2009-cu ilin yekunlarına görə
Azərbaycan dünya miqyasında ən sürətlə
inkişaf edən ölkələr sırasındadır
Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Yola saldığımız 2009-cu il dövlətimizin iqtisadi qüdrətinin, idarəetmə qabiliyyətinin səviyyəsinin qiymətləndirilməsi baxımından əlamətdar bir il kimi çağdaş tariximizə daxil olmuşdur.
2008-ci ildə dünyanın əsas maliyyə mərkəzlərində başlayan maliyyə-iqtisadi böhran 2009-cu ildə dünya iqtisadiyyatını bürüyərək istisna olmadan bütün ölkələrə öz mənfi təsirini göstərmişdir.
Böhran qlobal ticarətə, sərnişin və yük daşımalarına, maliyyə və investisiya axınlarına ciddi zərbə vurmuş, kreditləşmə imkanlarını daraltmış və bir çox ölkələrdə, o cümlədən əksər inkişaf etmiş ölkələrdə kəskin iqtisadi tənəzzül yaratmışdır. Beynəlxalq Valyuta Fondu 2009-cu ildə dünya iqtisadiyyatının 1,1 faiz səviyyəsində enməsi fonunda dünya üzrə ticarət dövriyyəsinin 11 faizdən artıq azalmasını bildirir. Böhranın dalğası Azərbaycanın yerləşdiyi bölgədəki ölkələri də sarsıdaraq həmin dövlətlərdə iqtisadi vəziyyətin pisləşməsinə, ümumi daxili məhsulun həcminin azalmasına gətirib çıxarmışdır. MDB-nin üzvü olan bir çox dövlətlərdə bu azalma 6 faizdən yüksək olmuşdur.
Böhran investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi imkanlarını məhdudlaşdırmış, milli valyutaların məzənnələrini kəskin aşağı salmış, yüksək inflyasiya törətmişdir. Bu ölkələr öz iqtisadi vəziyyətini tənzimləmək və böhranın nəticələrini aradan qaldırmaq üçün təcili maliyyə dəstəyinin göstərilməsi ilə bağlı beynəlxalq maliyyə-kredit təşkilatlarına və bəzi ölkələrə üz tutmuşlar.
Samir Şərifov dünyada baş verən maliyyə-iqtisadi böhranının məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatına minimum təsir göstərdiyini və nəzərdə tutulan sosial proqramların həyata keçirildiyini bildirərək dedi:
- Möhtərəm Prezident!
Yuxarıda qeyd etdiyim amillər 2009-cu ilin maliyyə-iqtisadi mənzərəsinin tərkibi olmaqla, ötən il Azərbaycan hökumətinin qarşılaşdığı çətinlikləri özündə əks etdirir. Bütün bu çətinliklərə, əlverişsiz xarici mühit amillərinə baxmayaraq, dövlətimizin başçısının göstərişləri əsasında həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca qətiyyətli və çevik iqtisadi siyasət tədbirləri hesabına ölkəmiz böhranın fəsadlarını uğurla dəf etməyə nail olmuşdur. Ötən il qlobal böhranın fəsadları ölkə iqtisadiyyatına sirayət etsə də, onun gündəlik həyatında praktiki olaraq hiss edilməmişdir. Bütün sosial proqramlar və tədbirlər fasiləsiz icra olunmuş, qarşıya qoyulmuş vəzifələr öz həllini tapmışdır.
Ölkə iqtisadiyyatının artmasının 2009-cu ildə davam etməsi, ümumi daxili məhsulun real artımının böhran ili üçün çox yüksək - 9,3 faiz səviyyəsində əldə edilməsi Azərbaycan dövlətinin tarixin bu sınağından da uğurla çıxmasının əyani sübutudur, siyasi və iqtisadi idarəetmənin kamilliyinin göstəricisidir. Bu mühüm nailiyyətin əldə edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə yaradılan maliyyə-iqtisadi potensial, aparılan iqtisadi islahatlar, enerji, nəqliyyat, ərzaq və iqtisadi təhlükəsizliyi özündə birləşdirən müasir təhlükəsizlik şəbəkəsinin ardıcıl surətdə qurulması hesabına mümkün olmuşdur.
Böhrana baxmayaraq, 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata və yaxud 4874 ABŞ dollarına, ölkədə orta aylıq əmək haqqı 6,8 faiz artaraq 298 manata çatmışdır. Onu da qeyd etmək yerinə düşər ki, ötən müddət ərzində manatın dəyəri də sabit qalmış, inflyasiya 1,5 faiz təşkil etmişdir. Ötən ilin dekabr ayında "Standard & Poors" dünyanın aparıcı beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan Respublikasının uzunmüddətli "BB+" kredit reytinqi təsdiq edilmiş və yaxın gələcəkdə yeni investisiya reytinqi almaq imkanının göstəricisi olan reytinq üzrə proqnoz sabit səviyyədən müsbət səviyyəsinə yüksəldilmişdir. Reytinq proqnozunun artırılması Azərbaycanın qısa müddət ərzində investisiya reytinqi ("BBB-") səviyyəsinə yüksəlməsinə nəhəng dəstək ola bilər. Onu da qeyd etmək istərdim ki, 2008-ci ilin ikinci yarısından etibarən dünyanı bürüyən maliyyə-iqtisadi böhran şəraitində "Standard & Poors" şirkətinin reytinqini yenidən qiymətləndirdiyi ölkələr sırasından reytinqin müsbət istiqamətdə dəyişməsi ilk dəfə olaraq məhz Azərbaycan Respublikası üçün qeydə alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu münasibətlə qeyd etdiyi kimi, böhran hər bir ölkənin iqtisadi və siyasi potensialını ortaya qoydu. Böhran ili kimin nəyə qadir olduğunu çox açıq və aydın şəkildə göstərdi.
Möhtərəm Prezident!
Tapşırığınıza uyğun olaraq 2009-cu ildə sosialyönümlü tədbirlərin və xərclərin büdcə icrasına üstünlük verilmiş, müvafiq dövlət proqramlarının maliyyələşdirilməsi tam təmin edilmişdir.
Bu məqsədlər üçün dövlət büdcəsindən 2 milyard 903 milyon manat, o cümlədən onun cari xərclərindən 2 milyard 763 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 450 milyon manat və ya 19,5 faiz çoxdur.
2009-cu ildə 2008-ci illə müqayisədə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial-müdafiə və sosial-təminat xərcləri 24,6 faiz, təhsil xərcləri 17,2 faiz, səhiyyə xərcləri 16,2 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 12,9 faiz artmışdır.
Böhran ilinə baxmayaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə əhalinin 1 oktyabr 2009-cu il tarixə təbii qazdan istifadə üzrə yaranmış 330 milyon manat məbləğində borcları dövlət büdcəsinin vəsaiti hesabına silinmişdir. Aztəminatlı ailələrin sosial müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği artırılaraq 60 manata çatdırılmış, ünvanlı sosial yardımların göstərilməsi məqsədi ilə dövlət büdcəsindən 180 milyon manat vəsait istifadə olunmuşdur ki, bu da 700 min nəfər aztəminatlı şəxsi əhatə etmişdir.
Əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi, o cümlədən respublikanın 22 rayonunda və Bakı şəhərinin Qaradağ, Suraxanı, Yasamal, Əzizbəyov və Sabunçu rayonlarında əlillər üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisinə 46,2 milyon manat vəsait yönəldilmişdir.
2009-cu il də məcburi köçkünlərin sosial-məişət və məskunlaşma şəraitinin yaxşılaşdırılması və yaşayış qəsəbələrinin tikintisi istiqamətində də vacib mərhələ olmuşdur. İl ərzində Dövlət Neft Fondundan həmin məqsədlərə 90 milyon manat vəsait sərf olunmuşdur.
Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən təhsil və səhiyyə obyektlərinin tikintisi və yenidən qurulmasına 140 milyon manat vəsait yönəldilmişdir. Yeni məktəblərin tikintisi, məktəblərin əsaslı təmiri və yenidənqurulması, uşaq bağçalarının əsaslı təmiri, dövlət ali təhsil müəssisələrinin əsaslı təmiri və yenədənqurulması məhz bu vəsait hesabına həyata keçirilmişdir.
2009-cu ildə dövlət büdcəsi xərclərində aqrar və ətraf mühitin mühafizəsi xərcləri 2008-ci ilə nisbətən 38,5 faiz, mənzil və kommunal təsərrüfat xərcləri 24,9 faiz, ümumi dövlət xidmətləri xərcləri 14,7 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri 21,5 faiz çox olmuşdur.
Möhtərəm cənab Prezident!
Regionların iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının 2009-cu ildə icrasına başlanılması, qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, bununla əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun artmasına güclü təkan vermişdir.
2009-cu il xüsusilə sahibkarlığın inkişafı, o cümlədən müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi ilə səciyyəvi olmuşdur.
Qlobal maliyyə böhranı şəraitində belə ölkə Prezidentinin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılmasına dair ötən ildə qanunvericiliyə dəyişikliklər edilmişdir.
"Xüsusi iqtisadi zonalar haqqında" qəbul edilmiş Azərbaycan Respublikasının Qanunu ölkədə yeni rəqabət qabiliyyətli istehsal sahələrinin yaranmasına, qeyri-neft məhsullarının ixracının artmasına, ümumən sahibkarlığın inkişafına öz töhfəsini verəcəkdir.
Yuxarıda qeyd olunanlarla yanaşı, ötən ildə dövlət büdcəsindən Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının artırılmasına 70 milyon manat vəsait yönəldilmişdir. Hesabat ilində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kreditlər verilmişdir ki, bu da 2008-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Kreditlərin 70 milyon manatı dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsait hesabına təmin edilmişdir. Güzəştli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52 istehsal, emal və infrastruktur layihələri maliyyələşdirilmişdir ki, bunun da 99,2 faizi regionların payına düşür.
Samir Şərifov ölkə iqtiasadiyyatının daha da inkişafı üçün makroiqtisadi sabitliyin qorunması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və digər istiqamətlərdə tədbirlərin davam etdiriləcəyini vurğuladı:
- Möhtərəm Prezident!
Ötən il ölkəmizin bazar iqtisadiyyatına keçidinin başa çatması ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirir. Bu mərhələnin xüsusiyyəti özəl sektorun, sahibkarlığın ölkənin iqtisadi həyatında əsas qüvvəyə çevrilməsidir.
Cənab Prezident, qeyd etdiyiniz kimi, gələcəkdə Azərbaycan iqtisadiyyatı daha çox sahibkarlıq fəaliyyətindən asılı olacaqdır. Sahibkarlığa hərtərəfli dəstəyin göstərilməsi 2010-cu ildə də hökumətin qarşısında qoyduğunuz əsas vəzifələrdən biridir.
Hesab edirəm ki, cari ildə və ortamüddətli perspektivdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, nəqliyyat, kommunal, enerji, rabitə infrastrukturunun dövlət tərəfindən yaradılması və yenidən qurulmasının davam etdirilməsi, uzunmüddətli və ucuz kreditlərin alınmasına sahibkarların çıxış imkanlarının artırılması, qeyri-strateji dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi sahibkarlığın inkişafına əlavə güclü impuls verməklə, qoyduğunuz vəzifənin icrasına sanballı təkan olacaqdır.
2009-cu ilin nəticələri cari il üçün müəyyən olunmuş büdcə-vergi və makroiqtisadi siyasətində nəzərə alınır. Qlobal maliyyə-iqtisadi böhranın sönmə fazasına keçməsi, bir çox ölkələrdə iqtisadi artımın bərpa edilməsi, maliyyə-kredit bazarlarında baş verən canlanma, ölkəmizin ixrac yönümlü mallar üzrə dünya bazarlarında ədalətli qiymətlərin bərqərar olunması 2010-cu ildə Azərbaycan iqtisadiyyatının inkişafı, xalqın rifah halının müəyyən etdiyiniz strateji xəttə uyğun olaraq, ardıcıl şəkildə yaxşılaşdırılması, ölkəmizin maliyyə mövqeyinin daha da möhkəmləndirilməsi üçün münbit zəmin yaradır.
Cənab Prezident, icazə verin, Sizi əmin edim ki, bu zəmində ölkə iqtisadiyyatının dayanıqlı və stabil inkişafı, qarşıya qoyduğunuz vəzifələrin icrası üçün ölkəmizin maliyyə orqanları öz səylərini əsirgəməyəcəklər.
* * *
Qlobal maliyyə və iqtisadi böhranla bağlı beynəlxalq səviyyədə həyata keçirilən kompleks tədbirləri xarakterizə edən Mərkəzi Bankın idarə heyətinin sədri Elman RÜSTƏMOV bu baxımdan Azərbaycanda da əsaslı tədbirlərin reallaşdırıldığını diqqətə çatdıraraq dedi:
- Milli iqtisadiyyatımız
qlobal iqtisadiyyata kifayət qədər inteqrasiya olunmuşdur. Ölkənin
ümumi daxili məhsulunun üçdəiki hissəsi ixrac
edilir və ölkədə iqtisadi artımın yarıdan
çoxu xarici tələb amilləri hesabına
formalaşıb.
- Ölkənin maliyyə və
iqtisadiyyat strukturları, son dövrlərdə, xüsusilə
də iqtisadi bum dövründə beynəlxalq maliyyə
bazarlarından əhəmiyyətli dərəcədə vəsaitlər
cəlb etmişdilər və bu, bazarın çox fəal
iştirakçılarından idi. Belə bir şəraitdə
böhranın başlanması ölkə iqtisadiyyatına
xarici mühitdən bir sıra mənfi təsirlər gətirmiş
oldu. İlk növbədə, ölkənin əsas ixrac xammalı
- neftin qiyməti, təbii ki, qlobal tələbin azalması və
qeyri-sabitlik şəraitində neftin orta qiyməti 2008-ci ilə
nisbətən 2009-cu ildə təxminən 1,5 dəfə
azaldı, bizim hesablarımıza görə 90 ABŞ
dollarından 62 dollara düşübdür. Qeyd etmək
lazımdır ki, neftin hər barrelinin qiymətinin 10 dollar
düşməsi Azərbaycanın tədiyyə balansı
üçün 2 milyard ABŞ dolları deməkdir. Baxmayaraq
ki, biz tədiyyə balansımızın profisitini il ərzində
11 milyard ABŞ dolları səviyyəsində gözləyirdik.
Amma ilkin gözləntimiz təxminən 16 milyard dollar idi.
Qlobal maliyyə-pul
bazarlarının sıxıntısı şəraitində
bankların, milli şirkətlərin xaricdən borc
almaları, onların yenidən maliyyələşməsi
imkanları nəinki məhdudlaşdı, hətta bir sıra
borcların vaxtından əvvəl qaytarılması tələb
olundu. Belə şəraitdə təkcə Azərbaycan
bankları il ərzində 1,2 milyard dollar borcu qaytardılar.
İqtisadi artımın digər maliyyə mənbələri də sıxıntı keçirdi. Məsələn, xaricdə yaşayan soydaşlarımızın pul baratları 2008-ci ildə təxminən 1 milyard dollar olmuşdur. Baxmayaraq bu, Azərbaycan iqtisadiyyatının miqyası üçün bəlkə də bir o qədər böyük rəqəm deyildir, amma bunun sosial baxımdan, xüsusilə də regional baxımdan əhalinin sosial vəziyyətinin təmin olunmasında çox böyük əhəmiyyəti vardır. İl ərzində bu baratların da həcmi həmin ölkələrdə olan problemlərlə əlaqədar 20 faizə qədər azalmışdır.
Belə bir şəraitdə milli iqtisadiyyatımız bir sıra mühüm risklərlə qarşılaşdı. Bu risklərdən danışarkən ilk növbədə makroiqtisadi sabitliyin pozulması, yəni başqa ölkələrdə olduğu kimi, milli valyutanın devalvasiyası, Sizin qeyd etdiyiniz kimi, artıq yüksək olan inflyasiyanın daha da sürətlənməsi və nəticədə əhalinin sosial vəziyyətinin pisləşməsi riskini qeyd etmək lazımdır.
İkincisi maliyyə-bank
sistemində sabitliyin pozulması riskidir. Bütün
dünyada baş vermiş bu proseslərin nəticəsi
olaraq, biz bilirik ki, maliyyə sistemimiz əhəmiyyətli
psixoloji və iqtisadi təsirlərə məruz
qalmışdır. Bum dövründə bu banklar və bir
sıra şirkətlər, o cümlədən dövlət
şirkətləri çox böyük investisiya və
inkişaf proqramları reallaşdırırdılar və
deyildiyi kimi, bu, əhəmiyyətli dərəcədə
beynəlxalq bazarlara arxalanırdı. Belə bir şəraitdə
həmin şirkətlər və banklar çox ciddi risklərə
məruz qaldılar. Nəticədə yüksək iqtisadi
artım tempinin itirilməsi, yaradılmış işlərin
əhəmiyyətinin azalması və əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində son illər
əldə olunmuş mühüm nəticələrdən
geri çəkilmək kimi risk yarandı. Lakin bu gün
artıq tam əminliklə demək olar ki, bütün bunlar
arxada qalmışdır. Bu mənfi təsirlərə, risklərə
baxmayaraq, ölkə iqtisadiyyatı qlobal böhrana kifayət
qədər dayanıqlılıq və
dözümlülük nümayiş etdirdi.
Möhtərəm cənab
Prezident!
Bunun əsas səbəbi son
illər həyata keçirdiyiniz uğurlu sosial-iqtisadi
inkişaf və radikal islahatlar strategiyası, nəticədə
toplanmış maliyyə-valyuta ehtiyatları hesabına
iqtisadiyyatda yüksək dayanıqlıq potensialının
yaradılması, Sizin tərəfinizdən vaxtında irəli
sürülmüş səmərəli antiböhran
strategiyasının reallaşdırılması olmuşdur.
Mərkəzi Bank da
antiböhran siyasətinin həyata keçirilməsində
öz mandatı çərçivəsində iştirak
etmişdir. Bu zaman bizim əsas diqqətimiz üç əsas
məqsədin reallaşmasına istiqamətlənmişdir:
birincisi, makroiqtisadi sabitliyin qorunması; ikincisi, bankların və
sistem əhəmiyyətli müəssisələrin maliyyə
sabitliyinin təmin olunması; üçüncüsü,
iqtisadi artımın və yüksək məşğulluğun
dəstəklənməsi.
Milli valyutanın sabitliyinin təmin
olunması Mərkəzi Bankın antiböhran siyasətinin
aparıcı elementi idi. Qlobal böhranın təsirləri və
qonşu ölkələrdə məzənnə
"çökmələri" ilə bağlı
devalvasiya psixozu şəraitində soyuqqanlılıq
nümayiş etdirmək və manatın sabitliyini qorumaq
lazımdır. Sizdən aldığımız siyasi dəstək
əsasında manatın sabitliyinin təmin edilməsi
üçün zəruri tədbirlər görüldü.
Xüsusilə də ötən ilin birinci rübündə
bu təzyiq olduqca əhəmiyyətli idi. Baxmayaraq, müəyyən
resurslar buna sərf olundu, bütövlükdə artıq Siz
də qeyd etdiyiniz kimi, 2009-cu ildə ölkənin strateji
valyuta ehtiyatları başqa ölkələrdə olduğu
kimi, nəinki azaldı, təxminən 3 milyard dollara qədər
artaraq 20 milyard dolları ötüb keçdi. Mən hesab
edirəm ki, bu, böhran ilində çox yüksək nəticədir
və qeyri-adi bir nəticədir ki, həm milli valyutanın
sabitliyi, bütövlükdə ölkədə makroiqtisadi
sabitliyin qorunması, strateji valyuta ehtiyatlarının
artımı ilə müşayiət olunur.
Sabit manat həm istehlak, həm
də istehsal təyinatlı idxalın kəskin
bahalaşmasının qarşısını aldı. Bu, həmçinin
əhalinin əmanətlərinin kəskin şəkildə dəyərdən
düşməsi, valyutada olan xarici borc yükünün
artması, manata ictimai inamın aşağı düşməsi
kimi təhlükələri neytrallaşdırdı.
Möhtərəm cənab
Prezident!
İlin yekunları
yürüdülən siyasətin
düzgünlüyünü təsdiq etdi. Devalvasiya yolunu
seçmiş ölkələrin başlıca tədbiri, -
bu yolu isə onlar məcburi olaraq seçmişdilər,
çünki onların buna imkanları yox idi, - göstərdi
ki, onlar yüksək inflyasiya, iqtisadi tənəzzül və
işsizlik problemləri ilə üzləşdilər. Mən
təkcə Ermənistanı misal gətirmək istəyirəm.
Ermənistanın valyutası 20 faiz devalvasiyaya uğradı və
bütövlükdə, burada iqtisadi tənəzzül ilkin
qiymətləndirmələrə görə 15,6 faiz təşkil
edir. Bu, onların orta iqtisadi illik artımını nəzərə
alsaq, təxminən iqtisadiyyatın, iqtisadi potensialının
2-3 il geriyə atılması deməkdir.
Yüksək inflyasiyanın
qarşısı alındı. İlin yekunlarına görə,
ölkədə orta illik inflyasiya səviyyəsi 1,5 faiz
olmuşdur ki, bu da 2004-2008-ci illərdəki orta inflyasiya səviyyəsindən
təxminən 10 dəfədən çox azdır.
Manatın sabitliyi və aşağı inflyasiya böhran
ilində əhalinin real gəlirlərinin artım tempinin təxminən
6 faiz səviyyəsində saxlanmasını təmin etdi. Həm
də iqtisadiyyatın rəqabət qabiliyyətinə də
müsbət təsir göstərdi. Milli
istehsalçıların orta çəkili qiymətləri
ticarət tərəfdaşı ölkələrindəki
qiymətlərdən təxminən 6 faiz aşağı
düşdü.
Daxili və xarici maliyyə mənbələrinin
azalması şəraitində əsas vəzifələrdən
biri iqtisadiyyatın pula olan tələbatının ödənilməsi
idi. Bunun üçün Mərkəzi Bankın pul siyasəti
ciddi şəkildə yumşaldıldı, uçöt dərəcəsi
15 faizdən 2 faizədək azaldıldı.
Bütünlükdə 2009-cu il ərzində Mərkəzi
Bankın xalis emissiyası 1,8 milyard manat təşkil etdi və
yaxud ümumi daxili məhsulun 5 faizinə bərabər oldu.
Bütövlükdə manat
üzrə kreditlər iqtisadiyyatda 3 faiz həcmində
aşağı düşdü. Mərkəzi Bank sistem əhəmiyyətli
müəssisələrə - Azərbaycan Dövlət Neft
Şirkəti və "Azəralüminium" Səhmdar Cəmiyyətinə
zəruri yardım göstərdi. Bu yardım onların xarici
borclarının restrukturizasiyasına və maliyyə vəziyyətinin
stabilləşməsinə imkan verdi.
Dünya maliyyə
böhranının dərinləşdiyi şəraitdə
bank sistemi də, təbii ki, bir sıra təhlükəli
xarici risklərə məruz qaldı. Bu risklərin
reallaşması maliyyə sabitliyinin ciddi pozulmasına gətirib
çıxara bilərdi. Təkcə onu demək kifayətdir
ki, böhrandan qabaqkı iqtisadi yüksəliş
dövründə bankların toplam aktivləri 13 milyard dollar
səviyyəsinə çatmışdı. Biz böhrandan
öncə bir sıra qabaqlayıcı tədbirlər
görmüşdük. Bundan ən başlıcası,
bankların xarici borclarının məhdudlaşdırılması
oldu. Bir çox ölkələr, bir sıra qonşu ölkələr
bunu vaxtında edə bilmədilər. Onların xarici
borclarının səviyyəsi təxminən ümumi daxili
məhsulun 50-100 faizi səviyyəsinə gəlib
çatmışdı. Böhran dövründə bu pullar -
buna "qızmış pullar" deyirlər - təcili
olaraq geri çağırıldı. Bu gün də bu
dövlətlər nəinki öz maliyyə sektorunu, hətta
özlərinin, bütövlükdə makroiqtisadi
situasiyasında vəziyyəti normallaşdıra bilməmişlər.
Bizdə isə bu borclar təxminən milli məhsulun 5 faizi səviyyəsində
dayandırıldı. Biz buna əlavə vergi tətbiq etdik və
bunun nəticəsində bu pullar bahalaşdı və
dayandı.
2009-cu il ərzində
qanunvericilikdə bir sıra əlavə tədbirlər
görüldü. Cənab Prezident, Sizin dəstəyinizlə
sığortalanan əmanətlərin məbləği 5 dəfə
artırıldı - 6 min manatdan 30 min manata
çatdırıldı. Bankların xarici borclarının
qaytarılmasını təmin etmək üçün
onlara zəruri yardım göstərildi. Qanunvericiliklə
banklara və sığorta təşkilatlarına
kapitallaşdırma məqsədi ilə vergi güzəştləri
tətbiq olundu, mümkün itkilər üzrə banklardan
maliyyə ehtiyatlanması daha da artırıldı.
Bütün bu tədbirlər 2009-cu ilin birinci rübündə
bank sektorunda müşahidə edilən gərginliyi aradan
qaldırmağa imkan verdi.
Bütövlükdə, il ərzində
bankların aktivləri 14 faiz, kreditlər 17 faiz, əmanətlər
23 faiz, bankların kapitalı isə 18 faiz artdı.
Möhtərəm cənab
Prezident!
Sizin tərəfinizdən
qarşıya qoyulan əsas vəzifələr nəticə
etibarilə yerinə yetirildi. Ölkədə makroiqtisadi
sabitlik qorundu, böhran ilində yüksək iqtisadi artım
davam etdi, dayanıqlıq və inkişaf dinamikası təmin
olundu.
Düz bir il bundan öncə,
cənab Prezident, 2008-ci ilin yekunlarına həsr olunmuş
müşavirədə Siz dediniz ki, cari il bütün
dünya iqtisadiyyatı üçün, bütün
iqtisadiyyatlar üçün sınaq ili olacaqdır. Bu
gün demək olar ki, Azərbaycan bu sınaqdan uğurla
çıxmışdır. Siz yenə də orada
demişdiniz ki, başqa ölkələrdən fərqli
olaraq Azərbaycan heç bir dövlətə, heç bir
donora müraciət etmədən öz milli
iqtisadiyyatını, öz makroiqtisadi sabitliyini, inkişaf
yolunu qorumağa qadirdir. Bu gün bu, bir daha sübut olundu.
Artıq qeyd olunduğu kimi,
Azərbaycan nadir ölkələrdən biridir ki,
böhranın ən ağır ilində öz beynəlxalq
kredit reytinqini yaxşılaşdırmışdır.
Elman Rüstəmov 2010-cu ildə
də makroiqtisadi sabitliyin qorunmasının, əhalinin məşğulluğunun
təmin edilməsinin vacibliyini vurğulayaraq bildirdi:
-Bütövlükdə, 2009-cu
ilin nəticələrinə görə, Azərbaycan
adambaşına düşən ümumi daxili məhsulun həcmi
üzrə əsaslı olaraq orta gəlirli ölkələr
qrupuna daxil olubdur. Böhran ilinin nəticələrinə
görə, bildiyiniz kimi, bir çox dövlətlər gerilədi
və biz isə vəziyyətimizi əhəmiyyətli
yaxşılaşdırmışıq. Son 3 ildə Azərbaycan
adambaşına düşən milli məhsulun həcminə
görə öz vəziyyətini dünya üzrə 32 pillə
yaxşılaşdırmışdır. Bu, olduqca yüksək
iqtisadi inkişaf sürətidir.
Cənab Prezident, Sizi əmin
etmək istəyirəm ki, 2010-cu ildə də Azərbaycan Mərkəzi
Bankı yeni qlobal çağırışlardan irəli gələn
problemlərin həllində öz səylərini əsirgəməyəcəkdir.
Diqqətinizə görə sağ olun.
* * *
Rabitə və informasiya
texnologiyaları naziri Əli ABBASOV 2009-cu ildə Azərbaycanda
iqtisadiyyatın bu sahəsində əsaslı irəliləyişə
nail olunğunu bildirdi:
- Son illər ərzində
informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda əldə
olunan gəlirlərin orta illik artım tempi 32-35 faiz, yola
saldığımız 2009-cu böhran ilində isə bu
artım 13,7 faiz təşkil etmişdir. Müqayisə
üçün bildirim ki, bu artım tempi ilə ölkəmiz
dünya üzrə İKT-nin 2009-cu ildəki artım tempini 2
dəfə qabaqlamışdır.
Telekommunikasiyanın
inkişafı üzrə mobil telefon şəbəkəsi
hesabat dövründə 1,1 milyon qoşulma ilə
artmış və beləliklə, Azərbaycanda hər 100 nəfərə
düşən mobil telefonların sayı 85,6 faiz təşkil
edir ki, bu da ümumdünya orta göstəricisindən təxminən
25 faiz yüksəkdir. Bu sahədə əsas nəticələrdən
biri də, "Azərfon" Məhdud Məsuliyyətli Cəmiyyətinin
dünya mobil bazarının lideri "Vodafon" şirkəti
ilə birlikdə cari ilin dekabr ayından 3G xidmətlərinin
ölkəmizdə tətbiqinə başlamasıdır. 3G
texnologiyasının tətbiqi ölkənin telekommunikasiya
bazarında keyfiyyətcə yeni mərhələnin əsasını
qoymaqla, təkcə görüntülü danışıq
yox, radio-televiziya yayımları üçün yeni
mühit, "on-line" video müşahidələr və
digər yeni tipli xidmətlərin verilməsini də təmin
edir.
Elan olunduğu kimi, stasionar
telefon rabitəsində, ölkəmizdə bütün
yaşayış məntəqələrinin
telefonlaşdırılması MDB və digər region ölkələri
arasında ilk dəfə 2008-ci ildə həyata
keçirilmişdir. Hesabat ilində isə yeni şəbəkə
texnologiyasının tətbiqi genişləndirilmiş və
təxminən 90 min yeni stasionar telefon şəbəkəyə
əlavə olunmuşdur. Baxmayaraq ki, ölkəmizdə şəbəkə
infrastrukturunun səviyyəsi hətta inkişaf etmiş
ölkələr səviyyəsindədir, lakin əhalinin
sabit telefon rabitə xidmətlərindən istifadəsi
arzuolunan səviyyədə deyildir. 2010-cu ildə bu məsələnin
həlli qarşıda duran vəzifələrimizdən biridir
və həyata keçirilən "100 ailəyə 100
telefon" layihəsinin əsas hədəfidir.
Hesabat dövründə
müasir informasiya-kommunikasiya texnologiyalarının
inkişafının əsas infrastruktur göstəricisi
sayılan internetin inkişafı üçün də əhəmiyyətli
tədbirlər həyata keçirilmişdir. Belə ki,
2009-cu ildə ölkədaxili internet şəbəkəsinin
qlobal internet şəbəkəsinə qoşulma sürəti
25 faiz artmış, internet xidmətlərinin qiymətləri
isə təxminən 5 dəfə aşağı
düşmüşdür.
Azərbaycanın internet xidmətlərinin
regionda ixrac potensialı gücləndirilmiş və ötən
il artıq qonşu ölkə İran da Azərbaycanın
internet xidmətlərinin ixrac etdiyi ölkələr
sırasına daxil olmuşdur.
Beynəlxalq Telekommunikasiya
İttifaqının standartı ilə ölçsək (bu,
ölkəyə həm mobil telefondan, həm də
kompüterdən internetə çıxan istifadəçilər
daxildir) bu gün əhalinin 40 faizdən çoxu internet
istifadəçisidir. Bu göstərici uyğun orta
ümumdünya göstəricidən təxminən 2 dəfə
yüksəkdir. İnternet üzərindən ödəmələr,
elektron ticarət və kommersiya, pərakəndə
satış, reklam, ödənişli şəxsi xidmətlər
həyata keçirilir, virtual iş yerləri
açılır və bir sözlə, ölkəmizdə
artıq sərbəst internet iqtisadi sektoru formalaşır.
Bazar qiymətlərindən
25-30 faiz aşağı və faizsiz kreditlə əhaliyə
kompüter satışını həyata keçirən
"Xalq kompüteri" layihəsinin Təhsil Nazirliyi ilə
birgə reallaşdırılması və digər tədbirlər
çərçivəsində ölkədə hər 100 nəfərə
düşən kompüterlərin sayı hesabat
dövründə təxminən 50 faiz artmışdır.
Hesabat dövründə
İKT-nin təhsildə tətbiqi və məktəblərin
sürətli internetə qoşulmasında, vergi ödəyicilərinə
elektron xidmətlərin göstərilməsində,
gömrük və miqrasiya xidmətlərində, səhiyyə,
pensiya, ədliyyə, ictimai asayişin mühafizəsi, nəqliyyat,
tələbə qəbulu prosesinin
avtomatlaşdırılması, seçki və digər sahələrdə,
ümumiyyətlə, cəmiyyətin hərtərəfli
informasiyalaşdırılmasında xüsusi aktivlik
müşahidə olunmuşdur. Ölkənin mərkəzi və
yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi elektron
xidmətlərin həcmi elə bir səviyyəyə
çatmışdır ki, onların vahid elektron hökumət
portalında birləşdirilməsinə zərurət
yaranmışdır.
"Elektron idarəçilik"
layihəsinin tətbiqinin genişlənməsi, şəffaf
və nəzarət oluna bilən dövlət idarəetməsinin
yaradılması da bu məqsədə xidmət edir. Hesabat
ilində elektron imzanın tətbiqi məqsədi ilə Milli
Sertifikat Xidmətləri Mərkəzinin yaradılması
işləri demək olar ki, başa çatmışdır
və bu ildən etibarən elektron imza ilə bağlı
İD kartların dövlət hakimiyyəti orqanlarına,
hüquqi və fiziki şəxslərə paylanmasına
başlanılacaqdır.
Hesabat dövründə
radio və televiziya yayımının texniki infrastrukturu 62
yeni vericilərin qoşulması, peyk, kabel, efir-kabel, internet
televiziya və radio sistemləri vasitəsilə genişləndirilmiş
və sərhəd zonalarında efirin texniki vəziyyəti
xeyli yaxşılaşdırılmışdır. Hazırda
sərhəd zonalarında efirin texniki vəziyyəti rabitə,
daxili işlər, milli təhlükəsizlik, müdafiə
nazirlikləri və "Azərbaycan televiziya və radio
verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin
mütəxəssislərindən ibarət
yaradılmış xüsusi komissiyanın nəzarəti
altındadır və bu ildən Dövlət Sərhəd
Xidməti nümayəndələrinin də komissiyada
iştirakı planlaşdırılmışdır.
2009-cu ilin sentyabr ayından
Azərbaycanın ilk beynəlxalq kanalı - "ATV
İnternational" "Türksat" və yanvarın 15-dən
isə Avropanın "Hotbird" peyklərindən xarici dillərdə
dünyanın əksər ölkələrinə
yayımlanmağa başlamışdır.
Televiziya və radio
yayımları sahəsində ötən ilin əsas nəticəsi
kimi Bakı, Sumqayıt və Abşeronda rəqəmli efir
televiziya test yayımı işə salınmışdır.
Ölkələrin hökumətləri məlumatlandırılmışdır
ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qərarı
ilə 2015-ci ilə qədər bütün dünyada
televiziya və radio verilişləri rəqəmli yayıma
keçirilir və həmin vaxtdan etibarən analoq radio və
televizorların istehsalı bütün dünyada
dayandırılacaqdır. İnvestisiya üçün təqdim
etdiyimiz layihəyə və Nazirlər Kabinetinə təqdim edilən
tədbirlər planına əsasən Azərbaycanda rəqəmli
televiziya yayımına keçid 3 il tez, 2012-ci ildə
başa çatmalıdır.
Poçt sistemində yeni
şəbəkə infrastrukturunun qurulması və yeni xidmətlərin,
o cümlədən bank-maliyyə xidmətlərinin göstərilməsini
nəzərdə tutan və Dünya Bankı və Azərbaycan
Mərkəzi Bankı ilə birlikdə
reallaşdırılan "Maliyyə Xidmətlərinin
İnkişafı" layihəsi hesabat ilində artıq təcrübi
istismara verilmiş və cari ilin birinci yarımilliyində
başa çatacaqdır.
Poçt sistemində
xüsusi canlanma var və cənab Prezident, Sizə söz
verildiyi kimi, 2012-ci ildən "Azərpoçt" MMC-nin 20
illik fasilədən sonra müasir bazar mühiti çərçivəsində
rentabelli işləməsi təmin olunacaqdır. Artıq
2009-cu böhran ilində əvvəlki illə müqayisədə
poçt gəlirlərinin artımı 13,6 faiz təşkil
etmişdir.
Sizin ölkəmizdə
kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin
orbitə çıxarılması barədə müvafiq sərəncamınıza
və "Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı"na uyğun olaraq, hesabat ilində ilk
telekommunikasiya peykinin orbitə çıxarılması
üçün uyğun tenderlər keçirilmiş və
məsləhətçi şirkətlərin köməyi ilə
yanvarın axırına orbital mövqe kontraktı, fevralda isə
istehsalçı şirkətlə baş kontraktın
imzalanması planlaşdırılmışdır. Bu işdə
təxminən 3 aylıq gecikmə var, bu da ki, məsləhətçi
şirkətlər, ekspert qrupu və Maliyyə Nazirliyinin
tövsiyə və tələblərinin nəzərə
alınması ilə bağlıdır. Peykin orbitə
çıxarılma vaxtının yeni tarixi 2012-ci ilin iyun
ayı planlaşdırılmışdır. Onu qeyd etməliyəm
ki, bu sahədə əldə olunan nəticələr və
Azərbaycanın kosmik ölkələr səviyyəsinə,
kosmik bazara çıxarılmasının təminində,
hömətli cənab Prezident, Sizin xüsusi rolunuz, bu işlə
məşğul olan bir neçə beynəlxalq təşkilatların
rəhbərlərinin sözləri ilə qeyd etsək, son
zamanlar Azərbaycanın və şəxsən Sizin xarici
ticarət istiqamətində apardığınız
inamlı və davamlı siyasət ölkəmizə və
şəxsən Sizə böyük inam
yaratmışdır. Elə bunun nəticəsidir ki, keçən
il Beynəlxalq Telekommunikasiya İttifaqı ölkəmizə
2 yeni beynəlxalq orbital mövqenin verilməsi
üçün qərar qəbul etmişdir və indi bu,
qonşu ölkələrlə resurslar çərçivəsində
razılaşdırılır.
Əli Abbasov ölkəmizdə
Trans-Avrasiya Super İnformasiya Magistralı və "Regional
İnnovasiya Zonası" layihələrinin reallaşdırılması
üçün görülən müvafiq tədbirlərin
beynəlxalq səviyyədə də hərtərəfli dəstəkləndiyini
vurğuladı:
- Müsbət haldır ki,
Davos Dünya İqtisadi Forumunun "Qlobal informasiya
texnologiyaları" hesabatında xüsusi olaraq
aşağıdakı kimi qeyd olunur: "Mühit komponentində
və hökumətin İKT-ni prioritet müəyyən etməsi,
inkişafı və istifadəsi üzrə
görülmüş işlər sayəsində Azərbaycan
60-cı yerdə, 7 pillə artımla, MDB dövlətləri
arasında öz dominantlıq mövqeyini daha da gücləndirmişdir".
Qeyd edək ki, bu hesabatda
ölkəmiz Polşa, Bolqarıstan, Türkiyə, Filippin,
İndoneziya, Misir, Pakistan kimi iddialı ölkələri də
qabaqlamışdır. Həmçinin Beynəlxalq
Telekommunikasiya İttifaqının hesabatında İKT-nin
inkişaf səviyyəsinə görə Azərbaycan son 5
ildə inkişaf dinamikasına görə dünyanın ilk
10 ölkəsi sırasında yer tutmuşdur. Bu nəticələr
ölkəmizin ümumi tərəqqisi, o cümlədən
İKT sahəsinin inkişafı üzrə Sizin müəyyənləşdirdiyiniz
və Sizin rəhbərliyinizlə uğurla həyata
keçirilən siyasətin nəticəsidir.
Diqqətinizə görə
sağ olun.
* * *
Dövlət Sosial Müdafiə
Fondunun sədri Səlim MÜSLÜMOV ötən illərdə
aparılan məqsədyönlü tədbirlər hesabına
respublikamızda beynəlxalq standartlara uyğun sosial müdafiə
modelinin təşəkkül tapdığını və
sosial proqramların davamlı icrasının təmin edildiyini
bildirdi:
- Bu modelin mühüm tərkib
hissəsi olan sığorta-pensiya sistemində maliyyə
dayanıqlığının qorunmasını və
islahatların davam etdirilməsini Azərbaycan Respublikası
Prezidentinin xüsusi diqqət mərkəzində saxlaması
böhranlı ildə də pensiya proqramlarının
vaxtında və tam icra edilməsinin başlıca təminatçısı
olmuşdur.
İlkin məlumatlara əsasən,
Dövlət Sosial Müdafiə Fondunun 2009-cu ildə gəlirləri
1 milyard 600 milyon manat olmuş və 2008-ci ilə nisbətən
205 milyon manat və ya 14,7 faiz artmışdır.
Sosial sığorta
haqları üzrə daxilolmalar 8,3 faiz artaraq 1 milyard 37 milyon
manata çatmışdır ki, bunun da 56 faizi qeyri-büdcə
təşkilatlarının payına düşür.
Hesabat dövrü ərzində
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olanların, həm də torpaq mülkiyyətçilərinin
sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir.
Nəticədə, fiziki şəxslərdən sosial
sığorta haqları üzrə daxilolmalar 25 faiz, torpaq
mülkiyyətçiləri üzrə isə 23 faiz
artmışdır.
Dünya iqtisadi sistemində
baş verən proseslərlə bağlı həyata
keçirilən məqsədyönlü tədbirlər nəticəsində
inflyasiyanın aşağı səviyyədə
saxlanılması səbəbindən əməkhaqqının
yalnız real artımı, eləcə də bir sıra iri tədiyyəçilərin
həyata keçirdiyi işçi sayının
optimallaşdırılması tədbirləri fondun gəlirlərinin
qeyd olunan əsaslarda formalaşmasını şərtləndirmişdir.
Belə bir şəraitdə
Dövlət Sosial Müdafiə Fondu, cənab Prezident, Sizin
tapşırığınızla Azərbaycan
Respublikasının Nazirlər Kabineti və Maliyyə Nazirliyi
ilə birlikdə pensiyaların vaxtında maliyyələşdirilməsini
təmin etmək məqsədi ilə müvafiq tədbirlər
həyata keçirmişdir. Belə ki, 2009-cu ilin əvvəlinə
fondun hesabında olan 91 milyon manat sərbəst qalıq, həmçinin
büdcə təşkilatlarından ilin son günlərində
daxil olacaq sosial sığorta haqlarının
qarşılıqlı əvəzləşdirilməsi
hesabına dövlət büdcəsindən əlavə
ayrılan 40 milyon manat vəsait pensiyaların ödənişinə
yönəldilmiş və dekabrın 29-na il üzrə maliyyələşmələr
tamamilə başa çatdırılmışdır.
2009-cu ildə fondun xərcləri
1 milyard 675 milyon manat təşkil etmişdir. Bu vəsaitin
96,6 faizi və ya 1 milyard 618 milyon manatı əhaliyə
ödənişlərə yönəldilmişdir ki, bu da
2008-ci ilə nisbətən 20,8 faiz və ya 278 milyon manat
çoxdur. Bütün xərclərin 94 faizini pensiya ödəmələri
təşkil etmişdir. Bundan əlavə, 2009-cu ildə əhaliyə
46,4 milyon manat və ya əvvəlki ilə nisbətən 24,6
faiz çox müavinət verilmişdir.
Xərclərin bu
artımları inflyasiyanın yalnız 1,5 faiz olduğu şəraitdə
baş vermiş və əhalinin bilavasitə real gəlirlərini
artırmışdır. Əgər 2008-ci ildə əhalinin
pul gəlirlərində fondun ödəmələri 6,7 faiz
olmuşdursa, 2009-cu ildə bu göstərici 7,2 faizədək
yüksəlmişdir. Başqa sözlə, pensiya ödənişlərinin
artım sürəti əhalinin pul gəlirlərinin ümumi
artımını 9,1 bənd üstələmişdir. Bu isə
ölkəmizin əhalisinin aztəminatlı təbəqəsinin
gəlirlərinin dövlət tərəfindən xüsusi dəstəklənməsinin
birbaşa təsdiqidir.
Mühüm aspektlərdən
biri kimi pensiya xərclərinin tərkibində sığorta
hissəsinin xüsusi çəkisinin ilbəil
artmasını qeyd etmək istərdim. Belə ki, bu göstərici
yeni sistemə keçildiyi 2006-cı ildəki 20,8 faizdən
2009-cu ildə 28,7 faizədək yüksəlmişdir, 2010-cu
ildə isə onun 30,3 faizədək artacağı nəzərdə
tutulur.
Sığorta-pensiya sisteminin
mühüm göstəricilərindən olan əmək
pensiyaçılarının sayı il ərzində ilkin məlumatlara
görə, 27 min nəfər artaraq ilin sonuna 1 milyon 302 min nəfər
təşkil etmişdir. Bu artımın 59 faizi yaşa
görə, 35 faizi əlilliyə görə, 6 faizi isə
ailə başçısını itirməyə görə
pensiyaya çıxanların payına düşür.
Azərbaycan Respublikası
Prezidentinin əmək pensiyasının sığorta hissəsinin
indeksləşdirilməsi ilə bağlı sərəncamına
əsasən pensiyaçıların 60 faizinin, yəni, 765
min nəfərin pensiyasının sığorta hissəsinə
20,8 faizlik artım tətbiq olunmuşdur.
Digər bir mühüm
göstəricinin - əvəzetmə əmsalının, yəni,
orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına
nisbətinin də 2009-cu ildə sabit saxlanması təmin
olunmuşdur. İlin sonuna ölkə üzrə orta aylıq
pensiyanın məbləği 100,4 manat olmuş və əvəzetmə
əmsalı 34 faiz təşkil etmişdir. 2009-cu ildə
pensiyaçılara ödənişlərin ÜDM-ə nisbəti
müstəqillik dövründə ən yüksək səviyyəyə
- 5,3 faizə çatmışdır. Bu da beynəlxalq aləmdə
nəzərdə tutulan 5 faizlik həddin keçilməsi deməkdir.
Bütün bunlar Azərbaycanda
qurulmuş müasir sığorta-pensiya sisteminin dinamik
inkişafını bir daha təsdiqləyir.
Möhtərəm cənab
Prezident!
2006-2008-ci illər yeni pensiya
sisteminin fəaliyyətə başlamasının birinci mərhələsi
olmaqla, daha çox pensiyaların baza hissəsi və orta
aylıq məbləğlərinin sürətlə
artırılması kimi yadda qalmışdırsa, 2009-cu il
islahatların yeni mərhələsinin başlanğıc ili
olmuşdur. Bu mərhələ Sizin 2008-ci il 30 dekabr tarixində
təsdiq etdiyiniz "2009-2015-ci illərdə Azərbaycan
Respublikasının sığorta-pensiya sisteminin
inkişafına dair Dövlət Proqramı" ilə müəyyən
edilmişdir. Proqramla 2009-cu il üçün müəyyənləşdirilən
tapşırıqların icrası məqsədi ilə sosial
sığorta haqları ilə sığorta ödənişləri
arasında birbaşa əlaqənin təmin edilməsi,
sığorta-pensiya sisteminin demoqrafik göstəricilərə
uyğunlaşdırılması, sığortaolunanların əvvəlki
pensiya sisteminin fəaliyyəti dövründə
qazanılmış hüquqlarının yeni sistemə
düzgün inteqrasiyası, fərdi uçotun
inkişafı və bu əsasda əmək pensiyası təyinatının
təkmilləşdirilməsi sahəsində qəbul
olunmuş qərarlar sistemin beynəlxalq standartlara
uyğunluğu və gələcək fəaliyyəti
baxımından müstəsna rola malikdir.
Xüsusilə, insanların
2006-cı ildən əvvəlki dövrdə qazanmış
olduqları pensiya hüquqlarının yeni sistemə vahid
prinsip əsasında transformasiyası bütövlükdə
sığorta-pensiya sisteminin inkişafında yeni bir mərhələnin
başlanğıcını qoymuşdur. Artıq biz pensiya təyinatının
avtomatlaşdırılması, bu sahədəki daxili nəzarətin
ictimai nəzarətlə əvəz olunması və insan
amilinin rolunun minimuma endirilməsi proseslərinin
reallaşdırılması mərhələsindəyik və
fikrimcə, 2010-cu il ərzində bu məsələ
gerçəkləşdiriləcəkdir.
Nəticədə,
sığorta-pensiya sisteminin ümumi iqtisadiyyatla əlaqəli
inkişafının tam təmin olunması mexanizmi ortaya
qoyulmuşdur. Yəni, hər bir şəxsin əmək fəaliyyətinə
başladığı dövrdən etibarən öz fərdi
hesabında gələcək pensiyası üçün nə
qədər vəsait topladığı onun daimi nəzarətinə
verilir. Başqa sözlə, fondda qeydiyyatda olan hər bir
şəxs fondun internetdəki veb-saytında sosial
sığorta nömrəsini daxil edərək, fərdi
hesabında toplanmış məbləği və bu məbləğin
hansı mənbələrdən
formalaşdığını görə biləcəkdir. Həmin
məbləğin 144-ə bölünməsi və alınan
nəticəyə ölkə üzrə baza
pensiyasının əlavə edilməsi şəxsin
pensiyasının məbləğini göstərəcəkdir.
İctimai nəzarəti, həmçinin
şəffaflığı təmin edə biləcək son dərəcə
sadə bir sistemin qurulması, cənab Prezident, yalnız Sizin
bu sahəyə olan daimi diqqətiniz və vaxtında qəbul
etdiyiniz qərarlar nəticəsində mümkün
olmuşdur.
2006-2008-ci illərdə yeni
sosial müdafiə sistemi ilə bağlı həyata
keçirilən işləri diqqətə çatdıran Səlim
Müslümov sığorta olunanların fərdi uçotu
sisteminin qurulması istiqamətində davam etdirilən tədbirlərdən
danışdı:
- Fondun Vergilər Nazirliyi ilə
əlaqəli fəaliyyəti, inzibati tədbirlər, təbliğat
və maarifləndirmə işləri nəticəsində hesabat
dövründə fərdi uçota alınanların sayı
154 min nəfər artaraq 1 milyon 640 min nəfərə
çatmışdır. Hazırda fondun mərkəzi məlumat
bazasında ölkə əhalisinin üçdə biri, yəni,
1 milyon 302 min nəfər pensiyaçı və 1 milyon 640 min
nəfər sığortaolunan barədə müvafiq məlumatlar
toplanmışdır.
Lakin bununla belə, özəl
sektorda çalışanların tam qeydiyyatı və əməkhaqlarının
leqallaşdırılması bu prosesə birbaşa təsir
edən əsas vəzifələr kimi qalmaqda davam edir. 2010-cu
ildə bu vəzifələrin yerinə yetirilməsi
xüsusi diqqət mərkəzində saxlanacaqdır.
2009-cu ildə
avtomatlaşdırılmış iş yerlərinin təşkili
və ixtisaslı kadrlarla təminat işləri paralel qaydada
davam etdirilmişdir.
Sosial sığorta
haqları hesabına ödənilən müavinətlərin
təyin olunması və uçotunun avtomatlaşdırılmasına
başlanılmışdır. Fondun mərkəzi
aparatının məlumat bazası ilə yerli şöbələrin
məlumat bazaları arasında elektron məlumat mübadilə
əlaqəsinin qurulması sürətlə davam etdirilir.
Göstərilənlərlə
yanaşı, hesabat dövründə pensiyaların
bankomatlarla ödənişi sferası da genişləndirilmişdir.
Belə ki, kənddə yaşayan və plastik kartlarla pensiya
alanların xüsusi çəkisi 94,4 faizə
çatdırılmışdır. Hazırda ölkə
üzrə bütün ödəniş aparılan
pensiyaçıların 97,3 faizi pensiyasını plastik kartla
alır. Bu məqsədlə 465 bankomat
quraşdırılmışdır ki, bunun da 85-i kənd yerlərinin
payına düşür. 2010-cu ildə kənd yerlərində
bankomatların sayının artırılması, eləcə
də plastik kartların pensiyaçılara bilavasitə bank
filialları tərəfindən verilməsi barədə
müvafiq banklar qarşısında məsələ
qaldırılmışdır.
Möhtərəm cənab
Prezident!
Məruzə etmək istəyirəm
ki, Azərbaycanın sığorta-pensiya sistemindəki sürətli
və uğurlu islahatların beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilməsi davam edir. 2009-cu ilin
mart ayında Afina şəhərində BMT-nin İnkişaf
Proqramının Şərqi Avropa və Orta Asiya ölkələrində
demokratik idarəetmənin formalaşdırılmasına həsr
edilmiş toplantısında Azərbaycanın bu sahədəki
təcrübəsinin xüsusi təqdimatı olmuş və
sonradan həmin təqdimat BMT-nin veb-saytında geniş
işıqlandırılmışdır. Azərbaycan pensiya
və sosial təminat layihəsinin icrasına nəzarət
etmək məqsədi ilə 2009-cu ilin noyabrında ölkəmizdə
olmuş Dünya Bankı missiyasının rəsmi məlumatında
Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq
model olaraq çıxış etdiyi və fondun beynəlxalq
sosial təminat aləmində nüfuzlu bir quruma
çevrildiyi əks etdirilmişdir. Artıq Dünya
Bankının tövsiyəsinə əsasən onun layihələrinin
tətbiq olunduğu keçid dövrü ölkələrinin
müvafiq nümayəndə heyətlərinin Azərbaycan təcrübəsinin
öyrənilməsi məqsədi ilə respublikamıza səfərləri
başlanılmışdır. Bu, bir daha Sizin həyata
keçirdiyiniz sosial-iqtisadi islahatların nə qədər
düzgün və alternativsiz olduğunu təsdiqləyir. Dövlət
Sosial Müdafiə Fondunun kollektivi bu siyasətin uğurlu
davamı üçün bütün
tapşırıqlarınızı vaxtında və yüksək
səmərə ilə yerinə yetirəcəkdir.
Diqqətinizə
görə təşəkkür edirəm.
* * *
Prezident İlham Əliyev
iclasda yekun nitq söylədi.
Azərbaycan.- 2010.- 19 yanvar.- S. 2, 3.