20 Yanvar faciəsinə ilk dəfə
Naxçıvan Ali Məclisində siyasi və hüquqi qiymət
verilib
Qədim bir türk məsəlində deyilir: "Azadlıq ağacı vətənpərvərlərin qanı ilə suvarılır". 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə torpaqlarımız şəhid qanına bələndi. O gün yeni tariximizin kədərli, eyni zamanda qəhrəmanlıq səhifəsini təşkil etməklə bərabər milli azadlıq mübarizəmizdə dönüş nöqtəsinə çevrildi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək, bu faciə "ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi".
Qanlı faciə ərəfəsində respublikamızın ictimai-siyasi həyatında cərəyan edən hadisələrin xronologiyasına nəzər salsaq, 1988-ci ilin ortalarından başlayan milli azadlıq hərəkatının özünün kulminasiya nöqtəsinə çatdığını görərik. Xalq azadlıq, istiqlaliyyət uğrunda mübarizə əzmini, bu yoldan dönməz olduğunu dünyaya nümayiş etdirirdi. Dövr elə idi ki, bir çox müttəfiq respublikalar, xüsusən də Estoniya və Baltikyanı ölkələr ittifaqın dağılmaqda olduğunu görərək, bu birlikdən mümkün qədər tez və ağrısız çıxmağa çalışaraq özlərinin azad və müstəqil dövlətlərini yaratmaq istiqamətində qətiyyətli addımlar atırdılar. İmperiya tərəfindən dinc əhaliyə qanlı divan tutulması isə ilk dəfə 1989-cu ildə Tbilisidə baş verdi. Sonra sovet dövlətini hər vəchlə qoruyub saxlamağa çalışan Kreml mənfur niyyətlərini Azərbaycanda həyata keçirməyə çalışdı. Bir il sonra 1991-ci ildə Vilnüsdə də bu vəhşiliyi törətdi.
Milli azadlıq hərəkatını yerində boğmaq üçün bəhanə axtaran mərkəzi hakimiyyət Azərbaycandakı hadisələrə nəzarəti itirmək təhlükəsi ilə heç cür barışmaq istəmirdi. Xalq hərəkatını boğmaq məqsədi ilə 1990-cı ilin yanvar ayının əvvəllərində ölkəmizdə müxtəif qoşun hissələri, cəza dəstələri yerləşdirirdi. Yanvarın 13-14-də isə SSRİ DTK-sının ssenarisi əsasında milli zəmində ilk talanlar baş verdi. Yerli hüquq-mühafizə orqanları ilə yanaşı, paytaxtda yerləşdirilmiş 12 min nəfərlik SSRİ DİN-nin qoşunları tərəfindən talançı dəstələrə qarşı hec bir tədbir görülmədi. Yanvarın 15-də isə "DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında" fərman elan olundu. SSRİ Ali Soveti Rəyasət Heyətinin qəbul etdiyi bu fərmanda respublikamızın hakimiyyət orqanlarından həm də o tələb edilirdi ki, Bakı və Gəncə şəhərlərində, eləcə də dövlət sərhədi boyunca yerləşən digər iri yaşayış məntəqələrində qadağan saatları tətbiq edilsin, digər tədbirlər görülsün.
Təbii ki, demokratik hərəkatı boğmaq, xalqa divan tutmaq üçün mərkəzi hakimiyyətə hüquqi zəmin lazım idi. Həyata keçirilən çirkin tədbirlər nəticəsində "zəmin" də yaradıldı. Moskva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə böyük hərbi qüvvə yeridib, günahsız insanları qanına qəltan etdi...
Bu isə, xalqımızın ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək, "ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş qanlı cinayət idi".
Mərkəz Bakıda olduğu kimi, Naxçıvanda da milli azadlıq hərəkatının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunmasına, muxtar respublikada cəza dəstələri yerləşdirməsinə çalışırdı. Azərbaycanda daxili vəziyyətin gərginləşməsi fonunda erməni yaraqlılarının sərhəd bölgələrinə təcavüzkar hərəkətləri, silahlı basqınları getdikcə artır, sakinlər vahiməli həyat yaşayırdılar.
Naxçıvanda başlanan sərhəd hərəkatına SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr qara yaxaraq onu bir qrup ekstremist və cinayətkar ünsürün əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışırdılar. Mərkəzi kütləvi informasiya vasitələri isə sərhədlərin sökülməsini vandalizm kimi qiymətləndirmiş, bu hərəkəti Azərbaycanda islam fundamentalizminin baş qaldırması kimi göstərməyə çalışmışdı.
Yanvarın 5-də isə Sovet-İran sərhədinin Naxçıvan ərazisində baş verən hadisələrlə əlaqədar SSRİ rəhbərliyinin yüksək rütbəli nümayəndələri - Sov. İKP MK-nın katibi
A.N. Girenko, SSRİ Ali Sovetin Millətlər Sovetinin sədri R.N. Nişanov, Azərbaycan KP MK-nın birinci katibi Ə. Vəzirov, SSRİ DTK sədrinin birinci müavini Batkov, generallar Varennikov, Şatalin, Şirokin Naxçıvana gəlsələr də milli-azadlıq hərəkatının qarşısını ala bilmədilər.
20 Yanvar əvvəli erməni-rus hərbi birləşməsi vəziyyəti daha da gərginləşdirmək məqsədilə Naxçıvanın sərhəd bölgəsi olan Sədərək kəndinə hücum etmiş, ağır top və mərmi atəşləri ilə sərhəd xəttində yerləşən şərab zavodunu partlatmışdı. Mebel müəssisəsinə, indiki Heydərabad qəsəbəsinə də ciddi ziyanlar vurulmuşdu. Vəziyyətin ağırlığı ucbatından 12 min nəfərlik əhalisi olan yaşayış məskənində qocalar, uşaqlar və qadınlar az vaxt ərzində mütəşəkkilliklə kənddən çıxarılmışdı. Öz havadarlarına arxalanan düşmənlərimizin başlıca məqsədi muxtar respublikanın əsas müdafiə istehkamlarından biri olan Sədərək kəndini ələ kecirib, Şahbuz və Ordubad rayonları da daxil olmaqla üç tərəfdən hücum edib Naxçıvanı işğal etmək idi.
Yanvarın 18-də cəmi 350 nəfərə yaxın sakini olan Kərki kəndi işğal olunmuşdur. O ərazi ki 1969-cu ilin may ayında Azərbaycanın o zamankı rəhbərliyinin "səxavəti" üzündən kəndə məxsus torpaqların xeyli hissəsinin Ermənistana "bağışlanılması" həmin ərazinin tamam tədric olunmasına, milli zəmində münaqişələr başlanandan isə erməni qəsbkarları tərəfindən asanlıqla işğal etməsinə imkan yaratmışdı.
Yanvarın 19-da Naxçıvan torpağı ilk şəhid oğullarını torpağa tapşırdı. Etibar Əhmədov, Mirhəşim Seyidov, Məhəmməd Məmmədov, İdris Məmmədov, Abbasəli Həsənov şəhidlik zirvəsinə ucaldı. Sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq gürülən polis kapitanı Məhərrəm Seyidov da şəhid oldu. Düşmən tərəfindən atılan mərmilər Nəsirovlar ailəsinə daha böyük ağır zərbə vurdu. Malik və Elvin adında körpələr düşmən gülləsinə tuş gəldilər.
Azərbaycanın, eləcə də onun ayrılmaz parçası olan Naxçıvanın ərazi bütövlüyünün pozulması, sərhədboyu yaşayış məskənlərində ermənilərin hücuma keçmələri, muxtar respublika əhalisinin dinc yaşayışı üçün real təhlükənin artması, nəqliyyat və kommunikasiya blokadası və bunların müqabilində İttifaq və respublika hakimiyyət dairələrinin fəaliyyətsizliyi muxtar respublika əhalisini və rəhbərliyini radikal addımlar atmağa vadar etdi. Yanvarın 19-da gecə Naxçıvan şəhərində Ali Sovetin binası qarşısında toplaşan 20 mindən çox adam müsibətlərə etiraz əlaməti olaraq muxtar respublika Ali Sovetinin fövqəladə sessiyasının çağırılmasını təkidlə tələb edir. Sessiya keçirilir və sovet imperiyasının yaşadığı bir dövrdə görünməyən bir məsələni müzakirəyə çıxarır. Bu, Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxarılması haqqında məsələ idi.
Qəbul olunan qərarda Azərbaycan SSR və onun tərkib hissəsi olan Naxçıvan MSSR-in suverenliyi və ərazi bütövlüyünün müdafiə edilmədiyi, Azərbaycan SSR və Naxçıvan MSSR ali qanunverici orqanlarının İttifaq orqanlarına dəfələrlə etdikləri müraciətlərin nəticəsiz qaldığı, Türkiyə, Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR arasında RSFSR-in iştirakı ilə bağlanan Qars müqaviləsinin şərtlərinin kobud surətdə pozulduğu qeyd edilirdi. 6 bənddən ibarət olan bu tarixi qərarda deyilirdi:
1. Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir; 2. Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədilə Türkiyə Respublikasına müraciət edilsin; 3. Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına və dünyanın bütün ölkələrinə kömək məqsədilə müraciət olunsun; 4. Naxçıvan Respublikası ərazisində olan Sovet qoşun hissələri respublikadan çıxarılsın; 5. SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüzə son qoyulsun; 6. Qərar Azərbaycan SSR və SSRİ dövlətlərinin nəzərinə çatdırılsın.
Həmin sessiyada Azərbaycan xalqının təcavüzə məruz qalması, ermənilərin Naxçıvana hücumları və törətdikləri vəhşiliklər barədə dünya birliyinə müraciət də qəbul edildi. Müraciət bu sözlərlə bitirdi: "...Dünya dövlətləri, planetin bütün vicdanlı insanları, bizə kömək əlinizi uzadın! Azərbaycan türklərinin qanının axmasına yol verməyin!".
Sessiyanın keçirildiyi günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Ali Sovetin binası üzərinə sancılmış və bu bayraq bir həftəyədək qeyri-rəsmi olsa da, orada qalmışdı.
Təbii ki, Naxçıvan parlamentinin qəbul etdiyi bu qərarın hüquqi əsası yox idi. Bu səbəbdən onun çox yaşaması mümkün deyildi. Yanvarın 27-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Naxçıvan MSSR Ali Sovetinin həmin qərarını ləğv etdi. Amma buna baxmayaraq sonralar həmin qərarın Naxçıvanın taleyi üçün böyük əhəmiyyəti oldu.
Xalqımızın ümummilli lideri Heydər Əliyev sonralar Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi həmin tarixi qərarı yüksək qiymətləndirərək dedi: "Mən Moskvada olarkən Azərbaycana edilən bu cinayətə qarşı etiraz səsimi qaldırdım, xalqımla, millətimlə həmrəy olduğumu bildirdim... Orada eşitdim ki, naxçıvanlılar bu dəhşətli faciə ilə əlaqədar ayağa qalxıblar, hətta o vaxt cəsarətli bir qərar qəbul ediblər... Naxçıvanlıların bu cəsarətli addımı o vaxt yeganə bir addım idi...".
Ertəsi gün də Naxçıvan torpağında vəziyyət gərgin olaraq qalırdı. Həmin gün özünü "müstəqil respublika" hesab edən diyarın "Birlik və demokratiya" devizi altında mətbu orqanı "Şərq qapısı" qəzetinin ilk nömrəsi çapdan çıxdı. Qəzetin ilk səhifəsində Azərbaycan və rus dillərində Naxçıvan Ali Soveti Pəyasət Heyətinin qərarı çap olundu. Burada dərc olunan digər yazılardan da aydın olur ki, regionun sərhəd xətlərində vəziyyət gərgin olaraq qalır. Naxçıvan sərhəd dəstəsinin komandanlığı isə "mərkəzdən əmr yoxdur" deyə sərhəd kəndlərimizə hücum edən erməni yaraqlılarına qarşı heç bir tədbir görmür. Artıq Babək rayonunun Buzqov, Kərməçataq, Şahbuz rayonunun Şada kəndləri də ermənilər tərəfindən top və minamyotlarla atəşə tutulur.
Yanvarın 21-də işıq üzü görən "Şərq qapısı" qəzetinin ikinci nömrəsi isə "Dünya xalqlarına müraciət"lə açılır. Həmin müraciətdə deyilir: "Azəri türkləri misli görünməmiş təcavüzə məruz qalıblar. Naxçıvan respublikasında hər an kütləvi qırğın baş verə bilər. Sədərək ətrafındakı sərhəddə ucuz imperiya siyasətinə uymuş erməni millətçilərinin böyük qüvvəsi cəmləşdirilmişdir... Moskvanın bədnam siyasəti Azərbaycanda gedən demokratik hərəkatı boğmaq məqsədi güdür, ona antixristian, millətçi donu geyindirir".
Yerli mətbu orqanının yazdığına görə, həmin gün SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətli nümayəndələri, generallar Dubin və Fedosoevin iştirakı ilə tərəflər arasında danışıqlar aparılmış, nəticədə atəş səsləri kəsilmişdir.
24 yanvar 1990-cı il tarixli "Şərq qapısı" qəzetinin dördüncü nömrəsində dərc olunan "Nahaq qan yerdə qalmaz" adlı məqalənin bir yerində isə o ağır günlər belə təsvir edilir: "Bakı və Naxçıvan teatr binasına dönmüşdür. Bu teatrın səhnəsində üzdəniraq aşkarlıq və demokratiya şüarı yazılmış qara pərdə asılmışdır. Bu pərdənin arxasında "türk xalqının taleyi" adlı tamaşa oynanılır. Tamaşanın baş rejissoru M.S. Qorbaçov, aktyorları sərxoş rus əsgərləri, tamaşaçıları isə daşnak ermənilərdir...".
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən dəhşətli faciə totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti olsa da, bu cinayətin üstünü ört-basdır etmək mümkün olmadı.
Ulu öndər Heydər Əliyev min bir təqib və təhlükəyə baxmayaraq, hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlib mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblərini də açıqladı, onun təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi. Həmin vaxt İttifaq rəhbərlərinin kəskin təzyiq və təqiblərinə məruz qalacağını gözləri önünə gətirsə də, Heydər Əliyev özünəməxsus qətiyyət və cəsarətlə deyirdi: "Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən M.S.Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətin nəticəsidir".
Mətbuat konfransında kəskin bəyanatı ilə kifayətlənməyən ümummilli lider elə həmin gün Azərbaycan KP Mərkəzi Komitəsinə, Ali Sovetə, Nazirlər Kabinetinə, Azərbaycan xalqına ünvanladığı teleqramda: "Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanuna zidd hesab edirəm" deməklə bu ağır gündə xalqın dərdinə şərik olduğunu bildirməklə yanaşı, millətimizi təmkinli olmağa, həmrəyliyə və birliyə çağırdı.
Ulu öndər Heydər Əliyev 1990-cı ilin yayında Naxçıvana gəldikdən və həmin ilin payızında keçirilən seçkilərdə Naxçıvan və Azərbaycan parlamentlərinə deputat seçildikdən sonra da xalqımızın başına açılan müsibətlərə haqq qazandırmadı. Əksinə, bu faciəyə hüquqi-siyasi qiymət verilməməsi onu ciddi narahat edirdi.
1990-cı ilin noyabr ayında dahi şəxsiyyətin böyük siyasi nüfuzu sayəsində 20 Yanvar faciəsinə prinsipial hüquqi-siyasi qiymət verilməsi məsələsi yenidən gündəmə gəldi. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həmin ilin noyabrın 21-də keçirilən birinci sessiyası tarixə döndü. Həmin sessiyada Heydər Əliyev xalq deputatı kimi "1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsini işləyib Ali Məclisin müzakirəsinə təqdim etdi.
Sessiyadakı çıxışında xalqımızın hərbi, siyasi, mənəvi təcavüzə məruz qalmasından narahatlıqla danışan ulu öndər ürək yanğısı ilə yanaşı, həm də qətiyyətlə deyirdi: "...Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində, - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qırğın olmamışdı. Bunu da edib sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedərdi, ancaq görün bu hərbi əməliyyatlara bunlar nə qədər böyük fikir veriblər. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir. Azərbaycan xalqının qarşısında cinayətdir...".
Sessiyadakı çıxışında ulu öndər böyük narahatçılıqla belə demişdi: "Başımıza böyük bəla gəlib, millət əzilib, millətə qarşı təcavüz olub, ancaq indiyə qədər Azərbaycan xalqının həyatında baş vermiş bu faciəli hadisəyə qiymət verilməyib... Bu qədər qanunsuzluğa, demokratiyanın pozulmasına dözmək olmaz. Bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın ali hakimiyyət orqanından tələb etməliyik ki, bu məsələyə baxsın və günahkarlar cəzalandırılsın".
Təbii ki, xalq deputatı kimi Heydər Əliyevin xalqın milli faciəsi ilə bağlı qaldırdığı taleyüklü məsələ deputatlar tərəfindən də müdafiə olunurdu.
Yeni tərkibdə seçilmiş Ali Məclisin birinci sessiyasında "1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" yekdilliklə qəbul edilən qərarda deyilirdi: "...Azərbaycan xalqının demokratiya və milli-azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır.
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.S.Qorbaçov, həmin müddətdə Bakıda olan Sov.İKP MK katibi A.Girenko, SSRİ Ali Soveti İttifaq Sovetinin keçmiş sədri Y.Primakov, SSRİ müdafiə naziri D.Yazov, SSRİ daxili işlər naziri V.Bakatin, Sov.İKP MK-nın məsul işçisi A.Mixailov, eləcə də respublika rəhbərliyi - Azərbaycan KP MK-nın keçmiş birinci katibi Ə.Vəzirov, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E.Qafarova, Azərbaycan SSR Nazirlər Sovetinin o zamankı sədri A.Mütəllibov, Azərbaycan KP MK-nın büro üzvlərindən V.Polyaniçko, M.Məmmədov, V.Hüseynov xalqa qarşı həyata keçirilən bu siyasi və hərbi qəsd üçün cavabdehdirlər və birbaşa məsuliyyət daşıyırlar".
Sonra qərarda Azərbaycanın o vaxtkı rəhbərliyinin cinayətkar fəaliyyəti bir daha qeyd olunaraq göstərilirdi ki, qanlı Yanvar hadisələrinin günahkarlarını üzə çıxarmaq, onu təhlil etmək və siyasi qiymət vermək üçün respublika əhalisinin təkidli tələbinə baxmayaraq faktiki olaraq faciədən ötən müddət ərzində heç bir tədbir görülməmişdir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bütün bunları işğalçı siyasət, dəqiq düşünülmüş hərbi təcavüz, İnsan Hüquqları Bəyannaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirmişdir. Beş bənddən ibarət olan qərarın ilk iki bəndində deyilirdi: "1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin. Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına açıq təcavüz kimi ittiham edilsin".
Qeyd etmək lazımdır ki, həmin sənəddə ilk dəfə olaraq 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında milli matəm günü kimi qeyd edilməsi də qərara alınmışdır. Bununla yanaşı, muxtar respublikanın Ali Məclisi Azərbaycanın ali qanunvericilik orqanından da xahiş edirdi ki, 20 Yanvar Azərbaycan miqyasında matəm günü kimi qeyd edilsin.
Ümummilli lider o dövrdə, hələ Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə seçilməzdən əvvəl xalq deputatı kimi Azərbaycan SSR Ali Sovetinin sessiyalarında da bir neçə dəfə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı məsələ qaldırmışdı. 1991-ci il avqust ayının 29-da parlamentdəki çıxışında isə bir daha bu məsələyə toxunaraq ölkə rəhbərliyindən qətiyyətlə soruşmuşdur: "20 Yanvar faciəsindən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda da cürbəcür söhbətlər gedir... Mən sual verirəm Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan Prezidenti Ayaz Mütəllibova. Nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib?..".
AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə də qanlı Yanvar faciəsi öz həqiqi siyasi qiymətini ala bilmədi. Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ölkə Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə bununla bağlı ciddi addımlar atıldı. Məhz bu fərmanla Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunurdu ki, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilsin.
Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarında, 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi, cinayətkarların adları göstərildi. Həmin qərarın ikinci bəndində isə deyilir: "İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunsun".
20 Yanvar faciəsi yaddaşımıza kədərli hadisə, hüzn günü kimi həkk olunsa da, tariximizin qəhrəmanlıq, mübarizlik, mərdlik səhifəsini təşkil edir. Başlıcası isə o xalqımızın azadlıq və istiqlal mübarizəsində dönüş nöqtəsinə çevrildi. Hər il qanlı faciə qurbanlarının xatirəsinin böyük ehtiramla qeyd olunması da bu deyilənlərlə bağlıdır.
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2010.- 19 yanvar.- S. 6.