2009-cu ilin yekunlarına görə Azərbaycan dünya
miqyasında ən sürətlə inkişaf edən
ölkələr sırasındadır
Prezident İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclası keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi
- 2009-cu ilin yekunları bir
daha onu göstərir ki, Azərbaycan keçən il
uğurla inkişaf etməyə davam etmişdir. Bizim seçdiyimiz yol düzgün yoldur. Biz öz resurslarımıza arxalanırıq və
bütün işləri Azərbaycanın milli
maraqlarının qorunması istiqamətində
aparırıq. Bu bizim üçün
başlıca amildir. Ölkəni daha da
gücləndirmək, müasirləşdirmək, ölkə
qarşısında duran bütün problemləri həll etmək
üçün bizim bütün imkanlarımız vardır.
Bir daha demək istəyirəm ki, həm düşünülmüş
siyasət, həm də möhkəm iradə vardır.
Bir daha qeyd etmək istəyirəm,
mən bunu əvvəllər də demişəm, bu gün də
qeyd edildi ki, 2009-cu il bütün ölkələr
üçün sınaq ili olmuşdur. Əvvəllər
uğurlarımıza pis gözlə baxan, yaxud da ki,
paxıllıq edən, istər xaricdə, istər daxildə
uğurlarımızı qəbul etmək istəməyən
dairələr uğurlarımızı daha çox neft amili
ilə bağlayırdılar. Halbuki neft
amili də Azərbaycan xalqının zəhməti və ulu
öndər Heydər Əliyevin fədakarlığı
hesabına mövcud olmuşdur. Neftin dərin
laylarda olması hələ neft strategiyasının icrası
demək deyildir. Biz ümumiyyətlə, ən
ağır, ən çətin illərdə xarici
investorları cəlb etmək, bütün çətinliklərə
baxmayaraq, böyük iradə, uzagörənlik, cəsarət
göstərməklə Azərbaycana bu sərmayələri
cəlb etmək, "Əsrin müqaviləsi"ni imzalamaq,
onun icrasını təmin etmək sayəsində bu gün
neft amilindən danışırıq. Yəni,
Azərbaycanın müasir və neft-qaz ixrac edən
güclü ölkəyə çevrilməsi işində
Heydər Əliyevin mizilsiz xidmətləri olmuşdur. Ona görə də hətta neft amili hesabına olsa
da, bu, bizim iqtidarımızın əməyidir, zəhmətidir
və nailiyyətidir.
Ancaq bununla bərabər,
yenə də deyirəm ki, bizə müəyyən iradlar
tutmaq istəyənlər, yaxud da uğurlarımızı sadələşdirmək
istəyən qüvvələr iqtisadi inkişafı neft
amili ilə bağlayırdılar. Sirr deyil ki, əlbəttə,
bu amilin öz rolu vardır və bu, davam edəcəkdir.
Çünki Azərbaycanda son illər ərzində
həm neft, həm qaz hasilatı böyük dərəcədə
artmışdır.
Ancaq 2009-cu il
o il olmuşdur ki, bütün bəd niyyətlə ifadə
edilən sözləri alt-üst etdi. Ölkəmiz,
iqtisadiyyatımız böhranlı ildə də uğurla
inkişaf etməyə davam etdi. İndi hər
şey müqayisə ilə ölçülür. Mən indi başqa ölkələrlə Azərbaycanı
müqayisə etmək istəmirəm, ancaq statistika
vardır, göstəricilər vardır. MDB
məkanında ən sürətlə inkişaf edən
ölkə Azərbaycandır. Bütün
bölgədə iqtisadi tənəzzül, sənaye
istehsalının tənəzzülü hökm sürür,
Azərbaycanda isə artım vardır. Dünya
İqtisadi Forumu - dünyanın mötəbər beynəlxalq
təşkilatı Azərbaycanı rəqabət qabiliyyətliliyinə
görə 51-ci yerə layiq gördü və bu, MDB məkanında
birinci yerdir. Yəni, iqtisadiyyatımız
bütün MDB məkanında ən rəqabət qabiliyyətlidir,
ən çoxşaxəlidir, ən müasirdir, ən
güclüdür. Bu, reallıqdır.
Biz bu reallıqlarla haqlı olaraq fəxr edirik.
2008-ci ildə
Dünya Bankı Azərbaycanı bir nömrəli
islahatçı ölkə kimi tanıdı və təqdim
etdi. Yəni, budur uğurlarımızın təməlində
duran məsələlər - güclü siyasət, siyasi iradə,
siyasi və iqtisadi islahatlar, düşünülmüş
strategiya və taktika. Sirr deyil ki, bu yolda son illər ərzində
müxtəlif məqamlarda işimizə qarışmaq, bizə
məsləhət, tövsiyə vermək istəyən, əvvəlki
illərdə lap göstəriş vermək istəyən tərəflərin
sayı az deyildi. Ancaq biz
bildiyimizi etdik. Onu etdik ki, Azərbaycanı
bu günə gətirib çıxardıq. Əgər o vaxt bizə sərf etməyən məsləhətlərə
qulaq assaydıq, bəlkə də bu gün başqa ölkələr
kimi çətin anları yaşaya bilərdik - həm
iqtisadi sahədə, həm siyasi islahatlar sahəsində.
Biz ölkəmizin hərtərəfli
inkişafında Azərbaycan xalqının maraqlarını
təmin etdik, ölkəmizi gücləndirdik və bu gün
bunun hesabına Azərbaycan ilə hesablaşırlar. Azərbaycanın
maraqlarını heç kim inkar edə
bilməz. Əgər Azərbaycanın
maraqları müvəqqəti olaraq kiminsə fikrində kənara
qoyulursa, dərhal hamı görür ki, Azərbaycanın
maraqlarını təmin etmədən bölgədə nə
iqtisadi, nə siyasi, nə heç bir başqa layihə və
təşəbbüs icra oluna bilməz. Biz
özümüzü təsdiq etdik, özümüzü
göstərdik, ilk növbədə, ölkə
qarşısında duran bütün vəzifələri icra
etdik. 2009-cu il bu baxımdan tarixdə
sınaq ili kimi qalacaq və Azərbaycan bu sınaqdan şərəflə
çıxdı. Bu gün burada səslənən
bütün iqtisadi və sosial göstəricilər onu bir
daha göstərir.
Mən bir
müddət bundan əvvəl demişdim ki, Azərbaycan
iqtisadiyyatı artıq öz keçid dövrünü
başa vurdu.
Bu, həqiqətən də, belədir. Biz artıq keçid dövrünün iqtisadiyyatı
deyilik. Bunu şərtləndirən
müxtəlif amillər vardır və bu gün bu barədə
burada danışıldı. Biz tam şəkildə
bazar iqtisadiyyatına keçmişik. Azərbaycan
iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil,
dayanıqlı, öz resurslarına güvənən,
dünya birliyinə sürətlə inteqrasiya edən
iqtisadiyyatdır. Beynəlxalq kredit agentliklərinin
böhranlı ildə verdikləri açıqlamalar, verdikləri
qiymətlər onu göstərir ki, kredit reytinqlərimiz də
artır.
Biz neft-qaz,
enerji sahəsində uğurlu investisiya siyasətimizi aparmaqla bütün
başqa sahələrə də investisiyaların cəlb
olunmasına nail olduq. Bu gün mən bu rəqəmləri səsləndirdim,
keçən il 9 milyard dollardan çox
investisiya qoyulmuşdur. Bu il, hesab edirəm
ki, investisiya qoyuluşu davam etdiriləcəkdir. Bu gün Azərbaycan
ilə iş görmək, investisiya qoymaq, yaxud da ki,
podratçı kimi işləmək istəyən şirkətlərin
sayı artır. Bizim tərəfdaşlarımız
dünyanın aparıcı şirkətləridir. Bütün bu amillər ölkəmizin bundan sonra da
uzunmüddətli dayanıqlı inkişafını təmin
edəcək, Azərbaycanın bütün sahələrinin
inkişafını təmin edəcək, enerji amilindən
asılılığımızı azaldacaqdır. Artıq biz bunu görürük və ölkəmiz,
əlbəttə ki, bundan sonra da sürətlə inkişaf
edəcəkdir.
Biz 2010-cu ildə,
diqqətimizi əlbəttə ki, həmişə olduğu
kimi, makroiqtisadi sabitliyə yönəltməliyik. Hesab edirəm
ki, bu sabitlik 2010-cu ildə qorunub saxlanılacaqdır. Çünki bu ilin göstəriciləri və
bundan əvvəlki illərdə görülən tədbirlər
bunu göstərir. Həm böyük
valyuta ehtiyatlarımız, həm güclü bank sektorumuz və
istehlak qiymətlərinə güclü nəzarət
bütün bu amilləri təmin edəcəkdir.
Biz daxili
bazarımızı daha da ciddi qorumalıyıq. Bunun müxtəlif
yolları vardır. Əlbəttə ki, ən
əsası idxalı əvəzləyən məhsulların
istehsalını artırmaqdır. Bu məqsədlə
həm Dövlət İnvestisiya Şirkətinin, eyni zamanda,
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
ayrılan kredit məbləğləri öz rolunu oynayır.
Keçən il sahibkarlığa güzəştli
şərtlərlə 130 milyon manat vəsait verilmişdir. Dövlət İnvestisiya Şirkəti isə xarici
şirkətlərlə bərabər, ölkəmiz
üçün bir sıra önəmli layihənin
icrasına başlamışdır. Yəni,
bütün bu kredit resursları daxili bazarın qorunmasına,
ilk növbədə, daxili istehsalı artırmağa, digər
tərəfdən, Azərbaycanda istehsal olunan malların
istehlakçılara məqbul qiymətlərlə
çatdırılmasına da xidmət göstərir. Əlbəttə ki, bizim mallarla rəqabət aparmaq
gücündə olan xarici malların gətirilməsinə
yenidən baxmalıyıq.
2009-cu ildə
demək olar ki, bütün ölkələr, hətta ən
inkişaf etmiş ölkələr bu meyilləri büruzə
vermişlər. Çünki hər bir ölkə
çalışmalıdır ki, öz
istehsalçılarını və
istehlakçılarını müdafiə etsin ki, qiymətlər
qalxmasın. Ona görə də daxili
bazarın qorunması işində daha da ciddi addımlar
atılmalıdır.
İnflyasiyaya
nəzarət ediləcəkdir. Mən əminəm
ki, inflyasiya birrəqəmli olacaqdır. Beləliklə,
insanların yaşayış səviyyəsi daha da
yaxşılaşacaq və belə də olmalıdır.
2010-cu ildə
bütün sosial proqramlar icra olunmalıdır, həm məktəb,
xəstəxana, idman komplekslərinin, həm də mədəniyyət
obyektlərinin tikintisi nəzərdə tutulmalıdır. Bunu etmək
üçün tezliklə Dövlət İnvestisiya
Proqramı qəbul edilməlidir. Biz burada
yubanmaya yol verməməliyik ki, tezliklə maliyyə vəsaiti
ayrılsın və biz vaxt itirməyək. Bütün digər sosial proqramlar - əhalini və
aztəminatlı təbəqəni müdafiə etmək
üçün proqramlar da icra olunmalıdır.
Azərbaycanda
demoqrafik vəziyyət də çox yaxşıdır,
çox gözəldir. Bu yaxınlarda ölkəmiz
üçün çox vacib və tarixi hadisə baş
vermişdir - doqquz milyonuncu vətəndaş dünyaya gəlmişdir.
Bu, böyük nailiyyətdir, böyük
göstəricidir. Ümumiyyətlə, keçən il Azərbaycanda 152 min uşaq dünyaya gəlmişdir.
Əvvəlki illərlə müqayisədə
bu, böyük artımdır. Biz
dinamikadan görürük ki, ildən-ilə Azərbaycanda
doğulan uşaqların sayı artır. Bu, əlbəttə ki, ölkə əhalisinin
sayını artırır, bizi gücləndirir və eyni
zamanda, Azərbaycanda görülən işlərin nəticəsidir.
Vəziyyət yaxşılaşır, insanlar
daha da yaxşı yaşamağa başlayırlar. Beləliklə, demoqrafik artım bunun bilavasitə
göstəricisidir. Mən çox
şadam ki, Azərbaycanda demoqrafiya məsələləri ilə
bağlı heç bir problem yoxdur. Biz
bilirik ki, bəzi ölkələrdə bu problemlər
böyük dərəcədə ciddiləşir. Problemlər ciddiləşdikcə gələcəkdə
çox böyük problemlərə gətirib
çıxaracaqdır.
Ancaq Azərbaycanda
bu problem yoxdur.
Bizim əhali artır və yaxşı templərlə
artır. Biz çalışırıq və
çalışmalıyıq ki, bu artım davam etsin, sürətlənsin.
Mən əminəm ki, gələcəkdə
Azərbaycanda iqtisadi və sosial vəziyyət daha da
yaxşılaşdıqca əhalinin sayı da sürətlə
artacaqdır. Bu fürsətdən istifadə
edib həm doqquz milyonuncu uşağın valideynlərinə
öz təbriklərimi göndərirəm, eyni zamanda,
bütün Azərbaycan xalqını, doğrudan da, bu
böyük və tarixi hadisə münasibətilə təbrik
edirəm. Allah eləsin ki, biz 10 milyonuncu vətəndaşın
da dünyaya gəlməsini bərabər qeyd edək.
2010-cu ildə
bütün infrastruktur layihələrinin icrası davam etməlidir. Əlbəttə
ki, bu, investisiya proqramında öz əksini tapacaqdır.
Həm bu ilə qədər görülən
işlər davam etdirilməli, həm də yeni layihələr
icra edilməlidir. Avtomobil yollarının
tikintisi davam etməlidir. Bakı-Gürcüstan sərhədi
İpək yolunun tikintisi bu il başa
çatmalıdır. Eyni zamanda, bizi İranla
birləşdirən, İran sərhədinə gedən yolda
işlər davam etməlidir, daha da sürətlə davam etməlidir.
Bu yol da çox böyük əhəmiyyət
daşıyır. Bakı-Rusiya sərhədi
yolunun böyük hissəsi artıq istifadəyə verilib,
çox keyfiyyətli beton örtüklü yoldur. Bu il yolun Rusiya sərhədinə qədər də
tikintisi başa çatmalıdır. Beləliklə, biz bu il bu üç əsas magistralın
böyük hissəsini tikib istifadəyə verəcəyik. Bütün başqa yollar - həm şəhərdaxili,
həm də şəhərlərarası yollar, kənd
yolları təmir və bərpa olunmalıdır. Yeni yollar salınmalıdır. Bu məsələlərə
nail olmaq üçün investisiya proqramında kifayət qədər
vəsait nəzərdə tutulmalıdır.
Azərbaycanda
informasiya-kommunikasiya texnologiyalarının inkişafı
üçün çox gözəl imkanlar vardır. Bu sahə
bizim üçün nisbətən yeni sahədir.
Haradasa 5-6 il bundan əvvəl Azərbaycanda
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
yaradılmışdır. Biz qısa müddət ərzində
bu sahədə böyük uğurlara nail ola
bildik. Mən yenə də dünyanın aparıcı
beynəlxalq qurumunun hesablamalarına istinad etmək istəyirəm.
Dünya İqtisadi Forumu Azərbaycanı
informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində
çox yüksək qiymətləndirir və biz MDB məkanında
ən qabaqcıl yerlərdəyik, bəlkə də
birinciyik. Azərbaycanda kosmik sənayenin
yaradılması son illər ərzində görülən əməli
işlərin məntiqi nəticəsidir. Yəni,
biz daim qabağa baxmalıyıq, irəliyə
baxmalıyıq. Əldə edilmiş
nailiyyətlərlə kifayətlənməməliyik.
Bu gün əldə edilmiş nailiyyət sabah
daha da böyük addımın atılması
üçün əsas olmalıdır. Xüsusilə
dünyada sürətlə inkişaf edən informasiya
texnologiyaları sahəsində biz hər zaman bir addım
öndə olmalıyıq, rəqibləri də, zamanı da
qabaqlamalıyıq. Məhz bu yanaşma bizə imkan verdi ki, biz qısa müddət ərzində Azərbaycanda
informasiya-kommunikasiya texnologiyaları sahəsində demək
olar, inqilab yarada bildik. Bu sahə dünyada
çox sürətlə inkişaf edir. Biz
bütün aparıcı beynəlxalq şirkətlərlə
bu sahədə səmərəli əməkdaşlıq
edirik. Bu sahənin çox böyük gələcəyi
vardır. Bu, həm iqtisadi cəhətdən,
həm bütün başqa cəhətlərdən çox
vacib, önəmli sahədir.
Bu il biz Ələtdə
yeni dəniz limanının təməl daşını
qoymalıyıq. Artıq Bakıda yeni liman
tikilir. Bu yaxınlarda mən o tikinti ilə tanış oldum. Hesab edirəm
ki, bir neçə aydan sonra biz o limanı istifadəyə verəcəyik.
Beləliklə, şəhərin mərkəzində
yerləşən dəniz limanı oradan
köçürüləcək və insanların istirahəti
üçün çox gözəl yeni yerlər istifadəyə
veriləcəkdir. Ələt limanı isə
bu bölgədə ən böyük liman olmalıdır.
Bu, gələcəyə yönəldilən
bir addımdır. Hesab edirəm ki, bu il
biz tikintiyə başlamalıyıq.
Bu il biz
yeni elektrik stansiyalarının tikintisinə başlamalı və
tikintinin davam etməsini təmin etməliyik. Mən
giriş sözümdə bu barədə fikirlərimi
söylədim. Füzulidə Su Elektrik Stansiyasının
tikintisi sürətləndirilməlidir. "Taxtakörpü"
Su Elektrik Stansiyasında tikinti gedir, o da sürətləndirilməlidir.
Naxçıvanda Biləvçay üzərində su elektrik
stansiyasının tikintisi yəqin ki, bu il
başa çatacaqdır. "Cənub"
Elektrik Stansiyasında tikinti davam edir və orada maliyyə mənbələri
artıq müəyyən edilibdir. Bu ən
böyük elektrik stansiyasının gücü, haradasa 800
meqavata yaxın olacaqdır. Əlbəttə ki, bu il bu stansiyanın istifadəyə verilməsi
mümkün deyildir. Yəqin ki, 2011-ci ildə
"Cənub" Elektrik Stansiyası da işə düşməlidir.
Bununla bərabər, bu il hesab edirəm ki, ilin əvvəlindən bərpa
olunan enerji növlərini təmin edən stansiyalar
yaradılmalıdır. Su, günəş,
külək. Bu məqsədlər
üçün investisiya proqramında vəsait nəzərdə
tutulmalıdır və yubanmadan biz bu məsələlərlə
məşğul olmalıyıq. Bilirsiniz
ki, bərpa olunan və alternativ enerji mənbələrinin
yaradılması Azərbaycanda prioritet istiqamət kimi qiymətləndirilir.
Biz əvvəlki illərdə öz enerji təhlükəsizliyimizi
təmin etdik. Növbəti illərdə
bərpa olunan enerji mənbələrini yaratmalıyıq, həm
itkilər azalacaq, eyni zamanda, ixrac potensialımız daha da
artacaqdır.
Ölkəmizdə
qazlaşdırma prosesi daha da sürətlə və
müasir standartlara əsasən getməlidir. Biz köhnə,
sıradan çıxmış qaz xətlərini dəyişməliyik.
Bu məsələni həll etmək
üçün Dövlət Neft Şirkətinə
müvafiq göstərişlər verilib, işlər gedir.
Yeni kəndlər, qəsəbələr, əvvəllər
qaz almayan qəsəbələr qazlaşdırılır.
Bu proses davam etməlidir. Azərbaycanda,
ümumiyyətlə, qazlaşdırma, haradasa 85 faiz təşkil
edir. Ancaq unutmamalıyıq ki, bunun müəyyən
hissəsinə - bu rəqəmə biz böyük şəhərlər
hesabına çatmışıq. 85 faiz
o demək deyil ki, hər bir rayonun 85 faizi
qazlaşdırılıb. Bakının,
böyük şəhərlərin demək olar ki,
bütün yerləri qazlaşdırılıb. Amma rayonlarda elə deyil. Rayonlarda,
rayon mərkəzləri və rayon mərkəzlərinə
yaxın kəndlər qazlaşdırılıb, qalan kəndlərdə
qaz yoxdur. İlk növbədə, biz bu məsələləri
həll etməliyik.
Hesab edirəm
ki, Azərbaycanda qazlaşdırma daha da artmalıdır, ən
azı 90 faiz təşkil etməlidir və ən önəmlisi,
itkilər kəskin şəkildə aşağı
düşməlidir. Çünki bu itkilər bizə
böyük problemlər yaradır. İtkilərin
azaldılması üçün ciddi inzibati tədbirlər
görülməlidir. Çünki bu
itkilərin bəziləri obyektiv səbəblər
üzündən baş vermir, eyni zamanda, köhnə xətlər
dəyişdirilməlidir. Biz qaz təchizatı
sahəsində ən müasir sistem yaratmalıyıq. Eyni zamanda, biz bütün başqa kommunal xərclərin
uçotu, hesablanması və əhali tərəfindən
ödənişin asanlaşdırılması məsələlərinə
də ciddi baxmalıyıq və buraya yeni bir yanaşma
yaradılmalıdır.
Bu il
ölkəmiz üçün çox vacib olan layihə -
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi
başa çatmalıdır. Artıq işlərin
böyük hissəsi görülüb. Qalan
hissənin görülməsi üçün Dövlət
Neft Fondunda vəsait nəzərdə tutulub. Hesab edirəm
ki, bu il bu xətt mütləq istifadəyə
verilməlidir və Bakıya çox təmiz içməli
suyun gətirilib çıxarılması prosesi başa
çatacaqdır. Bu da hesab edirəm ki, Azərbaycanda
son illər ərzində görülən işlərin
içində ən vaciblərindən biridir. Bu, böyük infrastruktur layihəsidir. Biz su kəmərini öz gücümüzə,
neftdən əldə edilən gəlirlər hesabına
çəkdiririk. Bu, ümumiyyətlə,
ölkəmizin inkişafını, prioritetlərini, sosial məsələlərin
nə qədər vacib olduğunu göstərir. Baxmayaraq ki, bu kəmərin tikintisi həm texniki, həm
də maliyyə cəhətdən çox mürəkkəb
bir prosesdir. Bu tikintiyə böyük vəsait
sərf olunub. Amma biz bunu etməliyik.
Elə etməliyik ki, bütün vətəndaşlar
təmiz içməli su ilə təmin olunsunlar.
Bu il biz
Bakıda yeni, müasir gəmiqayırma zavodunun tikintisinə
başlamalıyıq. Bu məsələ ilə
bağlı artıq bir müddətdir ki,
danışıqlar aparılır. Hələ 2-3 il bundan əvvəl mən göstəriş
vermişdim ki, Bakıda mütləq müasir gəmiqayırma
zavodu yaradılmalıdır, çünki bizim buna
böyük ehtiyacımız vardır. Həm
Dövlət Neft Şirkətinin, həm Xəzər Dəniz
Gəmiçiliyinin donanmasını biz müasirləşdirməliyik.
Eyni zamanda, bizim Hərbi Dəniz Qüvvələrimizi,
Sərhəd Qoşunlarının tələbatını
ödəməliyik. Yeni gəmiqayırma
zavodu bütün növ gəmiləri tikməyə qadir
olmalıdır. Artıq son
danışıqlar tamamlanıb, bütün razılaşmalar
əldə olunub, vəsait təşkil edilib. Biz
yubanmadan bu il gəmiqayırma zavodunun təməl
daşını qoymalıyıq. Hesab edirəm
ki, bunu iki ilə tikmək mümkün olacaqdır. Ondan sonra həm özümüzü təmin edəcəyik,
həm də Xəzər hövzəsində nadir bir
infrastruktur müəssisəsini yaradacağıq. Gələcəkdə Azərbaycana bunun həm
iqtisadi, həm də siyasi mənfəəti çox
böyük olacaqdır.
Bu il
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edəcəkdir. Azərbaycan Dövlət Neft Fondunda bu məsələlərin
həlli üçün vəsait nəzərdə tutulub.
Hesab edirəm ki, kifayət qədər vəsait
nəzərdə tutulub. Əgər
görsək ki, tikinti daha da sürətlə gedir və əlavə
vəsaitə ehtiyac olarsa, o zaman biz operativ qaydada ayrılan məbləği
artıra da bilərik. Elə etməliyik
ki, həm bizim üçün, həm qonşularımız,
həm də ümumiyyətlə, dünya üçün
vacib olan bu layihə yubanmadan davam etsin.
Düzdür,
tikinti zamanı gözlənilmədən yeni məqamlar
ortalığa çıxdı - texniki məsələlər,
ondan sonra relyef məsələləri. Bərpası
nəzərdə tutulan hissədə demək olar ki, dəmir
yolları qalmayıb ki, onlar bərpa olunsun. Biz əvvəllər hesab edirdik ki, bir hissəsi
tikiləcək, bir hissəsi bərpa olunacaqdır. Amma orada, yerlərdə müşahidə
aparılan zaman gördük ki, bərpa olunan yerlər
ümumiyyətlə yoxdur, yataqlar da sürüşüb
gedib. Ona görə faktiki olaraq bu yol yenidən
çəkilir və bilirsiniz ki, bu xərclərin
böyük hissəsini Azərbaycan öz üzərinə
götürübdür. Bir halda ki, biz bu
layihəni başlamışıq və böyük təntənə
ilə başlamışıq, yubanmaya yol verməməliyik.
Çalışmalıyıq ki, bu layihənin
icrasını vaxtında təmin edək.
2009-cu ildə
kənd təsərrüfatının inkişafında önəmli
addımlar atılmışdır. 2010-cu ildə
bütün bu müsbət meyillər davam etməlidir. Həm kreditlər, həm "Aqrolizinq"in xətti
ilə alınan texnikalar, gübrələr. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
soyuducu anbarların, eyni zamanda, taxıl anbarlarının
tikintisi Azərbaycanda çox geniş vüsət
almışdır. Yəni, bu iki istiqamət
2009-cu ildə çox sürətlə inkişaf etdi.
Bu il də bu, davam etməlidir. Bununla bərabər, kənd təsərrüfatının
inkişafını təmin edən başqa sahələrə
də biz əlbəttə ki, diqqətimizi əsirgəməməliyik.
Bu həm iqtisadi, həm də sosial baxımdan
çox vacib olan sahədir və eyni zamanda, emal müəssisələrinin
yaradılmasına xidmət göstərəcəkdir. Azərbaycanda artıq bir neçə yerdə
müasir emal müəssisələri yaradılıbdır,
bəziləri indi tikilir. Mən tikinti zamanı tanış olmuşam və hesab edirəm ki,
növbəti bir neçə il ərzində biz Azərbaycanda
istehsal olunan kənd təsərrüfatı məhsullarının
böyük hissəsini özümüzdə emal edəcəyik
və hazır məhsul kimi ixrac edəcəyik. Biz ixrac yollarımızı daha da genişləndirməliyik.
Əlbəttə ki, ənənəvi bazarlar
vardır və biz o bazarlarda daha da geniş təmsil
olunmalıyıq. Ancaq biz yeni bazarları
da axtarmalıyıq. Nəzərə alsaq
ki, heç axtarmağa da dəyməz, bu bazarlar bizim ətrafımızdadır.
Elə məhsullar buraxılmalıdır ki, Azərbaycanın
kənd təsərrüfatı məhsulları Avropa
İttifaqı bazarlarına rahatlıqla çıxa bilsinlər.
Bunun üçün əlbəttə ki,
müəssisələr müəyyən standartlara uyğun
olmalıdır. Azərbaycanda son illər ərzində
yaradılan emal müəssisələri bu standartlara cavab
verir.
Bu il məcburi
köçkünlərin vəziyyətinin
yaxşılaşdırılması üçün səylərimiz
davam etməlidir. Yeni qəsəbələr
salınmalıdır və eyni zamanda, yataqxanalarda yaşayan
köçkünləri biz oradan köçürməliyik.
Bakıda artıq belə gözəl təcrübə
vardır. Keçən il bir
neçə evin açılışını qeyd etdik.
Bakıda soydaşlarımız üçün
hündürmərtəbəli evlər tikilir və bu proses
davam etməlidir. Yataqxanaların siyahısı
çıxarılıbdır. Düzdür,
orada məskunlaşan köçkünlərin sayı
çoxdur. Bu, çox böyük maliyyə
vəsaiti tələb edəcəkdir. Ancaq
biz bunu etməliyik. Elə etməliyik ki, bu il ərzində artıq yataqxanaların bir
neçəsi köçürülsün. Bunu
etmək üçün əlbəttə ki, Bakıda yeni
evlər tikilməlidir. Torpaq sahələrinin
ayrılması üçün mən artıq müvafiq
göstərişlər verdim. Həm
şəhər icra hakimiyyətinə, həm Dövlət Əmlak
Məsələləri Komitəsinə. Qaşqınkomla
bərabər siz bütün bu işləri müzakirə
edib, tezliklə o yerləri müəyyən etməlisiniz.
Yəqin ki, o yerlər artıq tikilmiş evlərin
yanında olmalıdır ki, orada köçkünlər
yığcam şəkildə yaşasınlar. Orada, eyni zamanda, məktəblər də, tibb məntəqələri
də vardır. Həm Bakıda, həm də ki,
rayonlarda, xüsusilə işğaldan azad edilmiş bölgələrdə
- Ağdam rayonu ərazisində, Füzuli rayonu ərazisində,
Yevlaxda, müxtəlif yerlərdə yeni qəsəbələrin
salınması davam etməlidir.
Ordu
quruculuğu sahəsində bütün işlər uğurla
davam edir. 2010-cu ildə, hesab edirəm ki, biz müdafiə sənayesinin
xətti ilə yaradılan yeni zavodların
açılışında iştirak etməliyik. Bu
proses gedir və lazımi vəsait ayrılır. Müdafiə Sənayesi Nazirliyi qısa müddət
ərzində Azərbaycanda yeni sənaye sahəsinin
yaradılmasında çox mühüm rol
oynamışdır. Həyat göstərir
ki, o vaxt Azərbaycanda müdafiə sənayesi
yaradılması barədə bizim tərəfimizdən qəbul
edilmiş qərar çox düzgün qərar idi. Bəziləri buna şübhə ilə
yanaşırdılar. Çünki Azərbaycan
böyük ölkə deyildir. Əslində
böyük ölkələrdə güclü müdafiə
sənayesi yaradılır. Bəli, biz
böyük ölkə deyilik, halbuki artıq Azərbaycanda 9
milyonuncu vətəndaş da doğulub. Ancaq
biz müharibə şəraitində yaşayırıq.
Belə olan halda biz hər yerdə olduğu
kimi, bu sahədə də daxili resurslara istinad etməliyik.
Necə ki, biz siyasətdə, diplomatiyada,
iqtisadiyyatda daxili resurslar hesabına yaşayırıq və
fəaliyyət göstəririk, bu sahədə də maksimum
dərəcədə daxili imkanlardan istifadə edib
güclü müdafiə sənayesini yaratmalıyıq.
Artıq bunu yaratmışıq. Azərbaycan məhsulları müxtəlif beynəlxalq
sərgilərdə nümayiş etdirilir. Artıq biz ixrac imkanlarımızı da genişləndiririk.
Biz müdafiə sənayesini yaradanda əlbəttə
ki, ilk növbədə öz daxili tələbatımızın
ödənilməsini nəzərdə tuturduq. Bu gün də bu prioritetdir, ordunun və
bütün hərbi qüvvələrin ehtiyacları ilk
növbədə ödənilməlidir. Ancaq
əgər ixrac üçün əlavə imkanlar olarsa, əlbəttə
ki, bu, ancaq alqışlanacaqdır. Bu, həm iş yerləridir,
həm yeni sənaye obyektləridir, həm də ki, əsas məsələmizi
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün bizə
çox lazım və vacib olan sahədir.
Ümumiyyətlə,
Azərbaycanın hərbi döyüş potensialı
artır. Orduda və bütün hərbi qüvvələrdə
gedən proseslər mövqeyimizi gücləndirir. Həm döyüş qabiliyyəti, həm də vətənpərvərlik
ruhu yüksək səviyyədədir. Əlbəttə
ki, texnika, silah-sursat, bütün lazımi məsələlər
2010-cu ildə də yubanmadan həll olunmalıdır.
2010-cu il
Azərbaycanda "Ekologiya ili" elan edilmişdir. Bu da təsadüfi deyildir. Çünki
bu sahəyə çox böyük əhəmiyyət verilməlidir.
Bu, insanların sağlamlığına
birbaşa təsir edən məsələlərdir. Azərbaycanda ümumiyyətlə, ekoloji vəziyyət
çox yaxşıdır. Bizim təbii
şəraitimiz, gözəl təbii imkanlarımız
vardır. Təmiz hava, təmiz bulaq
suları, təmiz çaylar, bulaqlar. Ancaq
sirr deyil ki, Abşeron yarımadasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına böyük ehtiyac
vardır. Çünki uzun illər, əsrlər
ərzində neft-qaz sənayesinin inkişafı nəticəsində
Abşeronun böyük əraziləri həm neftlə, həm
də neft tullantıları ilə çirklənmişdir.
Yəni, biz böyük təmizlik işləri
aparmalıyıq. Bu böyük vəsait
tələb edir, ancaq biz bunu etməliyik.
Artıq
görülən işlər göz qabağındadır. Biz qısa müddət ərzində
deyə bilərəm ki, hər sahədə dönüş
yarada bildik: həm dövlət siyasətində, həm
ictimai fikirdə. İndi bax, mən görürəm
ki, təşəbbüslərimiz əhali tərəfindən
necə də gözəl qarşılanır. Artıq əhali, insanlar bu təşəbbüslərə
qoşulurlar, iməciliklər keçirilir, kütləvi
qaydada ağaclar əkilir. Yəni, bu, bir
xalq hərəkatı formasını almışdır.
Belə də olmalıdır. Çünki bu, bizim ümummilli işimizdir. Bu işi lazımi səviyyədə görmək
üçün, əlbəttə ki, müxtəlif istiqamətlər
üzrə fəaliyyət planı vardır. Biz yəqin ki, bu məsələni xüsusi müzakirə
edəcəyik. Deyə bilərəm ki, ekologiya məsələlərinin,
ətraf mühitin təmizlənməsi məsələlərinin
həlli nəinki bu il, bundan sonrakı illərdə
də prioritet məsələ kimi qalacaqdır.
Məişət
tullantıları zavodunun istifadəyə verilməsi nəticəsində
biz böyük dərəcədə irəliləyişə
nail olacağıq. Artıq bu gün Balaxanı
zibilxanasından o tüstülər gəlmir. Orada həm çeşidlənmə, həm də təmizlənmə
işləri aparılıb. Artıq biz,
necə deyərlər, bu xoşagəlməz vəziyyətin
qarşısını qısa müddət ərzində və
çox böyük səmərə ilə aldıq.
Bakıda və
Abşeron yarımadasında milyonlarla yeni ağac əkiləcəkdir. Mən
çox şadam ki, bölgələr də bu təşəbbüsə
qoşulublar. Baxmayaraq ki, bölgələrimizin
böyük əksəriyyətində meşə təsərrüfatı,
gözəl dağlar, meşələr vardır, orada da təşəbbüsə
qoşulurlar. Yəni, bu, ümumiyyətlə,
həm insanları birləşdirən, həm də ki, təbiəti
qoruyan addımlardır.
Sutəmizləyici
qurğuların quraşdırılması davam etməlidir. Kür-Araz çayları
boyu və başqa çaylar üzərində bu proses
dayanmamalıdır. Bunun üçün də
lazımi vəsait ayrılacaqdır. Keçən
ilin sonunda mən Hövsan aerasiya stansiyasının
açılışında iştirak etdim. Bu da çox böyük və ölkəmiz
üçün çox vacib olan layihədir. Artıq kanalizasiya sularının böyük hissəsi
təmizlənmiş qaydada Xəzər dənizinə
axıdılır. Həm dənizin
ekologiyasını qoruyuruq, eyni zamanda, Azərbaycanda çox
vacib olan su-kanalizasiya problemlərinin həlli üçün
bu işləri görürük.
Yəni 2010-cu
ildə görüləcək işlər çoxdur və mən
əgər hər bir məsələ haqqında
danışsam, bir neçə saat vaxt lazımdır. Mən bu
gün sadəcə olaraq, əsas istiqamətləri qeyd etdim.
Bütün nazirliklər, dövlət komitələri,
dövlət şirkətləri öz vəzifələrini
bilirlər. Artıq 2009-cu ilin yekunları
və ondan əvvəlki illərdə görülən
işlər onu göstərir ki, Azərbaycanda çox
güclü iqtidar komandası formalaşıbdır. Hər bir məmur öz işini bilir, öz vəzifə
borcunu icra etməyə çalışır. Əlbəttə, biz həmişə olduğu kimi,
daha da tələbkar olmalıyıq. Tələb
etməliyik ki, qəbul edilmiş qərarlar hər bir yerdə
düzgün icra olunsun, vaxtında icra olunsun, qanun
pozuntularına yol verilməsin. Ölkə
qarşısında duran bütün vəzifələri həll
etmək üçün Azərbaycanda hər şey
vardır - həm siyasi iradə,
düşünülmüş siyasət, səfərbərlik,
eyni zamanda, xalqla iqtidar arasında birlik və bizim təşəbbüslərimizin
xalq tərəfindən dəstəklənməsi. Əgər bu olmasa idi, heç bir məsələni
həll etmək mümkün olmazdı. 2010-cu
ildə, bu gün də burada qeyd edildi, bu böhranlı meyillər
hələ də davam edə bilər. Biz
arxayınlaşmamalıyıq, işlərimizi çox ciddi
qurmalıyıq. Amma mən əminəm ki, əgər
biz 2009-cu ili bu gözəl nəticələrlə
başa vurmuşuqsa, 2010-cu ildə də istədiyimizə
nail olacağıq.
Bu işlərdə sizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram. Sağ olun.
AzərTAc
Azərbaycan.- 2010.- 19 yanvar.- S. 3, 4.