Vətən övladları şəhidlikləri
ilə tarixdə silinməz izlər qoydular
Ölkəmiz tarix boyu çox faciələrlə üzləşib. Lakin onların heç biri xalqımızın xatirə yaddaşında 1990-cı ilin qanlı 20 Yanvar faciəsi qədər əbədi yaşamaq hüququ qazanmayıb. Sinəsi qan gölməçələri, qoynu insan cəsədləri, küçə və meydanları acı fəryadlarla dolu yaralı bir səhər doğuldu həmin qaranlıq gecənin bətnindən. İmperiya silahlarından günah yağmuru yağırdı əli yalın millətimizin günahsızlığına. Güllələrdən deşik-deşik olurdu nəhəng binaların divar sinələri. 70 il qaranlıqdan aydınlığa çıxmaq ehtirası ilə qovrulan bir xalqın azadlıq və müstəqillik arzusuna tuşlanmışdı bu güllələr. Günbəgün poladlaşan iradəmizi yenidən əridib muma döndərmək, içimizdə imperiyaya qarşı alovlanan nifrət və qəzəbi söndürmək məqsədi daşıyırdı bu vəhşi soyqırımı.
Daşnak
mafiyasının ideyalarının gerçəkləşməsi
naminə əlindən gələni əsirgəməyən
ermənipərəst Mixail Qorbaçov hələ 20 Yanvardan
bir neçə gün öncə Bakıya təpədən-dırnağa
silahlandırılmış 66 min 500 nəfərlik ordu
yeritmişdi. Onların arasında ölkədə
saysız-hesabsız cinayətlərin və qətllərin
törədicisi kimi tanınmış "Alfa" qrupu da var
idi. Ordu rəhbərliyi Bakıda törədəcəkləri
ağır cinayətlərdən respublika əhalisi və
dünya ictimaiyyəti xəbər tutmasın deyə,
qırğından bir neçə gün əvvəl Azərbaycan
televiziya mərkəzinin enerji blokunu partlatmış, respublika
radiosunu susdurmuş, qəzet və jurnalların
çapına qadağa qoymuş, ölkə ərazisindən
kənara çıxışı dayandırmaq
üçün dəmir yolunu və təyyarə
meydanını nəzarətə götürmüşdü.
Günahsız millətimizin ağır faciələrə
düçar olacağını bilsələr belə,
onları gözlənilən fəlakətdən vaxtında xəbərdar
etməyən respublika rəhbərlərinin biganəliyi və
Bakıda qan töküləcəyini bilə-bilə
xüsusi maşınlarda bütün şəhər boyu
dolaşıb ruporlarla əliyalın xalqı meydanlara
toplaşmağa səsləyən AXC-nin qaragüruhçu dəstələrinin
hakimiyyət ehtirasının doğurduğu
özbaşınalıq yanvarın 19-dan 20-nə keçən
gecə əksəriyyəti krasnodarlı və stavropollu ermənilərdən
ibarət vəhşi imperiya əsgərlərinin
günahsız əhalini gülləbaran etmələri ilə
nəticələndi. Onlar həmin gecə 133 nəfər
günahsız yurddaşımızın ömrünə son
nöqtə qoydular. Güllə yarası alan 744 nəfər
xəstəxanalara düşdü. 841 nəfər insan
zindanlara atıldı. Həlak
olanlar arasında qadınlar, uşaqlar və qocalar da var idi.
İnamla demək olar ki,
sovet imperiyasını 20 Yanvar hadisəsi qədər
çökdürən, onun çirkin simasını
dünya qarşısında tam çılpaqlığı
ilə faş edən, ölkə daxilindəki xalqların
milli azadlıq hərəkatına güclü təkan verən
ikinci bir hadisə olmayıb.
O vaxt 20 Yanvar xalqın
bütün övladlarını bir-birinə qırılmaz
tellərlə bağlamışdı. Millət vahid bir
mövqedən çıxış edirdi. Şəhidlərin
dəfninin ilk günü mərasimdə 2 milyondan çox
insan iştirak edirdi. Bu, dünya milli azadlıq hərəkatının
fenomen hadisəsi kimi qiymətləndirilir. O gün
paytaxtımızda şəhid qanı düşən hər
yer əhali tərəfindən qırmızı qərənfillərlə
örtülmüşdü. Yaşından və cinsindən
asılı olmayaraq əksəriyyət vətənin
azadlıq və müstəqilliyi naminə canından belə,
keçməyə hazır idi. Ancaq təəssüflər
olsun ki, az sonra vəzifə və rütbə hərisliyinin,
var-dövlət ehtirasının doğurduğu
parçalanmalar xalqın bütövlüyünə
sarsıdıcı zərbələr endirib, onun mübarizə
əzmini sarsıtdı. Xalqı vahid bir cəbhədə,
vahid bir ideya bayrağı altında birləşdirib
düşmənə qarşı mücadiləyə
qaldırası bir qüvvə olmadığından müqəddəs
torpaqlarımız bir-birinin ardınca düşmən
işğalına məruz qaldı. Əgər 1990-cı ilin
20 Yanvar gecəsi 133 nəfər mərdanə
övladımız şəhidlik zirvəsinə
qalxmışdısa, 1994-cü ilədək uzanan odlu-alovlu cəbhə
yollarında onların sayı 20 mini haqladı. 7 cənnətməkan
rayonumuz və bütövlükdə Dağlıq
Qarabağımız düşmən işğalına məruz
qaldı.
20 Yanvar şəhidlərinin intiqamının alınacağı və düşmən tapdağına məruz qalmış torpaqlarımızın geri qayıdacağı gün uzaqda deyil. Ümummilli lider Heydər Əliyevin hələ 1999-cu ilin 16 dekabrında 20 Yanvar faciəsinin 10-cu ildönümü ilə əlaqədar imzaladığı fərmanda deyilir: "Azərbaycan xalqı 1990-cı ilin 20 Yanvarında hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlıq və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin 20 Yanvarında Azərbaycanın azadlıq və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdılar. Bu gün də xalqımız onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir".
Artıq bizi 1990-cı ilin o müdhiş 20 Yanvar gecəsindən 20 illik bir zaman məsafəsi ayırır. Ancaq 20 əsr bundan sonra da xalqımız o məşum gecədə tökülən günahsız qanları, bugünkü müstəqilliyimiz yolunda canlarını qurban vermiş mərdanə övladlarımızı unutmayacaqlar. Bu gün müstəqilliyimiz uğrunda şəhid olanların məzarları önündə səcdəyə durmaq hər birimizin vicdan borcudur. Çünki onlar vətən və millət yolunda, xalqımızın 70 illik imperiya əsarətindən xilası yolunda, bugünkü azadlıq və müstəqilliyimiz yolunda şəhid olublar. Bu gün hər birimizin qəlbindədir həmin Şəhidlər xiyabanı.
Zeynal VƏFA
Azərbaycan.- 2010.- 16 yanvar.- S. 4.