Ukraynada yaşayan azərbaycanlı türkoloq

 

Hazırda vətənimizdən uzaqlarda 50 milyondan artıq soydaşımız yaşayır. Onların arasında yüksək intellektuala malik şəxsiyyətlər, görkəmli elm və mədəniyyət xadimləri də az deyil. Belə görkəmli elm xadimlərimizdən biri qardaş Ukraynada yaşayan, qəlbi daim Azərbaycanla döyünən Fərhad Turanlıdır.

 

Fərhad Bakıda dünyaya göz açıb. Orta məktəbi əla qiymətlərlə bitirib. 1979-1981-ci illərdə Ukraynanın Lvov və İvano - Frankovski şəhərlərində hərbi xidməti başa vurduqdan sonra bir müddət Ukrayna Daxili İşlər Nazirliyində çalışıb. Tarixlə maraqlanıb, bu sahədə elmi-tətqiqat işləri aparmaq arzusu onu İvano-Frankovski şəhərindəki V.Stefanik adına pedaqoji institutun tarix fakültəsinə aparıb çıxarıb.

Tələbəlik illərini dünya xalqlarının qədim tarixindən bəhs edən kitablar, elmi əsərlər arasında keçirən Fərhad Turanlı 1992-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib. Müəllimləri bu istedadlı Azərbaycan oğlunu yüksək ensiklopedik biliyə və qeyri-adi dərəcədə möhkəm yaddaşa malik bir gənc kimi qiymətləndiriblər. 1993-1996-cı illərdə Prikarpatiya Dövlət Universitetinin aspiranturasında dünya tarixi üzrə ixtisasını daha da təkmilləşdirən Fərhad Turanlı "XVII əsrdə Ukrayna - Osmanlı münasibətləri" mövzusunda tədqiqat işləri aparmaq üçün Türkiyəyə yollanır. İstanbul Universitetində tarix, qədim əlyazmalar, dinşünaslıq, mədəniyyət və digər fənlər üzrə keçdiyi dərslər, türkiyəli pedaqoqların elm sahəsindəki zəngin təcrübəsindən düzgün və səmərəli istifadə, həmçinin qardaş ölkənin arxivlərindən əldə etdiyi qiymətli faktlar Fərhad Turanlının elmi işini qısa müddətdə uğurla başa vurmasına yardımçı olur.

Onun 1997-ci ildə Ukrayna Milli Elmlər Akademiyasının M.Qruşevski adına Qədim Əlyazmalar və Mənbəşünaslıq İnstitutunun elmi şurasında müdafiə etdiyi dissertasiya yüksək qiymətləndirilir və o, tarix elmləri namizədi adına layiq görülür. 2003-cü ildə V.Stefanik adına institutun doktoranturasını bitirən Fərhad Turanlı bu yaxınlarda "Türk mənbələrinə görə XVI-XVIII əsrlərdə Ukrayna - Osmanlı münasibətləri və Osmanlı Əlyazmaları" mövzusunda doktorluq dissertasiyası da müdafiə edib. 1997-2000-ci illərdə Prikarpatiya Dövlət Universitetində, 2002-2006-cı illərdə isə Taras Şevçenko adına Kiyev Milli Dövlət Universitetinin də türkologiya fakültəsinin dosenti kimi elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirib. Məhz onun təşəbbüskarlığı və zəhməti sayəsində Ukrayna tarixində ilk dəfə olaraq həmin universitetdə "Türk İnformasiya və Araşdırma Mərkəzi" yaradılıb. Fərhad Turanlı İstanbul arxivlərində işlərkən təkcə Ukrayna - Osmanlı münasibətlərinə aid deyil, Osmanlı dövlətinin Ərzurum, Sasun, Zeytun, Van, Diyarbəkr, Trabzon, Yozqat və digər vilayətlərində erməni ekstremistlərinin yüz minlərlə türkü vəhşicəsinə qətlə yetirmələri barədə də bu gün çoxlarına məlum olmayan qiymətli arxiv materialları əldə edib. Onun həmin mövzularda, mənfur millətin bu gün zor gücünə dünyaya sırımağa cəhd etdiyi cəfəng erməni soyqırımı, Dağlıq Qarabağ problemi, erməni terrorçularının müxtəlif ölkələrdə törətdikləri cinayətlər barədə Ukrayna mətbuatında dərc etdirdiyi məqalələr oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Rus, ukrayna, türk, polyak, ərəb, fars və ingilis dillərini mükəmməl bilən Fərhad Turanlı hazırda Ukraynanın Kiyev - Moqilyanski milli universitetinin humanitar elmlər fakültəsinin və Beynəlxalq İdarəçilik Akademiyasının Averroes adına Ukrayna - Ərəb İnstitutunun beynəlxalq əlaqələr kafedrasının müəllimi kimi fəaliyyətini davam etdirir. Dünyanın müxtəlif ölkələrində dərc edilmiş neçə-neçə elmi məqalənin, tədqiqat əsərinin və dərsliklərin müəllifi olan türkoloq Ukrayna Milli Elmlər Akademiyasının qərarı ilə "Ukraynada Şərqşünaslıq elminin inkişafındakı xüsusi əməyinə görə" mükafatı ilə təltif olunub. Ukraynada yaşayan yarım milyona yaxın azərbaycanlının vahid ideya mərkəzində birləşməsində, oradakı gənc soydaşlarımız arasında azərbaycançılığın təbliğində Fərhad Turanlının xidməti də az deyil.

2001-ci il noyabrın 10-14-də Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayının, həmçinin Ukraynada, Polşada, Türkiyədə və Azərbaycanda neçə-neçə beynəlxalq konfransların və simpoziumların iştirakçısı olmuş Fərhad Turanlı Ukrayna və Azərbaycan xalqlarının qədim tarixi dostluğundan, mədəniyyətlərimizin qardaşlığından bəhs edən bir sıra əsərlərin müəllifi kimi də tanınır. Azərbaycana dost ölkədə böyük nüfuz sahibi olmasının nəticəsidir ki, Fərhad Turanlı Ukrayna Ali Radasına deputat seçilib. Hazırda o, Ukrayna parlamentində İnsan Hüquqları Məsələləri və Millətlərarası Münasibətlər Daimi Komissiyası sədrinin də məsləhətçisidir.

 

 

Zeynal Vəfa

 

Azərbaycan.- 2010.- 16 yanvar.- S. 7.