Azərbaycan Respublikasının
doqquz milyonuncu vətəndaşının sosial müdafiəsi
ilə bağlı bəzi tədbirlər haqqında
2010-cu il yanvarın 15-də respublikamızın doqquz milyonuncu sakini Əhmədli İlham İlkin oğlunun dünyaya gəlməsi ilə Azərbaycan artıq doqquz milyonluq əhalisi olan bir ölkəyə çevrildi. Bu hadisənin tarixi əhəmiyyətini və ölkəmizin doqquz milyonuncu vətəndaşının sosial müdafiəsinin təmin olunması zərurətini nəzərə alaraq qərara alıram:
1. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılsın ki, Azərbaycan Respublikasının doqquz milyonuncu vətəndaşının dünyaya gəldiyi ailənin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Əhmədli İlham İlkin oğlunun valideynləri Əhmədov İlkin İslam oğlu və Əhmədova Aynur Teymur qızına Bakı şəhərində müvafiq mənzil ayrılmasını təmin etsin.
2. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ölkəmizin doqquz milyonuncu vətəndaşı Əhmədli İlham İlkin oğluna iyirmi min manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tapşırılsın ki, Əhmədli İlham İlkin oğlunun adına müvafiq hesab açaraq, hər il onun faizlər hesabına artırılmasını və əmanətçi 18 yaşına çatanadək bu hesabın toxunulmazlığını təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 15 yanvar
2010-cu il
Azərbaycan.- 2010.- 16 yanvar.- S. 1.