Nazirlər Kabineti məzunların qızıl
və gümüş
medallarla təltif olunması qaydalarını
təsdiq etmişdir
Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və gümüş medallarla təltif olunması qaydalarını təsdiq etmişdir.
Qaydalara əsasən, ümumtəhsil məktəbində oxuduğu müddətdə təhsildə xüsusi nəticələri və nümunəvi davranışı ilə fərqlənən tam orta təhsilli məzunların qızıl və ya gümüş medalla təltif olunmaq üçün namizədliyi təqdim edilə bilər. Namizədlik verilən zaman respublika fənn olimpiadalarında, rayon, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə qazanılan mükafatlar da nəzərə alınmalıdır.
Məzunların qızıl və gümüş medallarla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxıldıqdan sonra müvafiq qərar qəbul edilməlidir. Qərara əsasən, ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirənlərin, tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi "əla" olanların, bütün fənlərdən illik qiymətləri "əla" olanların qızıl və gümüş medalla təltifi üçün namizədliyi verilə bilər.
Pedaqoji şuranın qərarı və həmin məzunların fərdi siyahısı Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq yerli təhsil orqanları tərəfindən nazirliyə təqdim edilməlidir.
Namizədlərdən attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi - tədris dili və riyaziyyat istisna edilməklə "yaxşı" olanlar isə gümüş medala layiq görülürlər. Məzunların qızıl və ya gümüş medalla təltifi Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir.
Medala layiq görülənlərin
adları oxuduqları
məktəbin "Şərəf
kitabı"na yazılır. Qərara əsasən, medal sahiblərinə təntənəli
şəraitdə təqdim
edilməlidir.
AzərTAc
Azərbaycan.- 2010.- 16 yanvar.- S. 2.