Avropa dəyərlərinə sadiqlik nümunəsi

 

Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarından sayılan Avropa Şurasına tamhüquqlu üzvlüyünün 9-cu ildönümü tamam olur. 2001-ci il yanvarın 17-də Avratlantika məkanının hüquqi-siyasi atmosferinin müəyyənləşməsində vacib rol oynayan, geosiyasi arealda demokratik və liberal siyasi-hüquqi dəyərlərin tam bərqərar olmasına çalışan bu mötəbər təşkilatın sıralarına qəbul edilən Azərbaycan yüksək tolerantlığa əsaslanan ictimai düşüncə tərzi ilə sivil Qərb dəyərlərinə sadiq olduğunu tam təsdiqləmişdir. Təşkilata tamhüquqlu üzvlüklə diplomatik sahədə qarşıya qoyduğu daha bir məqsədə çatan müstəqil respublikamız "Avropa ailəsi"nə qovuşaraq milli maraq və mənafelərinin müdafiəsi, habelə erməni lobbisinə qarşı səmərəli ideoloji-siyasi təbliğatın gücləndirilməsi üçün əlverişli tribuna qazanmışdır.

 

Müasir dövrdə Ümumavropa məkanında demokratik dövlət quruculuğu, insan hüquqlarının müdafiəsi, iqtisadi və mədəni əməkdaşlıq həlledici vasitələr kimi ön plana çıxmışdır. Bu vasitələr mövcud problemlərin tezliklə aradan qaldırılmasını, habelə müasir Avropanın dünyanın ən sabit, hərtərəfli tərəqqi edən bölgəyə çevrilməsini təmin etmişdir. Region dövlətlərinin fəaliyyətini uzlaşdıran və istiqamətləndirən aparıcı təşkilat kimi mühüm rol oynayan Avropa Şurası fəaliyyətinin çoxşaxəliliyinə görə mürəkkəb sistem olaraq, Avropada cərəyan edən hadisələrə, problemlərə münasibət bildirir, insanın rifahı və onun yaratdığı sivilizasiyanın tərəqqisi naminə fəaliyyət göstərir.

Azərbaycanın xarici siyasətində son 15 ildə mühüm yer alan Avropa Şurası insan hüquqlarının müdafiəsini, demokratiyanın möhkəmləndirilməsini, sosial və hüquqi problemlərin birgə həlli yollarının araşdırılmasını, Mərkəzi və Şərqi Avropa ölkələrinə siyasi, qanunvericilik və konstitusional islahatların həyata keçirilməsinə kömək göstərilməsini, habelə onlar arasında sıx əlaqələrin yaradılmasını fəaliyyətində rəhbər tutur. Müdafiə və təhlükəsizlik məsələləri istisna olmaqla, Avropa Şurası Avropa cəmiyyətinin bütün əsas istiqamətlərini əhatə edir. Onun proqramına insan hüquqları, kütləvi informasiya vasitələri, hüquq sahəsində əməkdaşlıq, sosial və iqtisadi problemlər, səhiyyə, təhsil, mədəniyyət, idman, gənclik, yerli və regional idarəetmə və ətraf mühitlə bağlı məsələlər daxildir.

Etiraf etmək lazımdır ki, 1992-1993-cü illərdə təşkilata üzvlük istiqamətində atılmış müəyyən addımlar uğursuzluqla nəticələnmiş, yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə qarşılıqlı faydalı əməkdaşlıq uzaq hədəflərə hesablanan və milli maraqları özündə ehtiva edən xarici siyasət doktrinasının mühüm istiqamətlərindən biri elan edilmişdir. 1993-cü ildən etibarən ölkədə siyasi sabitliyin təmin olunması hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu istiqamətində real addımların həyata keçirilməsinə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına imkan yaratmışdır. Yüksək humanizm, şəxsiyyətə inam və hörmət, insanpərvərlik prinsiplərini önə çəkən ulu öndər Heydər Əliyev Avratlantik məkana inteqrasiya yoluna üstünlük vermiş, bu istiqamətdə qətiyyətli addımlar atmışdır.

1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycan xalqı müstəqil dövlətçiliyini inkişaf etdirərək tarixi seçimini etmiş, Avropa dəyərləri, normaları və standartları əsasında hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması yolunu tutmuşdur. Həmin dövrdən etibarən Azərbaycanın xarici siyasətində Avropa Şurasına daxil olmaq istiqamətində həyata keçirilən kompleks tədbirlər müstəqil respublikamızın dünyəvi dövlət quruculuğu sahəsində bu qurumdan öyrənmək meyillərini daha da gücləndirmişdir. O illərdə ulu öndər Heydər Əliyevin peşəkar siyasətçi və dövlət xadimi kimi göstərdiyi diplomatik səylər, respublikamızın beynəlxalq nüfuzunun qaldırılması istiqamətində atılan addımlar, eləcə də ölkəmizin siyasi fəallığının güclənməsi, ictimai həyatın hərtərəfli demokratikləşdirilməsi üçün aparılan islahatlar respublikamızın Avropa Şurası ilə yaxınlaşma prosesinə yeni impulslar vermişdir. 1994-cü ilin mayında cəbhə bölgəsində atəşkəsin əldə olunması, bir il sonra Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanması istiqamətində real addımların atılması təşkilatla əməkdaşlıq üçün üfüqlər açmışdır.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası insan hüquq və azadlıqlarının təminatına maksimum imkanlar açmaqla cəmiyyətin bütün sahələr üzrə yeniləşməsində, siyasi və hüquqi islahatların dərinləşdirilməsində, liberallaşma prosesində mühüm rol oynamış, ən başlıcası, Avropa Şurası ilə münasibətlərin yüksələn xətlə inkişafına təkan vermişdir.

Əsas Qanunun qəbulundan sonra ölkədə hüquqi islahatların yeni mərhələsi başlanmış, ulu öndər Heydər Əliyevin imzaladığı bir sıra sərəncamlar Azərbaycanın Avropa ailəsinə inteqrasiyası prosesini daha da sürətləndirmişdir. 1996-cı il iyunun 28-dən etibarən Azərbaycan Respublikasının Avropa Şurasında "xüsusi qonaq statusu"nda iştirakının təmin olunması milli qanunvericiliyin Avropa standartlarına yüksəlməsinə, təşkilatla əlaqə və dialoqun intensivləşməsinə zəmin yaratmışdır. Avropa Şurası Nazirlər Komitəsinin 1996-cı il sentyabrın 11-də keçirilən iclasında Azərbaycanın Avropa Şurasına daxil olması, habelə demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakimiyyət dairələri ilə danışıqların intensivləşdirilməsi, əməkdaşlıq proqramları formasında yardımın edilməsini nəzərdə tutan qətnamə qəbul edilmişdir. Təşkilata üzv olmaq barədə vəsatət qaldırmış Azərbaycanın standartlara uyğunluğunu araşdırmaq məqsədilə Avrorpa Şurası Parlament Assambleyasının üç komitəsi - Siyasi Məsələlər Komitəsi, Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsi, habelə Üzv olmayan Avropa ölkələrilə Əlaqələr Komitəsi 1996-cı ilin payızında Azərbaycan üzrə məruzəçilər təyin etdilər. Bundan başqa, Avropa Şurasının Parlament Assambleyasının Bürosu məsələ ilə əlaqədar hüquqşünaslardan ibarət İnsan Hüquqları Komissiyasının nümayəndə qrupunu yaratdı.

Bu mərhələdən Azərbaycanın təşkilata üzvlük istiqamətində həyata keçirdiyi genişmiqyaslı islahatlar təşkilatın məruzəçiləri tərəfindən yüksək dəyərləndirilmişdir. Ulu öndər Heydər Əliyevin 1996-cı il 8 iyul tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 1998-ci il 20 yanvar tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", habelə 1999-cu il 14 may tarixli "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında" sərəncamları Avropa Şurasına üzvlük üçün tələb olunan hüquqi-siyasi prosedurların sürətlə keçilməsinin işlək mexanizmlərini hazırlamağa imkan verdi. Bu sərəncamlarla Avropa ölkələrində hamılıqla qəbul edilmiş standartlara və normalara uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual məcəllələrin, habelə məhkəmə-hüquq sistemi ilə bağlı yeni qanunların hazırlanmasının əsası qoyulmuşdur. 1996-2000-ci illərdə respublikamız insan hüquq və azadlıqlarının, habelə demokratik təsisatların inkişafının təmini ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən, Avropa Mədəniyyət Konvensiyasına, Arxeoloji İrsin Mühafizəsi Haqqında Avropa Konvensiyasına, Birgə Kino İstehsalı Haqqında Avropa Konvensiyasına, Avropanın Canlı Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi haqqında Konvensiyaya qoşulmuşdur.

Ulu öndər Heydər Əliyev Avropa Şurasına üzvlüklə bağlı hüquqi islahatları dərinləşdirmək məqsədilə hələ 21 fevral 1996-cı il tarixdə Hüquq-islahat komissiyasının yaradılması barədə sərəncam imzalamışdı. Bu mərhələdən Azərbaycanın insan hüquqlarına və əhalinin geniş kütlələrinin mənafelərinə mühüm təsir göstərə biləcək bütün qanunvericilik aktlarının layihələri Avropa Şurasının hüquqi ekspertizasından keçirilmək üçün göndərilmiş, Venesiya Komissiyasından alınan səmərəli təkliflər qanunların qəbulu zamanı istifadə edilməyə başlanır. Bu sırada "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış tədbirləri haqqında", "Notariat haqqında" və s. qanunları göstərmək olar.

Ulu öndər Heydər Əliyev Avropa Şurasına üzvlük naminə riskli və prinsipial addımlar atmaqdan belə çəkinməmişdir. Bu baxımdan 1993-cü ildən ölüm cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsini xüsusi vurğulamaq lazımdır. Bu, təşkilatın üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən biridir. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı Protokolunda ölüm cəzasının yolverilməzliyi birmənalı şəkildə öz əksini tapmışdır. Ölüm cəzasının ləğvi tələbi, şübhəsiz ki, təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür.

Xatırlatmaq lazımdır ki, hələ 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasında ölüm cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. Bundan başqa, 1996-cı ilin mayında parlament Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən yuxarı olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etmiş, eyni zamanda, ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilmişdir.

Ölüm cəzası ləğv olunmazdan əvvəl cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarılmış, Avropa Şurası ilə geniş məsləhətləşmələr aparılmışdır. Ulu öndər 1998-ci il fevralın 3-də Milli Məclisə ölüm cəzasının ləğvi ilə bağlı müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Milli Məclis ölüm cəzasının ləğvi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin təklifini dəstəkləmiş, 10 fevral 1998-ci ildə belə bir tarixi qərar qəbul etmişdir. Yüksək bəşəri dəyərlərə, humanizm və insanpərvərlik prinsiplərinə əsaslanan bu qərar, eyni zamanda, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmaq, sivil dəyərləri əxz etmək niyyətindən irəli gəlmişdir. Müəyyən nihilist qüvvələr ölüm hökmünün ləğvinə qarşı çıxsalar da, cəmiyyət belə bir addımın zəruriliyini dərk etmişdir. Həmin vaxt hətta Avropa Şurasının üzvü olan bəzi dövlətlər belə bu addımı atmamışdılar. Bəzi iddiaların əksinə olaraq, ölüm hökmü cəzasının ləğvi tərbiyəvi məzmun kəsb edərək, ağır və xüsusilə ağır cinayətlərin sayının azalmasına gətirib çıxarmışdır.

Ulu öndər Heydər Əliyevin 1999-cu il 21 oktyabr tarixli "Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında" sərəncamı isə Azərbaycanın təşkilatda təmsilçiliyi üçün zəruri maliyyə-təşkilati və texniki imkanların yaradılmasını nəzərdə tutan mühüm sənəd kimi əhəmiyyət daşımışdır. Bütün bunların müqabilində Avropa Şurasında Azərbaycanla bağlı təsəvvürlər də müsbət mənada dəyişmiş, əməkdaşlığa maraq artmışdır. 2000-ci il mayın 15-də Avropa Şurası Siyasi Komitəsinin Dublin şəhərində keçirilmiş iclasında Azərbaycan üzrə məruzəçi olan Jak Bomelin hesabatı dinlənilərək respublikamızın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı rəy verilmişdir. AŞ PA-nın 2000-ci il iyunun 26-28-də keçirilmiş növbəti sessiyası zamanı 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsi məsələsi dəstəklənmişdir. 2000-ci il sentyabrın 6-da Avropa İttifaqının üzvü olan ölkələrin adından Azərbaycan və Ermənistanın Avropa Şurasına üzvlük üçün müraciətləri ilə bağlı bəyanat qəbul edilmişdir. Bunun nəticəsi kimi 1996-cı ildən təşkilatda xüsusi qonaq statusu ilə təmsil olunan Azərbaycan 2001-ci il yanvarın 17-də qurumun Nazirlər Komitəsinin qərarı ilə Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilmişdir.

2001-ci il yanvarın 25-də Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasimdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti iştirak etmişdir. Təşkilatda dərin məzmunlu nitq söyləyən Heydər Əliyev demişdir: "Tarixi yolların qovuşuğunda yerləşən ölkəmizin Avropa Şurasına qəbul olunması həm Azərbaycan üçün, həm də bu təşkilat üçün çox mühüm hadisədir. Biz Ümumavropa dəyərləri xəzinəsinə öz töhfələrimizi gətirməyə hazırıq. Bu töhfələr həm Avropada demokratik sabitliyin möhkəmlənməsinə, həm də avropalıların Şərq xalqlarının tarixi taleyini daha yaxşı və daha dərindən dərk etməsinə kömək edəcəkdir. Bu, bir tərəfdən, qabaqcıl demokratik ideyaların, hüquqi baxışların yayılması, digər tərəfdən isə bütün xalqların milli-mənəvi xüsusiyyətlərinə hörmət bəslənilməsi üçün yaxşı zəmin olacaqdır. Mən bu mötəbər təşkilatın gələcək inkişafı və möhkəmlənməsində öz ölkəmin xüsusi rolunu və məsuliyyətini bunda görürəm".

2001-ci il aprelin 24-dən 27-dək Azərbaycan Respublikasının nümayəndə heyəti ilk dəfə olaraq AŞ PA-nın sessiyasında tamhüquqlu üzv kimi iştirak etmişdir. Sessiya zamanı 9 ölkə və AŞ PA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış "Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması" adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış "Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları" adlı tövsiyə üçün təklif AŞ PA-nın rəsmi sənədləri qismində yayılmışdır. Göstərilən sənədlərdə ermənilərin Xocalı əhalisini kütləvi şəkildə qətlə yetirməsi, Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etməsi, işğal edilmiş ərazilərdə uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 azərbaycanlı girovun saxlanılması faktları və digər vacib məsələlər diqqətə çatdırılmışdır.

Təşkilata üzvlük prosesində Azərbaycan öz üzərinə hətta reallığı əks etdirməyən bəzi öhdəlikləri də götürməklə "Avropa ailəsi"nin həqiqi üzvü olmaq istəyini nümayiş etdirmişdi. Xüsusən də qondarma siyasi məhbuslar məsələsinin həlli 2001-ci ildə Avropa Şurasına üzvlük müqabilində Azərbaycanın qarşısına reallığa adekvat olmayan, ədalətsiz tələb kimi qoyulmuşdu. Bəzi daxili və xarici qüvvələr perspektivdə bu cəfəng mövzunu qabartmaqla ölkə iqtidarına ciddi təzyiq vasitələri əldə edəcəklərini düşünürdülər. Rəsmi Bakı Azərbaycanda siyasi əqidəsinə görə həbsə alınmış şəxslərin olmadığını, bununla bağlı iddiaların konyunktur maraqlara söykəndiyini ilk gündən bəyan etsə də, "Avropa ailəsi"nə üzvlük niyyətinin səmimiliyini təsdiqləmək məqsədilə həmin öhdəliyə imza atmışdı. Bu da nəzərə alınmışdı ki, dövlət müstəqilliyinin ilk illərində ağır dövləti cinayətlər törətmiş müəyyən şəxslər keçmiş Sovetlər birliyi zamanında hazırlanmış cinayət məcəlləsinə əsasən məhkum edilmişlər və bu mənada, cəzanın humanistliyi prinsipinin gözlənilməməsi ehtimalı ola bilər. Beləliklə, adı qərəzli hüquq müdafiəçilərinin qondarma siyahılarına salınmış bir sıra şəxslərin cinayət işlərinə demokratik ruhlu, yeni cinayət məcəlləsi əsasında baxılması öhdəliyi humanist dəyərlərə sadiqliyini hər zaman əməli işi ilə təsdiqləmiş rəsmi Bakı tərəfindən qəbul edilmişdi. Bu, həm də Azərbaycanın təşkilata üzvlüyünə süni maneələr yaratmaq istəyən antiazərbaycançı şəbəkənin əsassız bəhanələrini kəsmək istiqamətində atılmış prinsipial addım idi.

Azərbaycan nümayəndə heyətinin Avropa Şurasındakı fəaliyyətinə süni maneələr yaratmağa çalışan qüvvələr, gözlənildiyi kimi, sonrakı mərhələdə də qondarma siyasi məhbuslar mövzusu ilə spekulyasiya etməyə çalışdılar. Bu maneələr həm də nümayəndə heyətimizin təşkilatda Ermənistana qarşı effektli əks-hücumu təşkil etməsi, təbliğat sahəsində ideoloji-siyasi üstünlüyü ələ alması, bir sözlə, xalqın mənafelərini layiqincə müdafiə etməsi ilə bağlı idi. AŞ PA-dakı parlament nümayəndə heyətinə rəhbərlik etmiş cənab İlham Əlivevin diplomatik səyləri sayəsində qazanılmış bu uğurlar bəzi daxili və xarici qüvvələri heç cür razı sala bilməzdi. Görünür, bu səbəbdən də təşkilatın ekspertlərinin siyasi məhbusların müəyyənləşdirilməsi üçün irəli sürdüyü 5 prinsip beynəlxalq hüquq normalarından tamamilə uzaq olub subyektiv mülahizələrə əsaslanırdı. Bu meyarlarla ən demokratik ölkə üçün də siyasi məhbus problemi yaratmaq, onu küncə sıxışdırmaq mümkün idi. Hətta belə anormal iddialar da səslənirdi ki, bu terminin hamı tərəfindən qəbul edilmiş təfsiri olmadığından, ekspertlər qrupunun rəyi "siyasi məhbus" anlayışının kimə aid edilə biləcəyini müəyyənləşdirir. Hüquqi prinsiplər bir neçə nəfərin təxəyyülünün məhsulu deyil, çoxluq tərəfindən qəbul edilən dəyərlər olsa da, Avropa Şurasının bəzi parlamentariləri beynəlxalq hüquqda mövcud olan bu boşluqdan öz korporativ maraqları naminə istifadə etməyə çalışırdılar. Lakin rəsmi Bakının bu məsələdə kifayət qədər əsaslandırılmış mövqedən çıxış etməsi Azərbaycanla ultimativ tonda danışmaq cəhdlərinin qarşısını aldı.

AŞ PA məruzəçisi olmuş Corc Klerfaytın "Azərbaycanda siyasi məhbuslar" mövzusunda qərəzli məruzəsi AŞ PA-nın 2003-cü ildə keçirilmiş iyun sessiyasının da müzakirəsinə çıxarılmışdı. Lakin nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin son dərəcə düzgün, əsaslandırılmış çıxışından sonra əksər AŞ PA deputatlarında məruzənin obyektivliyinə ciddi şübhələr yarandı. Nəticədə fakt qarşısında qalan AŞ PA rəhbərliyi məruzənin yenidən işlənməsi və növbəti sessiyada müzakirə olunması barədə qərar çıxardı. Bu, əslində, məruzənin "çiy" və qərəzli olmasının rəhbərlik səviyyəsində etirafı idi. Bu məsələ ilə bağlı cənab İlham Əliyev 2003-cü il iyunun 26-da Strasburqda Azərbaycan televiziyasına verdiyi müsahibədə deyirdi: "Bir qrup deputat var ki, Azərbaycana münasibətdə daim ədalətsiz mövqe nümayiş etdirir, ikili standartla yanaşır, Azərbaycanla bağlı hər hansı xırda məsələni şişirdir və beləliklə, ölkəmiz haqqında mənfi imic formalaşdırmaq istəyir. Biz belə hallarla əvvəllər də rastlaşmışdıq. Bu sessiyada da belə hallar mövcud idi. Amma buna baxmayaraq, assambleyada təmsil olunan deputatların əksəriyyəti Azərbaycana böyük rəğbətlə, böyük maraqla, böyük hörmətlə yanaşır. Biz bu xoş münasibəti burada daim hiss edirik. Elə buna görə də "siyasi məhbus"larla bağlı məsələ sessiyanın gündəliyindən çıxarılıbdır".

Avropa Şurası nüfuzlu beynəlxalq təşkilatdır və onun dünya proseslərinə təsir imkanları çox böyükdür. Avropanın aparıcı dövlətləri bunu yaxşı bildiklərindən təşkilatdan səmərəli idarə etməyə çox həssaslıqla yanaşırlar. Buna görə də onun rəhbər orqanlarına kimlərin və hansı dövlət nümayəndələrinin seçilməsi böyük əhəmiyyət kəsb edir. Nümayəndə heyətinin başçısı olduğu dövr ərzində cənab İlham Əliyevin timsalında kiçik bir ölkənin nümayəndəsinin Avropa Şurası çərçivəsində qazandığı uğurları istənilən avropalı siyasətçi arzu edə bilər. Qısa müddətdə cənab İlham Əliyev özünü müasir dünya problemlərini bilən, onların həllinə dair real və konkret təkliflər verən strateq kimi tanıda bilmiş, bu uğurun təməli isə Azərbaycan AŞ-yə tamhüquqlu üzv qəbul edilərkən qoyulmuşdur. Azərbaycan AŞ PA-nın sessiyalarında ləyaqətlə təmsil olunmuş, İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Parlament Assambleyası sessiyalarının iclaslarında fəallığı və işgüzarlığı ilə xarici ölkə təmsilçilərinin diqqətini cəlb etmişdir.

Cənab İlham Əliyev diplomatik ustalığı, səmimi ünsiyyət qurmaq bacarığı, işgüzarlığı, insanları inandırmaq səriştəsi ilə bütövlükdə AŞ PA-nın yüksək reytinqli parlamentarilərindən biri kimi tanınmışdır. Bu etimadın yüksək nəticəsi olaraq 2003-cü il yanvar ayının 27-də cənab İlham Əliyevin AŞ PA-nın sədr müavini və Büro üzvü seçilməsi Azərbaycanın təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardan idi. Bu, ölkəmizin Avropa Şurası ilə əlaqələrinin kifayət qədər yüksək səviyyədə inkişaf etdiyini, nümayəndə heyətimizə, xüsusən cənab İlham Əliyevə böyük rəğbətin mövcudluğunu təsdiqləyən mühüm hadisə oldu. Bunun daha bir təzahürü isə cənab İlham Əliyevin AŞ PA-da 2004-cü ilin aprelində artıq Azərbaycan Prezidenti kimi iştirakı zamanı onun bu təşkilatın ali mükafatına - AŞ PA-nın fəxri üzvü diplomuna və medalına layiq görülməsidir.

Azərbaycan nümayəndə heyətinin müxtəlif siyasi baxışlı üzvlərini qısa müddətdə monolit komandaya çevirməyi bacaran cənab İlham Əliyev AŞ PA-da ermənilərə qarşı effektli əks-hücumun təşkilinə də nail olmuşdur. Bu məsələyə xüsusi önəm verilməsi də təsadüfi deyildi - Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycan erməni faşizminin gerçək mahiyyətini dünyaya açıb göstərmək üçün bu mötəbər təşkilatın tribunasından maksimum yararlanmağa çalışır. Cənab İlham Əliyevin nümayəndə heyətinə rəhbər olduğu qısa müddətdə AŞ PA-da Azərbaycan həqiqətlərini təcəssüm etdirən 30-dək sənədin hazırlanmasına və qəbuluna nail olunmuşdur. Azərbaycan nümayəndə heyətinin təşkilat çərçivəsindəki çoxşaxəli fəaliyyətinin əsas qayəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq idi. O dövrün nəticələri bu məqsədin uğurla reallaşdırıldığını söyləməyə ciddi əsaslar yaradır. AŞ PA-nın 2005-ci ilin yanvarında keçirilmiş qış sessiyasında Ermənistanın təcavüzkar dövlət kimi tanınması da bunun əyani sübutudur.

Azərbaycan Avropa Şurasına üzvlükdən sonra təşkilatın "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasını ratifikasiya etməklə, demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün əsas hüquq və əsas azadlıqların təmininə sadiqliyini nümayiş etdirmişdir. Təşkilata üzvlük respublikamıza həm də Avropa İnsan Hüquqları Məhkəməsi ilə sıx əməkdaşlıq imkanı vermişdir. Azərbaycan vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququnu həyata keçirmək üçün üzvlükdən sonra müəyyən prosedurun keçilməsi tələb olunurdu. 25 dekabr 2001-ci il tarixdə respublikamızın qanunverici orqanı olan Milli Məclis "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" konvensiyanı ratifikasiya etmişdir. 15 aprel 2002-ci il tarixdə isə ratifikasiya sənədi depozitə edilmək üçün Avropa Şurasının Baş katibinə təqdim olunduqdan sonra Azərbaycan vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanı reallaşmışdır.

Avropa Məhkəməsi Avropa Şurasının əsas orqanlarından biri olmaqla məhkəmə vasitəsilə üzv dövlətlərin əsas insan hüquq və azadlıqlarının müdafiəsinə çalışır. Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Şurasının əsas orqanlarından biri hesab olunur. Bu məhkəmə 1948-ci ildə qəbul olunmuş "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya" əsasında fəaliyyət göstərir. 1998-ci ilə qədər konvensiyanın iştirakçısı olan dövlətlərin üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini təmin edən üç orqan fəaliyyət göstərirdi - Avropa İnsan Hüquqları Komissiyası, Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurasının Nazirlər Komitəsi. 1 noyabr 1998-ci ildə konvensiyaya 11 saylı protokolla mühüm dəyişikliklər edilərək Avropa İnsan Hüquqları Komissiyası və Avropa İnsan Hüquqları Məhkəməsi birləşdirilərək vahid məhkəmə yaradılmışdır. Nazirlər Komitəsi isə məhkəmənin qərarlarının icrasına nəzarət edən orqan kimi fəaliyyətini davam etdirmişdir. Avropa Şurasının yaradıldığı ilk 20 il ərzində bu məhkəməyə müraciətlərin sayı təxminən 50-dən bir qədər artıq olmuşdur. Sonrakı illər ərzində - 1998-ci ilədək bu məhkəmə minə yaxın mübahisəni icraatına götürərək müvafiq qərarlar qəbul etmişdir.

Avropa Məhkəməsinin qərarlarının müqayisəli təhlili və araşdırılması göstərir ki, məhkəmənin yaranmasından bu günədək çıxarılmış qərarlardan hamısı tam icra olunmuşdur. Bu faktın özü Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının nüfuzunun göstəricisi sayıla bilər. Digər tərəfdən, məhkəmənin qərarlarının icrasını təmin edən dəqiq və vahid mexanizm olduğuna görə Avropada bu qərarların icra olunmamasını təsəvvür belə etmirlər. Avropa Şurasının nizamnaməsinin tələblərinə görə, məhkəmə qərarını icra etməyən dövlət məsuliyyət daşıyır və bu həmin dövlətin Avropa Şurasında üzvlüyünün dayandırılmasına və əgər qərarın icra olunmaması davam edərsə, bu halda üzvlükdən çıxarılmasına səbəb ola bilər.

Dövlət başçısı İlham Əliyevin 2006-cı il 19 yanvar tarixli Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" fərmanında bir sıra konseptual xarakterli məsələlərlə yanaşı, Avropa Məhkəməsinin presedent hüququnun Azərbaycanın yerli məhkəmələri tərəfindən hərtərəfli öyrənilməsi vacibliyi önə çəkilmişdir.

 

Bütün bunlar deməyə əsas verir ki, Avropa Şurası ilə Azərbaycan arasındakı qarşılıqlı faydalı əməkdaşlıq yüksələn xətlə inkişaf edir və rəsmi Bakı təşkilatın regiondakı roluna mühüm önəm verir. Bəzi daxili və xarici qüvvələr Azərbaycanla Avropa Şurası arasında süni problemlər yaratmağa, bu yolla ölkəmizə təzyiq göstərməyə çalışsalar da, məqsədlərinə nail ola bilmirlər. Çünki Azərbaycan təşkilat qarşısında götürdüyü öhdəliklərə sadiqliyini konkret fəaliyyəti, əməli işi ilə sübuta yetirir. Məhz bu fəaliyyətin nəticəsi olaraq respublikamız ötən 9 ildə təşkilatda layiqincə təmsil olunmuş, milli maraq və mənafeyini yüksək səviyyədə qorumuşdur.

 

 

Zahid CƏFƏROV,

hüquq elmləri namizədi, BDU-nun Mülki proses,

əmək və ekologiya hüququ kafedrasının dosenti

 

Azərbaycan.- 2010.- 17 yanvar.- S. 2.