Bədii plakatın dili ilə

 

Təsviri incəsənətin geniş yayılmış növlərindən biri olan plakat orta əsrlərdə meydana gəlmişdir. Bütün Avropaya sürətlə yayılan bu sənət növü XIX əsrin sonunda Fransada daha geniş inkişaf etmişdir. Almanca "plakat" fransızca "placard" sözündən olan bu ifadə elan, afişa mənasındadır. Yarandığı ilk vaxtlar ondan təşviqat, reklam, məlumat vermək məqsədilə istifadə edilib. Adətən ictimai yerlərdə, izdihamlı küçələrdə asılan plakat müxtəlif zaman və quruluşlarda dəyişikliyə məruz qalıb. Əvvəlcə cəmiyyətə, millətə, hansısa bir qurumun maraqlarına xidmət edən plakat Rusiyada da istifadə olunub. Sovet hakimiyyəti illərində isə yönü tamamilə dəyişdirilib. Sovet Rusiyasında dəbdə olan siyasi plakatlar bütün müttəfiq respublikalara yayıldı. Artıq bu zaman plakat öz janr xüsusiyyətlərindən uzaqlaşaraq siyasi bir tribunaya çevrildiyindən şüar xarakteri daşıyırdı.

 

Təbii ki, Azərbaycanda da plakat janrından istifadə edilib. Ötən əsrin əvvəllərində Ə.Əzimzadə, İ.Axundov, Q.Xalıqov və başqalarının plakat janrında yaddaqalan qrafik işləri olub. Sonrakı illərdə E.Şahtaxtinskaya, H.Nəzərov, O.Sadıqzadə, C.Qasımov, A.Əzizov və başqa rəssamlar plakat sahəsində bir sıra əsərlər yaradıblar. İkinci Dünya müharibəsinə qədər Azərbaycanda plakat çox sönük şəkildə, demək olar ki, tamamilə siyasiləşmiş vəziyyətdə olub. Sovet partiya rəhbərlərinin məruzə və çıxışlarından seçilən fikirlər rəngli hərflərlə yazılaraq afişa şəklində müxtəlif ictimai yerlərdən asılırdı. Bəzən də həmin fikirlərə uyğun müxtəlif rəsmlər çəkilirdi. Yalnız müharibə başladıqdan sonra plakat janrında yeni bir mərhələ başladı. Bütün yaradıcılıq sahələrində olduğu kimi, vətənpərvərlik mövzusu, faşizmə nifrət, qələbəyə inam hissləri plakatlarda əks olundu. O dövr bu plakatların böyük təsiredici qüvvəsi var idi: "Hər şey cəbhə, hər şey qələbə üçün" - sözləri yazılmış plakatlar demək olar ki, hər yerdə asılmışdı.

Zaman ötdükcə plakatların yenə siması dəyişdi. Xüsusilə də, süni şüarlar, pafoslu ifadələr, sosializm yarışını əks etdirən rəqəmlər yenidən plakata ayaq açdı. Beləliklə də, incəsənətin mühüm növlərindən olan bu qrafika sənəti ölməyə başladı. Halbuki, bədii plakat tamamilə başqa bir özəlliyə malik, rəssamların dediyi kimi, təsviri incəsənətin aforizmi olmalıdır. Plakata baxan hər bir seyrçi rəssamın nə demək istədiyini dərhal anlamalıdır. Bədii plakatda mütləq ideya olmalıdır. Dünyada bu janra həmişə ciddi münasibət göstərilib.

Tanınmış rəssam Kirman Abdinlə apardığımız söhbətdə də məhz bu janrın inkişaf mərhələlərinə toxunduq. Sevindirici haldır ki, Kirman Abdin dəfələrlə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə keçirilən bədii plakat müsabiqələrində fəxri diplomlarla təltif edilib. O, 2003-cü ildə keçirilən "Heydər Əliyev - müstəqil Azərbaycan" beynəlxalq ekslibris müsabiqəsinin iştirakçısıdır. Bir çox xarici ölkələrdə - Türkiyədə, İranda keçirilən beynəlxalq müsabiqələrdə plakatları mükafatlara layiq görülən Kirman Abdin Rəssamlar İttifaqının üzvüdür. Onun bədii plakatları, karikaturaları bır sıra sərgi salonlarında nümayiş olunub. Söhbət əsnasında bəlli oldu ki, dövlət müstəqilliyimizi qazandıqdan sonra bədii plakat janrında gözəl sənət əsərləri yarandı. Bu sahənin istedadlı fırça ustaları üzə çıxdı. Azərbaycan incəsənətinin mühüm bir qolu olan bədii plakat janrı vətənpərvərlik və cəmiyyətdə maarifləndirmə işini indi çox məharətlə yerinə yetirir. Rəssam söyləyir: "Bu janr vasitəsilə bütün sahələrdə ideoloji təbliğat və maarifləndirmə işi aparmaq mümkündür. İstər plakat, istərsə də karikaturada rəssam adi insanın görə bilmədiyi hədəfi nişan alır və onu diqqətə çəkir. Görkəmli sənətkarımız Ömər Eldarovun rəhbərliyi ilə "Müasir Azərbaycan plakatı" adlı kitab-albom çapdan çıxıb. Bu topluda Azərbaycan rəssamlarının ən uğurlu plakatları cəmləşib. Bu gün rəssamlarımız plakat janrında çox maraqlı, yaddaqalan, o cümlədən aktual mövzularda maraqlı əsərlər yaradırlar".

Kirman Abdinin plakat janrında çəkdiyi əsərlər həqiqətən də bir-birindən maraqlıdır. Onun müxtəlif mövzularda yaratdığı plakatlar həmişə diqqət çəkir. Qarabağ mövzusunda, ermənilərin son 200 ildə başımıza gətirdiyi hadisələrlə bağlı, eləcə də iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanın bugünkü durumu ilə əlaqədar Kirman Abdinin dəyərli plakatları var. Rəssamın 20 Yanvarla bağlı çəkdiyi plakatlar da təsiredicidir. Tariximizin qan yaddaşını plakatlarda əks etdirən Kirman Abdin bədii təxəyyülü sayəsində çox düşündürücü məqamları tamaşaçının ixtiyarına verir.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.-19 yanvar.- S. 7.