Azərbaycan nümayəndə
heyəti Vyanada beynəlxalq turizm yarmarkasında iştirak
etmişdir
Yanvarın 14-dən 17-dək Vyanada növbəti beynəlxalq tətil yarmarkası - "Ferien-Messe Wien 2010" təşkil edilmişdir. Yarmarkada dünyanın 70-dən artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili işi sahəsində fəaliyyət göstərən 820-dən çox şirkət iştirak etmişdir.
Ümumi sahəsi 29 min kvadratmetrdən çox olan ərazidə müxtəlif ölkələrlə yanaşı, Avstriyanın 9 federal əyaləti də öz turizm imkanlarını nümayiş etdirmişdir. Builki yarmarkanın tərəfdaşları Tunis (xarici ölkə qismində) və Zaltsburq (yerli region qismində) olmuşdur.
Builki yarmarkada Azərbaycan geniş tərkibli heyətlə təmsil olunmuşdur. Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə mədəniyyət və turizm nazirliyinin nümayəndə heyəti ilə yanaşı, ilk dəfə olaraq, turizm şirkətinin (AL Travel şirkəti) və "Azərbaijan review" jurnalının təmsilçiləri də yarmarkada iştirak etmişlər. Azərbaycan üçün ayrılmış guşədə ölkəmizdə turizm imkanları, respublikanın müxtəlif regionları, mədəniyyət və tarixindən bəhs edən kitab, bröşür və bukletlər paylanmış, milli incəsənət nümunələri və suvenirlər nümayiş etdirilmiş, filmlər göstərilmişdir. İngilis və alman dillərində hazırlanmış nəfis tərtibatlı kitabçalar sayəsində yarmarka iştirakçıları Azərbaycanın müxtəlif regionları ilə yanaşı, mehmanxanalar, ölkənin turizm bölgələrinə səfər marşrutları və digər sahələrdə praktiki informasiyalar əldə etmişlər. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqqaslarının ifasında Azərbaycan milli oyun havaları və kompozisiyalar yarmarka iştirakçıları tərəfindən böyük rəğbət və maraqla qarşılanmışdır.
Qeyd edək ki, Avstriyada turizm sahəsində hər il 130 milyon gecələmə qeydə alınır. Həm yay, həm də qış turizminin ölkədə geniş inkişaf etməsi turistlərin Avstriyaya marağını artırmaqla yanaşı, yerli əhali belə yarmarkalar vasitəsilə yay məzuniyyətləri üçün maraqlı regionlarla tanış olurlar. Hər il təşkil edilən yarmarkanın əsas məqsədi yerli əhalini həm Avstriyanın, həm də digər ölkələrin turizm potensialı barədə ətraflı şəkildə məlumatlandırmaq, aktual mövsüm kataloqları əsasında insanlara tətil seçimlərində istiqamət vermək və həmçinin turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaqdır.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Vyana
Azərbaycan.- 2010.- 19 yanvar.- S. 11.