Azərbaycan Prezidenti
İlham Əliyev Bakının Səbail rayonunda "Dalğa Plaza" İş Mərkəzinin
açılışında iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Səbail rayonunda "Dalğa Plaza" İş Mərkəzinin açılışında iştirak etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Dalğa Plaza" İş Mərkəzinə gəldilər.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə mərkəzlə bağlı məlumat verildi. Bildirildi ki, mərkəz 1300 kvadratmetr sahədə inşa olunmuşdur. Binanın ümumi sahəsi 11 min kvadratmetrdir. Kaskad tipli 12 mərtəbəli bina müasir memarlıq üslubunda inşa edilmişdir. Binanın üzlənməsində yüksək keyfiyyətli materiallardan istifadə olunmuşdur. Fasad ən müasir sistemlə işıqlandırılmışdır. Bina mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz edilmişdir. Mərkəzin birinci mərtəbəsinin döşəməsinə və divarlarına mərmər döşənmişdir. Tavan hissəsində asma alpolik materialdan istifadə olunmuş, binada sürətli liftlər quraşdırılmışdır.
Dövlətimizin başçısı və xanımı mərkəzin 9-cu mərtəbəsində yerləşən böyük və kiçik konfrans zalları ilə tanış oldular. Binanın yeddi mərtəbəsinin hər birində 12 otaq vardır. Otaqların hamısı ən müasir standartlar səviyyəsindədir. Binanın 11-ci mərtəbəsində 320 kvadratmetr sahəsi olan restoran yerləşir. Burada ən yüksək səviyyədə xidmət göstəriləcəkdir.
Prezident İlham Əliyev mərkəz ilə yaxından tanış oldu və görülən işlərdən razı qaldığını bildirdi.
AzərTAc
Azərbaycan.- 2010.- 16 yanvar.- S. 2.