Elmi və ictimai fəaliyyətin vəhdəti

 

Azərbaycan xalqı tarixən həyatını elmə, təhsilə sərf etmiş, gənclərin maariflənməsi, cəmiyyət üçün layiqli vətəndaş kimi yetişməsi, intellektual gələcəyi yolunda əzmlə çalışmış dərin zəka sahibləri, ziyalıları ilə qürur duymuş, onları qorumuş, özünün milli sərvəti saymışdır. Məhz belə ürfan sahiblərinin sayəsində xalqımız inkişaf yolunu düzgün müəyyənləşdirmiş, nurlu sabahına doğru inamla irəliləmiş, cəmiyyətin idarə olunmasında müsbət harmoniya qorunub saxlanılmışdır. Belələri cəmiyyətin mütərəqqi inkişafı, insanların maariflənməsi, müsbət dəyərləri əxz etməsi naminə əzmlə çalışmağı özünün başlıca həyat kredosu sayaraq bu yolda yüksək əzmkarlıq göstərmişlər. Bu xüsusiyyətlər həm də onları şəxsiyyət kimi başqalarından fərqləndirmiş, bütövlükdə cəmiyyət üçün layiqli örnəyə çevirmişdir.

 

Mənalı ömür yolu, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə tanınan belə elm xadimlərindən biri də akademik Abel Məhəmmədəli oğlu Məhərrəmovdur. Prinsipiallığı, yüksək idarəçilik keyfiyyətləri, tədqiqatçılıq əzmi, siyasi mövqeyi ilə fərqlənən Abel müəllim ziyalı üçün səciyyəvi olan xüsusiyyətləri xarakterində cəmləşdirmişdir. İstər Bakı Dövlət Universitetinin rektoru, akademik, istərsə də Milli Məclisin deputatı kimi fəaliyyəti ilə dövlətçilik ideallarına sadiqlik nümayiş etdirməsi, insanpərvərliyi onun zəngin daxili aləmindən qaynaqlanır.

Həyatının 35 ilini peşəkar elmi fəaliyyətə həsr etmiş Abel Məhərrəmov özünü mahir tədqiqatçı kimi təsdiqləmiş, gərgin və prinsipial yaradıcı axtarışları ilə fundamental elmlər sahəsində bir sıra mütərəqqi yeniliklərin müəllifinə çevrilmişdir. Bu gün həm də Bakı Dövlət Universitetinin rektoru kimi məsul vəzifəni layiqincə daşıyaraq sayı minlərlə ölçülən müəllimlər ordusunun önündə gedən, dövlətə, xalqa sədaqətli xidməti özünə borc bilən akademikin elmi və pedaqoji fəaliyyətinin ayrı-ayrı pillələrində qələmə aldığı onlarla sanballı kitab və monoqrafiya nəinki ali məktəb tələbələri, hətta yetkin tədqiqatçılar üçün də zəngin mənbə rolunu oynayır.

Hər bir insanın formalaşmasında, ziyalılıq zirvəsinə ucalmasında istedad, bilik, yaradıcı proseslə yanaşı, onun yaşadığı mühit öz sözünü deyir. Abel müəllimin əsl pedaqoq və alim kimi formalaşmasında da bu real həyat həqiqəti qətiyyən istisnalıq daşımır. Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində müəllim ailəsində anadan olmuş, sonradan ailəsi ilə birgə Ermənistanın Amasiya rayonunda yaşamış, orta təhsilini rayonun Güllübulaq kəndində almışdır. Ziyalı ailəsində yetişmiş Abel Məhərrəmovda hələ uşaqlıqdan məsuliyyət və çalışqanlıq keyfiyyətləri özünü qabarıq göstərməyə başlamışdır. İstedadı, savadı ilə müəllimlərinin diqqətini cəlb etmiş, xüsusən riyaziyyat, fizika və kimya fənlərinə maraq göstərmiş, bu fundamental elmlərin incəliklərinə dərindən vaqif olmağa çalışmışdır. Çalışqanlığı və yüksək intizamlılığı onun pedaqoji fəaliyyətə aparan yoluna körpü salmış, peşə seçiminin müəyyənləşməsinə əsaslı dərəcədə təsir göstərmişdir. Təhsildə fərqlənərək 1966-cı ildə orta məktəbi qızıl medalla başa vurmuş, elə həmin il arzularını gerçəkləşdirəcək ünvana - Bakı Dövlət Universitetinə üz tutmuş, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək kimya fakültəsinə daxil olmuş, 1971-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir.

Bənzərsiz və maraqlı elm aləminə qovuşaraq həyatını pedaqoji fəaliyyətə həsr etmək, müəllimlik fəaliyyəti kimi müqəddəs bir missiya ilə insanlara bilik, savad vermək istəyini tələbəlik illərində tam yəqinləşdirən Abel Məhərrəmov 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya qəbul olmuş, gərgin elmi tədqiqatlarını uğurla yekunlaşdıraraq 1976-cı ildə akademik N.S.Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin vaxt kimya fənni üzrə müdafiə şurasında ermənilər çoxluq təşkil etsə də, onlar gənc tədqiqatçının yüksək intellekti, dərin biliyi, prinsipiallığı qarşılığında məkrli niyyətlərindən geri çəkilməyə məcbur olmuşlar. Gənc alimin namizədlik dissertasiyası Rusiyanın görkəmli alimləri tərəfindən yüksək qiymətləndirilmiş, elmi səviyyəsi ilə yanaşı, praktik əhəmiyyəti də xüsusi qeyd edilmişdir.

Moskvada qalıb çalışmaq təkliflərini qəbul etməyən, vətənə xidmət məramı ilə geri dönən gənc alim 1976-cı ildən Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətə başlamış, 1991-ci ilədək bu nüfuzlu ali təhsil ocağında baş elmi işçi, baş müəllim, universitetin tədris hissəsinin müdiri, dekan müavini, dekan vəzifələrində çalışmışdır. Fəal pedaqoji fəaliyyətlə məşğul olmasına rəğmən, elmdə inamlı addımlarını atan Abel Məhərrəmov gərgin əməyinin bəhrəsi olaraq 1991-ci ildə "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Tanınmış alim 1993-cü ildən 1999-cu ilin yanvar ayınadək BDU-nun kimya fakültəsinin dekanı vəzifəsində işləmişdir. 1998-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, həmçinin elmi nəticələrinə və təhsil quruculuğuna görə müxtəlif illərdə Y.Məmmədəliyev adına qızıl medala, Beynəlxalq EKO mükafatına, Rumıniyanın Ali Komandor dərəcəli Qızıl ulduz ordeninə və digər sanballı mükafatlara layiq görülmüşdür. Elmi uğurlarına görə adı 1999-cu ildə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin "XX əsrin 2000 görkəmli alimi" kataloquna daxil edilmiş, ötən yüzilliyin ən görkəmli alimlərindən biri sayılmışdır. 2007-ci ilin aprelində AMEA-nın həqiqi üzvü seçilmişdir.

Akademik Abel Məhərrəmov kimyanın əsas sahələrindən hesab edilən neft kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, elmi məktəb yaradan tanınmış kimyaçı alimlərdəndir. Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və respublikada 900-a yaxın elmi məqaləsi dərc edilmişdir. 46 ixtiranın, 15-ə yaxın monoqrafiyanın, 5 cildlik seçilmiş əsərlərin, 47 dərslik və dərs vəsaitinin müəllifidir. Akademik "Dopinq şəraitində" elektrofil birləşmə reaksiyalarının yeni sintetik istiqamətini müəyyən etmişdir. Onun elmi tədqiqatlarında qüvvətli elektrolitlərdən və onlara uyğun polyar həlledicilərdən istifadə etməklə elektrofil birləşmə reaksiyalarının istiqaməti kəskin dəyişdirilmişdir. Bununla da alınması çətin və ya praktiki cəhətdən mümkün olmayan bəzi sinif üzvi maddələrin sintezi həyata keçirilmişdir. İlk dəfə olaraq on iki üzvlü tsikllərin konformasion analizi də məhz akademikin tədqiqatlarında dərindən öyrənilmişdir. Bu məqsədlə nəzəri olaraq Kremer-Popla parametrlərinə əsasən kvant mexaniki hesablamalar aparılmışdır. Daha sonra isə on iki üzvlü tsikllərin doymuş və doymamış törəmələri sintez edilərək rengenstruktur analiz vasitəsilə onların molekulyar və kristallik quruluşları öyrənilmişdir. A.Məhərrəmov həmçinin üç və dördüzlü heterotsikllərin, dopinq şəraitində dimerləşməsini tədqiq etmişdir.

Görkəmli alim 1995-1997-ci illərdə Ali Attestasiya Komissiyasının qərarı ilə yaradılmış namizədlik və doktorluq müdafiə şuralarının sədri olmuşdur. Akademikin rəhbərliyi altında indiyədək 26 elmlər namizədi və elmlər doktoru uğurla dissertasiya müdafiə etmişdir. Abel Məhərrəmov müntəzəm olaraq dövri mətbuatda çıxış edir, Azərbaycanın ictimai-siyasi, elmi həyatı ilə bağlı ən aktual məsələlərə vətəndaş və ziyalı münasibətini ifadə edir. Bundan başqa, akademik bir sıra beynəlxalq konqreslərdə, o cümlədən ABŞ, Rusiya, Macarıstan, İran, Bolqarıstan, Yaponiya və digər ölkələrdə sanballı elmi mühazirələrlə çıxış etmişdir.

Yüksək elmi səviyyəsini, idarəçilik keyfiyyətlərini nəzərə alan ulu öndər 1999-cu il yanvarın 11-də Abel Məhərrəmovu BDU-nun rektoru vəzifəsinə təyin etmişdir. Yeni rektorun islahatlara meyilliliyi, işgüzarlığı, çevik idarəçi olması kadr seçimində heç zaman yanılmayan ulu öndər Heydər Əliyev tərəfindən də daim dəyərləndirilmiş, layiq olduğu yüksək qiyməti almışdır. Elm və təhsilin inkişafında nailiyyətlərinə görə o, 11 fevral 2000-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.

Son 10 ildə A.Məhərrəmovun rəhbərliyi altında universitetdə təhsilin məzmun və formaca yeniləşdirilməsi, aparıcı ölkələrin təcrübəsinin mənimsənilməsi istiqamətində ciddi addımlar atılmışdır. Bu nüfuzlu ali təhsil ocağında ictimai fəallıq yüksəlmiş, gənclərin BDU-nun elmi həyatında və idarəçiliyindəki rolu yüksəlmişdir. Eyni zamanda, dünya miqyasında universitetin mövqeləri möhkəmlənmiş, elmi-pedaqoji kadrlarının beynəlxalq elmi konfranslarda və simpoziumlarda iştirakı həm keyfiyyət, həm də kəmiyyət baxımından artmışdır.

Keyfiyyətli təhsil, ilk növbədə, nizam-intizamdan, qaydalara uygun davranış normalarından başlanır. Bu gün həmin normalar BDU-da mühüm keyfiyyət faktına çevrilmiş, yaradılan dəmir intizam, tədrisin keyfiyyətinə gündəlik nəzarət fəaliyyətin səmərəliyini xeyli dərəcədə artırmışdır. BDU-nun yerləşdiyi ərazidə inşa edilən müasir idman kompleksi, üzgüçülük hovuzu, habelə tədris korpuslarında aparılan əsaslı təmir işləri, yaradılan maddi-texniki baza çoxsaylı kollektiv tərəfindən rəğbətlə qarşılanmışdır.

Ölkədə elm və təhsilin inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin reallıqları, həyata keçirilən islahatların istiqaməti Bakı Dövlət Universitetinin fəaliyyətində ciddiliklə nəzərə alınır. BDU-nun professor-müəllim heyəti ölkə başçısının elm və təhsilin inkişafına xidmət edən sərəncamlarını, dövlət proqramlarını rəhbər tutaraq respublika üçün layiqli milli kadrlar hazırlamaqla yanaşı, dünya elminə inteqrasiya istiqamətində də ardıcıl tədbirlər həyata keçirir.

Cəmiyyətin inkişafında, onun həyat səviyyəsinin yüksəlməsində, mədəniyyət və sivilizasiyanın tərəqqisində elmin həlledici rolu Azərbaycanın Avropa təhsil və elm məkanına inteqrasiyası prosesinin daha da sürətləndirilməsini, bu sahədə həyata keçirilən islahatların intensivləşdirilməsini tələb edir. Həmin məqsədlərin həyata keçirilməsi, habelə dünya elminə inteqrasiyanın sürətləndirilməsi üçün universitet rektorunun əmrilə 2008-ci ilin noyabrında BDU-da Beynəlxalq elm və təhsilə inteqrasiya şöbəsi yaradılmışdır.

Təhsil ocağının professor-müəllim heyətinin, elmi işçilərin, aspirant və dissertantların, tələbələrin elmi əməyinin adekvat qiymətləndirilməsi, gənc tədqiqatçıların elmə həvəsinin daha da artırılması, ümumən alimlərin maddi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə rektorun əmrilə BDU-nun 90 illik yubileyi ərəfəsində "50+50" adlı qrant proqramı təsis edilmişdir. Proqrama görə, elm və təhsildə, eləcə də ictimai fəaliyyətdə uğurları dəyərləndirmək məqsədilə professor-müəllim heyətindən 50 nəfərə, aspirant və magistrantlardan 25 nəfərə, habelə 25 tələbəyə fərdi qrantlar ayrılmışdır.

Müasir dövrdə kompüter və informasiya texnologiyalarının geniş tətbiq olunmadığı hansısa ali təhsil müəssisəsində yüksək tədrisdən, elmi yeniliklərdən danışmaq mümkün deyildir. Universitet rəhbərliyi də bu reallığı nəzərə alaraq innovasion yeniliklərin geniş tətbiqi istiqamətində ardıcıl addımlar atır. BDU-nun İnformasiya Texnologiyaları Mərkəzi 20 elmi-tədris sinfini özündə birləşdirən müasir kompüter avadanlıqları və proqram vasitələri ilə təchiz olunmuşdur. Universitetin ötən il istifadəyə verilmiş III tədris korpusundakı bütün dekanlıqlar və kafedralar internet şəbəkəsinə qoşulmuş, onların optik xətt vasitəsilə BDU-nun əsas serverinə çıxışı təmin olunmuşdur. Yeni korpusda 11 kompüter sinfi yaradılaraq tələbələrin ixtiyarına verilmişdir.

Akademik Abel Məhərrəmov həm də təşəbbüskar ziyalıdır. Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində BDU-nun III korpusunun tez bir zamanda istifadəyə verilməsi də universitet rektorunun fəal səylərinin, idarəçilik və təşkilatçılıq qabiliyyətinin parlaq nümunəsidir. Dövlət başçısı yeni korpusun təntənəli açılış mərasimində iştirak edərək dərin məzmunlu nitq söyləmiş, eyni zamanda dəyərli tövsiyə və tapşırıqlarını vermişdir.

2008-ci ildə yeni tədris korpusunu istifadəyə verən, göz oxşayan auditoriyalarının qapısını minlərlə gəncin üzünə açan universitet yubiley ərəfəsində böyük təmir-tikinti meydançasına çevrilmişdi. Bütün korpuslarda, auditoriya və laboratoriyalarda, idman komplekslərində, tələbə-müəllim yeməkxanalarında yüksək estetik zövqlə, eyni zamanda keyfiyyətlə aparılan yenidənqurma işləri bu nüfuzlu elm məbədinin əzəmətli görkəmində klassika ilə müasirliyin uğurlu sintezini yaratmışdır.

Universitetin 90 illik yubileyinin respublika miqyasında geniş qeyd olunması, bu prosesin ümumən təhsil sistemində son illərin ən əlamətdar hadisələrindən birinə çevrilməsi də məhz dövlət başçısı İlham Əliyevin xidmətləri ilə bağlıdır. Azərbaycan Prezidentinin 24 aprel 2009-cu il tarixli "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı ilə yubiley tədbirlərinə start verilmiş, müxtəlif səviyyələrdə universitetin keçdiyi tarixi yola bir daha nəzər salınmış, onun dövlət və xalq qarşısındakı xidmətləri yüksək dəyərləndirilmişdir. Azərbaycanın elm, təhsil və mədəniyyətinin möhtəşəm məbədinə, ölkənin iqtisadi, siyasi və mədəni səviyyəsinin barometrinə çevrilmiş BDU-nun yubiley tədbirləri onun cəmiyyətdəki yüksək adına layiq şəkildə keçirilmiş, bu proses ölkə hüdudlarından kənarda da böyük diqqət çəkmişdir.

Yubiley çərçivəsində Avrasiya Universitetlər Assosiasiyasının prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antonoviç Sadovniçinin, Qara Dəniz Ölkələri Hövzəsi Universitetləri Assosiasiyasının prezidenti Mixaylo Zuqrovskinin, Xəzəryanı Ölkələri Universitetləri Assosiasiyasının rəhbəri, professor German Borlikovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin və dünyanın 70 aparıcı universitetin rəhbərlərinin Bakıya səfəri də BDU-nun beynəlxalq əlaqələrinin miqyası barədə kifayət qədər dolğun təsəvvür formalaşdırır.

Belə səmərəli əməkdaşlıq əlaqələrini təmin edən ən başlıca amil, şübhəsiz, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu xarici siyasət strategiyası, dünyanın bir sıra dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları ilə münasibətlərin gündən-günə inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi faktıdır. Bu gün Azərbaycana səfər edən dünyanın ən tanınmış siyasi xadimlərinin, müxtəlif ölkələrin dövlət başçılarının, ayrı-ayrı beynəlxalq təşkilatların rəhbərlərinin Bakıda üz tutduqları əsas ünvanlardan biri də məhz BDU-dur. Eyni zamanda universitetdə təhsil alan tələbələrin, məzunların da səsi dünyanın ən müxtəlif ölkələrindən eşidilir, BDU-nun sərhədləri genişlənir, bu təhsil ocağının qapıları bütün dünyaya açılır.

Akademik Abel Məhərrəmovun universitetdə elmin, ali təhsilin inkişafı naminə həyata keçirdiyi ardıcıl tədbirlər yubileylə əlaqədar bu elm məbədində olmuş əcnəbi elm xadimlərində yüksək rəğbət doğurmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik V.A.Sadovniçi yubiley mərasimindəki çıxışında vurğulamışır ki, BDU yarandığı andan təkcə ölkənin deyil, bütövlükdə bölgənin tarixi yeniləşdirmə prosesində avanqard rol oynamışdır.

Bütün həyatını Azərbaycan elminin, təhsilinin inkişafına, dövlətin sabahı üçün layiqli mütəxəssislərin hazırlanmasına həsr etmiş Abel Məhərrəmov 2005-ci ilin noyabrından daha bir məsuliyyətli missiyanı da üzərinə götürmüşdür. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə Yasamal rayon seçicilərinin böyük etimadını qazanaraq deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-İspaniya, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olan akademik Abel Məhərrəmov bu gün həm də müstəqil Azərbaycanda həyata keçirilən demokratik islahatların qanunvericilik bazasının hazırlanması işində, qanunların təkmilləşdirilməsində səylərini əsirgəmir. Parlament seçkiləri zamanı ona etimad göstərmiş vətəndaşların sosial qayğıları, onların üzləşdikləri problemlər də Abel müəllimin daim diqqətindədir.

Əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olmasıdır. Çünki bu mövqe bir çox hallarda öz yolunu müəyyənləşdirmək üçün ziyalı sözünə ehtiyacı olan vətəndaşlar üçün də istiqamət rolunu oynayır. Abel Məhərrəmovun mövqeyi də dövlətçilik mövqeyidir, böyük öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyidir.

Bütün reallıqların göz önündə dayandığı bizim günlərdə hadisə və proseslərə münasibətdə yanılma ehtimalı yoxdur. Lakin bizi bu günlərə gətirən yollar heç də enişsiz-yoxuşsuz, kəşməkəşsiz olmamışdır. Azərbaycanın dövlət müstəqilliyini qazandığı ilk illərdə ölkədə cərəyan edən ictimai-siyasi proseslərin mahiyyəti öz mürəkkəb xarakterinə və daxili ziddiyyətlərinə görə böhranlı vəziyyət yaratmış, mövcud şəraiti dəqiq qiymətləndirmək, onun sosial məzmununu müəyyənləşdirmək ən böyük suala çevrilmişdi. Və bu suala cavab tapmaq missiyası da məhz Abel müəllim kimi cəsarətli ziyalıların üzərinə düşürdü. O, ilk növbədə, özü üçün bu suala vaxtında cavab tapmış, başqalarını da öz qənaətinin düzgünlüyünə inandıraraq onları bu yola dəvət etmişdi. Abel Məhərrəmov Azərbaycanın xilası baxımından ən düzgün mövqeyi - ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik xəttini seçmişdi. 1993-cü ilin əvvəllərindən taleyini Yeni Azərbaycan Partiyası ilə bağlayaraq yaşadığı rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş, insanlar arasında geniş maarifləndirmə, təbliğat işi aparmışdı. YAP İdarə Heyətinin üzvü Abel Məhərrəmov bu gün də cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətə öz töhfəsini verir.

Akademikin rəhbərliyi altında BDU hazırda milli ideologiyamızın formalaşması, genişləndirilib inkişaf etdirilməsi və təbliği sahəsində böyük fəallıq nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin mənəvi irsinin, bu fövqəlbəşər şəxsiyyətin zəngin dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə çatdırılması sahəsində bu gün universitetdə fəaliyyət göstərən "Heydər Əliyev muzeyi" ciddi araşdırmalar aparır.

Yenilikçilik, məqsədyönlülük, islahatçılıq BDU-nun rektorunun xarakterik xüsusiyyətlərindəndir. Haqqın, ədalətin yerini tutması üçün o nəinki zəhmət sərfindən usanmır, öz prinsiplərindən bir addım da geri çəkilmir. Vaxtilə BDU-nun müəllimlərindən ötrü yaşayış binasının tikintisi üçün yer ayrılsa da, yerində digər obyektin inşa edilməsi, universitetin müəllimləri üçün itirilən torpaq sahəsinin uzun illərin mübarizəsindən, məhkəmə çəkişmələrindən sonra geri alınması, sökülən obyektin yerində alimlər üçün böyük yaşayış kompleksinin inşası bu prinsipiallığa bariz nümunə göstərilə bilər. Yubiley ərəfəsində BDU-nun professor-müəllim heyətindən 350 nəfərə dövlət başçısı İlham Əliyevin böyük qayğısı ilə inşa edilmiş həmin binalarda mənzillərin açarlarının təqdim edilməsi universitetin kollektivinə unudulmaz anlar yaşatmış, onların əməyinə verilən yüksək qiymətin təzahürü kimi yadda qalmışdır.

Akademik Abel Məhərrəmovun insanlarla ünsiyyət mədəniyyəti, təmkini, tələbkarlığı, iradəsi, nikbinliyi, gələcəyə inam hissi çoxları üçün örnək sayıla bilər. Bu keyfiyyətlər onun yüksək təvazökarlığında tamamlanır. Yüksək məmur imici və yorulmaz tədqiqatçı əzmi ilə tanınan akademik işgüzarlığı, təşkilatçılığı, müasir düşüncə tərzi ilə Azərbaycanın ziyalı elitasında layiqli qiymətini çoxdan almışdır.

Akademik Abel Məhərrəmovun elmi və ictimai-siyasi fəaliyyəti respublika rəhbərliyi tərəfindən də razılıqla qarşılanır. Azərbaycan Prezidenti İlham Əliyevin 30 oktyabr 2009-cu il tarixli sərəncamı ilə akademik Abel Məhərrəmovun "Şöhrət" ordeni ilə təltif olunması onun milli elm və təhsilin inkişafındakı xidmətlərinə verilən yüksək qiymətdir.

 

 

Mahmud KƏRİMOV,

AMEA-nın prezidenti,

Akademik

 

Azərbaycan.- 2010.- 15 yanvar.- S. 5.