Qiymətli tədqiqat əsəri

 

Bu günlərdə "Çaşıoğlu" nəşriyyatında general-mayor Hafiz Musayevin beynəlxalq terrorçuluğun aspektlərini və ona qarşı mübarizənin prinsip və xüsusiyyətlərini müfəssəl şəkildə əks etdirən "Beynəlxalq terrorçuluğa qarşı mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin prinsip və xüsusiyyətləri" monoqrafiyası çapdan çıxmışdır.

 

Məlum olduğu kimi, beynəlxalq terrorçuluq beynəlxalq sülhə və təhlükəsizliyə çox ciddi təhlükə yaradır. Terror təhlükəsi bəşəriyyət üçün qlobal xarakter daşıyır və onunla yalnız birgə səylərlə mübarizə aparmaq səmərə verər. Belə səylər subregional, regional, milli və universal səviyyədə həyata keçirilir. Hazırda regional sistemlər Birləşmiş Millətlər Təşkilatının on üç universal konvensiyası, Avropa İttifaqının səkkiz konvensiyası və digər konvensiya, bəyannamə və protokollar əsasında praktiki olaraq dünyanın bütün regionlarında beynəlxalq terrorçuluğun qarşısının alınması sahəsində fəaliyyət göstərir.

Beynəlxalq terrorçuluq bu gün dünyanın digər ölkələri ilə yanaşı, Azərbaycan Respublikasının ərazi bötövlüyü, hərbi və iqtisadi təhlükəsizliyi üçün də böyük təhlükələr törədir.

Bu baxımdan monoqrafiya öz aktuallığı ilə böyük əhəmiyyət kəsb edir.

Monoqrafiyanın birinci fəsli "Beynəlxalq terrorçuluq beynəlxalq cinayət kimi" adlanır və burada beynəlxalq hüquq normalarına müvafiq olaraq beynəlxalq cinayətlərin əsas əlamətləri, səbəbləri və amilləri, XX əsrin sonu və XXI əsrin əvvəllərində beynəlxalq terror fəaliyyətinin forma və üsulları təhlil olunur, müvafiq təkliflər irəli sürülür.

Müəllif beynəlxalq cinayətlərə qarşı mübarizədə Birləmiş Millətlər Təşkilatı sistemində ikinci məhkəmə orqanı olan Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasının əhəmiyyətinə, onun iş prinsiplərinə, yurisdiksiyasına, prokurorluq institutunun fəaliyyətinə, bu cinayətə qarşı dövlətlər tərəfindən məqsədli fondun yaradılması məsələlərinə əhatəli baxır və bir sıra təkliflər verir.

Beynəlxalq terrorçuluğun güc tətbiq edilməsinin xüsusi növünə çevrilməsi ilə əlaqədar olaraq müəllif onu assimetrik müharibə kimi səciyyələndirir, dörd mərhələyə bölür və hər birinin xüsusiyyətlərini göstərir.

Monoqrafiyada siyasi elmlərin müxtəlif istiqamətləri çərçivəsində beynəlxalq terrorçuluğun və onun tərkib hissələrinin məzmunu və prinsiplərinə, terrorçuluğun artmasına təsir göstərən xarici və daxili amillərə aid problemlərin dəqiqləşdirilməsinə, öyrənilən predmet barədə biliklərin toplanılmasına dair məsələlər şərh olunur. Şərhdə əsas yeri Amerika Birləşmiş Ştatlarının terrorçuluqla mübarizədə milli proqramı tutur.

Müxtəlif hüquqşunas alimlərin, dövlət orqanlarının beynəlxalq terrorçuluğa və kiberterrorçuluğa verdikləri tərifləri təhlil edib ümumiləşdirən müəllif beynəlxalq terrorçuluğa və kiberterrorçuluğa daha orijinal və əhatəli tərif verir.

Aparılan tədqiqat çərçivəsində politoloji təhlilin obyekti kimi beynəlxalq təşkilatların sənədləri, müxtəlif dövlətlərin terrorçuluqla mübarizə sahəsində milli proqramları, eləcə də dünyanın bir sıra dövlətlərinin terrorçuluğa qarşı mübarizə ilə məşğul olan xüsusi xidmət orqanlarının fəaliyyət istiqamətləri, terrorçuluqla mübarizədə xüsusi xidmət və hüquq-mühafizə orqanlarının qarşılıqlı əlaqəli fəaliyyətləri üzrə təcrübələri ümumiləşdirilir, bu ümumbəşəri bəlaya qarşı birgə mübarizənin səmərəsinin yüksəldilməsinin vacibliyi bildirilir.

Beynəlxalq cinayət əməli kimi erga omnes öhdəliyinin pozulması ilə əlaqədar olan beynəlxalq terrorçuluq cinayəti bütövlükdə bütün dünya ictimaiyyətinin maraqlarına toxunur. Bununla əlaqədar belə bir tezis əsaslandırılır ki, dünya birliyinin hər bir üzvünün beynəlxalq qanunçuluq və hüquq qaydalarını müdafiə etməsi hüquqi cəhətdən qanunauyğundur.

Hazırkı şəraitdə beynəlxalq terrorçuluğun xarakterik xüsusiyyətləri onun çoxplanlı, transmilli mütəşəkkil cinayətkarlıqla bilavasitə əlaqəli olması, cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaitlərinin yuyulması, silah alveri və ölüm yayan materialların qeyri-qanuni dövriyyəsidir. Bunu nəzərə alan müəllif siyasi, beynəlxalq-hüquqi, iqtisadi, diplomatik və hərbi vasitələri də daxil etməklə qlobal və kompleks əsaslarla beynəlxalq terrorçuluğa qarşı mübarizədə dövlətlərin əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin zəruriliyini əsaslandırır.

Müəllif cinayət işləri üzrə ekstradisiya və qarşılıqlı hüquqi yardım institutlarının fəaliyyətini təhlil edərək belə bir nəticəyə gəlir ki, beynəlxalq terrorçuluq cinayətinin qarşısının alınmasında onlara müasir beynəlxalq hüququn səmərəli tənzimləyici təsir vasitəsi qismində baxılmalıdır.

XX əsrin sonu XXI əsrin əvvəllərində terrorçuluğun təbiəti, onun forma və konkret təzahürləri dəyişmişdir. Monoqrafiyada da terror əməllərinin, hərəkatlarının dövlət, cinayət, nüvə, informasiya terrorçuluğu və bioterrorçuluq kimi növləri ilə mübarizənin gücləndirilməsinin zəruriliyi əsaslandırılır.

Konseptual məsələlər bölməsində adekvat dərk etmə və praktiki həll üçün terrorçuluğun və demokratiyanın qarşılıqlı münasibəti göstərilir. Bir sıra politoloqlar dünyanın bir sıra ölkələrində, o cümlədən Yaponiya və Amerika Birləşmiş Ştatları kimi inkişaf etmiş ölkələrdə terrorçuluğun artmasını ictimai həyatın demokratikləşməsi ilə bağlayırlar. Lakin aparılan tədqiqat nəticəsində müəllif belə bir qənaətə gəlir ki, bu, tamamilə yanlışdır.

Kitabda beynəlxalq terrorçuluğa zəmin yaradan dini, irqi, milli, siyasi amillər təhlil olunur, onlardan hər birinin beynəlxalq terrorçuluğun meydana gəlməsində oynadığı rol göstərilir, dövlət terrorçuluğu, onu törədən əsas səbəblər, dövlətin bu cinayəti himayə etməsinin səbəbləri araşdırılır və bunun qarşısının alınması üçün dünya birliyinin görə biləcəyi tədbirlər planı təklif olunur.

Onu da qeyd etmək lazımdır ki, müəllif ölkəmizin hüquq ədəbiyyatında ilk dəfə komporativ təhlil əsasında müasir dövrün qlobal problemi kimi beynəlxalq terrorçuluğun kompleks təhlilini vermişdir.

İkinci fəsil "Beynəlxalq terrorçuluğa qarşı mübarizənin hüquqi aspektləri" adlanır. Bu fəsildə beynəlxalq terrorçuluğa qarşı mübarizənin prinsip və metodlarına, dünyanın bir sıra ölkələrinin xüsusi xidmət orqanlarının beynəlxalq terrorçuluğa qarşı mübarizə üsullarına və beynəlxalq terrorçuluq cinayətinə qarşı regional mübarizədə əks-kəşfiyyatın rolu məsələlərinə nəzər salınır, maraqlı təkliflər irəli sürülür.

Monoqrafiyada dünyanın bir sıra ölkələrinin (Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Almaniya Federativ Respublikası, İsrail, Gürcüstan və s.) xüsusi xidmət orqanlarının beynəlxalq terrorçuluğa qarşı mübarizə üsulları da təhlil olunur, kəşfiyyat və əks-kəşfiyyat orqanlarının fəaliyyəti, beynəlxalq terrorçuluq cinayətlərinə qarşı regional mübarizədə onların rolu geniş şəkildə işıqlandırılır.

Monoqrafiyada müəllif tərəfindən Azərbaycan Respublikasında beynəlxalq terrorçuluğa qarşı mübarizədə xüsusi xidmət orqanlarının taktika və strategiyası, bu mübarizədə xarici xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyəti sahəsində təcrübəsi ümumiləşdirilib.

Terrorçuluğun mənbəyini təhlil edən müəllif düzgün olaraq belə bir nəticəyə gəlir ki, onun kökü ictimai həyatın qlobal, regional və lokal səviyyədə iqtisadi, siyasi, dini və digər dərin ziddiyyətlərlə bağlıdır. Terrorçuluğun tarixinin təhlilindən belə bir nəticə əldə edilmişdir ki, XVIII-XIX əsrlərə qədər onun bir sistem halına çevrilməsi mümkün deyildi. Onun yeni, daha mütəşəkkil və amansız növünün meydana gəlməsinə texniki tərəqqi, ilk növbədə isə partlayıcı maddələrin, kütləvi informasiya vasitələrinin, eləcə də, informasiyaları ötürülmə vasitələrinin inkişafı səbəb olmuşdur. Bunlar terror aktlarının təbliğatının səmərəsini və yeni terror təşkilatları yaradılması təcrübəsini bir neçə dəfə artırmışdır.

Aparılmış tədqiqatlar əsasında müəllif belə bir nəticəyə gəlir ki, beynəlxalq terrorçuluğun əsas əlamətləri aşağıdakılardır:

a) mübarizənin xüsusilə son dərəcə kəskin formalarında istifadə etməklə güc və hədə tətbiq etmək; b) siyasi rəqiblərinin zəiflədilməsi, siyasi məqsədlərə nail olunmasına yönəldilmiş olması; c) bilavasitə insanların həyatına təhlükə, idarə və təşkilatların fəaliyyəti, qeyri-legitimliklə əlaqədar ictimai təhlükənin artması.

Kitabda terrorçu təşkilatların strukturunun tərkibinin və üzvlərinin hansı sinfə aid olmaları da geniş tədqiq olunmuşdur.

Son dövrlərədək terrorçu təşkilatların əksər üzvləri və terror aktlarını icra edənlər haqqında belə bir fikir formalaşmışdı ki, onlar intellektual, sosial və mənəvi cəhətdən məhdud insanlardır. Lakin törədilən terror aktları, onların hazırlanması və həyata keçirilmə səviyyəsi, müasir ən yeni texnologiyalardan istifadə qaydalarını bilmələri və s. göstərir ki, bu tamamilə yanlış fikirdir.

Bundan əlavə belə bir fikir də mövcuddur ki, kasıbçılıq, işsizlik və digər neqativ sosial amillər terrorçu şəbəkələrə yeni üzvlər cəlb etmək üçün əsas stimullardır. Bu fikirləri digər amillərlə qarşılıqlı təhlil edən müəllif belə bir qənaətə gəlir ki, bu, həqiqətə uyğun deyil. Terrorçuluğa qarşı mübarizə prinsiplərinin qanunvericilikdə təsbit olunması çox mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, məhz beynəlxalq cinayətin bir növü olan beynəlxalq terrorçuluğa qarşı qanunçuluğa əməl etmədə həddən artıq kəskin dövlət tədbirlərinin həyata keçirilməsi dövlətə qarşı etibarın aşağı düşməsinə, beynəlxalq sülhün və təhlükəsizliyin sarsılmasına, beynəlxalq birliyin maraqlarının pozulması və sairə kimi əks səmərə verməsinə təhrik edə bilər.

Bunlardan əlavə tədqiqatlar nəticəsində müəllif elmi maraq doğuran aşağıdakı nəticələrə gəlmişdir:

Terrorçuluğa qarşı səmərəli işlər görmək bir sıra təşkilati-əməli tədbirlərin işlənilməsini və həyata keçirilməsini tələb edir. Hər şeydən əvvəl terrorçuluqla mübarizə taktikası təkmilləşdirilməli, hələ terrorçularda olmayan elmi-texniki nailiyyətlər xüsusi xidmət və hüquq-mühafizə orqanlarının fəaliyyətində tətbiq olunmalı, antiterror koalisiyasına daxil olan bütün tərəflər öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər.

Terrorçuluqla mübarizə sahəsində fəaliyyətin daha səmərəli olması üçün milli antiterror komissiyalarının yaradılması mühüm əhəmiyyət kəsb edir. Belə komissiyalar bu istiqamətdə dövlət icra orqanlarının siyasi, sosial-iqtisadi və digər tədbir və hərəkətlərini müəyyənləşdirə və əlaqələndirə bilər.

Terrorçuluğu qidalandıran maliyyə mənbələrinin kəsilməsi əsas şərtdir. Bunun üçün bütün ölkələrdə vahid yanaşma və standartlar tətbiq olunmalıdır və ikili standartlara yol vermək olmaz. Pul köçürmələrinin monitorinqi keçirilməli, terrorçuluqda və ya ona dəstək verməkdə şübhəli bilinən şəxslərin və təşkilatların maliyyə vəsaitlərinin hərəkəti barədə intensiv informasiya mübadiləsi aparılmalıdır.

Ümumiyyətlə, terrorçuluğa qarşı mübarizədə ikili standartlar olmamalıdır. Belə ki, terrorçuluğa qarşı mübarizədə ikili standartların tətbiq olunması mübarizəni səmərəsiz edir. Azərbaycan və onun müttəfiqləri göstərilən məsələyə ümumi prinsiplərdən yanaşırlar. Terrorçulara və onların tərəfdarlarına, sponsorlarına sığınacaq verilməsi cinayətlərə bəraət vermək deməkdir. Bu addımlar antiterror koalisiyası üzvlərinin birliyinə xələl gətirə və aralarındakı etibarlı münasibətləri poza bilər. Son illərin hadisələri də onu göstərir ki, artıq bir çox ölkələr terrorçuların hədəfinə çevrilərək ikili standartların ölümcül təhlükəsi ilə üzləşmişlər.

Kitabda beynəlxalq terrorçuluq cinayətinə qarşı regional mübarizə sistemlərinin daha səmərəli olması əsaslandırılır və Birləşmiş Millətlər Təşkilatının beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində fəaliyyəti prosesində regional sistemlərin işlək mexanizmindən istifadə olunması təklif edilir.

Bəzi hallarda inkişaf etmiş ölkələrdə meydana gəlmiş terrorçu qrupların Qərbə qarşı yönəldilmiş hərəkətləri iki sivilizasiyanın toqquşması kimi qiymətləndirilir. Tədqiqat nəticəsində belə nəticə əldə edilmişdir ki, əslində, bu heç də belə deyil. Fikrimizcə, bu, hər şeydən əvvəl qloballaşmanın dərinləşməsi ilə əlaqədar olaraq xammal ixrac edən ölkələrin sənayecə inkişaf etmiş ölkələrə qarşı müqavimətidir. Bu həmin ölkələrin sənayecə inkişaf etmiş ölkələrin xammal bazası statusundan çıxa bilməmələri, eləcə də inkişaf etmiş ölkələrin onlar üçün məhvedici şəkildə formalaşmış beynəlxalq əmək bölgüsünü saxlamaları ilə əlaqədardır.

İslam dəyərlərinin müfəssəl təhlili, müqəddəs Qurani-Kərimdən bir sıra surələri misal gətirməklə müəllif çox düzgün yazır ki, islam dini sülh dinidir və onu terrorçuluqla əlaqələndirmək sadəcə olaraq naşılıqdır.

Monoqrafiyada Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının terrorçuluğa və separatçılığa qarşı səmərəli mübarizəsi, onların xarici ölkələrin müvafiq orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyəti, bu sahədə ölkədə mövcud olan qanunvericilik bazası və onun beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, ölkəmizin terrorçuluqla mübarizə sahəsində qoşulduğu beynəlxalq və regional konvensiyalar, müqavilələr və protokollar geniş şəkildə şərh olunur və onların yerinə yetirilməsi səviyyəsi qiymətləndirilir.

Kitab müəllifi də haqlı olaraq bu qənaətdədir ki, Azərbaycan Respublikasında sabit siyasi vəziyyətin mövcudluğu, bütün növ cinayətkarlığa, o cümlədən terrorçuluğa qarşı səmərəli mübarizənin aparılması, digər bərabər şərtlər daxilində aşağıdakı üç amilin qarşılıqlı əlaqəli şəkildə səmərəli fəaliyyətindən asılı olmuşdur:

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, hazırkı dövrdə isə respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin iqtisadi, siyasi və sosial-mədəni sahələrinin modernləşdirilməsi və sistemli qaydada yenidən qurulması ilə əlaqədar dönmədən və mərhələlərlə həyata keçirilən tarazlaşdırılmış və dərindən düşünülmüş konsepsiya və praktiki tədbirlər;

Başlıca prinsipi xeyirxah qonşuluq, qarşılıqlı kömək və sosial mütəşəkkilliyin digər formaları olan nomadik sivilizasiyanın böyük və qədim ənənələrini saxlayıb qoruyan və inkişaf etdirən köklü əhalinin müstəsna tolerantlığı;

Dövlətin daxili və xarici sabitliyinə təhəddüdlər yaradan hərəkətlərin vaxtında aşkara çıxarılması və neytrallaşdırılması sahəsində Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanlarının sabit və etibarlı fəaliyyəti, operativ işləmələri, həyata keçirdikləri preventiv tədbirlər və profilaktik işləri.

Monoqrafiyada elmi yenilik beynəlxalq terrorçuluğun beynəlxalq cinayət əməli kimi təsnifləşdirilməsi, eləcə də müəllif tərəfindən beynəlxalq terrorçuluqla mübarizə işində universal və regional beynəlxalq hüquq normalarının təkmilləşdirilməsi probleminin nəzəri cəhətdən əsaslandırılması, beynəlxalq terrorçuluğun bütün tərəfləri nəzərə alınmaqla ona yeni formada tərif verilməsi, Azərbaycan Respublikasında terrorçuluğun müxtəlif təzahürləri və onun maliyyələşdirilməsinə qarşı mübarizənin hüquqi əsaslarının tədqiqi olmuşdur. Bu da deməyə əsas verir ki, müəllif qarşısına qoyduğu məqsədə nail olmuşdur.

Bu monoqrafiya Azərbaycan ədəbiyyatında nəzəri və praktiki şəkildə yerinə yetirilən ilk sanballı tədqiqat olmaqla, beynəlxalq hüquq üzrə cinayət kimi beynəlxalq terrorçuluq əməlinin tədqiqini, eləcə də beynəlxalq cinayətin ədliyyə orqanları tərəfindən beynəlxalq terrorçuluğun bir təzahür kimi ləğv olunması üçün həyata keçirilən tədbirləri əks etdirir.

Fikrimizcə, kitabdan Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında elmi kadrlar hazırlanması prosesində, ali məktəblərdə politologiya, beynəlxalq hüquq və cinayət hüququ fənninin tədrisində, eləcə də xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları üçün kadrlar hazırlayan ixtisaslaşmış tədris müəssisələrində istifadə edilə bilər.

 

 

Məsumə MƏLİKOVA,

AMEA-nın müxbir üzvü,

Bakı Dövlət Universitetinin

kafedra müdiri, hüquq

elmləri doktoru, professor

 

Azərbaycan.- 2010.- 16 yanvar.- S. 7.