Şəhidlər xiyabanı Azərbaycan xalqının əbədi ziyarətgah yeridir

 

 Azərbaycanın müasir tarixinə xalqımızın qəhrəmanlıq salnaməsi və ən böyük faciələrdən biri kimi daxil olmuş 20 Yanvar hadisələri milli azadlıq mübarizəsində əbədi yer tutur. Məhz həmin gün Azərbaycanın igid oğulları vətənin azadlığı uğrunda misilsiz şücaət göstərərək ölkəmizin müasir tarixində yeni salnamə yaratdılar. Sovet imperiyası qoşunlarının törətdiyi faciənin baş verməsindən 20 il ötməsinə baxmayaraq, xalqımız o müdhiş günlərin ağrı-acısını unutmur, ölkəmizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş vətənpərvər igidlərin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

20 Yanvar şəhidlərinin uyuduğu Şəhidlər xiyabanı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə aparılmış əsaslı yenidənqurma və təmir işlərindən sonra müasir görkəm almışdır. Xiyabanın döşəməsi, yaşıllıq və yer örtüyü, işıq dirəkləri yenilənmiş, işıqlandırma sistemi müasir tələblərə uyğun qurulmuşdur. Kompleksin əbədi məşəl abidəsinin ətrafında böyük abadlıq işləri görülmüşdür.

Şəhidlər xiyabanında abadlıq işləri bu gündavam etdirilir. Kompleksin ərazisi təmizlənir, xatirə lövhəsinin qarşısında, ümumilikdə xiyaban boyu gül kolları əkilir, ağaclara xüsusi qulluq göstərilir. Paytaxt sakinləri xiyabandakı təmizlik işlərində könüllü iştirak edərək parkın girişində səkiyə qərənfillər, gül-çiçəklər döşəyir, şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını ifadə edirlər.

Hər il olduğu kimi, faciənin iyirminci ildönümü ərəfəsində də Şəhidlər xiyabanına böyük insan axını başlayıb. Paytaxt sakinləri, şəhərimizin qonaqları, hətta digər ölkələrdən olan əcnəbilər xiyabana axışaraq Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini böyük ehtiramla yad edir, məzarları üzərinə qərənfillər düzürlər.

Azərbaycan xalqı ölkəmizin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərini unutmur, onların xatirəsini daim əziz tutur. Qəhrəmanlıq salnaməsini yaradan el oğullarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımızın əbədi ziyarətgahlarına çevrilmişdir.

 

 

Anar TAĞIYEV

 

Azərbaycan.- 2010.- 17 yanvar.- S.  4.