Faciələrimizin ibrət dərsləri

 

Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə, tükənməz təbii sərvətlərə və əlverişli geostrateji mövqeyə malik olduğundan əsrlər boyu bütün güclü dövlətləri, fatehləri özünə cəlb etmiş, işğalçıların təcavüzlərinə məruz qalmış, aramsız davam edən soyqırımlarının və deportasiyaların qurbanı olmuşdur. Bu, Azərbaycan tarixinin heç kim tərəfindən inkar olunmayan acı reallıqlarıdır. İstər yunanlar, romalılar, ərəblər və monqollara, istərsə də farslar və ruslara məxsus imperiyalar həm qurulub möhkəmlənərkən, həm də süqut edib dağılarkən ermənilər bütün əlverişli məqamlardan faydalanaraq ərazilərini genişləndiriblər. Beləliklə, dövlət quran erməni millətçilərindən fərqli olaraq, Azərbaycan və ya bu dövlətin ərazilərində parçalanmış xanlıqlar əlverişli tarixi şanslardan yararlanmaq, qüdrətli dövlətə çevrilmək üçün nadir imkanlardan istifadə etmək fürsətlərini əllərindən buraxıblar.

20 Yanvar faciəsinin 20-ci ildönümü ərəfəsində artıq bizə bütün faciələrimizi yenidən nəzərdən keçirməyə, hadisələri çılğın hisslərdən, emosional gərginliklərdən fərqli soyuq təfəkkür, analitik düşüncə tərzi ilə nisbətən geniş diapazonda araşdırmağa imkan verir. Əgər biz 20 il əvvəl 20 Yanvar faciəsini yalnız Bakıda, Azərbaycanda gedən siyasi proseslərin baxış bucağı altında nəzərdən keçirirdiksə, indi bu hadisələrə bütün Qafqazın, hətta müasir dünyanın hərbi-siyasi kontekstində yenidən yanaşmağımız zəruridir. Bakıda ötən əsrin əvvəlindəki mart qırğınları, 20 Yanvar, Xocalı faciəsi və Dağlıq Qarabağ müharibəsi nəyə xidmət edirdi, erməni millətçilərindən başqa hansı supergüclərin maraqlarını təmin edirdi, bu hadisələrin arxasınca dünyanın siyasi arenasında hansı proseslər gedirdi və bu faciələr bir katalizator kimi dünyanın hərb səhnəsində hansı münaqişələrin həllinə, hansılarının dərinləşməsinə təkan verirdi?

Hər bir xalqın və ölkənin tarixində onun inkişafı, tərəqqisi və qələbələrindən başqa, süqutuna, məğlubiyyətlərinə səbəb olan faciələr olur. Əslində, dövlət, xalq varsa, onun sərvətləri və ərazilərinə nisbətən varlı, iqtisadi cəhətdən güclü dövlətlərin iddialı olması müasir dünya düzənində güclülərlə zəiflərin əbədi çarpışması kimi qeyri-adi deyil, əksinə, gözlənilən bir haldır. Bu baxımdan bütünlükdə Cənubi Qafqaz bölgəsində təbii sərvətləri ilə zəngin olan bir dövlətin də böyük güc mərkəzlərinin strateji maraqları çərçivəsinə daxil olması, burada gedən siyasi və hərbi proseslərdə supergüclərin fəal iştirak etməsi başadüşüləndir. Çünki tarixən Cənubi Qafqazda gedən bütün hərbi proseslərin - münaqişə, toqquşma və müharibələrin əsas motivləri Azərbaycanın təbii sərvətlərinin ya tam, ya da onların üstündə nəzarətin qismən ələ keçirilməsi ilə bağlı olub. Bu baxımdan biz Azərbaycan tarixinin müəyyən dövrlərini nəzərdən keçirəndə qəribə situasiya ilə üzləşirik. Qafqaz uğrunda kim nə qədər vuruşursa vuruşsun, kim qələbə çalırsa çalsın, fərqi yoxdur, son anda qazanan erməni millətçiləri olub. Necə olur ki, dövləti, ordusu və təchizat sistemi, ön və arxa cəbhəsi olmayan bir xalq gözlənilmədən qoşun yaradır, döyüşlərə girir və cəmi bir əsrin içində dövlətini də qurur, ərazilərini də genişləndirir? Lakin əsas döyüşləri aparan dövlətlər isə son nəticədə Cənubi Qafqazda səngimək bilməyən münaqişələrdən savayı nəsə qazanmırlar. Bütün bunlar araşdırılmalı, tədqiq olunmalıdır.

Ermənilər tarixin bütün çətin məqamlarında dünyadakı anarxiya və xaosdan öz millətçi ideyalarını reallaşdırmaq, dövlət qurmaq üçün heç bir vasitədən çəkinmədən məharətlə istifadə edə biliblər. Siyasi təşkilatlar, terrorçu dəstələr və hərbi birləşmələr qismində bütün dünyada bir məqsəd uğrunda təşkilatlanan erməni millətçiləri tarixin bütün təlatümlərindən, tufanlarından maksimum dərəcədə faydalanaraq öz ambisiyalarını təmin edə biliblər. Buna imkan verən birinci amil qeyd etdiyimiz kimi, erməni millətçilərinin bizə nisbətən daha sürətlə təşkilatlanması, daha çevik beynəlxalq şüura təsir edərək Qafqazda baş verənlərə özlərini təmin edən mövqedən siyasi qiymətlərin verilməsinə nail olmasıdır. Bu baxımdan reallıq naminə etiraf etməliyik ki, erməni millətçiləri daha çevik təşkilatlanıb və bütün dünyada Qafqaz bölgəsində baş verən çoxsaylı terror aktlarına, törətdikləri soyqırımlara, apardıqları etnik təmizləmələrə "əzabkeş xalqın" mənəvi haqqı kimi bəraət qazandıra biliblər.

Ötən əsrlərin tarixinə bir qəzet yazısında qayıtmağın mümkünsüz olduğunu nəzərə alaraq yalnız son yüz ilin hadisələrini ötəri də olsa nəzərdən keçirməyə cəhd edək. Bütün dünyada və Rusiyada XIX əsrin sonunda və XX əsrin əvvəllərində inqilabi proseslər inkişaf edir, fəhlə hərəkatı vüsət alırdı. Erməni millətçiləri bu ərəfədə "Armenekan", "Qnçak", "Daşnaksütyun" və sair təşkilatlarını yaradaraq "Böyük Ermənistan" ideyasını dünyanın siyasi səhnəsinə çıxardırlar.

Artıq real qüvvə kimi təşkilatlanmış erməni millətçiləri ən güclü dövlətlərlə bütün istiqamətlərdə əlaqələrini qurub, yaşadıqları ərazilərdən əməkdaşlıq etdikləri dövlətlərə kəşfiyyat xarakterli məlumatları ötürür, onlardan silah-sursat alır, mümkün qədər hərbi əməliyyatlara qoşulan ölkələrin sayını artırmağa, müharibələrin mərkəzini Qafqaza, oradan da cənuba çəkməyə çalışırdılar. Eyni zamanda, müxtəlif silahlı dəstələri birləşdirmək məqsədilə təbliğat, qorxu və hədə ilə dinc yaşamaq istəyən erməniləri zorla silahlandırıb Azərbaycan ərazilərinə soxur, qırğınlar törədirdilər. Məhz XIX əsrin əvvəllərindən ermənilərin Rusiyanın qəyyumluğu altında Azərbaycan torpaqlarına köçürülməsi ilə paralel, azərbaycanlıların yaşadıqları minillik ərazilərdən kütləvi deportasiyası başlayır. Buna əsas səbəb hər hansı müharibələrin baş verə biləcəyi halda imperiyanın cənubundan doğa bilən təhlükələrə qarşı ermənilərdən ibarət dövlətin Rusiyanın forpostu kimi yaradılmasının zəruriliyinə imperiyanın asanlıqla inanılması olub. Lakin tarix özünü imperiyanın forpostu kimi təqdim etməkdən üzülən erməni millətçilərinin dəfələrlə Rusiyaya etdikləri xəyanətlərin də şahididir. 1917-ci il burjua inqilabından sonra Rusiyada mütləqiyyət zəifləyən kimi "Daşnaksütyun" partiyasının ideoloqu Mkrtıç Portokolyan erməniləri həmişə olduğu kimi türklərə qarşı və həm də tamamilə gözlənilmədən ruslara qarşı mübarizədə birləşməyə çağırıb. Bu günün özündə belə erməni millətçiləri nəinki Rusiyada, hətta ərazilərində yaşadıqları Qərb dövlətlərində iki qanada bölünərək həm iqtidar və həm də müxalifətlə sıx əməkdaşlıq edirlər.

Erməni bolşeviki Stepan Şaumyanın belə bir fikri vardı ki, müsəlman azərbaycanlılarının kortəbii vətənpərvərliyi ermənilərin şüurlu və təşkilatlanmış millətçiliyi qarşısında həmişə aciz qalacaq, məğlubiyyətə uğrayacaq. Lakin Bakıda törətdiyi müsəlman qırğınları ilə qürurlanan Leninin Qafqaz canişini belə vacib siyasi məqamı unudub ki, şüurlu, təşkilatlanmış erməni millətçiliyi faşist ideologiyasından bəhrələndiyindən gec-tez iflasa uğrayacaq, xəstə təxəyyülün məhsulu kimi tarixin arxivinə salınacaq.

Ötən əsrin əvvəlindən 50-ci illərə kimi müharibənin hər ikisində erməni millətçiləri şimal qonşularının qəyyumluğu altında Azərbaycan ərazilərində saysız-hesabsız vəhşiliklər törətdilər, yeni torpaqlar zəbt etdilər, yüz minlərlə azərbaycanlını öz yurdlarından didərgin saldılar. Dünyada baş verən irimiqyaslı müharibələr, faşizmin baş qaldırması elə böyük faciələr idi ki, "balaca və zavallı erməni xalqının" qamarladıqları ərazilər, törətdikləri vəhşiliklər planetin ümumi mənzərəsində bir faciə kimi nəzərə belə çarpa bilməzdi. Bunları qeyd etməkdə məqsədimiz odur ki, 90-cı illərdə erməni millətçiləri heç bir maneə olmadan Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirdilər.

Bu baxımdan erməni millətçiləri üçün XX əsrin birinci yarısı və 90-cı illəri faciələr üstündə qurulan zəfər əsri sayıla bilər. Digər bir tərəfdən Heydər Əliyev kimi tarixi bir şəxsiyyətin Azərbaycan Respublikasına rəhbər təyin edilməsi, 1987-ci ilə kimi keçmiş SSRİ-də ən güclü siyasi liderə çevrilməsi və onun 1993-cü ildə Azərbaycanda təkrar hakimiyyətə qayıdışı erməni millətçilərinin əsrlər boyu reallaşdırılan ideyalarına qarşı əzəmətli, dəf olunması mümkün olmayan sədd çəkdi.

Bu baxımdan XX əsrin əvvəli erməni ideoloqlarının, silahlı quldur dəstələrinin aramsız irəliləyişləri ilə tarixə düşsə də, ulu öndər Heydər Əliyevin sərkərdə qüdrəti sayəsində əsrin sonu bu qələbələrin qarşısının alınması, erməni təbliğat maşınının bir ideologiya kimi əvvəlki gücünü itirməsi ilə tamamlandı. Əsrlər boyu davam edən Ermənistan-Azərbaycan münaqişələrində belə dönüş nöqtəsinin yaranmasında Heydər Əliyev dühasının böyük dövlətçilik təcrübəsi, qeyri-adi siyasi zəkası, tarixi prosesləri öncədən görmə bacarığı və onları vaxtında qabaqlayaraq istiqamətini lazımi məcraya yönəldə bilmək məharəti böyük rol oynadı.

20 Yanvar faciəsini biz adətən Bakıya sovet qoşunlarının yeridilməsi kimi xatırlayırıq, lakin Azərbaycana qarşı aparılan bütün hərbi əməliyyatların, genosid aktlarının, etnik təmizləmələrin və digər aksiyaların kökündə düşünülmüş, yüzilliklərə hesablanmış erməni işğal proqramının mərhələlərlə reallaşdığını görməmək qeyri-mümkündür. Bu baxımdan tarixi ədalətin bərqərar olması üçün siyasi və hərbi proseslərin ötən əsrin əvvəlindən bu günümüzə kimi bu rakursdan nəzərdən keçirilməsi, təkrar və həm də fərqli bir mövqedən, fərqli düşüncə tərzi ilə araşdırılması zəruridir. Azərbaycan xalqının və bütün bəşəriyyətin qan yaddaşına yazılan 20 Yanvar faciəsi də araşdırılarkən ötən yüzilliyin digər faciələrinin ümumi zəncirində nəzərdən keçirilməli, təhlil olunmalı, bütün oxşar və fərqli məqamlar araşdırılmalıdır.

20 Yanvar faciəsi Azərbaycanda demokratiyanın güclənməsinin, söz və mətbuat azadlığının toxunulmazlığının təmin edilməsinin vacibliyini diktə etdi. O zaman bütün mətbuata susmaq əmr olunmuşdu. Demokratiya, mətbuat və söz azadlığına qoyulan qadağalar, hakimiyyətin idarəçiliyində aşkarlığın, birbaşa ünsiyyətin olmaması xalqla dövlət arasında uçurumun yaranmasına gətirib çıxartdı. Xalqın iradəsinə, dayağına arxalanmayan hakimiyyətin sonu yoxdur. Əgər o dövrdə Azərbaycan dövlətinin səlahiyyətli vəzifə sahibləri ilə xalqın maraqları üst-üstə düşsəydi, biz Yanvar faciəsindən xilas ola bilərdik. Amma respublikaya təyin olunan rəhbərlərin Moskvanın diktəsi ilə hərəkət etməsi, bütün addımlarını və verilən qərarları Moskva ilə razılaşdırması, demokratiyanın boğulmasına gətirdi. Son nəticədə xalqla hakimiyyət arasında uçurum elə dərinləşdi ki, 20 Yanvar faciəsi qaçılmaz oldu.

Bu gün həm inkişaf etmiş Qərb dövlətləri, həm də postsovet məkanına daxil olan bəzi respublikalar Azərbaycanda nüfuzlarını istənilən vasitələrlə qorumaqla təbii sərvətlərimizdən yetərincə faydalanmaqda maraqlıdırlar. Azərbaycana təzyiq göstərmək üçün ən təsirli mexanizm Dağlıq Qarabağ problemidir. Bircə anlığa təsəvvür edək ki, Dağlıq Qarabağ problemi Azərbaycanın xeyrinə həll olunub. Bu halda əksər dövlətlər Azərbaycana təsir edən ən vacib siyasi aləti itirmiş olurlar. Məhz buna görə bəzi dövlətlər aparılan sülh danışıqlarını qeyri-müəyyən müddətə kimi uzatmağa cəhd etdiyindən saysız-hesabsız görüşlərlə problemin həllində görüntü yaratmaqla məşğuldurlar.

Biz ayıqlığımızı itirməməli, diaspor fəaliyyətini gücləndirməli, daxili və xarici siyasətdə çevik və həssas olmalı, dostlarımızla düşmənlərimiz arasındakı fərqi sezməliyik. Bu yaxınlarda Türkiyə ilə Azərbaycan arasında yaşanılan gərginlik onu göstərdi ki, düşmənlərimiz ən yaxın müttəfiqimizi belə öz tərəfinə çəkməkdə maraqlıdır. Yəni, bu təhlükələr realdır.

Ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda sabitlik yaratması, ölkənin siyasi qüdrətini on il ərzində artırması və bu siyasi kursun, dövlətçilik ənənələrinin, demokratik prinsiplərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı müasir dünya düzənində öz layiqli yerinə ucaltdı.

Lakin müasir dünya tarixinin sərt döngələri, müəyyən güc mərkəzlərinin gözlənilməz siyasi gedişləri bizi daim sayıq olmağa, ulu öndərimiz Heydər Əliyevə xas siyasi çeviklik və uzaqgörənliklə hərəkət etməyə sövq edir. Real təhlükələrdən qorunmaq üçün xalq və dövlət arasında inamı, etibarı daha da inkişaf etdirmək, milli birliyi, ümumdünya azərbaycanlılarının həmrəyliyini daha yeni səviyyələrə qaldırmaq vacibdir.

Hər bir məsələnin, o cümlədən faciələrin iki tərəfi var. Yəni, onları araşdırmaq, o hadisələrdən ibrət götürmək, nəticə çıxarmaq mümkündür.

1990-cı ilin Yanvar hadisələrinin arxasınca SSRİ kimi qüdrətli bir dövlət dağıldı. Ermənilər SSRİ-nin dağılmağa doğru getdiyini bilirdilər və duyurdular. Eyni zamanda, bu prosesdə onların böyük bir qismi fəal iştirak edirdi. Ona görə də onlar dağılmaqda olan SSRİ-dən özləri üçün nə isə əlavə torpaq və üstünlük əldə etməyə çalışırdılar. Bu məqsədlə də Dağlıq Qarabağ və ona bitişik rayonların işğal olunması üçün gizli planlar işləyib həyata keçirirdilər. Yəni, bütün faciələrin sonunda xaricdən dəstəklənən, istiqamətləndirilən erməni maraqları dururdu.

Üstündən 20 ildən çox keçməsinə baxmayaraq, bu günün özündə də Dağlıq Qarabağ probleminin öz layiqli həllini tapmaması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmaması bir daha onu deməyə əsas verir ki, SSRİ-nin dağılması ilə dünyada yaranan geosiyasi reallıqlar hələ də öz məntiqi sonluğuna çatmamışdır. Dünyada yenə də satış bazarları və enerji mənbələri uğrunda mübarizələr davam etdikcə, Dağlıq Qarabağ probleminin həlli də bu mübarizələrin zəminində yeni mərhələyə adlayacaq. Ötən əsrin 90-cı illərində Dağlıq Qarabağ məsələsinin gündəmə çıxarılması erməni millətçiləri ilə M.S.Qorbaçov başda olmaqla sovet rəhbərliyinin maraq dairəsinə daxil olan məsələ idisə, artıq bu gün böyük güc mərkəzləri Qarabağdan bir təzyiq vasitəsi, ideoloji silah, diplomatik fənd kimi istifadə etməyə üstünlük verirlər.

Bəzi qüvvələr bu problemi - yəni, Dağlıq Qarabağ problemini həll etmək, işğal altında olan torpaqları geri qaytarmaq, bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarını bərpa etmək, regionda davamlı və ədalətli sülhə nail olmağa kömək etmək istəmirlər. Azərbaycana tutarlı təsir etmək üçün Dağlıq Qarabağ kimi etibarlı və tutarlı alətdən özlərini məhrum etmək istəmirlər. Bütün bunlar bizi ayıq-sayıq olmağa, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dünyada Azərbaycanın maraqlarını qorumağa sövq edir.

 

 

Qafar ƏLİYEV,

Azərbaycan Respublikası

Prezident Administrasiyası

İctimai-siyasi məsələlər

şöbəsinin sektor müdiri

 

Azərbaycan.- 2010.- 20 yanvar.- S. 2, 5.