20 illik tarix

 

Hər zaman ürəyi azadlıq, müstəqillik təşnəli olan xalqımız arzusuna nail olmaq üçün 1990-cı ildə bir qanlı tarix yaşamalı oldu. Şərəfli mübarizə gününün iştirakçıları - şəhidlər və şahidlər həmin gündən millətin qəhrəmanı kimi əbədiləşdi.

Bakı qan gölünə bülənd olduğu vaxt xalq tarixi yaddaş və ədalət naminə İctimai dəfn komissiyası yaratdı. Fövqəladə vəziyyət hökm sürməsinə, ciddi maneələrə baxmayaraq, həmin komissiyanın köməyi sayəsində 42 gün ümummilli matəm mərasimi el-oba adəti ilə keçirildi. Bu gün həmin hadisələri tarixi ardıcıllıqla və xronoloji qayda ilə özündə əks etdirən yeni bir nəşr "20 yaşlı 20 Yanvar" adlı kitab yenidən yaddaşımızın köməkçisinə çevrilir. Kitabın müəllifi şəhidlərin dəfnini təşkil edən komissiyaya rəhbərlik etmiş professor Qüdrət Əbdülsəlimzadədir.

20 Yanvar hadisəsindən sonra düşüncə və fikirlərinin ifadəsi olmuş "Nikbin faciə", "Qanlı Yanvardan 15 il keçdi..." adlı nəşr olunmuş qeydlərinə yeni faktlar, materiallar daxil etməklə "20 yaşlı 20 Yanvar" kitabını hazırlamağı məqsədəuyğun hesab edən müəllif inanır ki, baş vermiş proseslərin obyektiv mənzərəsinin yaradılmasında müəyyən dərəcədə xidmətləri olacaq.

Müəllif bildirir ki, "şər imperiyası" şərəfsiz ömrünü uzatmaq üçün hər cür rəzalətə əl atdı. Mərkəzin Girienko, Mixaylov kimi elçilərinin and-aman etmələrinə, "sakitləşdirici" çıxışlarında xalqı heç bir zorakılığa yol verilməyəcəyinə inandırmalarına baxmayaraq, Yazov (hərbi nazir), Kryuçkov (təhlükəsizlik naziri), Bakatin (daxili işlər naziri) üçlüyünün komandası altında Bakı şəhərinə qəfil hücum böyük faciə yaratdı. Obyektiv məlumatlar əsasında hadisəni şərh edən Q.Əbdülsəlimzadə ağır gündə xalqımızın bir-birinə həmdəm olmasını iftixarla yada salır. O günlərin silinməz izləri kimi Abşeron sakinlərinin yetişdirdikləri qərənfilləri Bakının küçə və meydanlarına səpmələrini, İctimai dəfn komissiyası ilə əlaqə saxlayan adi sürücü Fərhadın, gidər insanların Şəhidlər xiyabanının yaxınlığında fasiləsiz növbə çəkmələrini qeyrət ucalığı kimi dəyərləndirir.

Kitabda "20 Yanvar Şəhidi" fəxri adı verilmiş 133 nəfər şəhidin, eləcə də faciə ərəfəsində çətin və məsuliyyətli aparan dəfn komissiyasının üzvlərinin ad və soyadları ilə tanış ola bilərlər.

Professor Qüdrət Əbdülsəlimzadənin "20 yaşlı 20 Yanvar" kitabı sərt fövqəladə vəziyyətin gerçəkliyi, yerli hakimiyyət qurumlarının iflicliyi, hərbi vertolyotların əsəbləri oynadan gurultusu, vaxtaşırı şəhərin müxtəlif yerlərindən atəş səslərinin eşidilməsi, kütləvi təqiblər, təhqiramiz yoxlamalar, hərbçilərin xain hərəkətləri, rəsmi məlumatsızlıq və informasiya məhdudluğu şəraitində Azərbaycan xalqının imperiya ordusunun zərbələrinə, zülmə sinə gərməsi, qeyrət, cəsarət taparaq yeni vasitələrlə mübarizəsini davam etdirməsi kimi tarixi faktla zəngindir.

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2010.-  17 yanvar.- S.  4.