Bu gün də yorulmadan çalışan, elm və istehsalat sahəsində səmərəli fəaliyyətini davam etdirən akademik Xoşbəxt Yusifzadə

 

Azərbaycan neftinin canlı əfsanəsi, əməkdar mühəndis, SSRİ-nin fəxri neftçisi, neft sənayesinin korifeylərindən biri, görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin 80 illik yubileyi münasibətilə "İki sahil" qəzetinin xüsusi buraxılışı nəşr edilmişdir.

 

Rəngli, illüstrativ materiallarla zəngin 40 səhifəlik xüsusi buraxılış akademik Xoşbəxt Yusifzadənin "Hələ ki yaşayır, çalışır, düşünür, sözümu deyirəm və hərdən bu barədə fikirləşəndə yadıma dünyagörmüş kişilərin sözü düşür: Biz əlimizdən gələni, bacardığımızı etdik, qoy bizdən sonra gələnlər onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər!" fikri ilə başlayır.

İkinci səhifədə bu gün Azərbaycana böyük uğurlar qazandıran neft strategiyasının banisi ulu öndər Heydər Əliyevin 1999-cu il iyulun 12-də "Şahdəniz" yatağında əldə edilmiş nəticələrin təqdimat mərasimindəki nitqində söylədiyi "Bu gün şəxsən mənim üçün böyük bir bayramdır. Çünki hörmətli Xoşbəxt Yusifzadə burada xatırlatdı. 1969-cu ildə mən Azərbaycana başçılıq etdiyim zamandan - 70-80-ci illərdə Azərbaycanın neft sənayesinin inkişaf etdirilməsi üçün çox böyük işlər görmüş və böyük xidmətlər göstərmişdim. Xoşbəxt Yusifzadə düz deyir, əgər o illərdə biz Xəzərin dərinliklərində olan neft və qaz yataqlarından istifadə edilməsi üçün lazımi maddi-texniki baza yaratmasaydıq və bu işləri aparmasaydıq, şübhəsiz ki, indiki nailiyyətləri əldə edə bilməzdik. ... Bu gün "Şahdəniz" konsorsiumunun prezidenti bəyan etdi ki, 400 milyard kubmetr qaz var, ancaq 700 milyard kubmetrə qədər çata bilər. Bizim çox hörmətli geoloqumuz isə, - demək olar ki, Azərbaycanda Xəzər dənizini Yusifzadə kimi bilən ikinci adam yoxdur, - deyir ki, orada bir trilyon kubmetrə qədər qaz olacaqdır" fikri qeyd olunur.

Sonrakı səhifələrdə Xoşbəxt Yusifzadənin neft sənayesində keçdiyi böyük həyat yolu, sevimli neftçi peşəsi, həmkarları, doğmaları, dostları haqqında fikirləri öz əksini tapmışdır. Ayrı-ayrı illərdə rastlaşdığı təsadüflərin Xoşbəxt Yusifzadəyə qazandırdığı uğurlar xüsusi buraxılışda diqqətə çatdırılır. Təsadüflər müxtəlif illəri əhatə etdiyi kimi onların istiqamətləri də fərqli olur. Xoşbəxt Yusifzadənin həyatında bu məqamlar istənilən qədərdir. Ən başlıcası, neft mühəndisi ixtisasını seçməsində rastlaşdığı təsadüf xüsusi qeyd edilir. Orta məktəbi bitirdikdən sonra xeyli tərəddüdlərdən sonra həkim olmaq istəyir. Lakin Tanrının taleyinə yazdığı qismət onu bu qərarından daşındırır. Qarşılaşdığı növbəti təsadüf onun gələcək fəaliyyəti, adlı-sanlı neftçi olması üçün təməl olur.

Xüsusi buraxılışın diqqət çəkən yazılarından biri də "Mənalı ömrün yaddaqalan səhifələri"dir. Sevib-seçərək ailə qurduğu Fəridə xanımın onun həyatında, sonrakı illərdə qazandığı nailiyyətlərdə oynadığı böyük rol maraqlı məqamlarla qeyd edilir. Oğlu Bağı və qızı Eltac valideynlərinin yolunu davam etdirirlər.

Görkəmli neftçi-alimin həyat və fəaliyyətindən bəhs edən xüsusi nəşrdə Xoşbəxt Yusifzadənin rəhbərliyi altında Xəzər dənizində aparılan geoloji-kəşfiyyat işlərinin parlaq nəticələri konkret faktlarla diqqətə çatdırılır.

"Neft daşları sınaq meydanıdır" yazısında möcüzələr adasının onun həyatında oynadığı rol ətraflı şərh olunur.

Xoşbəxt Yusifzadənin neftçi-alim və peşəkar mütəxəssis kimi topladığı böyük təcrübə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində göstərdiyi səylər nəticəsində daha da zənginləşmişdir. Xoşbəxt Yusifzadə 1994-cü ildən Dövlət Neft Şirkətinin vitse-prezidenti, 2004-cü ildən birinci vitse-prezidentidir. Müstəqil Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsində, dünyanın tanınmış neft şirkətləri ilə bağlanmış müqavilələrin gerçəkləşməsində böyük əzmkarlıq göstərir.

Müstəqil Azərbaycanın ali mükafatları - "İstiqlal", "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunması, 80 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin sərəncamı da xüsusi buraxılışın səhifələrində öz əksini tapmışdır. Dövlət başçısının sərəncamında da bildirilir ki, ölkəmizdə zəngin neft-qaz yataqlarının kəşf edilməsi və işlənməsində, neft sənayesi və elminin inkişafında, Xəzər dənizindəki genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində Xoşbəxt Yusifzadənin böyük xidmətləri vardır. Xəzər dənizinin Azərbaycan sektorunda onun rəhbərliyi və bilavasitə iştirakı ilə 20 neft və qaz kondensat yatağı - "Bahar", "Günəşli", "Azəri", "Çıraq", "Kəpəz" və digər yataqlar kəşf olunmuşdur.

Xüsusi buraxılışın "Unudulmaz anlar, görüşlər" yazısında ümummilli liderimizin respublikaya rəhbərlik etdiyi 30 ildən artıq bir müddətdə Xoşbəxt Yusifzadənin Heydər Əliyevlə görüşləri, dahi şəxsiyyətin onun haqqındakı xoş sözləri qeyd edilir.

"İllər onu tanınmış alim, neftçi kimi məşhurlaşdırdı" yazısında bir daha vurğulanır ki, Xoşbəxt Yusifzadə respublikanın neft və qaz sənayesinin aktual problemlərinin həllinə yönəlmiş elmi yaradıcılıqla məşğuldur. 1961-ci ildə namizədlik, 1987-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir, 170-dək elmi məqalənin, 17 monoqrafiyanın, 6 ixtiranın müəllifidir.

Xüsusi buraxılışa "Yeni iş günü başlanır" sözləri ilə yekun vurulur. Xoşbəxt Yusifzadə bu gün də yorulmadan çalışır, elm və istehsalat sahəsində öz səmərəli fəaliyyətini davam etdirir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 15 yanvar.- S. 7.