Yeni Azərbaycan Partiyası 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirmişdir

 

Yanvarın 19-da Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.

Milli Məclis deputatlarının, parlamentdə təmsil olunan partiyaların rəhbərlərinin və YAP fəallarının iştirak etdikləri tədbirdə əvvəlcə 20 Yanvar faciəsi zamanı şəhid olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov tarix boyu xalqımızın faciələrlə üzləşdiyini və bu faciələrin böyük bir hissəsinin XX əsrdə baş verdiyini bildirmişdir. Əli Əhmədov vurğulamışdır ki, xalqımız zaman-zaman özünün azadlığı uğrunda mübarizədə itkilər vermişdir.

YAP sədrinin müavini qeyd etmişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilən faciələrdən biridir. 20 Yanvar hadisəsi keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətdir. Onun sözlərinə görə, bu cinayətə hələ də beynəlxalq müstəvidə hüquqi qiymət verilməmişdir. Buna görə də biz fəaliyyətimizi bu istiqamətdə gücləndirməli, beynəlxalq aləmin 20 Yanvar faciəsinə düzgün, obyektiv qiymət verməsinə nail olmalıyıq.

Faciənin həqiqi miqyasının və onun qurbanlarının sayının dəqiqləşdirilməsi istiqamətində araşdırmalar aparılmasına ehtiyac olduğunu vurğulayan Ə.Əhmədov bildirmişdir ki, bu iş rəsmi dövlət orqanları və müstəqil qurumlar tərəfindən aparılmalıdır.

YAP sədrinin müavini, həmçinin qeyd etmişdir ki, Azərbaycan hökuməti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi istiqamətində lazımi işlər görülmüşdür və bundan sonra da görüləcəkdir.

"Dəyirmi masa"da Milli Məclisin deputatları Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafayev, tarix elmləri doktoru Cəmil Həsənli və başqaları çıxış edərək 20 Yanvar hadisələrinə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymət verilməsinin vacibliyini vurğulamışlar. Bu faciənin dünyada daha da çox təbliği üçün, habelə Qanlı Yanvar hadisələrini törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində səylərin birləşdirilməsinin zəruriliyi qeyd olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 20 yanvar.- S. 1.