Prezident İlham Əliyev Humanitar Əməkdaşlıq
üzrə Birinci Azərbaycan-Rusiya Forumunun
iştirakçılarını qəbul etmişdir
Xəbər verildiyi kimi, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarından ibarət nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:
- Əziz dostlar!
Sizi görməyə çox şadam. Azərbaycanda sizi ürəkdən salamlamaq istəyirəm. Bu gün Humanitar Əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Forumu işə başlamışdır. Mən bu təşəbbüsü tamamilə dəstəkləyirəm. Eşitdiyimə görə, sizin proqramınızın birinci hissəsi çox uğurlu olmuşdur. Ümid edirəm ki, Azərbaycanda olduğunuz bütün günlər sizin üçün həm faydalı, həm də xoş və yaddaqalan olacaqdır.
Mən burada çoxdan münasibətim olan xeyli tanışlarımı, dostlarımı, nisbətən yaxın vaxtlarda tanış olduğum adamları gördüm. Bəzilərini isə bu gün ilk dəfədir ki, görürəm. Hesab edirəm ki, bu cür format - sizin nümayəndə heyətinin tərkibində həm köhnə tanışlarımızın, həm də Azərbaycanı yaxın vaxtlarda tanımağa başlamış insanların olması, əlbəttə, böyük əhəmiyyət kəsb edir. Çünki bu, ölkəmizin həyatı ilə, burada mövcud olan problemlər və nailiyyətlərlə daha yaxşı tanış olmağa imkan verəcəkdir. Bu cür ünsiyyət forması bütövlükdə çox müsbətdir, çünki ölkələrimiz arasında münasibətlər çox dinamik və səmərəli inkişaf edir. Təbii ki, ölkələrimizin ictimaiyyətinin də, - siz isə Rusiya cəmiyyətinin bütün sahələrini təmsil edirsiniz, - Rusiya ilə Azərbaycan arasında cərəyan edən müsbət proseslərə fəal qoşulmasını istərdik.
Sizin nümayəndə heyətinin tərkibində icra və qanunverici hakimiyyətlərin nümayəndələri, mətbuatın və vətəndaş cəmiyyətinin nümayəndələri vardır. Buna görə də güman edirəm ki, hamı üçün maraqlı olacaqdır.
Humanitar əməkdaşlıq sahəsində bizim fəal qarşılıqlı əlaqələrimiz vardır. Yəqin ki, bugünkü çıxışlarda, şəxsi söhbətlərdə və sabahkı proqramda bu istiqamətdə görülmüş işlərin hamısı ətraflı şərh olunacaqdır. Əlbəttə, bu, çox vacibdir. Bunu bilmək və bu cür müsbət təcrübə bazasında əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır. Lakin mənim fikrimcə, ən əsası odur ki, bu forum ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına, çoxşaxəli münasibətlərin inkişafına güclü təkan verməlidir. Ona görə ki, əməkdaşlığın potensialı çox yüksəkdir, əldə edilmiş nəticələr bizi qane edir. Lakin heç şübhəsiz, əməkdaşlığı genişləndirməli olduğumuz sahələr də çoxdur - iqtisadi sahə, qarşılıqlı siyasi əlaqələr məsələsi, vətəndaş cəmiyyəti və mətbuat səviyyəsində, yəni, ictimai fikri formalaşdıran və dövlətin siyasi xəttini müəyyən dərəcədə təyin edən strukturlar səviyyəsində əlaqələr bu qəbildəndir.
Ölkələrimiz arasında çox sıx münasibətlər vardır, biz qonşuyuq, dostuq. İqtisadi münasibətlərin statistikasına nəzər salsaq görərik ki, keçən ilki böhran ili istisna olmaqla həm əmtəə dövriyyəsinin həcminə, həm də onun keyfiyyətinə və strukturuna görə daim artım müşahidə olunmuşdur. Əvvəlki illərdə müzakirə prosesində olan əsas məsələlər praktiki olaraq həll edilmişdir. Biz qarşılıqlı anlaşmanı genişləndiririk. Zənnimcə, humanitar sahədə qazandığımız nailiyyətlərlə tanış olmağa imkanınız olacaqdır. Biz MDB məkanında bütün humanitar proseslərdə də fəal iştirak edirik.
Bu il hamımız İkinci dünya müharibəsində Qələbənin 65 illiyini qeyd edəcəyik. Bu faktın qiymətləndirilməsində Rusiya ilə Azərbaycan arasında tam qarşılıqlı anlaşma mövcuddur. Rusiyada olduğu kimi, biz də veteranlara böyük qayğı ilə yanaşırıq və hesab edirəm ki, İkinci dünya müharibəsinin tarixinin təftiş və təhrif edilməməsi üçün hamı səy göstərməlidir. Bugünkü nəslin bir qismi müharibənin bütün çətinliklərini öz üzərində hiss etmişdir, bir qismi bu barədə öz valideynlərinin söhbətlərinə əsasən məlumata malikdir. Lakin elə etmək lazımdır ki, 20 ildən və 50 ildən sonra bizim ortaq qəhrəmanlıq tariximizi təftiş etməyə hətta cüzi imkan olmasın.
Humanitar sahədə bizi birləşdirən istiqamətlər çoxdur. Əlbəttə ki, biz əlaqələrimizi bu müsbət təcrübə əsasında genişləndirməyə çalışmalıyıq. Hesab edirəm ki, ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin, iqtisadi kooperasiyanın və müxtəlif sahələrdə əməkdaşlığın səviyyəsi ictimai şüurda tam əks olunur. Əlbəttə, burada səmərəli iş üçün geniş məkan mövcuddur. Çünki düzgün nəticə çıxarmaq üçün vəziyyətə bələd olmaq lazımdır. Vəziyyətə bələd olmaq üçün insanlar ünsiyyət saxlamalı, bir-birinin yanına gedib-gəlmək və daim ünsiyyətdə olmalıdırlar. Yadımdadır, bir neçə il bundan əvvəl biz Azərbaycanda Rusiya ili və Rusiyada Azərbaycan ili keçirirdik. Bu tədbirlər çərçivəsində daim əlaqə saxlayırdıq, nümayəndə heyəti mübadiləsi aparırdıq və əlbəttə, bütün bunlar münasibətlərimizə çox böyük dinamizm gətirmişdir. Hesab edirəm ki, sizin nümayəndə heyəti və bu forumun keçirilməsi ölkələrimizin nümayəndələri arasında qarşılıqlı münasibətlərin daha da genişlənməsinə şərait yaradacaqdır.
Artıq qeyd etdiyim kimi, sizin nümayəndə heyətində Rusiya cəmiyyətinin bütün təbəqələri təmsil olunmuşdur. Bu insanlar həm sizin ölkənin inkişafını, həm də ictimai rəyi çox cəhətdən müəyyən edir. Əlbəttə, buna görə də biz istərdik ki, siz Azərbaycanda olduğunuz günlərdə Azərbaycanla tanış olasınız, ölkəmizin inkişafını bir daha, bəziləriniz isə ilk dəfə görəsiniz. Ölkəmiz dinamik inkişaf edir. Son vaxtlar sosial-iqtisadi inkişafın bir sıra problemləri həll edilmişdir. Hətta böhran ilində də biz yaxşı artım sürəti nümayiş etdirmişik. Ölkədə vətəndaş həmrəyliyi, siyasi sabitlik, hər bir vətəndaş üçün sərbəstlik mövcuddur. Azərbaycanın inkişafı haqqında bu gün yəqin ki, müxtəlif məlumatlar səslənmişdir. Lakin ən yaxşı göstərici, əlbəttə, sizin şəxsi təəssüratınız olacaqdır. Ümid edirəm ki, sizin təkcə iclaslarda iştirak etmək deyil, sadəcə, şəhərdə gəzmək, Azərbaycanın həyatı ilə tanış olmaq, ölkəmizin həyat tərzini hiss etmək üçün də imkanınız olacaqdır.
Mən bu cür, deyərdim ki, nadir bir tədbirin keçirilməsi təşəbbüsünü irəli sürənlərin hamısına ürəkdən təşəkkür etmək istəyirəm. Çünki mən indiyə qədər istər formasına, istər tərkibinə, istərsə də proqramına və başlıcası, öz ruhuna görə buna oxşar bir tədbir xatırlamıram. Biz hamımız bu tədbiri dəstəkləyirik. Lakin təbii ki, hər bir yenilik təşəbbüs qrupunun sayəsində həyata keçirilir. İndiki halda bu təşəbbüs qrupuna Azərbaycanın böyük dostları, ölkəmizi sevən və qəlblərində Azərbaycana olan bu münasibətin onların dostluq etdiyi, sevdiyi, özlərinə həmməslək saydığı adamlara da sirayət etməsini istəyən insanlar daxildir. Buna görə də mən bütün təşəbbüsçülərə, təşkilatçılara və əlbəttə, qonaqlara təşəkkür etmək istəyirəm. Mən bilirəm ki, siz hamınız çox məşhur və məşğul adamlarsınız. Hamınızın işi çoxdur və yəqin ki, bir neçə günlüyə bu işlərdən uzaqlaşmaq heç də həmişə asan olmur. Vaxt tapıb ölkəmizə gəldiyinizə görə sizə təşəkkür etmək istəyirəm. Biz bunu yüksək qiymətləndiririk. Ümid edirəm ki, siz buna təəssüflənməyəcəksiniz.
Mən öz şərhlərimi çox mühüm sözlərlə tamamlamaq istərdim. Sabah biz böyük dostumuz Mixail Solomonoviç Qusmanın yubileyini qeyd edəcəyik. Onun bütün həyatı Rusiya ilə Azərbaycan arasında münasibətlərin, dostlar arasında münasibətlərin, vətəninə, yaxınlarına, dostlarına münasibətin parlaq nümunəsidir. Onu Moskva ilə Bakı arasında bölmək çox çətindir. Zənnimcə, bu, heç lazım da deyildir. O, hətta fiziki mənada burada olmadığı vaxtda belə, permanent şəkildə burada mövcuddur. Mən sizin qarşınızda onu bu gözəl yubiley münasibətilə ürəkdən təbrik etmək istərdim.
Dövlətimizin başçısı İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfələrini yüksək qiymətləndirərək ona cansağlığı, gələcək fəaliyyətində uğurlar diləmiş və ən xoş arzularını bildirmişdir.
Prezident İlham ƏLİYEV demişdir:
- Mən bu gün Sizin xidmətlərinizi Sizə "Dostluq" ordeni təqdim etməklə qeyd etmək istəyirəm. Siz bu ordenlə dövlətlərimiz arasında münasibətlərin inkişafına verdiyiniz böyük töhfəyə görə təltif olunursunuz. Bu, Azərbaycan dövlətinin Sizə verdiyi ilk mükafat deyildir. Beş il bundan əvvəl Siz "Şöhrət" ordeni ilə təltif edilmişdiniz. "Dostluq" ordeni nisbətən təzədir. Bu orden rəsmi dövlət təltifi kimi nisbətən yaxın vaxtlarda qəbul edilmişdir və bu ordenlə təltif olunan insanların sayı o qədər də çox deyildir.
Prezident İlham Əliyev İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana "Dostluq" ordeni təqdim etdi.
Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirən Mixail QUSMAN dedi:
- Bu, mənim üçün son dərəcə dəyərli və əzizdir. Bu mükafata görə çox təşəkkür edirəm. Həqiqətən, hisslərim aşıb-daşır. Mübaliğəsiz deyirəm, iş elə gətirmişdir ki, ağlım kəsəndən mənim bütün həyatım, - belə ki, mən artıq təxminən 30 ildir Moskvada yaşayıram, - qəlbimin səsi ilə, peşəmlə əlaqədar Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına öz töhfəmi verməyə çalışıram. Bəlkə də dövlətlərarası münasibətlərin inkişafına çox cüzi töhfə vermişəm. İnformasiya əməkdaşlığının inkişafında, yəqin ki, mənim də kiçicik əməyim vardır. Lakin bir şeylə həqiqətən, fəxr edə bilərəm ki, onlarca bakılı həmyerlim Moskvada özünə onlarca yeni dost tapmışdır. Onlarca Moskva ailəsində mənim bakılı dostlarımı, həmyerlilərimi əziz dost kimi qarşılayırlar. Əgər bir neçə yüz azərbaycanlı və rus ailəsinin yaxından dostlaşmasına kömək edə bilmişəmsə, bu baxımdan hesab edirəm ki, mən bu ordenə layiqəm. Çox təşəkkür edirəm.
Rusiyanın mədəniyyət naziri Aleksandr AVDEYEV görüşdə çıxış etdi:
- Hörmətli İlham Heydər oğlu. Sizin dediklərinizdən sonra mənə yalnız Sizinlə razılaşmaq qalır. Çünki vətəndaş cəmiyyətlərimizin əlaqələrinin əhəmiyyəti düzgün qeyd edilmişdir. Bu əlaqələrsiz, əgər gənc, çox dinamik vətəndaş cəmiyyətləri, onların burada iştirak edən yaradıcı tərkib hissəsi öz aralarında qardaşcasına qarşılıqlı fəaliyyət göstərməsələr, iqtisadi, siyasi və digər münasibətlər səthi və formal olar. Düşünürəm ki, Sizin xatırlatdığınız kimi, şəxsi təəssüratlarımız təsdiqləyir ki, artıq bir-birimizsiz tam inkişaf edə və mədəniyyətlərimizi inkişaf etdirə bilmirik. Mən bu gün bunu hətta mədəniyyət bölməsinin görüşündə də qeyd etdim ki, Rusiya mədəniyyətinin inkişafı bizim üçün çox vacib Azərbaycan mədəniyyəti, Azərbaycan cəmiyyəti ilə yaradıcı əlaqələr, vətəndaşlıq əlaqələri olmadan tam dolğun ola bilməz. Odur ki, artıq belə anlam yaranıb ki, biz görüşməliyik. Bu, çox vacibdir. Bu, bizim özümüzə lazımdır. Bu, azərbaycanlı yoldaşlarımıza lazımdır.
Lakin daha bir məsələ də vardır, bu, Mixail Solomonoviçin doğum günüdür. İndi bu tarixi görüşlərimiz gününə çevirmək olar. İstənilən halda, biz gəlişimizdən çox razıyıq. Biz dərhal qardaşlıq, dostluq, yoldaşlıq ab-havası hiss etdik. Bu əhval-ruhiyyə birlikdə, sıxılmadan mədəniyyətlərimizin, cəmiyyətlərimizin taleyi barədə düşünmək üçün şərait yaradır. Bu gün mədəniyyət haqqında çox məhrəmanə söhbət etdik. Yəqin ki, bu, bizim aramızda belə də olmalıdır. Bu görüşə görə, bu qəbula görə, Bakıda keçirilən təkrarolunmaz günlərə görə bir daha təşəkkür edirəm.
Prezident İlham ƏLİYEV
dedi:
- Sağ olun. Mən əminəm
ki, bu günlər həqiqətən, münasibətlərin
coşqun inkişafı üçün möhkəm baza
olacaqdır. Ona görə ki, ölkələrimiz arasında
münasibətlər, əlbəttə, inkişaf edir. Bu
münasibətlər çox cəhətdən rəhbərliyin
siyasi iradəsindən asılıdır. Lakin indiki halda həmin
münasibətlər həm də xalqlarımız
arasında münasibətlərin çoxəsrlik tarixinə
əsaslanır. Təbii ki, Rusiya ilə Azərbaycan
münasibətlərinin dərin kökləri vardır. Bizim
ikitərəfli münasibətləri indi necə
qurmağımız, zənnimcə, bütövlükdə həm
regionda, həm də daha geniş mənada nümunə ola bilər.
Bizim bu münasibətləri necə qurmağımız onu
göstərir ki, siyasi əzm və həqiqi arzu olduqda
çox şeyə nail olmaq mümkündür. Münasibətlərimiz
çox möhkəmdir, onların gələcəyini öncədən
görmək mümkündür, onlar qarşılıqlı
maraqlara, ortaq tarixə, ölkələrimizin sülh və təhlükəsizlik
şəraitində yaşamaq, əməkdaşlığı
möhkəmlətmək, öz xalqları üçün
nemətlər yaratmaq və özlərinin inkişafı ilə
qonşu dövlətlərin də inkişafına şərait
yaratmaq istəyinə əsaslanır.
Mən hesab edirəm ki,
bugünkü format ikitərəfli Rusiya-Azərbaycan
münasibətlərinin çox güclü amilidir.
Çünki humanitar komponent olmadan, həmin münasibətlər
tamdəyərli olmayacaqdır.
Prezident İlham Əliyev Azərbaycan
ilə Rusiya arasında ikitərəfli münasibətlərə
toxunaraq siyasi, iqtisadi və başqa sahələrdə
qarşılıqlı anlaşma olduğunu vurğuladı,
Azərbaycanda rus dilinə diqqət göstərilməsi barədə
danışdı:
- Azərbaycanda iyirmi ilə
yaxın müstəqillik dövründə rus dili itirilməmişdir.
O, mövcuddur və biz çalışırıq, səy
göstəririk ki, vətəndaşlarımız
mümkün qədər çox xarici dil bilsinlər. Bu, rus
məktəblərinə də, ali məktəblərdə təhsilə
də, Rusiyanın mədəni həyatına da aiddir.
Görüşdə Rusiya
Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq
üzrə xüsusi nümayəndəsi Mixail ŞVIDKOY da
çıxış etdi. O dedi:
- Biz buraya dünən gəlmişik,
srağagün isə Qara Yanvarın ildönümü idi. Biz
bunu xatırlayırıq və Azərbaycan xalqının bu
faciəsinə həmişə acıyırıq. Mənim fikrimcə,
vətəndaş cəmiyyəti , vətəndaş cəmiyyətinin
dialoqu çox şeylərə aydınlıq gətirməyə,
çox şeyləri xalqlarımız üçün daha
anlaşıqlı etməyə imkan verəcəkdir.
Burada Azərbaycanın dahi
Prezidenti Heydər Əliyevlə, - bu barədə mən
artıq danışmışam, - mahiyyət etibarilə
ölkə tarixinin ən çətin anlarında Azərbaycan
dövlətinin mövcudluğunu xilas etmiş insanla
ünsiyyətdə olmaq şərəfinə nail olmuş
insanlar çoxdur. Bu gün Sizin siyasi praktikanızda Heydər
Əliyev ideyalarının necə inkişaf etdiyini
görürük. Bütün bunlar bizim üçün
çox vacibdir və zənnimcə bu cür
genişmiqyaslı peşəkar ünsiyyət öz nəticəsini
verəcəkdir. Təsadüfi deyil ki, bu gün KİV rəhbərləri
- "Komsomolskaya pravda", "Selskaya jizn",
"Rossiyskaya qazeta", "Kommersant" qəzetlərinin rəhbərləri
buradadır. Bu, təkcə ona görə deyil ki, Mixail
Solomonoviç Rusiya jurnalistikasının görkəmli
nümayəndəsidir. Burada televiziyanı və radionu təmsil
edən həmkarlarım - "Exo Moskvı"
radiostansiyasının baş redaktoru Aleksey Venediktov, müxtəlif
televiziya kanallarından olan həmkarlarım vardır. Zənnimcə,
burada da qarşılıqlı əməkdaşlıq
üçün geniş meydan vardır.
Deməliyəm ki, son vaxtlar
"İzvestiya" qəzetinin əlavəsi və "
Biz bu forumun keçirilməsi
üçün yaratdığınız imkana görə
Sizə təşəkkür etmək istərdik. Biz çox
gözəl başa düşürük ki, Sizin qərarınız,
Sizin dəstəyiniz olmasaydı, bu forum baş tutmazdı. Əlbəttə,
indi biz bu forumun necə inkişaf edəcəyi barədə
düşünürük. Növbəti forumun Moskvada
keçirilməsi ən sadə qərardır. Bakı
forumunu hamının üzünə açıq elan etmək,
onu hamının üzünə açıq olan Bakı
Rusiya-Azərbaycan humanitar forumuna çevirmək, ola bilsin ki,
o qədər də sadə qərar deyildir. Bu, bəlkə də
daha mürəkkəb, lakin perspektivli qərardır. Təkcə
ona görə yox ki, Bakıya gəlmək bizə xoşdur.
Biz dəfələrlə demişik ki, Bakı Qərb ilə
Şərqin üzvi şəkildə qovuşduğu məkandır,
burada sivilizasiyalararası dialoq, mədəniyyətlərarası
dialoq fəal inkişaf edə bilər.
Prezident İlham ƏLİYEV
dedi:
- Bakıda başqa ölkələr
üçün də açıq olan bu cür tədbirlərin
müntəzəm keçirilməsi yaxşı, konstruktiv
ideyadır. Ona görə ki, həqiqətən, mənim
fikrimcə, Bakı elə bir yerdir ki, bu cür humanitar əməkdaşlıq
tədbirləri burada keçirilməlidir. Çünki Azərbaycan
həm tarixən, həm də müstəqil inkişaf etdiyi
iyirmi ilə yaxın müddətdə ölkəmizdə
yaşayan bütün xalqlar arasında tolerantlıq,
dözümlülük və dialoqu əvvəlki səviyyədə
qoruyub saxlamışdır.
Bu gün ölkəmizin hər
bir vətəndaşı dinindən və milliyyətindən
asılı olmayaraq Vətənin rifahı naminə
çalışır.
Əslən Bakıdan olan
yazıçı Eduard TOPOL görüşdə
çıxış etdi. O, Bakıda təhsil
aldığı illəri xatırladı, Azərbaycana,
doğma vətənə dərindən bağlı
olduğunu, daim Azərbaycanı
düşündüyünü dedi. Eduard Topol məşhur
geoloq, soydaşımız Fərman Salmanovla görüşlərini
də xatırlayaraq onun Rusiyanın neft-qaz sənayesinin
inkişafındakı rolunu yüksək qiymətləndirdi.
Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi
məqsədi ilə təkliflər irəli sürərək
dedi:
- Düşünürəm
ki, baş aldatmaq üçün yox, qeyri-adi xarakterə malik
bu insanın rolunu göstərmək üçün birgə
layihə həyata keçirmək, böyük tablo yaratmaq
yaxşı olardı. Mən də bakılı kimi bu işdə
iştirak edərdim. Mən "Qızıl meydan"
romanında ona bir neçə səhifə həsr etmişəm.
Rusiya Dövlət
Dumasının beynəlxalq məsələlər üzrə
komitəsi sədrinin birinci müavini Leonid SLUTSKİ
Bakıda keçirilən Humanitar Əməkdaşlıq
üzrə Birinci Azərbaycan-Rusiya Forumunun əhəmiyyətinə
toxunaraq dedi:
- Həqiqətən,
vaxtında irəli sürülmüş və şübhəsiz
ki, olduqca səmərəli təşəbbüsdür.
Humanitar sahənin bütün istiqamətlərini təmsil edən
Azərbaycan və Rusiya ziyalılarının bu cür
ünsiyyəti iz qoymaya bilməz.
Sovet İttifaqının
süqutundan sonra Azərbaycan üçün daha çətin
idi. Sizinlə əməkdaşlıq sayəsində mən və
onlarca həmkarım əmin olduq ki, bu, həqiqətən,
belədir. Lakin Sizin əlaqələndirməniz sayəsində
bir neçə il bundan əvvəl "güllü"
inqilablar gəldikləri yerə də
qaytarıldığı vaxtda Azərbaycan postsovet məkanında
məhz belə mürəkkəb və ən əsas rolu
oynayırdı. Hazırda bunun sayəsində biz
çiçəklənən Azərbaycanı, onun
heyranlıq doğuran iqtisadi uğurlarını
görürük. Lap bu yaxınlarda həmkarlarımla Azərbaycanda
2009-cu ilin yekunlarını müzakirə edirdik. Hətta
burada olmadığım altı ay ərzində çox
böyük uğurlar, özü də keyfiyyətli
uğurlar əldə edilmişdir.
Ənənəvi neft
hasilatı layihələrindən başqa, su ilə əlaqədar
milli proqram - "Taxtakörpü" su anbarı layihəsi,
təkcə Azərbaycan üçün deyil, digər
ölkələr üçün də texnoloji cəhətdən
tamamilə yeni Oğuz-Qəbələ-Bakı layihəsi həyata
keçirilir. Elektroenergetika sahəsində, həqiqətən,
inqilabi nailiyyətlər qazanılmışdır. 2009-cu il
inqilabi il olmuşdur. Təxminən 700 milyon dollar məbləğində
sərmayə yatırılmışdır. Ümumi daxili məhsul
37 milyard manatdan artıq olmuşdur. Böyük rəqəmlərdir
və yalnız bir neçə il əvvəl Azərbaycanı
xatırlayanlar bu uğurların, həqiqətən, nə dərəcədə
inqilabi olmasından xəbər verdiyini görürlər. Bu
gün təkcə postsovet məkanı üçün
qeyri-adi olmayan uğurlar fonunda, dünya iqtisadi böhranı
fonunda humanitar və mədəni sahələrdə əməkdaşlığı
inkişaf etdirməyin əsl vaxtıdır.
Zənnimcə, 2010-cu il beynəlxalq
təşkilatların Azərbaycana münasibətində də
dönüş ili olacaqdır. Düşünürəm ki,
Baltikyanı dövlətlər istisna olmaqla, postsovet məkanında
Avropa Şurasında ölkələr üzrə monitorinqin
bağlanması üçün Azərbaycanın
bütün şansları vardır. Mən Bakıdan
Strasburqa yola düşəcəyəm və biz Azərbaycanın
dosyesinə obyektiv baxılması üçün səy
göstərəcəyik. Bunun üçün orada Azərbaycana
obyektiv yanaşacaq tamamilə başqa həmməruzəçilər
vardır. Düşünürəm ki, bütün beynəlxalq
müstəvilərdə, habelə təşəbbüs
qrupunun əlaqələndirilməsi ilə yenicə
açılmış Bakı Humanitar Forumunda bizim keyfiyyətcə
daha da yaxınlaşmağımız üçün
çox böyük imkanlar vardır.
SSRİ xalq artisti İosif
KOBZON Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya
Forumunun mahiyyətinə və açılış mərasimində
müzakirə edilən məsələlərə toxundu. Azərbaycan
ilə Rusiya arasında mədəniyyət sahəsində əlaqələrin
bundan sonra da genişlənməsinin əhəmiyyətini qeyd
edərək dedi:
- Biz bu mentalitetdən
uzaqlaşmalıyıq ki, indi heç də sovet vətəndaşları
deyilik, indi biz başqa-başqa ölkələrin sakinləriyik.
Düzdür, biz başqa ölkə olmuşuq. Azərbaycan
da suveren ölkə olmuşdur. Biz Heydər Əliyevin mədəniyyətə
və humanitar sahələrə münasibətini
xatırlayırıq. Yadımdadır, Heydər Əliyev mənim
konsertlərimə, eləcə də Rusiyanın Azərbaycanda
təşkil etdiyi konsertlərə gələndə
özümü hədsiz xoşbəxt hiss edirdim. O vaxt bu
cür konsertlər Azərbaycanda Rusiya İncəsənəti
ongünlüyü adlanırdı. Rusiyada Azərbaycan
ongünlükləri də keçirilirdi. Azərbaycanda rəsmən
Rusiya ili, Rusiyada Azərbaycan ili elan edilməsi çox
yaxşı haldır. Lakin bunlar konkret olaraq incəsənət
ongünlükləri keçirilməsi demək deyildir. Azərbaycanda
Ukrayna incəsənəti ongünlüyü, Rusiyada Belarus
incəsənəti ongünlüyü nə deməkdir? - bu,
mədəniyyətlərin qarşılıqlı zənginləşməsi,
bizim qarşılıqlı zənginləşməyimiz,
yaşamağımıza kömək edən
qarşılıqlı anlaşma deməkdir. Vaxtilə
mövcud olmuş və dəstəklənmiş bu cür
gözəl tədbirlərdən nə üçün
imtina etməliyik? Siz təməli Prezident Heydər Əlirza
oğlu Əliyev tərəfindən qoyulmuş ənənəni
davam etdirirsiniz. Siz bu ənənəni davam etdirirsiniz və
buna görə biz Sizə çox minnətdarıq. Sizin
dövlətin mədəniyyət və incəsənətin
timsalında öz ölkəsinə, öz respublikasına -
Azərbaycana göstərdiyi qayğını Polad Bülbüloğlu
ilə, Azərbaycandakı həmkarlarımızla söhbətdə
hiss edirik. Mənim fikrimcə, Mixail Yefimoviçin
çıxışında çox düzgün olaraq belə
bir təklif səsləndi ki, bizim bugünkü forum
açıq forum olmalıdır.
Buraya təkcə bizim
postsovet suveren ölkələrin nümayəndələri
deyil, Avropanın, Amerikanın və başqa qitələrin hər
hansı dövlətinin nümayəndələri də gələ
bilər və gəlməlidirlər. Onlar buraya gəlməlidir.
Çünki dünyada baş verən bütün mənfi
hallar - terror aktları da, narkomaniya, fahişəlik, banditizm -
bütün bunlar mədəniyyətin olmamasından irəli
gəlir.
Biz terrorizmə qarşı
mübarizəyə nə qədər pul xərclədiyimizi
hesablamırıq. Amma mədəniyyət üçün nə
qədər pul xərclədiyimizi hesablayırıq. Buna
görə də mənə belə gəlir ki, bizim Forum
dövlətlərə, ölkələrə və xalqlara
belə bir müraciətlə başa çatmalıdır
ki, onlar Bakı Humanitar Forumunun ruhunu və ideyasını dərindən
öyrənsinlər. Bu, Sizin öz ölkənizdə, öz
respublikanızda xeyir-dua verdiyiniz Forumun gözəl nəticələri
olar. Diqqətinizə görə sağ olun.
Rusiya Dövlət Humanitar
Universitetinin rektoru Yefim PİVOVAR rəhbərlik etdiyi
"Rusiya-Azərbaycan" Dostluq Cəmiyyətinin fəaliyyətinə
toxunaraq dedi:
- Mən demək istərdim ki, cəmiyyət bizim intellektual mühitdə çox böyük dəstəyə malikdir. Bu cəmiyyətdə mədəniyyət, elm, təhsil, təbabət, idman və biznes nümayəndələri təmsil olunmuşdur. Əlbəttə, o, bizim ölkələrin bütün strukturları, vətəndaş cəmiyyətləri arasında qarşılıqlı əlaqələri və mənafeləri dəstəkləməli və bu sözü deməyə çəkinmirəm, lobbiləşdirilməlidir. Biz bunun gerçəkliyə çevrilməsi üçün bizdən asılı olan hər şeyi edəcəyik. Bakı Humanitar Forumu ideyasının reallaşması üçün mən Rusiya Dövlət Humanitar Universitetinin rektoru kimi bu il aprel ayında MDB ölkələrinin humanitar universitetlərinin rektorlarının toplantısını Bakıda keçirməyi təklif etmişəm.
Bu forumda bizim cəmiyyətin iştirakını rəmzi şəkildə qeyd etmək üçün biz iki kiçik kitabxana hazırlamışıq. Onlardan birini bu yaxınlarda 90 yaşı tamam olmuş Bakı Dövlət Universitetinə təklif etmişik. Orada 90 kitab vardı. İkinci kitabxananı isə Heydər Əliyev Fonduna təklif etmişik. Fond həmin kitabxananı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin burada gözəl fəaliyyət göstərən filialına verəcəkdir. Zənnimcə, bu, indiki forumun nəticələrinə kiçik töhfəmiz olacaqdır. Sizə onu da demək istərdik ki, Rusiyada ölkələrimiz arasında dostluğun möhkəmlənməsi istiqamətində işləyən bütün vətəndaş cəmiyyətlərini Sizin dəstəkləməyiniz bizi riqqətə gətirir.
Rusiya Federasiyası Federasiya Şurasının iqtisadi siyasət, sahibkarlıq və mülkiyyət məsələləri üzrə komitəsi sədrinin müavini Andrey XAZİN çıxış edərək dedi:
- Cənab Prezident, indi çoxları buradakı dostluq atmosferindən danışırdılar. Mənə elə gəlir ki, bu, əslində, qohumluq atmosferidir. Bizim Azərbaycan xalqına həqiqətən, qohumluq münasibətimiz vardır. Humanitar sahədə, daha geniş götürsək, siyasi sahədə baş verənlər bizi çox narahat edir.
Bilirəm
ki, təxminən bir neçə gündən sonra çox
ciddi görüş - yüksək səviyyədə
üçtərəfli görüş keçiriləcəkdir.
Biz bu prosesin, nəhayət ki, bizə dost Azərbaycan
xalqını razı sala biləcək məntiqi sonluqla nəticələnməsi
üçün Sizə böyük uğurlar arzulamaq istərdik.
Ümidvaram ki, bunun üçün perspektivlər vardır.
Düşünürəm ki, Rusiya, həqiqətən, Sizin
səylərinizi, Azərbaycanı həmişə məmnuniyyətlə
və sevinclə dəstəkləyəcək ölkədir.
Mən Sizi bir neçə gündən sonra gözləyən
bu çox ciddi işdə Sizə uğurlar arzulamaq istəyirəm.
***
Görüşün
sonunda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2010.- 24 yanvar.- S. 1, 2