İctimai və humanitar elmlərin tədrisi və tədqiqi
dövrün-zamanın yeni tələbləri səviyyəsində
olmalıdır
Son vaxtlar müdafiə etmək
istəyənlərin sayı xeyli artmışdır ki, bu da
şuraların işində müəyyən qədər gərginlik
yaradır. Bunun da bir səbəbi odur ki, müdafiə
üçün dissertasiyalar çox vaxt ayrı-ayrı elmi
müəssisələr, institutlar tərəfindən
göndərilir. Yaxşı olardı ki, kənar
dissertasiyalar şuralara AAK-sı tərəfindən göndərilsin.
Belə olarsa, bu iş müəyyən qədər tənzimlənər
və digər tərəfdən də AAK-sı müdafiə
edəcək adam və onun sənədləri haqqında əvvəlcədən
xəbərdar olar.
Müdafiə etmək istəyənlərin
sayının artmasının bir səbəbi də elmlə
bilavasitə məşğul olmayan, elmdən kənar
adamların bu işə yersiz müdaxiləsi ilə əlaqədardır.
Belə adamlar da həm AAK-nın və eləcə də
şuraların işində gərginlik yaradırlar. Bunlar
müxtəlif vəzifələrdə çalışan məmurlar,
iş adamlarıdırlar. Bu iş qaydaya salınmalı,
müəyyən və qəti bir xətt olmalıdır. Belələri
üçün şərait yaradan dissertanturadır. Burada
bir boşluq vardır ki, bu da elmdən uzaq adamlar
üçün keçid yeri qoyur. Odur ki, möhkəm bir səd
yaradılmalı, yəni konkret tələblər
qoyulmalıdır. Məsələn, bəlkə işlədiyi
nazirliyin naziri, deputata Milli Məclisin sədri, prokurorluq
işçisinə baş prokuror və s. xüsusi məktubla
əsaslandırıb AAK-dan razılıq istəsin. Təbii
ki, bunu da hər nazir etməyəcək və bu da
yaranmış axının qarşısını almağa
müəyyən qədər kömək edə bilər. Adətən
belələri dərs demək istəyəndə
razılıq məktubu alırıq. Elə də müdafiə
üçün, dissertant olmaq, elmi-tədqiqatla məşğul
olmağa görə niyə icazə istəməyək?
Ölkədə elmin vəziyyətinin
ən önəmli göstəricilərindən biri keyfiyyətli
elmi nəşrlərin yayımıdır. Qloballaşma
mühitində humanitar və ictimai elmlər sahəsində
yeni vəzifələr müəyyənləşdirilir. Yeni
elmi istiqamətlərin sayının artımına paralel
elmi-dövri nəşrlərin sayında da yüksəliş
müşahidə olunur. Həmin yüksəlişə cavab
olaraq müəllif, resenzent və jurnal redaktorları
qarşısında ciddi tələb və məsuliyyət
qoyulur. Bunu nəzərə alaraq biz 2009-cu ilin 3 dekabrında
İdarəçilik Akademiyasında XXI əsrdə
elmi-dövri nəşrlərdə məqalə
yayımlanması prosesi, resenzent və redaksiya mövqeyini
müzakirə etmək, xarici təcrübədə əldə
edilən bilik və məlumatları paylaşmaq, xüsusilə
də gənc alimlərin elmi fəaliyyətini
stimullaşdırmaq və onların fundamental elmi tədqiqatların
daxildə və xaricdə nüfuzlu jurnallarda, nəşriyyatlarda
çap edilməsi üçün nə etməli
suallarına cavab olaraq "Elmi nəşrlərin ekspert qiymətləndirilmə
modeli: müəllif, resenzent və jurnal redaksiyasının
mövqeyi" mövzusunda ictimai və humanitar elmlər sahəsində
fəaliyyət göstərən elm və ali təhsil məktəblərinin
professor, müəllim heyətinin, jurnal redaktorlarının və
resenzentlərinin iştirakı ilə "dəyirmi masa"
keçirdik. Bu gün qarşımızda duran əsas məqsəd
jurnal yayımlamaq deyil, bilik istehsal etməkdir. Çünki
elmi məqalə araşdırma nəticələrini
tamamlayan, yazılmış və nəşr edilmiş
hesabatdır. Elmi jurnallar elmin yayılmasında və
tanınmasında ən önəmli ünsiyyət vasitəsidir.
Bu gün dünyada 70 mindən çox müxtəlif adda elmi
jurnallar çıxır. Bunların bəziləri elmi dairələr
tərəfindən qəbul edilir, bəziləri isə sadəcə
olaraq, çap olunur. Elmi nəşrlərin ən inkişaf
etdiyi dönəm İkinci Dünya müharibəsindən
sonrakı dövrü əhatə edir. Müharibədən
sonra Amerika dövləti elmi araşdırmalara milyonlarla dollar
vəsait ayırdı. Bu da elmi kəşflərin
sayının artmasına və kəşflərin
oxunmasının təşkilinə səbəb oldu. Nəticədə
mövcud jurnallarla yanaşı, daha bir sıra yeni jurnallar da
nəşrə başladı.
Elmi məqalə
araşdırma nəticələrini tamamlayan
yazılmış və nəşr edilmiş tədqiqat
işidir. Ümumiyyətlə, elmi jurnalın əsas məqsədi
ayrı-ayrı məqalələri çap etmək yox, yeni
biliyə əsaslanan bilik istehsal etməkdir.
Hazırda respublikamızda
ictimai və humanitar elmlər üzrə çoxlu jurnallar
çap olunur. Bu jurnallar demək olar ki, bir növ nəzarətdən
kənardırlar. Görünür, onların keyfiyyətini
qiymətləndirmək üçün bir monitorinq mərkəzinin
yaradılması üzərində düşünmək
faydalı olardı.
Hələlik Azərbaycan
elmini xarici ölkələrdə lazımi qədər təbliğ
edə bilmirik. Zənnimizcə, elmi nəşrlərin
ünvanlarının saytda yerləşdirilməsi bu işə
kömək edərdi. Elmi nəşrlərdə çap
olunan müəllif haqqında məlumat verilməsi də pis
olmazdı. Bu jurnallara məqalələrin qəbulu
qaydaları, onların ekspert qiymətləndirmə modeli,
müəllif, resenzet mövqeyi məsələləri ətrafında
da düşünmək, zərurət yaranarsa, müzakirəyə
çıxarmaq da faydalı olardı. Jurnalların maliyyə
baxımından münasib kredit imkanları da
yaradılmalıdır.
İctimaiyyətçi alimlərimiz
keçmiş mənəvi sərvətlərə, fəlsəfi,
sosial-siyasi, iqtisadi və dini baxışlara yenidən nəzər
salmalı, dövlətimizin daha da inkişaf edib möhkəmlənməsinə
maneçilik törədən ideyaları rədd etməli,
onun tərəqqisini təmin edən nə varsa, qoruyub
saxlamalı, inkişaf etdirib gənc nəsilə
çatdırmalıdırlar.
Son illər respublikamızda
baş vermiş ciddi demokratik dəyişikliklərlə əlaqədar
bu istiqamətdə bəzi işlər
görülmüş, kafedraların adları dəqiqləşdirilmiş,
tədrisin məzmununu yeniləşdirmək məqsədilə
yeni proqramlar, dərs vəsaitləri və metodik tövsiyələr
hazırlanıb çap edilmişdir. Dünya standartlarına
uyğun tədris planları və proqramlarının
hazırlanması üzərində mühüm işlər
gedir. Bununla belə, təcrübəli müəllimlərin
birgə səyləri ilə proqram, dərslik və dərs vəsaitlərinin
hazırlanması işinə kafedralarda xüsusi diqqət
yetirilməli və önəm verilməlidir. Təəssüf
ki, əvvəllər çox önəm verilən bu iş
hazırda xeyli diqqətdən kənarda qalmışdır.
Buna görə də biz bir çox hallarda müəllimlik
stajı və təcrübəsi, metodiki
hazırlığı, biliyi çox az olan, yenicə müəllimliyə
başlamış insanların çox ciddi bir fənn üzrə
təkbaşına irihəcmli dərslik və ya dərs vəsaiti
yazıb nəşr etdirdiyini görürük. Kafedralar,
fakültə elmi şuraları, metodiki şuralar bu işə
kifayət qədər tələbkarlıqla yanaşmır, bəzən
rəyçiləri və redaktorları müəllif
özü seçir və hazır rəylərə imza
atdırırlar ki, bu da son dərəcə yolverilməz
haldır. Bəzən dərsliklər yazan müəlliflərin
dərs dedikləri fəndən heç öz proqramları
belə olmur. Burada müəllifi fənnin tədrisi
metodikası, keyfiyyəti yox, sadəcə olaraq, nəşrlərinin
sayı maraqlandırır. Tədris prosesi üçün
çox vacib olan bu işə kafedraların, elmi və metodik
şuraların tələbkarlığı və məsuliyyəti
artırılmalıdır. Bunlarla yanaşı, elə etmək
lazımdır ki, bütün ali məktəblər
üçün ixtisasından və xüsusiyyətindən
asılı olaraq vahid tədris planları tutulsun. Pedaqoji
kadrlar hazırlayan ali məktəblərin tədris
planları isə, fikrimizcə, ümumtəhsil məktəblərinin
tədris proqramlarına
uyğunlaşdırılmalıdır.
Ali məktəblərdə
sosial-siyasi elmlərin tədrisini dünya standartları səviyyəsinə
qaldırmaq məqsədilə xaricdəki qabaqcıl ali məktəblərlə
təcrübə mübadiləsi, elmi əlaqələr
genişləndirilməli, gənc müəllimlər ABŞ,
Rusiya, Fransa, Türkiyə və digər ölkələrdə
ixtisaslarına uyğun təkmilləşmə keçirməlidirlər.
Aspirant və tələbələrin ən
istedadlılarının, xüsusən xarici dilləri
az-çox bilənlərin Avropa və Şərqin nüfuzlu
universitetlərində təhsil almaları təmin edilməlidir.
Təhsilin keyfiyyətinin
yüksəldilməsi elmi-tədqiqat işləri ilə
bilavasitə bağlıdır. Təəssüf ki, heç
də bütün tədris müəssisələrində,
kafedralarda kifayət qədər yaradıcı elmi mühitin,
geniş elmi diskussiyaların mövcudluğunu demək olmaz. Hələ
də elmi-pedaqoji kadrların bir çoxunda prinsipiallıq,
öz işinə tənqidi münasibət, yüksək məsuliyyət
hissi kimi keyfiyyətlər çatışmır. Ali məktəb
kafedralarındakı müəllimlərin heç də
hamısı ciddi elmi-tədqiqatlarla məşğul olmur. Bəzi
müəllimlər, ümumiyyətlə, elmi konfranslarda
iştirak etmir, tədqiqat işi ilə məşğul
olanlar isə əsərlərini çap etdirməkdə son
dərəcə çətinlik çəkirlər.
Nöqsanlardan biri də
sosial-siyasi elmlər sahəsində kafedraların, ali məktəblərin
birgə apardıqları tədqiqatların
azlığıdır. İctimai elmlər sahəsində
çalışan alimlərin birgə işləri, birgə
tədqiqatlar aparmaları çox faydalı olardı.
ABŞ və Qərb ölkələrində
elmi-tədqiqat işləri başlıca olaraq universitetlərdə
və tədris müəssisələrində
aparılır. Biz hələ ali məktəblərdə
elmi-tədqiqat işlərinin səviyyəsini lazımi
yüksəkliyə qaldıra bilməmişik. Halbuki həyat,
indiki şərait elmi-tədqiqat işlərinin səviyyəsini
yüksəltməyi, ali məktəblərin üzünü
elmə doğru çevirməyi tələb edir. Biz buna nail
olmasaq, tədrisin keyfiyyətinin yüksəldilməsindən
danışa bilmərik.
Elmi araşdırmaların
miqyasını genişləndirmək məqsədilə bu
gün tədris müəssisələrində elmi-tədqiqat
laboratoriyaları, mərkəzlər, institut, assosiasiyalar və
yaradıcılıq birliklərinin təşkili işi
genişləndirilməli, ali məktəblərdə milli
yüksəlişimizi sürətləndirəcək problemlər
sahəsində elmi araşdırmalara üstünlük verilməlidir.
Azərbaycanda kütləvi
informasiya vasitələrinin azad fəaliyyəti daim dövlətimizin
diqqət mərkəzində saxlanılır. Məhz buna
görə də təsadüfi deyildir ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
xüsusi sərəncamla ölkəmizdə kütləvi
informasiya vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyasını təsdiq etmişdir.
Hazırda cənab prezidentin
rəhbərliyi altında orada nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsinin təmin edilməsi istiqamətində
ardıcıl iş aparılır. Bütün bunların sayəsində
də Azərbaycanın kütləvi informasiya vasitələri,
xüsusilə ictimai fikrə geniş təsir etmək
imkanlarına malik olan teleradio yayımı bu gün
mühüm və səmərəli inkişaf yolu keçməkdədir.
Təəssüf ki, bu
gün KİV orqanları, xüsusilə də müasir media
sisteminin çevik qolu sayılan teleradio kanalları tərəfindən
ölkədə yaradılmış əlverişli demokratik
mühitdən sui-istifadə hallarına, bu sahədə
mövcud normalara və qaydalara riayət olunmamasına da yol
verilir. Belə ki, teleradio kanallarının hazırkı səviyyəsi
bir çox hallarda xalqımızın milli-mənəvi dəyərlərinə
xələl gətirir, burada işıqlandırılan məsələlərin
bir qismi mentalitetimizə uyğun gəlmir. Belə verilişlər
gəncləri milli-mənəvi dəyərlərdən
uzaqlaşdırır. Akademik Ramiz Mehdiyevin 02 oktyabr 2009-cu il
tarixində "Azərbaycan" qəzetində dərc olunan
"Azərbaycanın efir məkanı: problemlər və vəzifələr"
başlıqlı məqaləsində efir məkanı ilə
bağlı çox aktual məsələlər
qabardılır və açıq göstərilir. Həmin
məqalənin çox dəyərli cəhəti ondadır
ki, burada həm də mövcud problemlərin həlli
yolları göstərilir.
Akademik Ramiz Mehdiyev problemə
sistemli və kompleks şəkildə yanaşaraq teleradio
kanallarının fəaliyyətində nöqsan və
çatışmazlıqları, həm də onların
aradan qaldırılması yollarını təklif edir ki, bu
da həm elmi, həm də praktiki əhəmiyyət kəsb
etməklə xüsusi maraq doğurur. Fikrimizcə, məqalənin
əsas ruhu elə bundadır. Təqdirəlayiq haldır ki, məqalədə
televiziyaların, həmçinin konkret verilişlərin
reytinqinin müəyyənləşdirilməsi
metodologiyası da təqdim olunur və bu metodologiyanın
mahiyyəti açıqlanır, işin keyfiyyətinin
yüksəldilməsi üçün dünya təcrübəsinə
müraciət etmək təklif olunur.
Fikir plüralizminə,
müqayisəli təhlillərə, polemikaya geniş yer verilən
və çox əhatəli olan həmin məqalədə
müəllif yerli televiziya və radio qurumlarının kifayət
qədər ciddi və ağrılı problemlərinə
toxunaraq bununla kifayətlənməmiş, eyni zamanda həmin
problemlərin həlli yollarını da aydın şəkildə
göstərmişdir. Dərc olunan gündən
özünün dərin məzmunu ilə seçilən bu məqalə
ətrafında geniş ictimai müzakirələr gedir ki, bu
da orada qaldırılan məsələlərin, problemlərin
cəmiyyətimizi, o cümlədən
ziyalılarımızı, alimlərimizi dərindən
narahat etdiyini göstərir.
Akademik Ramiz Mehdiyevin elmi
yaradıcılığına, onun ölkəmizdə gedən
siyasi, sosial-iqtisadi proseslərin tədqiqinə həsr
olunmuş elmi əsərlərinə, bütün cəmiyyətimizdə
olduğu kimi, bizim Dövlət İdarəçilik
Akademiyasında da böyük maraq göstərilir. Məhz
belə yazılardan biri də haqqında bəhs etdiyimiz məqalədir.
Təbiidir ki, bu məqalədə qaldırılan olduqca vacib
problemlərə, cəmiyyətimiz üçün
taleyüklü əhəmiyyət daşıyan həmin məsələlərlə
bağlı filosof - alimin dəyərli düşüncə
və mülahizələrinə akademiyamızın alimləri
biganə qala bilməzdi. Məhz buna görə də Dövlət
İdarəçilik Akademiyası həmin məqaləyə
operativ reaksiya vermiş, onun haqqında mənim "Azərbaycan"
qəzetində ayrıca yazım dərc olunmuş və həmin
məqaləyə müsbət münasibət bildirilmiş,
həmçinin noyabr ayında kafedralararası elmi-metodoloji
seminarda professor-müəllim heyətinin, aspirant, dissertant,
müdavim və magistrantların iştirakı ilə həmin
məqalənin geniş müzakirəsi keçirilmişdir.
Akademiyamız gənclərlə
işləyir. Burada tələbələrlə
yanaşı, həm də müdavimlər - dövlət
qulluqçuları da təhsil alır, ona görə də
biz dərhal bu məqalədə irəli sürülən məsələlərlə,
qarşıya qoyulan vəzifələrlə diqqətlə
tanış olduq, görəcəyimiz işləri müəyyən
etdik. Məhz bu məqsədlə də biz bu problemi
müzakirəyə çıxardıq. Məqalə müəllimlər
qarşısına bu sahədə konkret vəzifələr
qoyur. Belə ki, biz tədris prosesində, fəlsəfə,
politologiya və hüquq fənlərinin tədrisində
burada qaldırılan məsələlərə hökmən
toxunmalıyıq. Biz sağlam nəsil yetişdirməliyik,
kökünü, mentalitetini unudan nəsil yox! Biz hörmətli
akademikimiz Ramiz Mehdiyevə bu yazısına və orada
qaldırdığı problemlərə görə dərin
minnətdarlığımızı bildiririk. O,
xalqının gələcəyini düşünən bir
alim kimi hərəkət edir. Tarixən bizim belə
filosoflarımız olub, onların fikirlərinə etirazlar
olsa da, öz yanaşmalarını, tövsiyələrini
çəkinmədən bildiriblər, alim sözlərini
deyiblər! Akademik Ramiz Mehdiyev də məhz belə
filosoflardandır. O, cəsarətlə belə bir problemi
ortaya qoydu və cəmiyyətimiz tərəfindən də
çox yaxşı qarşılandı!
Akademik Ramiz Mehdiyevin qeyd
etdiyi kimi, kütləvi informasiya vasitələrinə
yüksək tələblər Azərbaycan dövlətçiliyinin
keyfiyyətcə yeni inkişaf dövrünü
yaşaması ilə əlaqədardır. Yəni bu, o deməkdir
ki, Azərbaycan cəmiyyəti və dövləti yeni
innovasion mərhələyə daxil olmuşdur. Akademik Ramiz
Mehdiyev öz əsərlərində Heydər Əliyevin
ideyalarına əsaslanaraq bu yeni inkişaf prosesinin sistemli
paradiqmasını formalaşdırmışdır. Azərbaycanın
müasir innovasion inkişafı birinci növbədə elmi
biliklərə əsaslanmalıdır. Ramiz Mehdiyev yazır
ki, nəzəri tədqiqat səviyyəsində məlum olan
biliklərin kütləviləşdirilməsi və əhaliyə
çatdırılması KİV-nin əsas maarifçilik
funksiyalarından biridir. Odur ki, kütləvi informasiya vasitələrində,
aparıcı televiziya kanallarında fəlsəfi mövzulara
daha geniş yer verilməsi, polemikalar aparılması da
günün tələbidir. KİV qarşısında qoyulan
bu vəzifə bütün bilik sahələrinə, o
cümlədən siyasi və hüquqi biliklərə də
aiddir. Bir ali təhsil müəssisəsi olaraq nəzəri-elmi
bilikləri istehsal etmək, həm də həmin bilikləri
kütlələrə çatdırmaq sahəsində
Dövlət İdarəçilik Akademiyasının
kollektivi tərəfindən də səmərəli işlər
aparılır və qarşıda mühüm vəzifələr
durur. Akademiyamızda təhsilin bütün formalarında -
mühazirələrdə, seminar məşğələlərində,
buraxılış işlərində, magistr
dissertasiyalarında elmi-metodoloji prinsiplər ciddi realizə
olunmalıdır. Biz başa düşürük ki,
bütün fənlər üzrə ümumi biliklər Azərbaycanın
demokratik inkişaf prosesi ilə sıx bağlı şəkildə
şərh olunmalıdır.
Biz ictimaiyyətçilər
hörmətli Ramiz müəllimin yola
saldığımız 2009-cu ilin son rübündə mətbuatda
dərc olunmuş və ictimaiyyətçi alimlərimizin
böyük marağına səbəb olmuş bu məqalələrində
qaldırılmış problemləri dərindən öyrənib
ümumiləşdirərək tədrisdə və elmi-tədqiqat
işlərində nəzərə almalı, fəaliyyətimizi
son dərəcə faydalı mülahizə və təkliflər
əsasında dövrün, zamanın bugünkü tələblərinə
uyğun şəkildə yenidən qurmalıyıq.
Seyfəddin QƏNDİLOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının
rektoru, Dövlət Qulluğunu
İdarəetmə Şurasının üzvü,
tarix elmləri doktoru, professor,
əməkdar elm xadimi
Azərbaycan.- 2010.-15
yanvar.- S. 4.