Ermənistanla imzalanmış protokolların Türkiyə parlamentində müzakirəyə çıxarılmasının heç bir əhəmiyyəti yoxdur

 

Türkiyə Böyük Millət Məclisi (TBMM) xarici əlaqələr komissiyasının sədri Murad Mərcan bildirmişdir ki, parlamentin komissiyasında rədd ediləcəyi ehtimalı böyük olan Ermənistanla imzalanmış protokolları müzakirəyə çıxarmaq göstəriləcək səylərin hədər olması deməkdir.

Murad Mərcan demişdir ki, Ermənistan öz hüquq qaydalarına əsasən əvvəlcə protokolları Konstitusiya Məhkəməsində müzakirə etmişdir. Orada da bu sənədlər artıq parlamentin komissiyasındadır zaman müzakirəyə çıxarılacağı məlum deyildir. Eyni zamanda, Türkiyədə xalq Azərbaycan ilə Ermənistan arasında problemin həllinə Azərbaycanın haqlarına son dərəcə həssas yanaşır. Bu səbəbdən, məhz münaqişənin həlli protokolların parlamentdəki ratifikasiya prosesini sürətləndirə bilər.

Komissiya sədri daha sonra demişdir: "Mən, komissiya sədri kimi bu protokolları gündəliyə saldığımda, onlar rədd edilirsə, o zaman içərisindən çıxılması mümkün olmayan bir vəziyyət yarana bilər. Belə olan təqdirdə, protokollar hökumətə geri göndəriləcək təkrar baxıldıqdan sonra yenidən parlamentə qaytarılacaqdır. Bu prosesin baş verməməsi üçün mənim məqsədim Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması, problemlərin həlli istiqamətində konkret addımların atılmasıdır. Bu olmadıqca, zənnimcə protokolların gündəliyə salınmasının heç bir əhəmiyyəti yoxdur. Mən, Ermənistanla imzalanmış sənədlərin hazırkı şəraitdə gündəliyə çıxarılmasını təxirə salmağı üstün tuturam".

 

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.- 17 yanvar.- S. 1.