Fundamental elmə sanballı töhfə verən alim
Altıncı sinifdə
oxuyanda düzəltdiyim "Elektrikləşmiş Azərbaycan
xəritəsi" lövhəsinə görə vilayət gənc
texniklər stansiyasının qalibi olaraq
mükafatlandırıldım. Lövhədə Azərbaycanın
xəritəsi üzərində təbii sərvətləri
elektrik lampaları ilə qeyd etmişdim. Məsələn,
"neft" düyməsini basan kimi harada neft
çıxırsa, həmin ərazidə işıqlar
yanırdı...". Beynəlxalq Ekoenergetika
Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru,
dünya şöhrətli alim Vidadi Əliyev 1950-ci illərin
əvvəllərindən danışır: "Atam Yusif Əliyev
o vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Maarifi
şöbəsinin müdiri, həm də Qarabağda Azərbaycanın
ilk əməkdar müəllimi idi. Xankəndidəki 4
saylı orta məktəbi qızıl medalla bitirib 1958-ci ildə
Azərbaycan Dövlət Universitetinin (BDU) fizika fakültəsinə
daxil oldum və və universiteti də qırmızı
diplomla başa vurdum".
İnşaat Mühəndisləri
Universitetinin müəllimi, professor Vidadi Əliyev dünyada
tanınmış alimlərdəndir. Hələ tələbəlik
illərində üzvi yarımkeçiricilərin tədqiqi ən
yeni elm sahəsi kimi onun dərin marağına səbəb
olur. Bu həvəs və istək onu SSRİ Elmlər
Akademiyasının Yarımkeçiricilər İnstitutuna gətirir.
Ancaq əvvəlcə Leninqradda imtahan verib aspiranturaya daxil
olur. 1960-cı illərin axırlarında Leninqradda namizədlik
dissertasiyasını müdafiə edir: "O anları
xatırlayanda həmişə kövrəlirəm. Müdafiəm
müvəffəqiyyətlə keçdi. Dostlarım, Azərbaycanın
tanınmış jurnalistləri Telman Qarayev, Yusif Kərimov və
mərhum Vaqif Mahmudov orada idilər. Telman Qarayev 39-40 dərəcə
qızdırmanın içində yanırdı, ancaq üzə
vurmurdu." Məni doğmalar arasında ilk təbrik edənlər
də onlar oldular.
ABŞ-ın, İngiltərənin,
Fransanın, Yaponiyanın, Polşanın,
Çexoslovakiyanın, Hindistanın, Almaniyanın,
Macarıstanın, Rumıniyanın, Şotlandiyanın və
onlarca digər xarici ölkələrin nüfuzlu elmi nəşrlərində
çap olunmuş elmi əsərləri alimi dünyada
tanıtmaqla yanaşı, onu bu elm sahəsinin aparıcı
mütəxəssislərdən birinə çevirdi. Müxtəlif
illərdə yarımkeçiricilər fizikası üzrə
əldə etdiyi elmi nəticələr Moskvada, Zedinoqorskda, hərbi
sənaye kompleksində tətbiq olundu və çox
böyük iqtisadi səmərə verdi. Onun tədqiqatlarının
əksər hissəsi hərbi sənaye kompleksi ilə
bağlı olduğundan yalnız "xüsusi xidməti
istifadə üçün" qrifi ilə çap olunur. Vidadi
Əliyevin 1985-ci ildə Moskvada SSRİ Elmlər
Akademiyasının Kimyəvi Fizika İnstitutunda, Nobel
mükafatı laureatı, akademik Semyonovun rəhbərlik
etdiyi İxtisaslaşdırılmış Elmi Şurada
"Üzvi yarımkeçiricilərdə elektron
daşınması prosesləri və kontakt hadisələri"
mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası da bu
qriflə çap edilmişdir. Həmin dövrdə mətbuat
yazırdı ki, dünyanın ən nüfuzlu alimlərindən
təşkil olunmuş elmi şura Vidadi Əliyevin
dissertasiyasını bitkin fundamental elmi tədqiqat və
bütövlükdə yeni elmi istiqamət kimi dəyərləndirmişdi.
Beynəlxalq seminar və konfranslardan başqa dünyanın
üzvi yarımkeçiricilər fizikası ilə məşğul
olan əllidən çox ölkəsinin yüzə yaxın
alimi poçt vasitəsilə Vidadi müəllimə
müraciət edib müxtəlif məcmuələrdə dərc
edilmiş elmi əsərlərini onlara göndərməsini
xahiş ediblər. Bu məktubların əksəriyyətini
alim indi də saxlayır.
Vidadi müəllim qardaş
Türkiyədə superkeçiricilik üzrə tədqiqatlarda
öz sözünü deyən alimlərdən biridir. O,
müqavilə əsasında Trabzon, Qara Dəniz, Texniki
Universitetdə çalışdığı müddətdə
mühazirələr oxumaqla yanaşı, elmi
axtarışlarını davam etdirmiş və qardaş
ölkədə yarımkeçiricilər fizikası və
superkeçiricilik üzrə elmi kadrların yetişməsinə
kömək göstərmişdir. Onun türk alimləri ilə
birgə işlədiyi "Arı pətəyi quruluşlu
maraqlı xassələr göstərən superkeçiricinin
sintezi" adlı elmi əsəri və elmi nəticələri
Avropa və Amerika alimləri tərəfindən böyük
maraqla qarşılanmışdır.
Professor Vidadi Əliyev 2001-ci
ildə Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki
seçilib. Ömrünün 60 ilini elmə həsr etmiş
dünya şöhrətli alimin 200-ə qədər elmi məqalənin,
əsərlərin müəllifidir. 30-dan çox ixtirası
dünyanın müxtəlif ölkələrində tətbiq
edlib. Lakin xəstəliyi üzündən
yaratdığı elmi məktəb yarımçıq
qalıb. Ömrünün 70-ci baharını da yataqda
qarşıladı. Təsəllisi odur ki, elmdə
açdığı cığırı qızı Fatma
davam etdirir.
1993-cü ildə
Ağdamın işğal xəbərini Türkiyədə
alan alim həmin gün keçirdiyi sarsıntıdan əl və
ayaq hərəkətlərini itirib. Lakin ümidini üzməyib.
Deyir ki, ayağım Qarabağ torpağına dəysə,
ayağa qalxacam, sağalacam. Alimin vəfalı həyat
yoldaşı Süsən xanım bu illər ərzində
Vidadi müəllimə böyük dayaq olub. Vidadi müəllim
bu ağır xəstəliyə ömrünün elə
çağında düçar oldu ki, övladlarının
ali təhsil almaq, ailə qurmaq çağları
yetişirdi. Dörd uşağı böyütmək,
oxutmaq, ailə-uşaq sahibi etmək asan iş deyil.
Böyük Yaradanın sevgisinə sığınan Süsən
xanım bu çətin yollardan da alnıaçıq
çıxıb. Övladları indi alim, elm xadimləri
olublar, atalarını çoxdan baba ediblər.
Vidadi müəllim isə həyata
keçirə bilmədiyi arzuları ilə təkbətək
qalanda məyus olsa da, ümidini üzmür. Çünki
onun Azərbaycanda, keçmiş SSRİ-də, Türkiyədə
və dünyanın bir çox ölkələrində
yetirmələri var. Fundamental elmin bu sahəsi üzrə
dünyanın bir çox tanınmış alimlərinin
müəllimi Vidadi Əliyev olub.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2010.- 17 yanvar.- S. 8.