20 Yanvar hadisəsi Azərbaycanın
azadlığı və ərazi bütövlüyü
uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi
kimi daxil olmuşdur
Yanvarın 15-də Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, 20 Yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordusu Azərbaycan xalqına qarşı terror aktı həyata keçirmişdir. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Ulu öndər faciənin növbəti günü, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanatla çıxış etmiş, bu faciəni törədənləri kəskin şəkildə tənqid etmişdir. Bu bəyanat tarixi bəyanat idi. Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutmuş, onların ailələrinə və zərərçəkənlərə daim qayğı göstərmişdir. Bu gün Azərbaycanda Heydər Əliyev yolu uğurla davam etdirilir. 20 Yanvar şəhidlərinin ailələrinə və zərərçəkənlərə dövlət yardımı artırılır.
Qeyd edilmişdir ki, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət də ulu öndərimizin təşəbbüsü ilə verilmiş, hadisənin günahkarlarının adları açıqlanmışdır.
Çıxış
edənlər bildirmişlər ki, Azərbaycan xalqı 20
Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz
qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə
sadiq olduğunu, Vətənin azadlığı və
müstəqilliyi naminə ən ağır sınaqlara sinə
gərmək əzmini bütün dünyaya nümayiş
etdirmişdir. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın
azadlığı və müstəqilliyi uğrunda şəhidlik
zirvəsinə ucalmış Vətən övladları
özlərinin fədakarlığı ilə
xalqımızın qəhrəmanlıq salnaməsinə
parlaq səhifə yazmışlar. Bu gün də Azərbaycan
xalqı canlarından keçən övladları ilə fəxr
edir.
Azərbaycan.- 2010.- 16 yanvar.- S. 4.