir ölkə 100 ballıq sistemlə qiymətləndirilib. Jurnalın bu il açıqladığı reytinq göstəricisində Azərbaycan iqtisadiyyat kateqoriyası üzrə 42 bala layiq görülüb. Bu, MDB və region olkələri arasında ən yüksək nəticə hesab edilir.

İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycanın elə də böyük olmayan zaman kəsiyində belə bir nailiyyətlərə imza atmasını şərtləndirən əsas səbəblərdən biri, qeyd etdiyimiz kimi, həyata keçirilən uğurlu islahatlardır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilməkdədir.

Azərbaycanın sürətli iqtisadi inkişafında, əhalinin maddi gəlirlərinin mütəmadı artmasında, yaşayış səviyyəsinin yüksəlməsində, orta təbəqənin formalaşmasında, məcmu istehsal artımının çoxalmasında mühüm rol oynayan amillərdən biri də sahibkarlar sinfinin formalaşması istiqamətində məqsədyönlü şəkildə həyata keçirilən siyasətdir.

Yaxın tariximizə nəzər saldıqda görürük ki, 1993-cü ildən etibarən düşünülmüş, uzaqgörən daxili və xarici siyasət sayəsində Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik, bunun ardınca sahibkarlar sinifinin formalaşması üçün həm hüquqi bazanın hazırlanması, həm də dövlət tərəfindən verilən hərtərəfli dəstək, eləcə də görülən digər işlər fonunda iqtisadiyyatda özəl sektorun payı artıq yüksələn xətt üzrə inkişaf etməyə başlayıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar Azərbaycan iqtisadiyyatının bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan verdi.

Azərbaycanın bazar iqtisadiyyatına keçidlə bağlı ilkin təcrübəsi göstərdi ki, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq siyasətini artırmaq, infrastukturu yeniləşdirmək, sosial məsələlərin həllinə nail olmaq mümkün deyil. Bu reallığı aydın görən Heydər Əliyevin iqtisadi sahədə həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də məhz sahibkarlığın inkişafının təmin edilməsi idi.

1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki dövlət proqramı sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrdən birinə çevrilməsində müstəsna rol oynadı. Onların sayəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, sahibkarlara dövlətin maliyyə köməyi sistem halını aldı.

Sahibkarlığın inkişafına süni əngəllər törədən əsassız yoxlamaların aradan qaldırılması üçün qısa bir müddətdə kompleks tədbirlər həyata keçirildi. Bu sahədə ən vacib addımlardan biri kimi, 1996-cı il iyunun 17-də istehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qadağan edilməsi barədə ölkə Prezidentinin imzaladığı fərman xüsusi qeyd olunmalıdır. Bu fərmanın əsas məqsədi iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət mexanizmini tətbiq etmək, bu nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Həmin fərmanın icrası dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli rol oynadı. İqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldıldı, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən halların qarşısı alındı, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində təsirli tədbirlər həyata keçirildi.

Sahibkarlığın inkişafı ilə bağlı qəbul olunmuş fərman, sərəncam və dövlət proqramları ilə yanaşı, 2003-cü il yanvarın 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda sadələşdirilmiş verginin tətbiqi bazasının daha da genişləndirilməsi, son nəticədə kiçik və orta sahibkarlıq subyektlərini əhatə edən vergitutma mexanizmlərini sadələşdirən daha optimal bir sistem yaradıldı.

Ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə dəyişdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyaların müddəti 2 ildən 5 ilədək uzadıldı.

Bütün bunlar ölkədə sahibkarlıq sinfinin inkişafı ilə bağlı tarixi nailiyyətlərə imza atılmasına, orta təbəqənin cəmiyyətdə xüsusi çəkisinin artmasına gətirib çıxardı ki, bu da əhalinin maddi rifah halının artmasında böyük əhəmiyyət kəsb edir.

Ulu öndərin inkişaf strategiyasını uğurla davam etdirən cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət sayəsində tərəqqi üçün, yerli istehsal və sosial infrastukturun yaradılmasında, insan və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açıldı.

Prezident İlham Əliyevin hələ 2003-cü ildə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu.

Bununla yanaşı, Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının sosial - iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci iilər)" ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsini təmin etmək məqsədi daşıyırdı.

Azərbaycanda özəl bölmənin inkişafında, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsində Sahibkarığa Kömək Milli Fondunun işinin səmərəli təşkili xüsusilə əhəmiyyətlidir.

Sahibkarlara dövlət dəstəyinin gücləndirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə bir neçə dəfə fondun statusu və vəsaitlərinin istifadə edilməsi qaydaları təkmilləşdirilmiş, güzəştli kredit vəsaitlərinin daha məqsədəuyğun yerləşdirilməsinə və sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadə etməsinə əlverişli şərait yaradılmışdır. Yalnız 2009-cu ildə bu fondun vəsaitləri hesabına sahibkarlara 130 milyon manata yaxın güzəştli kreditlər verilmişdir.

Heç şübhəsiz ki, sahibkarlığın inkişafında kifayət qədər vacib rol oynayan qanunverici sənədlərdən biri də Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanıdır. Sahibkarlığa mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki addımların ardıcıl və davamlı olmasını özündə ehtiva edən bu fərmanın verilməsi o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılmasına, mühüm dəyişikliklərə yol açıb. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapıb, həmçinin biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar açması kimi məsələlər öz əksini tapıb.

Əvvəllər sahibkarlar fəaliyyətə başlamaq üçün 15 prosedur üzrə sənəd toplamalı, həmin sənədləri əldə etmək üçün çoxsaylı dövlət qurumlarından keçməli idilər. Bu isə çox vaxt tələb edirdi. "Bir pəncərə" sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar, əvvəllər olduğu kimi, 72 deyil, 3 gün gözləyir və tələb olunan prosedurların sayı 15-dən 5-ə qədər azaldılmışdır. Bunun nəticəsidir ki, biznesini qeydiyyatdan keçirən iş adamlarının sayı əhəmiyyətli dərəcədə artıb. Digər iqtisadi sahələrdə "bir pəncərə" sisteminin tətbiqi prioritet təşkil edir.

Bütün bunlarla yanaşı, ölkə başçısının "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestiri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", eləcə də digər fərman və sərəncamları, ayrı-ayrı dövlət proqramları da sahibkarlığın inkişafına təkan verərək qeyri-neft sektorunun inkişafını stimullaşdırır.

Bütün bunlar ölkəmizdə sahibkarlıq üçün əlverişli şərait yarandığını, iqtisadiyyatın bu sektorunda çalışanlara dövlət tərəfindən hər cür qayğı göstərildiyini əyani nümayiş etdirir. Elə bu səbəbdən sahibkarlıq getdikcə daha böyük sürətlə inkişaf etməklə, ümumi iqtisadiyyatda öz çəkisini artırmaqdadır.

Görülmüş tədbirlərin, əldə olunmuş nailiyyətlərin nəticəsidir ki, dünyanın ən nüfuzlu maliyyə qurumlarından olan Dünya Bankının "Doing Business-2009" hesabatında Azərbaycan bir nömrəli islahatçı ölkə elan olunmuşdur.

Dünya İqtisadi Forumunun ekspertləri Azərbaycanda fiziki və intellektual əmlakın qorunması, ictimai fondların diversifikasiyası və bu qəbildən olan digər amillər baxımından əhəmiyyətli işlərin görüldüyünü, ciddi nailiyyətlərin əldə olunduğunu bəyan ediblər. İnfrastrukturun, o cümlədən yolların, dəniz limanının, elektrik təchizatının, telefon xətlərinin keyfiyyətindən məmnunluq ifadə edilib. Həmçinin ölkəmizdə yeni texnologiyaların tətbiqi, internetdən istifadənin yüksək olması, fərdi kompüterlərin sayının artan xətt üzrə inkişaf etməsi, eləcə də qiymətli kağızlara çıxışın asan olması, investorların müdafiəsinin gücləndirilməsi, bankların sağlamlığı, menecmentin, təhsil və elmin, səhiyyənin keyfiyyəti, innovasiyalar yüksək dəyərləndirilib.

Bu islahatların zamanın tələblərinə uyğun davam etdirilməsi qarşıdakı dövr ərzində də Azərbaycanın rəqabət qabiliyyətinə görə digər ölkələrdən fərqlənəcəyini indidən deməyə əsas verir. Bu məqam isə nüfuzlu beynəlxalq təşkilatların və nəşrlərin hesabatında yenə də ölkəmizin lider mövqedən çıxış edəcəyini şərtləndirir.

Əldə olunan bu müsbət nəticələrdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının da özünəməxsus payı vardır.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkədə iş adamlarının maraqlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir.

Konfederasiya, özündə 4000-dən çox sahibkarlıq subyektini , o cümlədən 50-ə qədər iqtisadi və sosialyönümlü assosiasiya və ittifaqı birləşdirir.

Səmərəli idarəolunmanı təşkil etmək məqsədilə Konfederasiyanın yanında yaradılmış 10 daimi komissiya sahələr üzrə, respublikanın bütün bölgələrini əhatə edən 10 regional nümayəndəlik isə regional idarəetməni təmin edir. Bu, regionlarda sahibkarlığın inkişafına dəstək verilməsi işini xeyli asanlaşdırmış, nümayəndəliklər vasitəsilə sahibkarlara göstərilən xidmətlərin, informasiya təminatının yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır.

2001-ci ildən etibarən, Konfederasiya sosial tərəfdaşlığın subyekti kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayır. Konfederasiya öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, Milli Məclis, məhkəmə orqanları, mətbuat və beynəlxalq təşkilatlarla əlaqəli şəkildə quraraq ölkədə sosial tərəfdaş kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, Beynəlxalq İşəgötürənlər Təşkilatının, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin, Dünya Qeyri-Hökumət Təşkilatları İttifaqının üzvlüyündə təmsilçiliyi davam etdirərək ölkədə sahibkarlığın inkişafına dəstək vermişdir. 2010-2011-ci illər üçün də Baş Kollektiv Sazişin bağlanması proseduruna başlanmışdır.

Ölkədə əmək ehtiyatlarından düzgün və səmərəli istifadə olunması məsələsi daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2006-2015-ci illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" göstərir ki, ölkə vətəndaşları üçün layiqli işin təmin edilməsi Azərbaycan hökumətinin iqtisadi və sosial siyasətinin əsas hədəfidir. Strategiya həmçinin "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı" ilə uzlaşaraq yaxın illərdə Azərbaycanda məşğulluq siyasətinin əsaslarını müəyyən edir.

Dövlət proqramında, Beynəlxalq Əmək Təşkilatı ilə birgə imzalanmış Layiqli Əmək üzrə Ölkə Proqramında (2006-2009-cu illər) qarşıya qoyulan əsas məsələlər regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin artırılması vacib məsələ kimi qeyd olunmuşdur. Keçən ilin dekabr ayında BƏT-in "Layiqli əmək üzrə prioritetlərin müəyyənləşdirilməsinə dair" Bakıda keçirilən subregional konfransında Azərbaycan Respublikasında (2010- 2013-cü illər üçün) Layiqli Əmək üzrə Ölkə Proqramının hazırlanması, bu proqramda sosial tərəfdaşlar arasında koordinasiyalı işlərin aparılması, əmək bazarının inkişafına yönəldilmiş işçi qüvvəsinin keyfiyyətinin artırılması və həssas qrupların (qaçqın və məcburi köçkünlər, şəhid ailələri, əlillər, cəzaçəkmə müəssisəsindən azad olunan şəxslər və s.) əməyinin yaxşılaşdırılması kimi 3 prioritet sahənin öz əksini tapması nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Biz yalnız sahibkarlara dəstək verməklə kifayətlənmirik, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edirik.

Məhz bu səbəbdəndir ki, ASK-nın müraciətinə əsasən keçən ilin oktyabr ayında Litvanın paytaxtı Vilnyus şəhərində keçirilən Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin IX assambleyasında dövlət və hökumətlərarası strukturlarla qarşılıqlı əlaqə və xüsusi əməkdaşlıq proqramlarının hazırlanması, inkişaf etdirilməsi yönümündə təkliflərinə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində baxılmış və təkliflərin həyata keçirilməsinin sahibkarların beynəlxalq əlaqələrinin daha da genişləndirilməsinə, əməkdaşlığın, inteqrasiyanın və inkişafın daha da sürətləndirilməsinə xüsusi töhfə verəcəyi baxımından nazirlik tərəfindən məqsədəuyğun hesab edilmişdir.

Bu baxımdan beynəlxalq əməkdaşlığın, o cümlədən ölkə sahibkarlarının işgüzar əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində birgə işlərin həyata keçirilməsi üçün ardıcıl iş aparılır.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya cəlbində kömək göstərir.

Konfederasiya Azərbaycan Respublikasını Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasında müvəffəqiyyətlə təmsil edir.

2009-cu ilin oktyabr ayında Bakı şəhərində həmin təşkilatın Biznes Şurasında Konfederasiyanın sədrliyi ilə Direktorlar Şurasının iclası və "Zeytun ağacı və zeytun yağı" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Hazırda QDİƏT ilə səmərəli əməkdaşlıq davam edir.

Dünya Bankı ilə Azərbaycanda ixraca dəstək və bu işdə sahibkarların maarifləndirilməsi tədbirləri üzərində iş aparılır. Beynəlxalq Maliyyə Korporasiyası ilə biznes mühitin araşdırılması və onun nəticələrinin sahibkarlara çatdırılması, habelə sahibkarların maarifləndirilməsi sahəsindəki birgə işimiz də səmərəli olmuşdur. Bu iş davam etdirilməklə yanaşı, Korporasiya ilə birlikdə kiçik və orta biznesə kömək üçün internet portalın yaradılması təklifi üzərində işləyirik.

Konfederasiya ölkədə və xaricdə təşkil olunan sərgi və biznes forumlarda sahibkarların iştirakına önəm verərək onların bu vasitələrdən yararlanmasına kömək göstərir.

Yaxın günlərdə sahibkarlar üçün Avropa profilli Yunanıstan Şirkətinin "Milli Koordinasiya Bürosuna və TƏS-in icrasına dəstək layihəsi" ilə birlikdə rəqabətədavamlılıq və iş yerlərinin təhlükəsizliyi mövzularında seminarlar təşkil olunacaqdır.

Sahibkarların maarifləndirilməsinin təşkili məqsədilə Konfederasiya tərəfindən bir çox seminar və tədbirlər keçirilmişdir. "Sahibkarlar üçün sanitariya və gigiyena qaydaları" adlı yeni kitabın təqdimatı, "ABŞ texnikasının və texnologiyasının Azərbaycanın kənd təsərrüfatında tətbiqi" mövzusunda seminar da bu qəbildəndir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Almaniyanın Meklenburq-Vorpommern Texniki Peşə Təhsil İnstitutu ilə birlikdə "Sosial Dialoq Sahəsində Əməkdaşlıq" mövzusunda layihənin həyata keçirilməsinə başlamışdır.

Layihənin məqsədi Azərbaycanda sosial dialoqun inkişaf etdirilməsi, hökumət, işəgötürənlər və həmkarlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, üzvlərə göstərilən xidmətlərin və lobbiçilik fəaliyyətinin təkmilləşdirilməsi sahəsində qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi və tətbiq edilməsidir.

Məlum olduğu kimi, ASK-nın fəaliyyətinin əsas istiqamətlərindən biri müəssisələrin sosial məsuliyyətlərinin artırılmasına yardım etməkdir.

Bu məqsədlə ASK Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə həyata keçirilən Layiqli Əmək üzrə Ölkə Proqramına qoşulmuş, bu proqram üçtərəfli qaydada Azərbaycan hökuməti, Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən imzalanmışdır.

Proqramın əsas prioritetləri - ölkənin məşğulluq siyasətinin həyata keçirilməsi, gənclərin və qadınların məşğulluq imkanlarının artırılması, sosial dialoqun gücləndirilməsi, beynəlxalq əmək standartlarının tətbiq edilməsi məhz əhali üçün layiqli iş yerlərinin təmin edilməsinə təkan verən amillərdir.

Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün Layiqli Əməyin Təminatı üzrə ölkə proqramı imzalandıqdan sonra digər sosial tərəfdaşlarla yanaşı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də müəyyən işlər görülmüşdür. Bu tədbirlər içərisində "Gənclərin məşğulluğu sahəsində mövcud vəziyyətin təhlili", gənclərin məşğulluğu üzrə sosial partnyorların üçtərəfli əməkdaşlığına aid BƏT-in Turində keçirilən işçi seminarında iştirakı sahibkar-işəgötürənlər təşkilatları üçün mühüm əhəmiyyətə malikdir.

ASK Layiqli Əmək üzrə Ölkə Proqramında nəzərdə tutulan "Öz biznesinə başla və təkmilləşdir" proqramının, pilot regionlarda sahibkarlıq mədəniyyətinin sorğusu layihəsinin, gəlir imkanlarının artırılması məqsədilə işəgötürənlərin "Məhsuldarlıq və rəqabətədavamlıq sahəsində biliklərin artırılması" layihəsini, "Təhlükəsiz iş yerlərini yaratmaq üçün, o cümlədən İİV/QİÇS ilə mübarizədə işəgötürənlərin rolunun artırılması", "Qadın sahibkarlığının inkişafı", "Kənd təsərrüfatında uşaq əməyinin aradan qaldırılmasında işəgötürənlərin rolu" layihələrini həyata keçirəcək layihələrdə nəzərdə tutulan məqsədlərə nail olmuşdur.

Məlumdur ki, qlobal iqtisadi böhran nəticəsində dünyada kütləvi işsizlik artır, yoxsulluq və bərabərsizlik genişlənir, insanlar iş yerlərini itirir, müəssisələr bağlanır və s. Hesab edirik ki, bu böhrandan birgə səylər nəticəsində çıxmaq və iqtisadiyyatın artımına və dirçəlməsinə, sosial ədalətin bərpasına və ədalətli qlobalizasiyaya nail olmaq mümkündür.

Qlobal iqtisadi böhran zamanı beynəlxalq əmək normaları xüsusi əhəmiyyət kəsb edir. Belə ki, qeyd olunan normalar tərəflər arasında sosial dialoqun güclənməsinə və ümumiyyətlə, əmək qanunvericiliyi sferasının möhkəmlənməsinə gətirib çıxarır. Bu normalar bilavasitə müəssisə, idarə və təşkilatlarda məcburi əməyin, uşaq əməyinin və irqi ayrı-seçkiliyin yayılmasının qarşısını alır.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının Qlobal Məşğulluq Paktının fəal sosial tərəfdaşlarından biri kimi qlobal iqtisadi böhranın respublikamızda sahibkarlıq mühitinə mənfi təsirini minimuma endirmək, həmçinin iqtisadi artım və inkişafa nail olmaq məqsədilə sahibkarlarla müzakirələr aparmış və təkliflər paketi hazırlamışdır. Belə ki, kiçik və orta sahibkarlıq sektoruna iqtisadi böhranın təsirini azaltmaq məqsədilə vergi dərəcələrinin aşağı salınması, güzəştli kreditlərin faiz məzənnələrinin endirilməsi, kreditlərin ayrılması mexanizmlərinin dəyişdirilməsi, kreditlərin birbaşa və ünvanlı verilməsi, sosial sığorta ayırmaları ödənilməsinə böhranın sonuna qədər vaxt verilməsi, orta və iri müəssisələrdə sosial yönümlü bütün məsrəflərin maya dəyərinə aid edilməsi təkliflər paketinə daxil edilmişdir.

Məşğulluq strategiyasının icrası və gənclər arasında məşğulluğun artırılması siyasətinin təkmilləşdirilməsi istiqamətində işəgötürənlərin işçi qüvvəsinə olan tələbatlarının müəyyən edilməsinə, işəgötürənlərlə gənc işçilər arasında əmək münasibətləri, ordudan tərxis olunmuş, keçmiş məhbus, qaçqın və məcburi köçkün işaxtaran gənclərə və sosial adaptasiyaya ehtiyacı olan digər gənclərə biznes biliklərinin tədris edilməsi, qadınlar arasında işsizliyin səviyyəsinin nisbətən yüksək olduğunu nəzərə alaraq onların məşğulluğunu təmin etmək üçün biznes və sahibkarlıq biliklərinin tədris edilməsi, əlillərin məşğulluğunu təmin etmək üçün xüsusi biznes təlim kurslarının təşkil olunması kimi təklif layihələri hazırlanır.

Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2010-2011-ci illər üçün Baş Kollektiv Sazişin bağlanması ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və vaxtda danışıqların aparılması məqsədilə komissiya yaradılmış, təkliflər hazırlanaraq Baş Kollektiv Sazişin layihəsinə daxil edilmişdir.

Dünya ekspertlərinin rəyinə görə, qlobal iqtisadi böhranın iş yerləri ilə bağlı təsirlərinin aradan qaldırılmasına uzun zaman tələb oluna bilər. Odur ki, bu təsirləri minimuma endirmək üçün kompleks cavab tədbirlərinin hazırlanması və həyata keçirilməsi zəruridir. Bu tədbirlər müəssisələrin daha məhsuldar fəaliyyətinə, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına və beynəlxalq əmək normalarının tətbiq edilməsinə, insanların əmək hüquqlarının müdafiə olunmasına yönəldilən işləri əhatə etməlidir. Bu işlərin icrası isə sosial dialoq - sosial tərəfdaşların birgə fəaliyyəti çərçivəsində mümkündür. Azərbaycan Sahibkarlar Konfederasiyası adından İş Yerlərinə dair Qlobal Sazişin müddəalarına tərəfdar olduğumuzu bildiririk.

Həmçinin qeyd etmək istəyirəm ki, növbəti illər üçün yeni Layiqli Əmək üzrə Ölkə Proqramının qəbul edilməsi zəruridir və biz bu proqrama qoşulmaqla və onun icrası ilə bağlı öhdəlikləri yerinə yetirməyə hazırıq.

Prezident İlham Əliyev ötən il dekabrın 21-də Rusiyanın "Vesti" telekanalına müsahibəsində bildirmişdir: "2009-cu il adi il olmamışdır. Qlobal maliyyə böhranının nəticələrini bütün ölkələr bu və ya digər dərəcədə öz üzərlərində hiss etmişlər. O cümlədən, Azərbaycan da. Biz bu mürəkkəb vəziyyətdən minimum itki ilə çıxmağa nail olmuşuq. Bütövlükdə, iqtisadiyyat dinamik inkişaf etmişdir. 2009-cu ildə iqtisadi artım 9 faizdən çox olmuşdur. Zənnimcə, maliyyə böhranı şəraitində bu, çox yaxşı göstəricidir. Sənaye istehsalı təqribən 9 faiz artmışdır. İnflyasiya 2 faizdən az olmuşdur. Əhalinin gəlirləri xeyli artmışdır. Bir sözlə, ilin əsas sosial-iqtisadi göstəriciləri sübut edir ki, Azərbaycan uğurlu inkişafını davam etmişdir.

Bizim bu cür ciddi artım nümayış etdirməyimiz birinci il deyildir. 2004-2008-ci illərdə iqtisadiyyatın həcmi bütövlikdə 2,6 dəfə artmışdır. Biz əsas infrastruktur layihələrini həyata keçirməyə nail olmuşuq. Bütün sosial proqramlar yerinə yetirilmişdir. İqtisadiyyatımızın müəyyən dərəcədə enerji ehtiyatlarından asılı olmasına və bu il neftin qiymətinin xeyli aşağı düşməsinə baxmayaraq, biz bütün sosial proqramları həyata keçirmişik. Beləliklə, biz bu ili də yaxşı əhval-ruhiyyə ilə başa vururuq və gələcəyə nikbin baxırıq, çünki ölkəni tamamilə modernləşdirmək üçün hələ çox işlər görülməlidir".

Ölkə iqtisadiyyatının bütün digər sahələrində əldə olunan yüksək nəticələr və davamlı sürətli inkişafa hesablanan sosial-iqtisadi layihələrin reallaşdırılması əminliklə deməyə əsas verir ki, iqtisadi potensialımız növbəti illərdə daha da güclənəcəkdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsi qarşıda duran bütün problemlərin tezliklə həll edilməsinə imkan yaradacaqdır.

Biz isə Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası olaraq müəyyənləşdirilmiş strateji vəzifələrin uğurla və vaxtında həyata keçirilməsi üçün bütün Konfederasiya üzvlərini birləşdirərək əzmkarlıqla çalışacaq, ölkədə davamlı iqtisadi inkişafa nail olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.

 

 

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası

Sahibkarlar (İşəgötürənlər)

Təşkilatları Milli

Konfederasiyasının prezidenti

 

Azərbaycan.- 2010.- 15 yanvar.- S. 3.