Sağalmaz söz yarası

 

1990-cı ilin yanvarında ölkə tam iflic vəziyyətinə düşmüşdü. Qəzetlər çıxmırdı. Yanvarın 19-da Az.TV-nin enerji bloku partladıldığından televiziya verilişləri də dayanmışdı. 20 Yanvar qırğınından dərhal sonra informasiya blokadasını yararaq iki milyon tirajla nəşr olunan isə təkcə "Səhər" qəzeti idi. Məzahir Süleymanzadənin "Nurlan" nəşriyyat-poliqrafiya müəssisəsində çapdan çıxan "20 Yanvar: Güllələnmiş qəzet" kitabı faciənin 20 illiyinə həsr olunmuşdur. Kitaba müəllifin xatirələri, müsahibələri, 20 ildən sonra qanlı hadisələrə münasibətini əks etdirən materiallar daxil edilmişdir. Aşağıda həmin materiallardan birini dərc edirik:

 

Olan oldu, keçən keçmədi, bir qeyrət düyünü olub qəlbimizin başına yazıldı. "Qanlı şənbə" günü tarixə çevrildi. Şəhidlərimizi ana torpağa tapşırdıq, cüməaxşamını keçirdik, üçü, yeddini verdik. Allah onlara rəhmət eləsin. Allah hamımıza səbr versin...

Səbrli olun, bir də ona görə ki, bundan sonra tanıdığınız, inandığınız, bel bağladığınız, ümid bəslədiyiniz adamlar haqqında ziddiyyətli fikirlər eşidəcəksiniz. Nəticə çıxarmağa tələsməyin. Unutmayın ki, bizim azadlıq ordumuzun Çexoslovakiyada törətdiyi qırğına 21 ildən, Əfqanıstan müharibəsində yerli xalqa "qardaşlıq köməyinə" isə 10 ildən sonra düzgün siyasi qiymət verilmişdir. Bakı hadisələrinin tam mənzərəsi neçə aydan, neçə ildən sonra aydınlaşacaq? Bu, tarixin işidir. Tarix heç kəsin səhvini bağışlamır.

Hələlik gəlin bütün deyilənlərə səbrlə qulaq asaq, yazılanları diqqətlə oxuyaq.

Mətbəə işçiləri ümumi tətilə qoşulduqlarına görə əksəriyyətiniz mərkəzi qəzetlərin "qanlı şənbə"dən sonrakı nömrələrini oxumamasınız. Amma oxumaq lazımdır, heç olmasa ona görə ki, dostumuzu-düşmənimizi tanıyaq. Görək bizim haqqımızda nə yazırlar, görək şəhidlərimizin misli görünməmiş dəfn mərasimini ittifaq oxucularına necə çatdırırlar, görək bu qədər qan tökülməsinə nə ilə haqq qazandırırlar, görək rusların Bakıdan köçürülməsinə sərəncam verib ölkədə antiazərbaycan hərəkatı qaldıranlar kimlərdir??? Əlbəttə, bu suallar sizdə ittifaq qəzetlərinə maraq oyatsa da, onları tapa bilməyəcəksiniz. Odur ki, bir sıra materialların məzmunu ilə oxucuları tanış etməyi özümə borc bildim.

"Pravda", "İzvestiya", "Krasnaya zvezda" qəzetlərinin yanvarın 19-dan sonrakı nömrələrini vərəqlədikcə SİTA müxbirlərinin Bakıdan verdikləri xəbərləri nəzərdən keçirdikcə əsəblərimi güclə cilovlayıram. Azərbaycan xalqının timsalında "düşmən obrazını" məharətlə, xüsusi səylə yaradıblar. Bu materialları oxuyan ukraynalının, belarusun, latışın, estonun və xüsusilə də rusun mənim xalqım barədə nə düşünəcəyini təsəvvürə gətirmək o qədər də çətin deyil.

Əbdürrəhman Vəzirovun sonuncu mətbuat konfransını xatırlayıram. SİTA-nın müxbiri N.Demidov heyrətamiz səbirsizliklə soruşdu ki, Bakıda fövqəladə vəziyyət, nəhayət, elan ediləcəkmi? İndi məlum olur ki, niyə tələsirmiş. Budur, N.Demidovun qanlı gecədən SİTA-ya verdiyi reportajdan sətirlər: " - Bəlkə musiqiyə qulaq asaq? - deyə serjant mənə göz vuraraq radioqəbuledicinin düyməsini basdı. Onun əlində avtomat silah, mənim əlimdə avtomat qələm vardı".

N.Demidov avtomat qələmini avtomat silahla müqayisə edir. Bu müqayisə çox yerinə düşüb, ona görə ki, avtomat qələmin vurduğu yara musiqi sədaları altında qan tökən əsgər avtomatının törətdiyi fəlakətdən təhlükəlidir. Çünki güllə yarası sağalar, söz yarası yox. N.Demidovun "obyektivliyindən" daha bir misal gətirib keçək o biri materialların şərhinə: "Yaşlı bir azərbaycanlı qadın əsgərlərə yaxınlaşıb dedi: "Mənim əziz balalarım, nə yaxşı ki gəldiniz, bizə çox lazımsınız, biz qorxuruq!"

Əlbəttə, azərbaycanlı qadın əsgərə xoşgəldin də deyər, qurbanolum da. Həmişə deyib də, hamımızın süfrəsi daim əsgərin üzünə açıq olub. Amma "şənbə gülləboranının" ertəsi günü yox. Həmin gün bütün Azərbaycan anaları ağı deyirdi, göz yaşı tökürdü...

Bakı dəniz limanındakı hadisələr barədə SİTA bildirir: "Admiral V.V.Sidorovun bəyanatına görə limanda heç bir blokada olmamışdır".

"SSRİ Xarici İşlər Nazirliyinin nümayəndəsi" Bakı dəniz limanında blokadanın yarılması barədə suala cavab verərkən bildirmişdir ki, iki qərargah gəmisini ələ keçirmək üçün dənizə desant salınmış, bu zaman hərbçilər tərəfindən bir güllə belə atılmamışdır".

"Paraşüt-desant bölməsi Xəzər Donanması gəmilərinin iştirakı ilə Bakı dəniz limanında blokadanı ləğv etmişdir. Onlar iki gəmini terrorçulardan təmizləmişlər. Əməliyyat zamanı buraya gələn üçüncü gəmidən pulemyot və avtomat atəşi açılmış, iki hərbi qulluqçu ağır yaralanmışdır. Basqını zərərsizləşdirmək üçün desant-döyüş maşınının topundan xəbərdarlıq atəşi açılmışdır. Lakin terrorçular atəşi dayandırmamışlar. Belə olduqda desant-döyüş maşını gəminin gövdəsinə bir neçə atəş açmışdır. Topdan istifadə edilməsi nəticəsində tələfat olmamışdır".

Bir xəbərin üç variantı. Oxucu hansına inansın?

"İzvestiya"nın parlament şərhçisi V.Şepotkin qəzetin 24 yanvar tarixli nömrəsində iddia edir ki, 1982-ci ildə Brejnev Bakıya gələrkən ona bağışlanmış brilyantlı qılıncın müəllifləri məsuliyyətə cəlb olunsaydı, bu gün vəziyyət belə kəskinləşməzdi. Yəni bütün bu qırğının təşkilatçıları "gizli iqtisadiyyatın" rəhbəridir. "İzvestiya"nın xüsusi müxbirləri yanvarın 23-də Bakıdan verdikləri reportaja Rostov vilayətindən olan sıravilər Boris Borisovun və İqor Redkonun öldürülməsi ilə başlayırlar. Əlbəttə, bu sətirlər qəlbimizi ağrıdır. Amma öldürülən təkcə əsgərlərdimi? Günahsız şəhidlərin də analarına, bacılarına təsəlliverici bir söz demək olmazdımı?

Yanvarın 25-də dərc edilmiş növbəti reportaj. "Gecələr bəzi adamlar motosikletlə şəhəri dolaşır, piyada patrul dəstələrinə hücum çəkirlər. Evlərin pəncərələrindən zirehli texnikaya benzin dolu bankalar atılır. Bəzi evlərin divarlarına üzərində "qatillər" yazılmış əsgər və zabit şəkilləri yapışdırılmışdır. Şayiə gəzir ki, şəhidlərin əvəzinə şəhərin rus əhalisi cavab verməli olacaq, xalq cəbhəsinin üzvü olmayan bakılılar da cəzalarına çatacaqlar".

Sonra müxbirlər bakılıların binaların birinə vurulmuş "Böyük Oktyabr XX əsrin əsas hadisəsidir" şüarını qoparmaq cəhdindən söhbət açır, bu zaman əsgərlərin özlərini olduqca təmkinli apardıqlarını bildirirlər. Görəsən, Bakıda "Böyük Oktyabr XX əsrin əsas hadisəsidir" şüarının qoparılması cəhdi böyük qəbahətdir, yoxsa Moskvada, Leninqradda V.İ.Leninin portretinin nümayişkaranə cırılması? Reportajın axırında Azərbaycan SSR Ali Sovetinin sessiyası haqqında qısa məlumat verilir və göstərilir ki, deputatlar qoşunların tezliklə şəhərdən çıxarılmasını tələb etmişlər.

"İzvestiya"nın xüsusi müxbiri İ.Andreyev qəzetin 26 yanvar tarixli nömrəsində Bakıdan köçürülən rusların, zabit ailələrinin aqibətini elə təsvir edir ki, sanki onlar - qadınlar, qocalar, uşaqlar, hətta südəmər körpələr vəhşilərin əlindən canlarını qurtarıb özlərini güclə aeroporta çatdırmışlar. Müxbir yazır: "İndi onlar rahat nəfəs ala bilərlər, çünki buradan Moskvaya cəmisi üç saatlıq uçuşdur". Yüksək rütbəli hərbçilər də Bakının rusdilli əhalisinin döyüldüyünü, təhqir olunduğunu bildirir, çıxış yolunu yalnız onların köçüb canlarını qurtarmasında görürlər.

Həmin nömrədə Q.Alimovun "Didərginlər Moskvaya gəlirlər" adlı reportajı da dərc olunub. İki qadın və bir uşaq təsvir olunmuş şəklin altında yazılıb: "Azərbaycandan 53 təyyarə gəlib, on minə yaxın didərgin gətirib. Bunlar - hərbçi ailələridir. Bunlar - qadınlar, uşaqlar, qocalardır. Bunlar - ruslardır..."

İlahi, nələr yazılmayıb bu reportajda? "Bakıda yaşamaq mümkün deyil", "Mağazada bizə çörək də satmırlar", "Hamı ruslardan üz döndərib", "Bizi döyürlər, təhqir edirlər", "Nə olur-olsun, bir də Bakıya qayıtmaram..."

Sonra müxbir göstərir ki, əsgərlər hərbi akademiyalarda papaqlarını götürüb didərginlər üçün qəpik-quruş yığırlar. Çünki onlar canlarını bakılıların əlindən güclə qurtarıb Moskvaya pulsuz qaçmışlar. Təcili olaraq ölkənin bir neçə bankında Azərbaycandan "qovulmuş" didərginlərə yardım üçün xüsusi hesab açılmışdır.

Əlbəttə, didərginə, evsiz-eşiksizə əl tutmaq, kömək etmək lazımdır. Amma bunu antiazərbaycan kampaniyasına çevirmək bədxahlıqdır. "İzvestiya"nın Bakıda güclü qar yağan gün, ermənilərin şəhərdən köçdüyü zaman çəkdiyi şəkli saxlayıb yanvarın 27-də dərc etməsinə başqa nə ad vermək olar? Həmin nömrədəki reportajda da şəhərdəki əsas hadisələrdən çox rusların Bakıdan qovulmasından, onlara vurulan fiziki və mənəvi zərbədən bəhs edilir.

Sən demə, SSRİ müdafiə naziri, ordu generalı D.T.Yazov bir müddət Azərbaycanda xidmət edib, xalqımızın istiqanlığına, qəlbimizin təmizliyinə yaxşı bələddir. Heç olmasa o, Azərbaycandan zabit ailələrinin köçürülməsinin qarşısını vaxtında ala bilərdi. Buna nüfuzu da imkan verirdi, səlahiyyəti də çatırdı.

"İzvestiya"nın 28 yanvar nömrəsi. Birinci səhifədə R.Qutionotovun "Əsgərin borcu və ictimaiyyətin borcu" məqaləsi diqqəti cəlb edir. Müəllif əmindir ki, Bakıda fövqəladə vəziyyət elan etməkdən başqa çıxış yolu yox idi. Mən onun yerinə olsaydım, qəti fikir söyləməyə tələsməzdim. Çünki bu məsələ hələ müzakirə olunmayıb, hələ əsl həqiqət ortaya çıxarılmayıb.

Bakı dəniz limanından şəkil. Qaçqınlar gəmiyə minmək üçün basabas salıblar... Ümumiyyətlə, "İzvestiya"nın dərc etdiyi şəkillərə baxdıqca Ermənistandan vəhşicəsinə qovulmuş azərbaycanlı didərginlər yadıma düşür. O zaman onların şəkillərini qəzetdə dərc etmək istədik, Əbdürrəhman Vəzirov "məsləhət görmədi". Bu faciəli şəkillər mərkəzi qəzetlərin səhifələrində də görünmədi. Beləliklə, ölkə 200 mindən artıq azərbaycanlı didərginin faciəsindən əməlli-başlı xəbər tutmadı. İndi Moskva Hərbi Dairəsinə Bakıdan 14.377 nəfər rus köçürülüb, bütün dünyaya car çəkirlər. Bütün bunların nəyə, hansı məqsədə xidmət etdiyini indidən söyləmək çətindir. Amma bir şey qəti aydındır: azərbaycanlılarla rusların arasına, müsəlmanlarla xristianların arasına şübhə toxumu səpmək nə yenidənqurmaya xidmət edir, nə də xalqlar dostluğunun möhkəmləndirilməsinə. Hələlik bunu təkcə "Zaman" xəbərlər proqramının əməkdaşları başa düşüblər. Görəsən, "7 Gün" proqramına baxan "İzvestiya" müxbirləri Bakıda ruslara əsl münasibəti, özü də rusların, hərbçilərin öz dilindən eşidəndə hansı hissləri keçirdilər?

"7 Gün" proqramının aparıcısı A.Tixomirova bir də ona görə minnətdarıq ki, öz həmkarlarının səhvlərini düzəldərək həqiqəti dedi: öldürülənlər arasında qadınlar da, uşaqlar da var.

Bəs Qafqaz hadisələri barədə ordu qəzeti - "Krasnaya zvezda" nə yazır? Qəzetin 20 Yanvar tarixli nömrəsində Yerevandan verilmiş bir məqalə olduqca maraqlıdır. Müəllif V.Kosarev göstərir ki, Yerevanda və respublikanın digər şəhərlərində çoxminli mitinqlər keçirilir. Televiziya və radio vasitəsilə mitinqlərin başlanacağı vaxt bildirilir. Əsas tələb belədir - erməni əhalisinin müdafiəsi üçün bizə silah verin. Minlərlə adam "Ümummilli erməni hərəkatı" təşkilatına gedib müdafiə dəstələrinə üzv yazılır. Silahı olmayanların siyahısı ayrıca tutulur ki, onlar silahla təmin edilsinlər.

Hərbçilərin və onların ailə üzvlərinin ünvanına hədələr yağdırılır. Naməlum şəxslər general-mayor İ.Kondratyuku və dörd zabiti tutub girov saxlamışlar. Tələb edirlər: silah verin, sursat anbarlarının yerini göstərin.

Ermənistan KP MK-nın birinci katibi S.Arutyunyan təcili Moskvaya gedərək ölkənin partiya və dövlət rəhbərləri ilə görüşüb və yanvarın 18-də axşam bu görüş barədə televiziya vasitəsilə əhaliyə məlumat verib.

Bax, belə. Yanvarın 18-də Yerevanda silahlanmış adamların hərbçilərə və onların ailə üzvlərinə münasibəti də, yaranmış təhlükə də, radio və televiziyanın saqqallı ekstremistlərə xidmət etməsi də bu xəbərdən aydın olur. Bəs niyə fövqəladə vəziyyət Yerevanda yox, ancaq Bakıda elan olunub?

"Krasnaya zvezda"nın 24 yanvar tarixli nömrəsində dərc olunmuş materiallarda Bakıda, Yerevanda və Naxçıvanda vəziyyət təhlil olunur. Müxbir Bakıdan verdiyi materialda yazır: Yerli əhali qabağımızı kəsib soruşur: "Ruslar niyə köçürlər?", "Hərbçilər öz ailələrini nə səbəbə aparırlar?"

Bəli, azərbaycanlılar bu köçhaköçün səbəbini bilmirlər, rusların Bakını tərk etməsini istəmirlər.

25 yanvar tarixli "Krasnaya zvezda"da şeyxülislam Allahşükür Paşazadənin M.S.Qorbaçova məktubuna xüsusi diqqət yetirilir və ondan sitat gətirilir: "Biz bunu heç vaxt unutmayacaq və heç kəsə bağışlamayacağıq". Sonra müxbir yazır ki, əsasən rusdilli əhalinin yaşadığı Artyom adasının suyu və qazı kəsilmişdir, çörək gətirilmir.

Artyom adasını bilmirəm, rusların yaşamadığı bizim binada da su və qaz kəsilmişdi. Bakıda belə şeylər tez-tez olur.

Qəzetin 26 yanvar tarixli nömrəsində təzə xəbər odur ki, Stavropoldan Bakıya gələn ehtiyat əsgərlər arasında Sov.İKP vilayət komitəsinin katibi İ.Nikişin, diyar, şəhər və rayon partiya komitələrinin, icraiyyə komitələrinin 60 nəfər işçisi də olmuşdur. Onlar əsgər şineli geyərək əvvəldən axıradək Bakı əməliyyatında iştirak etmişlər.

 

 

Azərbaycan.- 2010.- 15 yanvar.- S. 6.