Milli kino
salnaməsini yaradanlar
Azərbaycan kinosunun keçmişi, bu günü və gələcəyi barədə düşünəndə
gözlərim qarşısında
Aydın Kazımzadənin
nurlu çöhrəsi,
çoxcəhətli yaradıcılığı
və pedaqoji fəaliyyəti, yazdığı
kitablar canlanır. Əli qələm
tutan yazarlar-jurnalistlər,
kinoşünaslar, tədqiqatçılar
arasında kino sənətimizə onun qədər bağlı olan, Azərbaycan kino tarixini, kino salnaməsini yaratmaq üçün ağır zəhmətə
qatlaşan ikinci bir şəxs tanımıram. 46 ildir
ki, bu cəfakeş
insan səbrlə, yorulmadan Azərbaycan kinosunun tarixinə dair faktların elmi cəhətdən sistemləşdirilməsi, ekran
sənətimizin nisbətən
az tədqiq
olunmuş, qaranlıq
məqamlarına aydınlıq
gətirilməsi, bu və ya digər
cəhətdən unudulmuş
kino xadimlərimizin layiq olduqları haqqın özlərinə
qaytarılması istiqamətində
səmərəli fəaliyyət
göstərir.
1963-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini
bitirmiş Aydın Kazımzadənin əmək
fəaliyyətinə kino
sahəsində başlaması
- "Kino" qəzetində əvvəlcə fotomüxbir
kimi işə düzəlməsi bəlkə
də təsadüfi idi. Amma bu təsadüf
Azərbaycan ekran sənətinin yeni tarixinin tədqiqi, dünya kinosunda baş verən yeniliklərin ölkəmizdə,
Azərbaycan kinosunun nailiyyətlərinin xaricdə
təbliği kimi yaradıcılıq missiyasının
həyata keçirilməsi
sahəsində coşqun
bir fəaliyyətin əsasını qoydu.
Ötən müddət ərzində
Aydın Kazımzadə
öz yaradıcılığında
böyük bir yüksəliş yolu keçdi. İşgüzarlığı,
təşəbbüskarlığı sayəsində o, "Kino" qəzeti
və "Film" jurnalı
redaksiyasında fotomüxbirlikdən
baş redaktor vəzifəsinə qədər
yüksəlir, az sonra Dövlət Kino Komitəsi yanında Məlumat - Reklam Bürosunun direktoru kimi ciddi bir
vəzifənin məsuliyyətini
də öz üzərinə götürür.
A.Kazımzadə tezliklə öz
işi, çoxcəhətli
fəaliyyəti ilə
üzərinə düşən
vəzifənin öhdəsindən
layiqincə gəldiyini
sübut edir. Bu vəzifələrdə işlədiyi illərdə
Azərbaycan kinosunun uğurlarının təbliği,
Azərbaycanda kino mətbuatının inkişafı,
dünya kinosunun ənənə və nailiyyətlərinin Azərbaycan
tamaşaçısına çatdırılması, kinematoqrafiyamızla
bağlı problemlərin
həll edilməsi istiqamətində Aydın
müəllimin gördüyü
işlər təqdirəlayiqdir.
Onun müxtəlif mətbuat orqanlarında açdığı
hər yeni rubrika, bu rubrikalar
altında dərc etdirdiyi məqalələr
kino sənətimizin
o vaxta qədər diqqətdən kənarda qalan yeni-yeni cəhətlərini üzə
çıxarırdı. O, bir tərəfdən tanınmış kino xadimlərinin portretlərini
yaradırdısa, digər
tərəfdən onlardan
aktual müsahibələr
alırdı: tədqiqatçı
səriştəsilə bu
və ya digər problemlər ətrafında araşdırmalar
aparırdı. Ötən
əsrin 60-cı illərində
qəzetlərin birində
açdığı "Ekranda görmədiyimiz adamlar" rubrikası altında gedən materiallarında diqqəti
filmin yaradılmasında
mühüm əməyi
olan, lakin nədənsə jurnalistlərin
o qədər də maraq göstərmədiyi
peşə sahiblərinə,
onların əməyinə
yönəltməyi də
bacarırdı. Kino mövzusunda qələmə
aldığı məqalə,
zarisovka və oçerklərinin sayını
yəqin ki, Aydın müəllim özü itirib, lakin onların uğurluları ilə bağlı təəssüratlar
indi də yaddaşımızdadır.
Yaradıcılıq mühitində dəyərli
sözü vaxtında
görüb qiymətləndirmək,
başqalarının nailiyyətlərinə
sevinmək, imkan daxilində istedadlı gənclərin qarşısında
yaşıl işıq
yandırmaq heç də hamıya nəsib olmayan xüsusi istedaddır. Aydın
müəllimin diqqət
və qayğısını
öz üzərində
hiss edən bir şəxs kimi qətiyyətlə deyə
bilərəm ki, onun xisləti məhz bu istedadla
yoğrulmuşdur.
Aydın Kazımzadə təkcə
peşəkar jurnalist,
redaktor kimi yox, həm də
yaxşı təşkilatçı
kimi yetişmişdir. O, Moskvada,
Sankt-Peterburqda, Bişkəkdə,
Düşənbədə və digər şəhərlərdə, keçmiş
SSRİ-nin Arxangelsk vilayətindən tutmuş,
BAM-ın Klkan qəsəbəsinə, uzaq
Sibirə qədər
bir çox bölgələrində, Finlandiyada
Azərbaycan kinosu günlərinin keçirilməsinin
təşəbbüsçüsü olmuş, bu tədbirlərdə kino mətbuatının nümayəndəsi
kimi Azərbaycanı təmsil etmişdir. A.Kazımzadə Moskva, Kişinyov, Daşkənd,
Aşqabad, Bişkək,
A.Kazımzadənin kino sahəsində fəaliyyəti
yalnız qəzet redaktorluğu və jurnalist yaradıcılığı
ilə məhdudlaşmır,
o, eyni zamanda bir müddət Azərbaycan Dövlət Televiziyasının dublyaj
şöbəsində çalışmış,
onlarla xarici filmin ana dilimizdə
səsləndirilməsində xidməti olmuşdur. O bu qurumda şöbə
müdiri, redaktor və tərcüməçi
kimi iştirak etmişdir. "Azərbaycantelefilm"
Yaradıcılıq Birliyində
onun ssenariləri əsasında çəkilmiş
"Zərgər", "Hüseyn Seyidzadə",
"Atikva - ümid deməkdir" sənədli
filmləri Aydın müəllimin həm də potensial ssenariçilik istedadından
soraq verir. O
"Azərbaycanfilm" kinostudiyasında
istehsal edilən "Parlament", "Müstəqilliyin
keşiyində" və
başqa sənədli
filmlərin redaktoru olmuşdur.
Azərbaycan kino muzeyinin müdiri, "Azərbaycan
Kino Ensiklopediyası"nda baş redaktor müavini-icraçı direktor
vəzifələrində çalışdığı
illərdə A.Kazımzadə
istedadının yeni cəhətlərini üzə
çıxartdı. Belə ki,
müxtəlif arxiv materiallarını dərindən
öyrənməsi, bəzi
tarixi faktları məhz bu materiallar
fonunda nəzərdən
keçirib qiymətləndirməsi
onun 90-cı illərin
sonunda sözün yaxşı mənasında
hamıda şok terapiyası doğuran sensasiyalı açıqlama
verməsi ilə nəticələndi. Bu açıqlamaya görə,
Azərbaycan kinosunun tarixi 1916-cı ildən yox, 1898-ci ildən başlayırdı və
deməli, 1998-ci ildə
kinomuzun 100 yaşı
tamam olurdu. Əlbəttə, bu versiya əsassız yaranmamışdı.
1898-ci ildə Azərbaycanda film çəkilməsi
faktını başqa
tədqiqatçı da
qeydə almışdı.
A.Kazımzadə isə həmin
faktı adi hadisə kimi yox, milli kinomuzun
təvəllüdü kimi
qiymətləndirməyə imkan verən dəlillərə istinad edərək daha obyektiv və elmi surətdə əsaslandırmağa çalışmışdı.
Təbii
ki, onun irəli sürdüyü
versiya birmənalı
qarşılanmadı, mətbuatda
bu versiyanın həqiqəti əks etdirməməsi ilə bağlı yazılar da dərc edildi.
A.Kazımzadə öz opponentləri
ilə cəsarətlə
polemikaya girərək
mövqeyinin düzgünlüyünü
əsaslandırmaq üçün
yeni arqumentlər ortaya qoydu, o vaxt Bakıda çəkilmiş lentlərdən
ikisinin Parisin kino arxivindən gətirilməsinə nail oldu.
Onun bu arqumentləri opponentlərinin gümanlarından,
ehtimallarından daha inandırıcı təsir
bağışladı. Aydın müəllim başladığı
işi uğurla başa çatdırdı,
bu həqiqətin istər Azərbaycanda, istərsə də xaricdə tarixi fakt kimi qəbul
edilməsinə nail oldu.
Ulu öndər Heydər Əliyev bu tarixi faktı sərəncamla təsdiq etdi. Nəticədə
2000-ci ildən başlayaraq
hər il
avqustun 2-si Azərbaycanın
kino günü kimi qeyd olunur.
İşgüzarlıq, prinsipiallıq bu gün də A.Kazımzadənin yaradıcılıq
fəaliyyətini səciyyələndirən
ən xarakterik keyfiyyətlərdir. Hazırda o, Azərbaycan Dövlət
Film Fondunun baş mütəxəssisi kimi bu qurumun arxivinin
yeni sənədlərlə
və eksponatlarla zənginləşməsi üçün
gərgin iş aparır. Respublika Film Fondunun keçirdiyi
elə bir tədbir, elmi konfrans yoxdur ki, orada Aydın
Kazımzadə maraqlı
məruzələrlə çıxış
etməsin. Və nəhayət,
A.Kazımzadə üzərində
çoxdan bəri işlədiyi böyük
tədqiqat əsəri
- "Azərbaycan Kino Ensiklopediyası"nı
(2 cilddə) tamamlayıb
çap üçün
hazırlamışdır.
Aydın
Kazımzadə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin dosentidir. O, milli kino tarixindən
mühazirələr oxuyur. Təkcə kino mütəxəssislərinin
və bu sahədə ixtisaslaşan tələbələrin
yox, bu sənətlə maraqlanan bütün şəxslərin
də istifadə etdikləri "Heydər Əliyev və
"kinematoqraf", "Azərbaycan kinosunun salnaməsi"
(2 cilddə), "Azərbaycan
kinematoqrafçıları" (1-ci cild), "Bizim "Azərbaycanfilm",
"Üzeyir Hacıbəyov və kino", "Azərbaycan
kinosu və müharibə", "Rasim Ocaqov" və
başqa kitablarını çap etdirmişdir.
Aydın
Kazımzadə milli kinomuzun əsl bilicisidir, - desəm qətiyyən
yanılmaram.
Çox uzaq illərdə istehsal olunan filmlərimizin çəkiliş
prosesi, prokat taleyi, bu filmlərdə hətta epizodlarda rol
almış aktyorlar, pirotexniklərdən tutmuş rejissorlara
qədər yaradıcı heyətin bütün üzvləri
barədə verilən suala cavab verir, heç kəsin bilmədiyi,
arxiv materiallarından götürdüyü qiymətli məlumatları
sərgiləməkdən məmnunluq duyur.
70 yaş insan
ömrünün müdriklik çağıdır. A.Kazımzadə
öz ömür yolunun bu mənzilinə alnıaçıq
qədəm qoyur. Bu xoşbəxtliyi ona bəxş
edən peşəsinə, milli kino sənətinə məhəbbəti,
gördüyü işlərin sanballı olmasıdır.
Şübhə etmirik ki, Aydın Kazımzadə bundan sonra da gənclik həvəsi ilə çalışacaq. Gərgin axtarışlarının bəhrəsi olan yeni-yeni əsərlərlə bizi, eləcə də kino həvəskarlarını sevindirəcəkdir.
Əlsəfdər HÜSEYNOV,
sənətşünaslıq namizədi
Azərbaycan.- 2010.- 15 yanvar.- S.7.