Şəhidlərimiz - iftixar mənbəyimiz

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının sadiq keşikçisi "qəhrəman" sovet ordusu qoşunlarının Bakıda törətməyə başladığı vəhşiliklər barədə xəbər ildırım sürəti ilə Gürcüstana çatdı. Gürcülər xəbəri təəccüblə qarşılamadılar, çünki onlar 1989-cu il aprelin 9-da sovet əsgərlərinin "igidliyinin" şahidi olmuşdular. 13 nəfər şəhid vermişdilər, çoxlu dinc vətəndaş müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Moskva müstəqillik uğrunda mübarizə aparan Gürcüstan əhalisinin gözünü qırğınla qorxutmaq istəmiş, dağılmaqda olan imperiyanı bu yolla xilas etməyə çalışmışdı.

 

O zaman Moskva radio və televiziyası Bakı faciəsi, Azərbaycan xalqının başına gətirilən fəlakətlər barəsində heç nə demir, efiri sovet xalqlarının "sarsılmaz dostluğu", sənaye və kənd təsərrüfatı, elm və texnika sahəsində qazanılmış "nailiyyətlər" haqqında xəbərlərlə doldururdu. Yeganə informasiya mənbəyi xarici radiostansiyalar idi. Bunların da verdikləri məlumatların obyektivliyinə şübhə yaranırdı. Çünki sovet hökumətinin xaricə sürgün etdiyi Paruyr Ayrikyan, kökündən xəbərsiz qarabağlı iddiasında olan nankor Zori Balayan kimiləri əzəli torpağımız Qarabağ ətrafında o qədər yalan yaymışdılar ki, Azərbaycan informasiya blokadasından çıxa bilmirdi. Belə bir vəziyyət isə Qorbaçovun və ətrafının ürəyindən xəbər veriridi.

Azərbaycan televiziyasının enerji bloku partladılmışdı. Radioda verilişlər getmirdi. Hərdənbir hansısa əsgər Bakı hərbi komendatının məlumatını höccələyə-höccələyə oxuyurdu. Qəzetlər çıxmırdı.

Tbilisidə "Sovet Gürcüstanı" qəzetində redaktor müavini vəzifəsində çalışırdım. Telefon zəng çaldı. Dəstəyi götürdüm. Titrək səsli qadın həyəcanla özünü təqdim etdi. Moskvadan danışdığını bildirib dedi:

- Bakıda insanları qırırlar. Qan su yerinə axır. Qocalara, qadınlara, uşaqlara belə aman vermirlər. Qorbaçov haqqını tələb edən xalqımızı qan dənizində boğmaq istəyir. Amma arzusu gözündə qalacaq. Tarix boyu çox ağır sınaqlara məruz qalmış Azərbaycan yaşamışdır. Növbəti sınaq nə qədər ağır olsa da, Azərbaycan bu sınağa da sinə gərəcək, dostunu düşmənindən seçməyi bacaracaq, yaşayacaqdır... Sizdən xahişimiz var: bu gün günortadan sonra sizə Bakı faciəsini əks etdirən fotoşəkillər və mətn gətirəcəklər. Onları çap edin, həmin qəzetdən təyyarə ilə Domodedovo aeroportuna göndərin; gələn şəxs zərfi əlində tutsun, biz qarşılayıb götürərik. Qəzetləri xarici ölkələrin səfirliklərinə və müxbirlərinə çatdıracağıq. Sağ olun...

Qadının səsində qəm və kədərlə yanaşı, qəzəb və hiddət, qeyrət və cəsarət vardı. Həmin səs bizi qisas və intiqam almağa çağırırdı. Bu, xahiş deyildi, mənim üçün, damarlarında azərbaycanlı qanı axanların hamısı üçün əmr idi, kişi qeyrətli qadının əmri. Əmr isə müzakirə edilmir, icra olunur. Təəssüf ki, aradan artıq 20 il keçdiyinə görə həmin xanımın adı yadımda qalmamışdır.

Doğrudan da, xanımın dediyi kimi, saat 14.00 radələrində 35-40 yaşlarında iki nəfər kişi "Kommunist" nəşriyyatının üçüncü mərtəbəsində yerləşən redaksiyamıza gəldi. Son dərəcə həyəcanlı olan bu şəxslərin gətirdikləri fotoşəkillərə baxmaq mümkün deyildi. Sovet əsgərlərinin "qəhrəmanlığı"nı seyr etmək üçün insan daş qəlbli olmalı idi. Şəkillər azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşilikləri xatırladırdı...

O dövrdə "Sovet Gürcüstanı" A2, yəni böyük formatda həftədə üç dəfə nəşr edilirdi. Bu gecə çapa gedəcək nömrənin içəri səhifələrini bütünlüklə fotoşəkillər - insanı dəhşətə gətirən, faciəni törədənlərdən intiqam almağa çağıran mənzərələr tutdu. Sovet qoşunlarının 1989-cu ilin aprel ayında Tbilisi şəhərində dinc əhalini qanına qəltan etməsindən yanıqlı olan gürcü senzorlar şəkillərin çapına icazə verdilər. Biz bundan istifadə edərək, həmin fotoşəkillərin gürcü və rusdilli mətbuatda, o cümlədən Gürcüstan KP MK-nın orqanları olan "Kommunist" və "Zarya Vostoka" qəzetlərində də verilməsini təmin etdik. Ertəsi gün səhər tezdən Moskvaya göndərdik. Təxminən üç saat sonra telefonum zəng çaldı. Həmin xanım idi. Aeroportdan danışırdı:

- Təşəkkür edirəm. Böyük və çox gərəkli iş görmüsünüz...

- Bu, bizim də borcumuzdur. Biz 20 Yanvar faciəsi ilə bağlı material dərc etdiyimiz bütün nömrələri sizə çatdırmağa çalışacağıq. İndicə bizə xəbər gəldi ki, Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında etiraz mitinqləri keçirilir. Qardabanidə təşkil olunmuş mitinqdə minlərlə adam iştirak etmişdir. Transparantlar və şüarlarda Moskvanın əməlləri kəskin surətdə pislənir. Şüarlardan bəzilərinə diqqət yetirək: "Qorbaçov canidir!", "Azərbaycandan əlinizi çəkin!"

Deyirlər, hər yara sağalar, buna vaxt lazımdır. Amma xalqın həyatında elə yaralar olur ki, heç vaxt sağalmır. Həmin xalqın bütün nəsilləri bu yaralara baxaraq, tarixini daim yada salır, yaranı vuranlara nifrət hissini getdikcə gücləndirir, diqqəti şəhidlik zirvəsinə yüksələnlərin arzularının daha geniş şəkildə həyata keçirilməsinə yönəldirlər. 20 Yanvar şəhidlərimiz ötən iyirmi il ərzində qürur mənbəyimizə, Şəhidlər xiyabanı gənclərimizin vətənpərvərlik tərbiyəsi məktəbinə çevrilmişdir. Biz Şəhidlər xiyabanına ümumxalq Hüzn günündə gəlməklə Vətənimizin müstəqilliyi uğrunda qurban gedənlərin müqəddəs ruhları qarşısında baş əyir, onlarla fəxr etdiyimizi bildiririk. Eyni zamanda onlara misilsiz iftixar hissi ilə hesabat veririk: ulularımız demişlər: "Qisas qiyamətə qalmaz". Bəli, qisas tezliklə alındı. Uğrunda şəhidlərimizin qurban getdikləri arzu həqiqətə çevrildi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyi bərpa olundu. Biz müstəqillik tariximizi yenidən 1918-ci il mayın 28-dən hesablamağa başladıq. Çətinliklərimiz çox oldu. Bu gün də var. Dağlıq Qarabağ problemi hələ də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmamışdır. Hadisələrin gedişi, beynəlxalq təşkilatların məsələyə ciddi yanaşması göstərir ki, problem yaxın vaxtlarda həll ediləcəkdir.

Azərbaycan dünya birliyində özünə layiq yer tutur. Onun beynəlxalq nüfuzu durmadan artır. İqtisadiyyatın inkişafı sahəsində qazandığımız nailiyyətlər bizi dünya miqyasında qüdrətli dövlət kimi tanıdır. Ötən ilin yekunlarına əsasən, Azərbaycan öz iqtisadi göstəricilərinə görə MDB məkanında birinci yeri, dünya miqyasında isə öncül yerlərdən birini tutur. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar öz tarixi vətənləri ilə fəxr edirlər. İndi azərbaycanlılar dedikdə 50 milyonluq bir xalq gözlərimiz önünə gəlir. Ümummilli lider Heydər Əliyevin yolunun qətiyyətli davamçısı İlham Əliyevin dünya azərbaycanlılarının II qurultayında böyük iftixar hissi ilə dediyi: "Biz 50 milyonuq" cümləsi hələ də qulaqlarımızda səslənir. Məhz bu 50 milyonluq əhali dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, şəhidlərimizin ruhu önündə baş əyir, onların arzularının çin olması üçün əllərindən gələni edəcəklərini nümayiş etdirirlər.

 

 

Həmid VƏLİYEV,

BDU-nun Beynəlxalq

jurnalistika kafedrasının müdiri, Gürcüstan

Respublikasının əməkdar jurnalisti

 

Azərbaycan.- 2010.-  17 yanvar.- S.  4.