Tanınmış amerikalı
"Xocalıya ədalət" adlı mahnı
yazmışdır
"Xocalıya ədalət" beynəlxalq məlumat-təşviqat kampaniyası çərçivəsində tanınmış amerikalı rep ifaçısı Toni Bləkmən eyniadlı mahnı yazmışdır. Bununla əlaqədar yanvarın 18-də Bakıda mətbuat konfransı keçirilmişdir. Tədbirdə iştirak edən İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) baş katibi Elşad İsgəndərov bildirmişdir ki, fevralın 26-da dünyanın 30-a yaxın paytaxt şəhərində İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın irəli sürdüyü "Xocalıya ədalət" beynəlxalq kampaniyasının birillik fəaliyyətinə həsr olunmuş tədbirlər, eləcə də Xocalı qətliamının mənəvi-siyasi tanınmasına yönəlmiş aksiyaların keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində "Xocalıya ədalət" adlı mahnının və klipin təqdimatı keçiriləcəkdir.
E.İsgəndərov qeyd etmişdir ki, mahnı Xocalı qətliamı haqqında həqiqətləri özündə əks etdirməklə, dünya ictimaiyyətini bu faciəyə qiymət və Azərbaycanın haqq səsinə dəstək verməyə çağırır. Mahnının müəllifi və ifaçısı T.Bləkmən bildirmişdir ki, ötən ilin noyabrında Bakıda "Xocalıya ədalət" kampaniyası əlaqələndiricilərinin görüşündə iştirak etdikdən və Azərbaycan xalqına qarşı törədilmiş bu misli görünməmiş ədalətsizlik haqqında məlumatlarla tanış olduqdan sonra Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərməyə qərar vermişdir. Xanım Bləkmən Xocalıda baş verən hadisələrin onu sarsıtdığını vurğulamışdır.
Mahnının aranjimanı tanınmış səs rejissoru, üç dəfə "Qremmi" mükafatı laureatı Qordon Vilyams tərəfindən işlənmişdir. Mahnının mətnində amerikalı insan hüquqları müdafiəçisi doktor Martin Lüter Kinqin ədalətsizliyə qarşı mübarizə çağırışından istifadə edilmişdir. Mahnıda müasir rep ritmləri ilə yanaşı, milli musiqimizin elementləri - muğamdan və balaban alətindən də istifadə edilmişdir.
Tədbirin
sonunda Toni Bləkmən və Qordon Vilyams "Xocalıya ədalət"
kampaniyası çərçivəsində ABŞ Prezidenti
və Konqresinə ünvanlanmış və Xocalı faciəsinin
insanlığa qarşı cinayət kimi
tanınmasını tələb edən müraciəti
imzalamışlar.
AzərTAc
Azərbaycan.- 2010.- 19 yanvar.- S. 11.