2009-cu ilin yekunlarına görə
Azərbaycan dünya miqyasında ən sürətlə
inkişaf edən ölkələr sırasındadır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 18-də Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
Azərbaycan Prezidenti İlham Əliyevin
giriş nitqi
- Nazirlər Kabinetinin bugünkü iclası 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmişdir. 2009-cu il dünyada maliyyə böhranı ili kimi tarixdə qalacaq və demək olar ki, bütün ölkələr böhrandan bu və ya digər formada əziyyət çəkmişlər. Baxmayaraq ki, Azərbaycan dünya iqtisadiyyatına çox uğurla inteqrasiya edir və bütün beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirirlər, yenə də demək istəyirəm ki, buna baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi bu böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir.
Qeyd etdiyim kimi, biz dünya iqtisadi proseslərinə getdikcə daha da sürətlə qoşuluruq. Azərbaycanda aparılan ciddi sosial-iqtisadi islahatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan yaradır. Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi. Ölkəmiz 2009-cu ildə də sürətlə inkişaf etməyə davam edirdi, bu dinamika saxlanılırdı.
2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bunu əyani şəkildə göstərmək üçün, sadəcə, iqtisadi və sosial göstəricilərimizə baxmaq kifayətdir. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bu, bir daha onu göstərir ki, bütün uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır.
Demək olar ki, bizim bölgədə və postsovet məkanında və geniş mənada, qitədə ölkələrin tam əksəriyyəti böyük çətinliklərlə üzləşmişlər. O ölkələrdə iqtisadi inkişaf böyük dərəcədə aşağı düşmüşdür. Bəzi ölkələr demək olar ki, faciə astanasındadırlar. Ancaq bizdə vəziyyət tam başqadır və 9,3 faiz artan iqtisadiyyatımız, bir daha demək istəyirəm ki, 2009-cu ildə və ondan əvvəlki illərdə görülən işlərin nəticəsidir.
Sənaye istehsalı 2009-cu ildə 8,6 faiz artmışdır. Bu onu göstərir ki, sənayemiz də artıb. Azərbaycanda son illər ərzində sürətlə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatı 3,5 faiz artmışdır. Bu da çox önəmli göstəricidir. Çünki sənayenin inkişafında, artırılmasında müəyyən dərəcədə neft amili də vardır. Kənd təsərrüfatının inkişafı sırf onu göstərir ki, Azərbaycanın qeyri-neft sektoru, o cümlədən ölkəmizdə həm iqtisadi və eyni zamanda, sosial məsələlərin həlli üçün vacib olan aqrar sahənin sürətlə artması görülən işlərimizin nəticəsidir.
2008-ci ilin də Azərbaycan üçün çox uğurlu olmasına baxmayaraq, 2008-ci ildə bizi narahat edən əsas məsələ inflyasiyanın yüksək həddə çatması idi. Yaxşı xatırlayırıq ki, 2008-ci ildə inflyasiya təxminən 21 faiz təşkil etmişdi. Onun da əlbəttə ki, obyektiv səbəbləri var idi. Çünki beş il ərzində sürətli artım istər-istəməz istehlak qiymətlərinin artmasına təsir göstərmişdi. Eyni zamanda, dünyada neftin qiyməti kəskin şəkildə artmışdı. Bu da birbaşa inflyasiyanın artımına xidmət göstərirdi.
Bu il isə inflyasiyanın səviyyəsi 1,5 faizdir. Bu onu göstərir ki, 2009-cu ildə biz makroiqtisadi sabitliyi saxlaya bildik. İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün konkret addımlar atdıq. İstehlak qiymətlərinə nəzarət böyük dərəcədə gücləndirilmişdir. Bütün bu amillər bugünkü vəziyyəti şərtləndirir. Beləliklə, hər bir ölkənin iqtisadi və sosial inkişafını müəyyən edən göstəricilər bu gün Azərbaycanda çox gözəldir, ürəkaçandır.
2009-cu ildə Azərbaycana
investisiya qoyuluşu davam etmişdir. İl ərzində 9,2
milyard dollar investisiya qoyulmuşdur ki, bunların da 7,3
milyardı daxili sərmayələrdir. Bu da çox gözəl
göstəricidir. Çünki bilirik ki, dünyada həm
banklarda yaranmış ciddi vəziyyət, eyni zamanda, maliyyə
resurslarının azaldılması istər-istəməz
investisiya qoyuluşunun davamına müsbət təsir
göstərə bilməzdi. Ancaq biz bütün imkanları
səfərbər edib, həm dövlət, həm yerli
şirkətlər, özəl sektorun xətti ilə, eyni
zamanda, xarici şirkətlərin Azərbaycana
marağını nəzərə alaraq, biz Azərbaycanda
böyük həcmdə investisiya qoyuluşunu təşkil
edə bildik. Burada da ölkəmizdə aparılan ümumi
siyasət öz xüsusiyyətlərini göstərir.
Həm dövlət tərəfindən
qoyulan əsaslı investisiyalar, eyni zamanda, yerli şirkətlərin
böyüməsi və onların imkanlarının
artırılması, onlar üçün gözəl şəraitin
yaradılması, dövlət tərəfindən
sahibkarlığın inkişafına ayrılan vəsait,
kreditlər, subsidiyalar, başqa güzəştlər,
ölkəmizdə güclü infrastruktur layihələrinin
icrası, hər yerdə yollar, elektrik stansiyaları, sosial
obyektlərin yaradılması, digər tərəfdən
xarici investorlar üçün də yaxşı şəraitin
yaradılması amilləri bax, bu vəziyyətə gətirib
çıxarıbdır. Mən əminəm ki, Azərbaycan
gələcək illərdə də həm daxili, həm
xarici investorlar üçün cəlbedici ölkə kimi
öz marağını saxlayacaq və biz növbəti illərdə,
keçən il - 2009-cu ildə başlanmış layihələrin
və yeni layihələrin icrası nəticəsində daha
da böyük dərəcədə investisiya qoyuluşunu
görəcəyik.
2009-cu ildə Azərbaycanda
bir neçə nəhəng layihənin təməli qoyuldu,
yaxud da ki, o layihələrin müəyyən hissəsi icra
edildi. Xarici investorlar tərəfindən maliyyələşdirilən
yeni böyük sement zavodunun təməl daşı qoyuldu.
Ora qoyulacaq investisiyaların məbləği təxminən
400 milyon dollar səviyyəsindədir. Azərbaycan dövləti
tərəfindən ekoloji vəziyyətin
yaxşılaşdırılmasına böyük dərəcədə
xidmət edəcək yeni məişət tullantıları
emalı zavodunun təməli qoyuldu. Ora qoyulacaq investisiyalar təxminən
400 milyon dollar səviyyəsindədir. "Sumqayıt
texnopark"ın müəyyən hissəsi artıq istifadəyə
verildi və orada nəhəng tikinti-quraşdırma işləri
aparılır. Sumqayıtın həqiqətən, müasir
sənaye şəhərinə çevrilməsi
üçün bu texnoparkın çox böyük əhəmiyyəti
vardır. Oraya, ümumiyyətlə, qoyulacaq investisiyaların
həcmini indi hesablamaq çətindir. Amma nəzərə
alsaq ki, orada ən azı 10 nəhəng zavod qurulacaq, yəqin
investisiyaların həcmi 100 milyon dollarla ölçüləcəkdir.
Mən təkcə 3 layihəni qeyd etdim. Bu layihələrin hər
biri ölkə üçün çox böyük əhəmiyyətə
malikdir. Bu onu göstərir ki, həm dövlət, həm
xarici, həm yerli sahibkarların xətti ilə Azərbaycana
qoyulan sərmayələrin həcmi artır. Biz gələcəkdə
də bu siyasəti davam etdirəcəyik. Əminəm ki, Azərbaycanın
qeyri-neft sektorunun inkişafı üçün bunun çox
böyük və əhəmiyyətli nəticələri
olacaqdır.
2009-cu ildə valyuta
ehtiyatlarımız artdı. Deyə bilərəm ki, bu da
çox gözəl göstəricidir. Çünki
ağır maliyyə böhranı ilində valyuta
ehtiyatlarının artırılması hər bir yerdə
müşahidə olunmur. Bizim indi valyuta ehtiyatlarımız
20,4 milyard dollar təşkil edir. Bu, böyük məbləğdir.
Bu bizə imkan verir ki, gələcəkdə də
özümüzü çox rahat hiss edək. Bizim heç
kimin yardımına ehtiyacımız yoxdur, öz
hesabımıza yaşayırıq. Nəzərə alsaq ki,
görülən tədbirlər nəticəsində 2010-cu
ildə daha da böyük işlər aparılacaq, əminəm,
2010-cu ilin yekunlarına görə valyuta ehtiyatlarımız
daha da artacaqdır.
Bu, bizə imkan verir ki,
makroiqtisadi sabitliyi qoruyaq, ölkədə gedən
bütün sosial proqramları, bütün infrastruktur layihələrini
vaxtında icra edək. 2010-cu ildə həyata keçiriləcək
investisiya layihələri ölkəmizin hərtərəfli
inkişafına xidmət göstərməlidir. Biz tezliklə
investisiya proqramını təsdiq etməliyik. Vaxt itirmədən
maliyyə vəsaiti ayrılmalıdır ki, 2010-cu ildə də
sürətli inkişafımızı davam etdirək.
Keçən il
regionların sosial-iqtisadi inkişafı prosesi uğurla davam
etmişdir. Ümumiyyətlə, keçən il 74 min yeni
iş yeri açılmışdır. Bu da onu göstərir
ki, bu proses davam edir. Baxmayaraq ki, biz işsizliklə
bağlı əsas məsələləri demək olar həll
etmişik. Bu gün xarici vətəndaşlar var ki, Azərbaycana
işləməyə gəlmək üçün müraciət
edirlər. Azərbaycana xaricdən gələn miqrantların
sayı artır və bu məsələyə də biz ciddi
nəzarət etməliyik. Elə etməliyik ki, xaricdən Azərbaycana
işləməyə gələn vətəndaşlar
qanunlarımıza hörmətlə yanaşsınlar. Əminəm
ki, Azərbaycana xoş niyyətlə gələn
insanların, turistlərin yəqin ki, işçi qüvvəsinin
sayı artacaqdır. Çünki Azərbaycanda indi
böyük tikinti-quraşdırma işləri nəzərdə
tutulur. Ancaq bütün bu işlər, yenə deyirəm ki,
Azərbaycan qanunlarına hörmət əsasında
görülməlidir.
İş yerləri ilə
bağlı, qeyd etdiyim kimi, demək olar ki, əsas məsələlər
öz həllini tapdı. Halbuki hələ ki, işsizlik
vardır və biz işsizliklə bundan sonra da mübarizə
aparacağıq. Amma bu böyük sosial bəlanın əsas
hissəsi həll olundu. Bunu göstərən həm son 6 il ərzində
yaradılmış 840 min iş yeri, eyni zamanda, Azərbaycanda
yoxsulluq şəraitində yaşayan insanların
sayının azaldılmasıdır. Altı il bundan əvvəl
Azərbaycan vətəndaşlarının təxminən 50
faizə yaxını yoxsulluq səviyyəsində
yaşayırdı, bu gün bu göstərici 11 faizdir. Əgər
2008-ci ilin yekunları ilə müqayisə etsək, görərik
ki, keçən il ərzində yoxsulluq 13,2 faizdən 11 faizə
düşmüşdür. Bu da çox gözəl göstəricidir.
Bu onu göstərir ki, hətta böhranlı ildə Azərbaycanda
yoxsulluğa qarşı çox ciddi mübarizə
aparılıb. Bu mübarizənin praktik nəticələri
vardır və Azərbaycan vətəndaşları gündən-günə
daha da yaxşı yaşamağa başlayırlar.
Demək olar ki, Azərbaycanın
iqtisadi göstəriciləri bundan ibarətdir. Sosial
proqramların həlli həmişə olduğu kimi,
böyük əhəmiyyət kəsb edir. Mən qeyd edə
bilərəm ki, burada da bütün sosial proqramlar vaxtında
icra edildi, ünvanlı sosial yardım proqramı davam etdi.
2009-cu ildə Azərbaycanda 64 məktəb tikilmişdir. 59 səhiyyə
müəssisəsi tikilmiş və təmir edilmişdir.
Beş böyük olimpiya kompleksi istifadəyə
verilmişdir. Bu onu göstərir ki, hətta maliyyə
imkanlarımız bir az azalanda da biz sosial infrastrukturun
inkişafı üçün lazımi tədbirləri
görürük, maliyyə vəsaiti ayırırıq və
beləliklə, Azərbaycanda bütün sosial məsələlər
öz həllini tapır. Böyük infrastruktur layihələrinin
icrası davam edir. Bütün istiqamətlərdə həm
magistral, həm də şəhərlərarası yollar
çəkilir.
2009-cu ildə Azərbaycanda
840 meqavatlıq yeni enerji gücləri
yaradılmışdır. "Sumqayıt",
"Şahdağ" böyük elektrik stansiyaları tikilib
istifadəyə verilmişdir. Biz əvvəlki illərdə
tikilmiş stansiyalarda yenidənqurma işləri nəticəsində
əlavə güclərin yaradılmasına nail ola bildik. Beləliklə,
biz özümüzün enerji tələbatını tam
şəkildə təmin edirik. Bu, artıq uzun müddətdir
ki, belədir və ixrac üçün də gözəl
imkanlar vardır. Biz bu imkanlardan istifadə edirik. Xarici ölkələrə
Azərbaycanın elektrik enerjisinin ixracı artır. Gələcək
illərdə görüləcək tədbirlər nəticəsində
biz bu işləri daha da böyük həcmdə görəcəyik.
Biz 2010-cu ildə isə görülən işlər nəticəsində
ən azı əlavə 400 meqavat elektrik enerjisinin istifadəyə
verilməsini gözləyirik. Beləliklə, Azərbaycan nəinki
neft-qaz ixracı ilə öz imkanlarını genişləndirəcək,
eyni zamanda, elektrik enerjisini xaricə böyük həcmdə
satmaqla məşğul olacaqdır. İndi bütün
infrastruktur yaradılır.
Qazlaşdırma prosesi
uğurla davam etdi. Biz bu sahədə daha da böyük
işlər görə bilərik və görürük.
Bilirsiniz ki, bu yaxınlarda əhalinin qazdan istifadəyə
görə yaranan bütün borcları silindi,
bağışlandı və beləliklə, biz insanları
böyük əziyyətdən xilas etdik. Çünki o
borcların yığılması prosesi artıq uzun illər
idi ki, davam edirdi. Bəzi hallarda bu, təbii
narazılığa səbəb olurdu. Bəzi hallarda
insanların maliyyə imkanları o borcu ödəməyə
imkan vermirdi. Biz bütün bunları başa düşməliyik.
Azərbaycan xalqı ildən-ilə yaxşı
yaşayır. Ancaq hələ ki, çətin vəziyyətdə
yaşayanlar da vardır. Biz onlara daim qayğı göstərməliyik,
onların problemlərini həll etməliyik. Bu məqsədlə
ünvanlı sosial yardım proqramı icra edilir. Bu məqsədlə
digər başqa yardımlar edilir. Qazdan istifadəyə
görə olan borclar silindi. Halbuki bu, Azərbaycan büdcəsi
üçün o qədər də asan məsələ
deyildi. Təxminən 400 milyon dollar həcmində - 330 milyon
manat məbləğində vəsait silindi. Ümid edirəm
və əminliyimi bildirmək istəyirəm ki, bundan sonra əhali
qaz pulunu və ümumiyyətlə, bütün kommunal xərcləri
vaxtında ödəyəcəkdir. Borclar
yaranmamalıdır. Çünki yığılan vəsait
büdcənin təmininə yönəldilir. Nə qədər
çox vəsait yığılsa, bizim imkanlarımız o qədər
də çox artacaq, pensiyalar, maaşlar o qədər də
çox artırılacaq və bütün başqa işlər
də görüləcəkdir.
Yəni, demək istəyirəm
ki, sosial məsələlərin həlli həmişə
olduğu kimi, bizim üçün prioritet məsələlər
olmuşdur. Baxmayaraq ki, böhranlı ildir, yaxud da ki, neftin
qiyməti aşağı düşüb, yuxarı
qalxıb. Bütün bunlar əlbəttə ki, Azərbaycanın
iqtisadiyyatına təsirsiz ötüşmür. Ancaq sosial məsələlər
həmişə prioritet olaraq qalır və qalacaqdır. Gələcək
illərdə də bu sahədə bir dənə də
yubanma, yaxud da ki, geriləmə olmamalıdır və
olmayacaqdır.
2009-cu ildə xarici siyasət
sahəsində çox vacib addımlar
atılmışdır. Azərbaycanın xarici əlaqələri
daha da gücləndirilmişdir. Mənim çoxsaylı
xarici səfərlərim, xarici dövlət və hökumət
başçılarının Azərbaycana səfərləri
Azərbaycanın dünya miqyasında tanınmasında və
mövqeyimizin güclənməsində böyük rol
oynamışdır. Dostlarımızın, strateji tərəfdaşlarımızın,
Azərbaycanla əməkdaşlıq etmək istəyən
ölkələrin sayı artır. Biz də bundan çox
razıyıq və həmişə olduğu kimi,
bütün ölkələrlə əlaqələrimizi
qarşılıqlı hörmət, bir-birimizin işlərinə
qarışmamaq, qarşılıqlı etimad və
qarşılıqlı maraqlar əsasında qururuq. Əminəm
ki, gələcəkdə bu meyillər daha da gücləndiriləcək,
xarici əlaqələrimiz daha da çoxşaxəli və
möhkəm olacaqdır.
Xarici siyasətimizin əsas
məsələsi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli işində 2009-cu ildə
praktiki nəticələr əldə edilməsə də,
hesab edirəm ki, müəyyən irəliləyiş
olmuşdur. Artıq məsələnin hansı yolla həll
olunması daha da dəqiqləşdi. Keçən ilin sonunda
Afinada ATƏT-in xarici işlər nazirlərinin səviyyəsində
keçirilən iclasda məsələ ilə bağlı qəbul
edilmiş sənəd münaqişənin hansı yollarla həll
olunmasını açıq-aydın göstərir. Orada
göstərilir ki, bu məsələ ölkələrin ərazi
bütövlüyü çərçivəsində həll
olunmalıdır. Hesab edirəm ki, önəmli məqam ondan
ibarətdir ki, ilk dəfə olaraq Ermənistan bu sənədə
qoşuldu, buna qol çəkdi və beləliklə, məsələnin
ərazi bütövlüyü çərçivəsində
həll olunmasını etiraf etdi. O ki qaldı xalqların
öz müqəddəratını təyinetmə məsələlərinə,
bu məsələ ölkələrin ərazi
bütövlüyü çərçivəsində həll
oluna bilər. Bütün beynəlxalq sənədlər məhz
bu yanaşmanı müdafiə edir, o cümlədən
1975-ci ildə Helsinkidə qəbul edilmiş, bu gün
üçün də əsas olan sənəd məsələnin
məhz bu yolla həll olunmasını göstərir.
Xalqların öz müqəddəratını
təyinetmə məsələləri ölkələrin ərazi
bütövlüyünü pozmamalıdır və bu məsələ
yalnız ölkələrin ərazi bütövlüyü
çərçivəsində həll oluna bilər. Bu
düstur Dağlıq Qarabağ məsələsinin həlli
üçün hesab edirəm ki, həlledici ola bilər. Məsələ
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll olunacaqdır. Bütün işğal edilmiş
torpaqlardan Ermənistanın işğalçı qüvvələri
çıxarılmalıdır. Bizim soydaşlarımız -
məcburi köçkünlər ora
qayıtmalıdırlar. Təhlükəsizlik tədbirləri
görülməlidir. Gələcəkdə Dağlıq
Qarabağın Azərbaycan və erməni icmaları yüksək
muxtariyyət şəraitində, Azərbaycan dövləti tərkibində
yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir.
Qeyd etdiyim kimi, Afinada ATƏT-in xarici işlər nazirlərinin
səviyyəsində keçirilən görüşdə qəbul
edilmiş sənəd məhz bu yanaşmanı təsdiq edir.
Ondan əvvəl - 2008-ci ildə Moskvada Azərbaycan, Ermənistan
və Rusiya prezidentlərinin birgə imzaladıqları bəyanatda
da məhz bu yanaşma göstərilir. Məsələ beynəlxalq
təşkilatlar çərçivəsində qəbul
edilmiş qətnamələr və qərarlar əsasında
həll olunmalıdır. Bu hansı qərarlar və qətnamələrdir
- bunu siyasətdən bir az başı çıxan adam dərhal
deyə bilər. İlk növbədə BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi - hansılar ki, Ermənistan
silahlı qüvvələrinin Azərbaycan torpaqlarından
qeyd-şərtsiz çıxarılmasını tələb
edir. ATƏT-in sənədləri, digər beynəlxalq təşkilatların
qəbul etdiyi sənədlər ki, Azərbaycanın ərazi
bütövlüyünü təsdiq edir.
Azərbaycanın ərazi
bütövlüyü bütün dünya tərəfindən
tanınır və heç vaxt müzakirə mövzusu
olmayıbdır. Ərazi bütövlüyü bu məsələ
ilə məşğul olan Minsk qrupunun bütün üzvləri
tərəfindən tanınıb, bu barədə dəfələrlə
bəyanatlar verilmişdir. Azərbaycanın beynəlxalq birlik
tərəfindən tanınan ərazi bütövlüyü
bərpa olunmalıdır.
Bizim məsələ ilə
bağlı prinsipial mövqeyimiz bundan ibarətdir. Biz çalışacağıq
ki, bundan sonra da bu mövqeyimizi möhkəmləndirək,
gücləndirək. Siyasi və hüquqi cəhətdən əlbəttə
ki, bu məsələ açıq-aydındır. Yəni
heç kimdə şübhə doğurmur. Biz öz
mövqeyimizi, eyni zamanda, iqtisadiyyatımızın, ordu
potensialımızın möhkəmlənməsi ilə daha
da gücləndirməliyik.
Bu sahədə də
çox vacib işlər görülüb. 2009-cu ildə
Müdafiə Sənayesi Nazirliyinin xətti ilə çox
böyük işlər görülübdür və biz
özümüzü daha da böyük həcmdə hərbi
texnika, silah-sursatla təmin edirik. Bununla bərabər, xaricdən
2009-cu ildə çoxsaylı hərbi yönümlü
texnika, silah-sursat alınmışdır. Bizim ümumi hərbi
xərclərimiz 2 milyard dollara bərabərdir. Biz bu məsələ
ilə bağlı səylərimizi daha da gücləndirməliyik.
Bu məsələlərlə gündəlik məşğul
olmalıyıq.
Azərbaycanın hərbi və
ordu potensialının gücləndirilməsi, hesab edirəm
ki, danışıqlar prosesində ən vacib rollardan birini
oynayır. Mən hesab edirəm ki, son müddət ərzində
danışıqlarda müşahidə olunan dinamika, yəni
müsbətə doğru dinamika, o cümlədən Azərbaycanın
iqtisadi, siyasi və hərbi potensialının gücləndirilməsinin
nəticəsidir.
Beləliklə, hesab edirəm
ki, 2009-cu ilin yekunları çox uğurlu olmuşdur. 2009-cu
ildə biz qarşıya qoyduğumuz bütün məsələlərə
nail olduq. İndi 2010-cu il başlayır. Biz 2010-cu ili də
uğurla başa vurmalıyıq. Bu il də çox önəmli
il olacaqdır. Bütün proqramlar, layihələr, nəzərdə
tutulmuş bütün məsələlər öz həllini
tapmalıdır və əminəm ki, tapacaqdır. Beləliklə,
ölkəmiz bundan sonra da uğurla inkişaf etməyə
davam edəcəkdir.
İndi isə
keçək müzakirələrə və söz verilir
maliyyə naziri Samir Şərifova.
Azərbaycan.- 2010.- 19 yanvar.- S. 1.