İctimai düşüncə
zamanın çağırışına cavab verməlidir
XXI əsrin başlanğıcı bütövlükdə dünya siyasətinin transmilliləşməsi, qloballaşma proseslərinin geniş vüsət alması dövrü kimi səciyyələnsə də, hər bir xalqın milli özünəməxsusluğunun qorunub saxlanması "instinkt"indən irəli gələn, lokalizasiya adlandırılan əks cərəyan da özünü qabarıq göstərir. İndi ayrı-ayrı dövlətlər minilliklərin sınağından çıxmış milli ənənə və dəyərlərini sarsıdan total mədəniyyət stereotiplərinə qarşı çıxır, müxtəlif beynəlxalq təşkilatlar milli-mədəni suverenliyin yabançı təsirlərdən hifz olunması zərurətini diqqətə çəkirlər. Aşkar görünür ki, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması bu gün qloballaşan dünyada sülh və sabitliyin, əmin-amanlığın, dinc yanaşı yaşamağın vacib meyarına çevrilmişdir.
Azərbaycan xalqına xas zəngin ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi, milli ideya və ideologiyanın düzgün istiqamətləndirilməsi, bu prosesdə müxtəlif elm sahələrinin səfərbəredici rolunun yüksəldilməsi milli-mənəvi dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi müasir dövrdə xüsusilə aktualdır. Bu aktuallıq geostrateyi mövqeyinə görə çeşidli dünyagörüşü və həyat tərzinin, mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın milli-etnik tərkibi ilə dünyanın ən tolerant dövlətlərindən birinə çevrilməsiylə şərtlənir. Əsrlərin sınağından çıxmış mədəniyyətini, adət-ənənələrini hifz etməyi bacaran Azərbaycan xalqı ümumbəşəri mütərəqqi dəyərlərə tolerant münasibət bəsləməklə, müasirliyə və yeniliyə can atır. Xalqımız bu mürəkkəb sosiomədəni prosesin təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, Qərb və Şərq mədəniyyətinin dialoqunu da öz gündəlik həyatında hiss edir.
Qloballaşma prosesi ilə yanaşı, Azərbaycanda son illər fərqli iqtisadi münasibətlər sisteminin formalaşması, yeni mülkiyyət münasibətlərinin yaranması, bazar münasibətlərinin inkişafı, ictimai münasibətlərdə ifrat praqmatizmin, konyukturizmin qabarıq duyulması cəmiyyətdəki mənəvi ab-havanın saflaşdırılmasını, bu məqsədlə ictimai və humanitar elmlərin təsirli imkanlarından səmərəli istifadəni aktual məsələ kimi önə çıxarır. Tarixən ictimai və humanitar elmlər hər bir dövlətdə ictimai münasibətlər sisteminin pozitiv məcrada tənzimlənməsində, habelə milli düşüncənin düzgün yönləndirilməsində sözünü demiş, ideoloji məsələlərin həllində ağırlıq yükünü üzərinə götürmüşdür.
Azərbaycanın hərtərəfli inkişafının keyfiyyətcə yeni mərhələsində sosial, iqtisadi, hüquqi, siyasi və mədəni sahələrdə həyata keçirilən çoxşaxəli islahatların ictimai düşüncədə obyektiv dərkinə təminat yaradan mühüm amillərdən biri də respublikanın çağdaş fəlsəfi-siyasi fikrinin elmi əsaslarla araşdırılması, əldə olunan pozitiv nəticələrin praktik şəkildə tətbiqidir. Milli humanitar və ictimai elmlər ümumən çağdaş dünyanın inkişaf təmayüllərini duymalı, milli ideologiya və dövlətçiliklə bağlı praktik mövzulardan kənarda qalmamalı, dövlət-vətəndaş münasibətləri, insan amili, milli-mənəvi dəyərlər, milli ideya, ideologiya ilə bağlı məsələlərə geniş yer verməlidir. Nəzərə almalıyıq ki, elm müasir dövrdə sadəcə sxolostik xarakteri ilə deyil, sosial-mənəvi yüksəlişi təmin edən istiqamətləndirici, əxlaqi tərəfləri ilə də öz sözünü deməlidir. Total təfəkkürün yüksək mənəvi ideallara köklənməsi, ictimai əxlaqın qorunması və saflaşdırılması, qloballaşmanın mənfi təzahürlərinə qarşı effektiv müqavimətin təşkil edilməsi, habelə hərtərəfli iqtisadi inkişaf prosesinin nəzəri-fəlsəfi əsaslandırılması baxımından milli elmin qarşısında prioritet vəzifələr dayanır. Azərbaycançılıq ideologiyası ruhunda köklənən, mütərəqqi milli və bəşəri dəyərləri əxs edən yeni intellektual elitanın formalaşdırılmasında, xüsusən də ictimai və humanitar elm sahələrinin imkanları kifayət qədər böyükdür.
Respublikanın son illərdə keçdiyi inkişaf yolunun ayrı-ayrı mərhələləri, liberal dəyərlərə yol açan pozitiv sosial-iqtisadi proseslərin mahiyyəti, sosiomədəni tərəqqinin keyfiyyətcə yeni mərhələsi olan modernləşmə xəttinin əsas seqmentləri, bir sözlə, qloballaşma dövründə milli inkişafın əsas hədəflərinin konkret elmi-nəzəri postulatlar şəklində ortaya qoyulması ölkə filosof və alimlərindən ciddi səylər, yeni cəsarətli yanaşmalar tələb edir. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 2009-cu il dekabrın 8-də "Azərbaycan" qəzetində dərc olunmuş "İctimai və humanitar düşüncə: zaman kontekstində baxış" əsəri milli ictimai düşüncəni, sözün gerçək anlamında silkələmiş, böyük rezonans yaratmışdır. Hamını narahat edən məsələləri özünəməxsus cəsarətli yanaşma, yüksək fəlsəfi-elmi ümummiləşdirmə, dərin təhlil əsasında diqqətə çatdıran hörmətli akademik həm də keyfiyyətcə yeni mərhələdə elm adamlarının qarşısında duran strateji vəzifələrdən söz açmışdır. Əsər özünün məzmunu, mündəricəsi, qoyulan problemlər, göstərilən perspektiv istiqamətlər, milli inkişafın reallıqlarını inikas edən təhlillər baxımından son dərəcə zəngindir. Və bütün bunlar da birmənalı şəkildə ölkə rəhbərliyinin dövlətin elmi əsaslarla inkişafına doğru istiqamətlənmiş məqsədyönlü siyasətindən və axtarışlarından xəbər verir.
Son 6 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sistemli və ardıcıl tədbirlər ictimai həyatın bütün strateji sahələri kimi, elmin, təhsilin də hərtərəfli inkişafına geniş imkanlar açmışdır. Müstəqil Azərbaycanın son illərdə ciddi iqtisadi uğurlara imza atması, ümumi daxili məhsulun artım tempinə görə dünyada lider mövqelərini qoruyub saxlaması, regional layihələrin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış etməsi məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasının inamla davam etdirilməsi qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirmişdir.
Dövlət başçısı İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrə şəhərində keçirilən ümumdünya sammitində çıxış edərkən demişdir ki, Azərbaycanda neftdən sonra prioritet sahə informasiya və kommunikasiya texnologiyaları olmalıdır. Bu transformasiyanın əsasında məhz Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır. "...Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir" - deyən cənab İlham Əliyev haqlı olaraq bu qənaətdədir ki, bu gün bəşəriyyətdə demokratik idealların daha da möhkəmlənməsi, elmi-texniki tərəqqinin geniş vüsət alması insan amilinin inkişafını vacib məsələlərdən biri kimi önə çıxarır.
Dövlət başçısı İlham Əliyevin Bakı Dövlət Universitetinin 2009-cu il noyabrın 2-də keçirilən 90 illik yubileyində ölkədə keçid dövrünün artıq başa çatmasını elan etməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf kursunun dönməz və kristal ritmlə həyata keçirilməsinin təntənəsidir. Aydın siyasi kurs, ölkə xaricində və daxilində həyata keçirilən dəqiq və birmənalı siyasət cəmiyyətin bütün strukturlarının bu siyasət ətrafında səfərbər edilməsini zərurətə çevirir. Həmin prosesdə ictimai-humanitar düşüncə də fəal olmalı, cəmiyyətimiz üçün strateji xarakter kəsb edən islahatların elmi-nəzəri əsaslarını yaratmalı, milli-mənəvi özünəməxsusluğunu elmi səviyyədə araşdırmalı, sovet dövründən qalma stereotiplərdən, köhnəlmiş və səmərəsiz elmi metodologiyalardan xilas olmalı, dövlət idarəçiliyi sisteminin səmərəliliyini təmin etmək üçün effektiv təşəbbüslərlə, proqnozlarla çıxış etməlidir.
Etiraf etmək lazımdır ki, müasir ictimai-humanitar düşüncə mövcud resurslarından həmişə lazımınca istifadə etmir və bu da onun bəzən "kənardan" açıq şəkildə görünən ətalətinin, yeniliklərə çevik reaksiya vermək imkanlarının zəifliyinin, bir növ mühüm proseslərin arxasınca güclə getməsinin nəticəsidir. Humanitar sahənin inkişaf dinamikasını həm bir dövlət xadimi, həm də nüfuzlu filosof alim kimi daha aydın baxış bucaqlarından görüb dəyərləndirən, bütün bunları bizlərlə - sosial-humanitar düşüncə sferası ilə bölüşən akademik Ramiz Mehdiyevin məqaləsinin məntiqini məhz bu məqam təşkil edir.
Məqalə müasir ictimai-humanitar elmi sferadakı mövcud reallıqlara əsaslanaraq onun perspektiv inkişaf strukturunun modelləşdirilməsinə əsaslanır. Akademik Ramiz Mehdiyev sosial-humanitar düşüncənin - həm onun ayrı-ayrı struktur bölmələri (elmi müəssisələr, institutlar, təhsil müəssisələri, universitetlər) səviyyəsində, həm də bu bölmələrin təşkilindən qurulan funksional sistem səviyyəsində süstlük girdabından, ətalətdən qopmasının zərurət olduğunu müasir dövrün gerçəkliklərinə nəzərən fundamental şəkildə əsaslandırmışdır. Belə bir ətalətin sosial-humanitar düşüncədə mövcudluğu faktları məqalədə kifayət qədər aydın, birmənalı şəkildə göstərilmişdir.
Akademik Ramiz Mehdiyev haqlı olaraq vurğulayır ki, ictimai və humanitar elmlərdəki mövcud vəziyyət dövlətimizin yüksək irəliləyiş tempinə uyğun gəlmir: "Dünya elminə inteqrasiya mərhələsində olduğumuz indiki vaxtda ictimai və humanitar elmlər sahəsində islahatların başlıca spesifikası müəyyənləşdirilməlidir. Bu elmlər hazırkı fazanın əsas xüsusiyyətlərini araşdırmalı və yeni ideyalar irəli sürməlidir".
Sosial-humanitar düşüncə cəmiyyətin inkişafında bütün zamanlarda həlledici rola malikdir. Bir müddət öncə dünyasını dəyişmiş, bir əsrdən artıq ömür yaşamış böyük fransız filosofu Klod Levi-Strosun təbirincə desək, "XXI əsr ya ictimai-humanitar elmlər əsri olacaq, ya da ümumiyyətlə olmayacaq". Bu yanaşma dəqiq elmlərin dünyadakı inkişafının "fantastik" uğurları fonunda, bəlkə də, ziddiyyətli görünür. Fəqət, bu fikir təsadüfi söylənməyib: ictimai-humanitar düşüncə bütün hallarda və zamanlarda ümumelmi inkişafın oriyentasiya mərkəzi olaraq qalır. Kosmik tədqiqatlara fantastik kəmiyyətdə yatırımlar edən Qərb cəmiyyətlərində texnomədəni aşınmaların açıq fəsadları sosial-humanitar elmlərin inkişafına da mütənasib kapital qoyuluşunu zərurətə çevirir. Əlbəttə, sosial-humanitar elmlərin "qayğıları" dünyada və Azərbaycanda eyni məzmuna və xarakterə malik deyildir. Lakin dünya vahid sistem, Azərbaycan isə öz geopolitik müstəvisində həmin sistemin mühüm tərkib hissəsidir: sistemin bütün rezonansları Azərbaycan sosial-humanitar düşüncəsini də öz ritminə kökləyir. Bu reallığın dərki akademik Ramiz Mehdiyevin məqaləsinin xüsusi həyəcan doğuran tezisini təşkil edir. Görkəmli filosof yazır: "Ümummilli əhəmiyyət kəsb edən bir sıra məsələləri biz yeni şəraitdə təhlil etməliyik. Bütün Yer kürəsini əhatə etmiş qloballaşma milli məkana bəzən birmənalı olmayan şəkildə ciddi təsir göstərir. Belə dəyişkən siyasi, iqtisadi və sosial-mədəni paradiqmaların mövcudluğu şəraitində çalışmalıyıq ki, milli varlığımızla bağlı dəyərlərə xələl gəlməsin. Tariximizi, mədəniyyətimizi və bizi birləşdirən mənəvi dəyərləri qoruyub saxlamaq indi hər birimizin ümdə vəzifəsidir".
Bizə belə gəlir ki, bu fikir XXI əsrdə ictimai-humanitar elmlərin inkişaf zərurəti haqqında Klod Levi-Strosun söylədiyi ideyanı milli həqiqətlər əsasında təsdiq və inkişaf etdirir. Həmin həqiqətlər ulu öndər Heydər Əliyevin milli inkişaf kursunun əsasını təşkil etməklə, Azərbaycan dövlətinin mədəniyyət siyasətində də özünü bariz şəkildə göstərir. Azərbaycan dünyada neft ölkəsi, dünya enerji ehtiyatlarının mühüm mərkəzlərindən biri kimi tanınmasına baxmayaraq, dövlətimizin xarici siyasətində mədəni-humanitar amil son illərdə aydın cizgilərlə dominantlıq təşkil etməyə başlayır. Bütün dünyada mədəniyyətin, mənəvi idealların etibarlı hamisi kimi tanınan Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan muğamının dünya qeyri-maddi mədəni irs xəzinəsinin "şah əsəri" kimi təbliğ olunması, Azərbaycan xalçalarının rəng dünyaduyumunun ümumbəşəri kodu kimi tanıdılması, aşıq sənətinin dünya çapına qaldırılması, Novruz bayramı ilə bağlı yürüdülən siyasət Azərbaycan xalqını qloballaşan və vahidləşən dünyada qoruyur, milli simasını itirməkdən xilas edir.
Son illər ölkə rəhbərliyi səviyyəsində irəli sürülən səmərəli təşəbbüslər, həyata keçirilən tədbirlər məhz mövcud potensialın insan kapitalına çevrilməsi, Azərbaycanda sivil dünyanın reallıqları ilə ayaqlaşmağı bacaran yüksək intellektual səviyyəyə, geniş dünyagörüşünə malik vətəndaşların tərbiyəsi, milli-mənəvi dəyərlərimizin qorunaraq gələcək nəsillərə çatdırılması, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası məqsədinə yönəlmişdir. Etiraf etməliyik ki, bütün bunların müqabilində Azərbaycanın ictimai və humanitar elmlərində süstlük hökm sürür. Bu sahənin elm adamları dünyaya çıxış əldə etmək imkanlarından səmərəli yararlanmır, milli mədəniyyətin bəşəri miqyasda təbliği üçün müasir metodlardan yetərincə səmərəli istifadə etmirlər.
Azərbaycan cəmiyyəti məhz Heydər Əliyev siyasəti nəticəsində sosial-siyasi qarşıdurmalardan xilas olmuş, cəmiyyətin sosial-psixoloji ovqatı sabit, rahat ritmə köklənmişdir. İndi bütün problemlər hər hansı kənar antieffektlərdən azad və rahat şəkildə müzakirə müstəvisinə gətirilə bilir. Və bunun ən parlaq həyati presedentləri Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında və real idarəçilik kursunda özünü qabarıq göstərir. Möhtərəm Prezident bütün sahələrdəki nöqsanları konstruktiv müstəviyə gətirir, onların açıq və səmimi həllinə şərait yaradır. Akademik Ramiz Mehdiyevin sözügedən məqaləsi də dövlət başçısının yeritdiyi siyasətin bütün mahiyyətini özündə əks etdirməklə, ictimai və humanitar elmləri səmimi dialoqa - reallaşdırılması yalnız qarşılıqlı və konstruktiv kommunikasiyada baş tuta bilən antiətalət dinamikasına dəvət edir: "Şübhəsiz ki, dünyagörüşünün elmi əsası kimi fəlsəfə və digər ictimai elmlər öz vəzifələrini yalnız o halda tam yerinə yetirə bilər ki, burada (məqalədə - H.İ.) aparılan ümumiləşdirmələr və gəlinən qənaətlər aydın bir dillə ifadə edilməklə yanaşı, məzmunca da dərin olsun. Bu qənaətlər isə yalnız insanları düşündürən və narahat edən elmi, sosial-mədəni və mənəvi-əxlaqi problemlərin real həllində rol oynayacağı təqdirdə maraq doğurur, onların diqqətini öz üzərinə çəkə bilir".
Məqalədə ictimai və humanitar elmlərin problemləri aydın dillə ifadə edilməklə yanaşı, məzmunca da dərindir. Akademik Ramiz Mehdiyevin əsaslandırılmış dərin elmi qənaətləri insanları düşündürən və narahat edən elmi, sosial-mədəni və mənəvi-əxlaqi problemlərin real həllinə yönəldiyi üçün maraq doğurur, diqqət çəkir. Bu mənada, biz məqalədə əksini tapmış "təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüşün yaradılması və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesinin intensivləşdirilməsi" tezisində formullaşdırılmış əsas məqsədi başa düşür, siyasi qərarların qəbulu mərhələsinə qədər zəruri olan elmi araşdırmaların aparılmasının günün əsas tələblərindən biri olması qənaətini tamamilə düzgün yanaşma kimi qəbul edirik.
Akademik Ramiz Mehdiyevin göstərdiyi kimi, ictimai və humanitar elmlərin əsas vəzifəsi hazırda Azərbaycan elmini əyalət ab-havasından xilas edərək, onun dünya elmi məkanına inteqrasiyasına can atmaq olmalıdır. Məqalədə haqlı olaraq vurğulanır ki, "Ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bizə nailiyyətlərimizin dərin təhlili, yeni təkliflər və yeni ideyalar lazımdır". Və bu mənada, görkəmli akademikin qloballaşma, informasiya texnologiyaları və internetin hökmranlığı əsrində ictimai və humanitar elmlərin istisnasız olaraq bütün sahələrində inkişafın yalnız yeni metodlara, qabaqcıl fikir texnologiyalarına əsaslanması haqqındakı qənaətləri məhz obyektiv zərurətdən irəli gəlir.
Bütövlükdə milli sosial-humanitar düşüncənin aktivləşdirilməsinə yönəlik bu məqalənin sosial-humanitar elmlərin hər birinə olduğu kimi, folklorşünaslıq elminə də birbaşa dəxli var. Çünki folklor ictimai şüurun formaları içərisində milli-mənəvi dəyərlərə xüsusi bağlılığı ilə seçilən milli düşüncə sahəsidir. Xalqın özünəqayıdışı, özünüdərki prosesinin məhz folklora müraciətlə mümkün olması həqiqəti elmdə çoxdan təsdiqini tapmışdır. Folklor çoxqatlı, çoxişarəli mürəkkəb bir sistemdir. Bu sistem ən müxtəlif növlərə, janrlara, şəkillərə, mətn tiplərinə və variantlara malik olmaqla bərabər, onların strukturunda dəyişməz, sabit modelləri, məzmun və ifadə qəliblərini də qoruyub mühafizə edir. Folklorun işarə sistemlərində, öz dil şifrəsi ilə açılan kodlarında, sabit modellərində dünya, insan, insanın mənəvi aləmi, dövlət və dövlətçilik fəlsəfəsi, habelə milli şüurla bağlı anlayışlar öz əksini tapır.
Folklor hər bir xalqın unudulmaz keçmişidir. Müasir qloballaşma dövründə keçmişi, zəngin milli irsi olmayan xalq isə beynəlxalq münasibətlər sisteminə qoşula və mədəniyyətlərarası dialoq prosesində öz sözünü deyə bilməz. Folklorda təkcə tarix yaşamır, bu mənəvi aləmdə xalqın bədii düşüncəsi, müdrikliyi, tarixin ən sərt dönəmlərində formalaşmış həyat tərzi də qorunub mühafizə olunur. Azərbaycan xalqının tarixi keçmişi ilə bağlı ən böyük həqiqətlər bizim nağıllarımızda, dastanlarımızda, laylalarımızda, sayaçı sözlərimizdə, holavarlarımızda və digər çoxlu folklor nümunələrimizdə yaşayır. Azərbaycan xalqı məhz folklor nümunələrinə əsaslanmaqla özünün tarixən hansı ərazilərə, dinə, dilə, soy-kökə, mədəniyyətə malik olduğunu bütün dünyaya açıb göstərir.
Folklor ilk növbədə xalqın yaddaşıdır: fərd yaddaşı, etnos yaddaşı, millət yaddaşı və xalq yaddaşı! Azərbaycan xalqının varlığı söz və sənət kodları ilə folklor yaddaşında inikas olunmuşdur. Bu mənada milli folklor yaddaşımız "qalar-qopar" dünyada "gəlimli-gedimli" ritmlə öz yaşamını gerçəkləşdirən xalqımızın fiziki-mənəvi mövcudluğunun fövqünə qalxır: yaddaşı yaradan Azərbaycan xalqının mövcudluğu yenə də birbaşa onun yaddaşına müncər olunur. Milli yaddaşda millətin tarixi bütöv xalqın taleyindən keçdiyi kimi, hər bir fərdin taleyindən də keçib gələcəyə gedir. Bu cəhətdən, folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir. Hər bir xalqın, o cümlədən Azərbaycan xalqının bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyi folklor yaddaşının onu hansı şəkildə ayaqda saxlamasından da asılıdır.
Bütün bunlar AMEA Folklor İnstitutunun təkcə elmi fəaliyyətinin yox, ümumiyyətlə, Azərbaycan elmi adlanan məkanın sosial-humanitar qatında mövcudluğunun başlıca prinsiplərini təşkil edir. Bu institut müstəqillik dövründə birbaşa ulu öndər Heydər Əliyevin mədəniyyət siyasətinin nəticəsi olaraq məhz milli-mənəvi dəyərləri özündə yaşadan folklor yaddaşının qorunması, yaşadılması və inkişaf etdirilməsi naminə yaradılmışdır.
Bu gün AMEA-nın Folklor İnstitutu təkcə xalqın folklorunun keşiyində durmamışdır: o həm də sovet imperiyasının qurbanları olmuş folklor fədailərinin ruhlarının keşiyində durmuşdur. "İlkin folklor nəşrləri" seriyasından neçə-neçə kitablar çap edilib xalqa qaytarılmışdır. Xüsusilə 30-cu illərin qanlı repressiyalarının qurbanı olmuş S.Mümtaz, Ə.Abid, H.Əlizadə, V.Xuluflu, N.Zeynallı, B.Behcət və bu kimi millət fədailərinin folklorşünaslıq irsi çap olunmaqda və haqlarında tədqiqatlar aparılmaqdadır.
XX əsrin acı təcrübəsi AMEA-nın Folklor İnstitutu üçün heç də onun biganə qaldığı mərhələ yox, məhz üz tutduğu, öyrəndiyi, intellektual fəaliyyətini onun bütün tərəfləri səviyyəsində modelləşdirib müasirləşdirdiyi təcrübədir. Elə bir təcrübə ki, özünün bütün uğurlu və qüsurlu, yararlı və yararsız, faydalı və zərərli tərəfləri ilə bu gün də aktualdır. Folklor İnstitutu özünün intellektual-texniki ehtiyatları ilə üzərində dayandığı bu tarixi-təcrübi bazanın imkanları ilə heç vaxt yetərlənib qalmamış, öz fəaliyyət ritmini folklorun ictimai-mədəni düşüncəsindəki yeri və rolunun standartları səviyyəsində qurmağa çalışmışdır.
İnstitutda birmənalı şəkildə davam və inkişaf etdirilən fəaliyyət istiqamətlərindən biri Azərbaycan folklorunun toplanması və nəşri məsələsidir. Müstəqillik dövründə yaradılmış bu institut qısa bir müddət ərzində sovet dönəmi ilə müqayisə olunmayacaq dərəcədə çox folklor örnəklərinin müasir elmi standartlarla nəşrinə nail oldu. Bu sahədə 2006-cı ildən nəşr olunmağa başlayan 100 cildlik "Azərbaycan folkloru külliyyatı" unikal milli mədəniyyət layihəsidir.
Keçən dörd il (2006-2009) ərzində 10 cildi çapdan çıxmış "Azərbaycan folkloru külliyyatı"nda milli folklorumuzun təqdimatı folklorun çapı sahəsində Azərbaycan və dünya təcrübəsini də əhatə etməklə tamamilə yeni və orijinal sistemə əsaslanır: "Külliyyat"da:
1. Azərbaycanda folklor ilk dəfə olaraq onun bütün mətn növləri və janrları üzrə nəşr edilir;
2. Azərbaycan folklorunun ilk dəfə olaraq bütün tarixi mətn fondu nəşr edilir;
3. Azərbaycan folklorunun ilk dəfə
olaraq bütün variant və versiyalar sistemi nəşr
edilir;
4. İlk dəfə olaraq
tarixi Azərbaycan folklorunun çap edilməsi işi həyata
keçirilir.
Beləliklə, "Azərbaycan
folkloru külliyyatı" milli mədəniyyətin folklor
kodunun total mətn korpusu kimi mükəmməl, sistemli,
müasir dünya nəzəri-intellektual səviyyəsinə
uyarlı folklorşünaslıq baxışlarını
özündə əks etdirən layihə olaraq, əslində,
cari hədəfində yeni əsrin, strateji hədəfində
isə minilliyin proyektidir. 100 cildliyin ilk 10 cildi ilə Azərbaycan
folklorşünaslığının bütöv XX əsr
boyu arzusunda olduğu, lakin heç bir vaxt reallaşdıra
bilmədiyi milli layihənin əsasları qoyulmuşdur.
AMEA Folklor İnstitutunda
"Azərbaycan folkloru", "Mifologiya",
"Aşıq yaradıcılığı",
"Aşıq musiqisi və saz
ifaçılığı",
"Qorqudşünaslıq", "Türk
xalqlarının folkloru", "Folklor nəzəriyyəsi"
şöbələrində folklorun çoxyönlü və
yeni tematik istiqamətlər üzrə tədqiqi həyata
keçirilir. Aparılmış tədqiqatlar folklorun
bütöv XX əsr folklorşünaslığının təcrübəsində
reallaşdırılmış yazılı ədəbiyyatın
bir qolu olmaq kimi sosialist ideologiyasının təzahürü
stereotipinə son qoymuş, onun milli düşüncə
sistemi və ictimai şüurun morfoloji strukturundakı yeri və
rolunu aşkarlamağa imkan vermişdir. Bunun nəticəsidir
ki, Azərbaycanda folklor etnik-milli mədəniyyət sisteminin
mühüm və zəruri struktur vahidi, Azərbaycan etnosunun
təfəkkürünün etik-estetik təzahürü,
etnik mədəniyyətin müxtəlif təzahür tiplərinin
genezisində durmaqla, milli mədəniyyəti öz kodundan
qopmağa qoymayan "qoruyucu" sistem, habelə Azərbaycan
milli kimliyinin meyar və etalon vahidi kimi öyrənilir.
Bütün bu deyilənlər
folklorun milli ideoloji sistemdəki heç nə ilə əvəz
oluna bilməyən yerini və funksiyasını
aşkarlamağa imkan verir. Təsadüfi deyil ki, hazırda
müharibə vəziyyətində olduğumuz ermənilərin
Azərbaycan xalqına yönəlik çoxəsrlik təcavüzlərinin
mühüm obyektlərindən biri məhz Azərbaycan
folkloru olmuşdur. Bu mənada son illər folklorçular milli
folklor nümunələrinin toplanması, qorunması, nəşri,
tədqiqi və təbliği ilə məhz Azərbaycan
milli-mənəvi dəyərlər sisteminin keşiyində
durmağa çalışırlar. Bu baxımdan Folklor
İnstitutunda hazırlanmış "Azərbaycan Folklor
Nümunələrinin Hüquqi Qorunması və Milli
Reyestrinin Aparılması Strategiyası" mühüm əhəmiyyət
kəsb edir.
Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra dövlətin bütün sahələrdə
öz milli və strateji hədəflərini müəyyən
edən bir sıra konsepsiya və qanunvericilik aktları qəbul
edilmişdir. Bu sıradan Azərbaycanın Milli Təhlükəsizlik
Konsepsiyası və elmin inkişafı üzrə Milli
Strategiya mühüm sənədlərdir. AMEA Folklor
İnstitutunda hazırlandıqdan sonra institutun Elmi
Şurasında müzakirə edilmiş, AMEA Rəyasət Heyətinə
təqdim olunmuş və mətbuatda geniş təbliğ
olunmuş "Azərbaycan Folklor Nümunələrinin
Hüquqi Qorunması və Milli Reyestrinin Aparılması
Strategiyası"nda Azərbaycan xalqının mədəni
irsi, o cümlədən folkloru onun milli ideologiyasının və
milli təhlükəsizlik konsepsiyasının tərkibi kimi
müəyyənləşdirilmiş, bu irsin öyrənilməsi
və mühafizəsinin elm strategiyasının hədəfi
olması əsaslandırılmışdır. Eyni zamanda Azərbaycan
xalqının mədəni irsinə, o cümlədən
folkloruna yönəlik təhdidlər göstərilmiş, mədəni
irsimizin tədqiqi və mühafizəsinin qlobal mədəni
problem olması üzə çıxarılmışdir.
Ümumiyyətlə,
hazırda ictimai və humanitar sahədə həyata
keçirilən bütün tədqiqatlarda dövlətin mədəniyyət
siyasəti, sosial-humanitar düşüncə
qarşısında qoyduğu məqsəd və vəzifələr
ciddi şəkildə nəzərə alınmalıdır.
Ona görə də institutda Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin "İctimai və humanitar düşüncə:
zaman kontekstində baxış" məqaləsi
böyük həssaslıqla, razılıqla
qarşılanmışdır. İnstitut kollektivi bu məqaləni
bütövlükdə milli sosial-humanitar düşüncəyə
zamanın çağırışı hesab edir, fəaliyyətini
yeni dövrün reallıqlarına uyğun müasirləşdirməyi
vacib sayır. Belə düşünürük ki,
"inkişaf" fenomeninin həyata keçirilməsi
bütün hallarda reallığın etirafından, gerçəkliyin
dərkindən başlanır. Yeni dönəmə
keçidi başa vurmuş Azərbaycan keçid
dövründə özünün bütün siyasi, iqtisadi,
mənəvi resurslarını qoruyub saxlamağı
bacarmışdır. Bu mənada, sosial-humanitar elmlər
mövcud bazalarını diqqətlə nəzərdən
keçirməli, yaranmış imkanlarla böyük işlər
görməyin mümkün olduğunu qəbul etməlidirlər.
Hüseyn İSMAYILOV,
AMEA Folklor İnstitutunun direktoru,
filologiya elmləri doktoru, professor
Azərbaycan.- 2010.- 19 yanvar.- S. 5.