Milli qürur günü
İyirminci yüzilliyin 80-ci illərinin ortalarından Azərbaycanda xalqımızın müstəqillik uğrunda mübarizəsinin yeni mərhələsi başlandı. Hərəkatın mütəşəkkilliyinə erməni millətçiləri tərəfindən süni surətdə yaradılan uydurma Dağlıq Qarabağ problemi və onun ətrafında baş verən dərin sosial-siyasi hadisələr də ciddi təsir göstərirdi.
Erməni millətçilərinin məkrli planlarının həyata keçirilməsində başlıca vasitə keçmiş SSRİ rəhbəri M.Qorbaçov idi. Hakimiyyətə gəldiyi ilk günlərdən o, birmənalı şəkildə erməniləri müdafiə edirdi. Əvvəl gizli, sonra isə açıq formada.
Erməni
millətçiləri onu da yaxşı bilirdilər ki, həyata
keçirmək istədikləri planlara mane olacaq potensial
qüvvə yalnız Heydər Əliyevdir. Çünki bu
dahi insan siyasi gücü, nüfuzu ilə onların
qarşısını ala bilərdi. Ermənilərin
niyyətləri ilə Qorbaçovun qısqanclıq və xəyanətkar
mövqeyi də üst-üstə düşürdü. Odur
ki, hər iki düşmən qüvvə birləşmiş,
nəticədə 1987-ci ilin oktyabrında Heydər Əliyev
tutduğu vəzifədən uzaqlaşdırılmış,
bundan sonra erməni millətçilərinin
fəallığı artmışdı. M.Qorbaçovun məsləhətçisi
qatı daşnak Aqanbekyanın həmin ərəfədə
Parisdə "Humanite" qəzetindəki bəyanatında
bildirilirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən
çıxarılıb Ermənistana verilməsinə dair
Moskvanın artıq razılığı vardır. Bu fitnəkar bəyanatdan sonra "Qarabağ",
"Krunk", "Miatsum" və başqa erməni-daşnak
millətçi təşkilatlarının antikonstitusion fəaliyyəti
genişləndi və Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi üçün müxtəlif
planlar, ssenarilər hazırlanmağa başlandı. Milli
münaqişələrin közərdiyi ilkin vaxtlarda -
1988-ci ilin əvvəllərində M.Qorbaçov Silva
Kaputikyan başda olmaqla bir qrup şovinist erməni ilə
görüşdü. Bu hadisədən sonra Xankəndidə,
İrəvanda antiazərbaycan və antitürk ruhlu mitinqlər
genişləndi. Burada Dağlıq Qarabağın Azərbaycandan
ayrılıb Ermənistana verilməsi barədə
antikonstitusion tələblər və şüarlar irəli
sürüldü və 1988-ci il fevralın 20-də belə
bir qərar qəbul olundu. Vilayət soveti bu qərarın
SSRİ Ali Soveti tərəfindən təsdiq edilməsini
israrla xahiş etdi. Həmin vaxtlarda 4 min nəfərdən
çox azərbaycanlı öz doğma yurdlarından qovuldu.
Əskəran, Masis,
Qafan, Vedi rayonlarında azərbaycanlılara hücumlar intensiv
xarakter aldı. Günahsız insanlar öldürüldü və
yaralandı. 1988-ci il fevralın 27-28-də Qafan rayonundan 200 nəfər
azərbaycanlı qovuldu. 1988-ci ilin mart-aprelində Vedi, Uluxanlı (Zəngibasar),
Masis, Ararat, Qafan, Göyçə rayonlarında azərbaycanlı
əhali yaşayan kəndlər talan edildi, evləri, malı,
mülkü, maşınları yandırıldı. Nəticədə qısa müddətdə həmin
rayonlardan 230 min azərbaycanlı əhali dədə-baba
yurdlarından zorla çıxarıldı. Çox ağır məşəqqətlərə,
dəhşətli sarsıntılara məruz qalan
soydaşlarımızdan 214 nəfər
öldürüldü, 1154 nəfər yaralandı.
Bu olaylara Moskva
göz yumur, M.Qorbaçov məkrli bəyanatlar verir, Azərbaycanın
o zamankı rəhbərləri isə səriştəsiz
mövqe nümayiş etdirirdilər. Belə bir zamanda Azərbaycan
xalqı kütləvi mitinqlərə başladı. 1988-ci ilin noyabr-dekabr aylarındakı Meydan hərəkatı
xalqımızın müstəqillik uğrunda
apardığı mübarizəyə gedən güclü və
potensial ümumxalq hərəkatı və ümumxalq
mübarizəsinin zirvəsi oldu.
Mərkəz
riyakarlıq edərək güclənməkdə olan hərəkatın
qarşısını almaq taktikası yeritdi. 1989-cu il
yanvarın 12-də "Azərbaycan SSR-in Dağlıq
Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik
formasının tətbiqi haqqında" SSRİ Ali Sovetinin qəbul
etdiyi qərar ermənilərin istəyinə uyğun idi.
Çünki DQMV-də xüsusi idarəçilik forması
tətbiq edildiyi ilk gündən A.Volski burada yaşayan
bütün azərbaycanlı soydaşlarımızın
çıxarılmasına nail oldu. Qısa müddətdə
50 min nəfər azərbaycanlı DQMV-dən qovuldu. 1989-cu il
noyabrın 28-də vilayətin idarəsi mərkəzin nəzarəti
altında olan Azərbaycan SSR Təşkilat Komitəsinə
tapşırıldı. Təşkilat komitəsinin sədri
təyin edilən V.Polyaniçko, əslində, öz sələfinin
siyasətini davam etdirir və azərbaycanlılar
sıxışdırılırdı.
1989-cu ilin sonu, 1990-cı ilin
yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi,
qarşıdurma dərinləşdi, mövcud iqtidarın
hadisələrə nəzarəti son dərəcədə zəiflədi.
Yanvarın 13-14-də Bakıda süni şəkildə erməni
talanı təşkil olundu. Mərkəz tərəfindən
düşünülmüş və taktiki baxımdan hərtərəfli
hazırlanmış bu məkrli plan hazır ssenari üzrə
aparıldı. Sovet rəhbərliyi bu yolla Azərbaycan
xalqının müstəqillik uğrunda apardığı
mübarizənin qarşısını almaq, milli-azadlıq hərəkatına
zərbə vurmaq, habelə digər müttəfiq
respublikalara dərs vermək üçün 1990-cı il
yanvarın 19-da "Bakı şəhərində fövqəladə
vəziyyətin tətbiq edilməsi haqqında" fərman
imzaladı. Lakin bu fərmanın tətbiqi barədə əhaliyə
xəbər verilməmişdi. SSRİ rəhbəri
M.Qorbaçovun göstərişi və Azərbaycanın o
zamankı səriştəsiz rəhbərlərinin
razılığı ilə Bakıya qoşun yeridildi. Azərbaycanı
informasiya blokadasına almaq və xalqın haqq səsini
boğmaq üçün SSRİ DTK-sının
"Alfa" qrupu respublika Televiziyasının enerji blokunu
yanvarın 19-da partlatdı. Televiziya susduruldu, kütləvi
informasiya vasitələri üzərinə, qəzet və
jurnalların nəşrinə qadağalar qoyuldu. Beləliklə,
Azərbaycan tam şəkildə blokadaya düşdü, əhali
hər hansı bir məlumat almaq mənbəyindən mərhum
oldu.
Mərkəz tərəfindən
Azərbaycana qarşı aparılan mənəvi, ideoloji və
siyasi təcavüz qısa müddət ərzində faciəli
sonluqla bitdi. Bakı şəhərində fövqəladə
vəziyyət haqqında fərmandan xalq faciədən sonra xəbər
tutdu. Yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə
qarşı misli görünməmiş vəhşiliklər
edildi. Sovet ordusunun xüsusi təlim görmüş qoşun
hissələri 3 istiqamətdə Bakıya yeridilərək
dinc əhaliyə qarşı misli görünməmiş
cinayətkarlıq aksiyaları törətdilər. 20 Yanvar
faciəsi zamanı, rəsmi məlumata görə, 133 nəfər
öldürülmüş, 744 nəfər yaralanmış,
841 nəfər qanunsuz həbs edilmiş, külli miqdarda maddi
və mənəvi zərər vurulmuşdur. Əməliyyat
zamanı hərbçilər tərəfindən gözə
dəyən hər kəs öldürülür,
yaşayış evləri atəşə tutulur, təcili
yardım maşınları, yol kənarında dayanan
avtomobillər tankların altına salınıb əzilir,
yaralananlar sonradan yerindəcə vurulur, yaralılara yardım
göstərən tibb işçiləri güllələnirdi.
Bakıya hücum
Türkan-Qala tərəfdən yanvarın 19-da, saat 21 radələrində
başladı. Bakıya yeridilən qoşun dəstələrinin
tərkibində ermənilər də var idi. Onlar cinayətkar
babalarının törətdikləri 1918-ci il vəhşiliklərini
təkrar etdilər.
Fövqəladə vəziyyətin
tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan
xalqı şəhidlərilə vidalaşdı.
Bakıdakı matəm mərasimində bir milyondan çox
insan iştirak etdi. Bu, Azərbaycan xalqının azadlıq,
haqq, ədalət, demokratiya və müstəqillik uğrunda
mübarizə səsi idi, mərkəzin qanlı əməllərinə
qarşı etirazı idi. Küçələrdə, binaların
divarlarında "Qorbaçov cəlladdır!", "Rədd
olsun Sov.İKP!", "İşğalçılar, rədd
olub gedin!" şüarları yazılmışdı.
Kommunist Partiyasının biletləri tonqallarda
yandırılır, qanlı cinayəti törədənlər
lənətlənirdi.
O zamankı Azərbaycan rəhbəri
Ə.Vəzirov gizli şəkildə respublikadan
çıxmışdı. Vəzifəyə gətirilən
A.Mütəllibov isə Moskva himayədarlarının
buyurduqlarını yerinə yetirirdi. Azərbaycan
xalqının belə ağır vəziyyətində o zaman
vəzifədən və siyasi səhnədən
uzaqlaşdırılmış Heydər Əliyev
böyük cəsarət nümayiş etdirərək
yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi
nümayəndəliyinə gedib mətbuat konfransı
keçirdi. Ulu öndər Bakıda törədilən
qanlı faciənin səbəblərini və təşkilatçılarını
"cinayətkar" adlandırdı və aksiyanı törədənlərin
məsuliyyətə cəlb edilməsini qətiyyətlə
tələb etdi. Həmin mitinqdə Heydər Əliyev
çıxışında demişdi: "Azərbaycanda
baş vermiş hadisələri hüquqa, demokratiyaya
yabançı, humanizmə və ölkəmizdə elan
olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə
zidd hesab edirəm. Azərbaycandakı vəziyyəti öz
axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq
üçün kifayət qədər imkan olmuşdur. Təəssüf
ki, Azərbaycanın rəhbərliyi, həmçinin ölkənin
ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir".
Elə həmin gün Heydər Əliyev Azərbaycan
xalqına başsağlığı teleqramı göndərdi.
Teleqramda deyilirdi: "Bakı şəhərinə sovet ordusu
hissələrinin yeridilməsi ilə əlaqədar
xalqımızın başına gətirilən faciədən,
dinc əhalinin qırılmasından böyük ürək
ağrısı ilə xəbər tutdum. Bu matəm
günündə həlak olanların ailələrinə və
yaxınlarına, bütün Azərbaycan xalqına dərin
hüznlə başsağlığı verirəm".
Ulu öndər Moskvada Azərbaycan
nümayəndəliyindəki bəyanatını kütləvi
informasiya vasitələrilə bütün dünyaya
çatdırdı. Ümummilli liderin tarixi
çıxışının mətni, böyük maneələrə
baxmayaraq, respublikada da yayıldı. Xalq Heydər Əliyev
kimi nüfuzlu bir şəxsiyyətin onunla birgə
olduğunu gördü və ürəkləndi.
Faciəyə hüquqi-siyasi
qiymət verilməsi də ümummilli lider Heydər Əliyevin
hakimiyyəti dövründə mümkün oldu. 20 Yanvar faciəsinin
törədilməsi ilə əlaqədar Azərbaycan
Respublikası Milli Məclisinin 29 yanvar 1994-cü il tarixli qərarı
bu baxımdan böyük əhəmiyyət
daşıyır. Qərarda qanlı 20 Yanvar hadisələrinin
günahkarları aydınlaşdırıldı, elmi idarələr
və tədqiqatçı alimlər qarşısında faciənin
araşdırılması və KİV-də
işıqlandırılması vəzifələri müəyyənləşdirildi.
20 yanvar hadisəsi
xalqımızın yaddaşına qanlı faciə kimi daxil
olsa da, bütövlükdə milli tariximizin ən
şanlı səhifələrindən birini təşkil
edir.
Artıq xalqımızın
haqq səsi və Azərbaycan həqiqətləri
bütün dünyada eşidilir. Dünya onu da bilir ki,
ölkəmiz sürətlə inkişaf edir. İndi iqtisadi
inkişaf tempinə görə Azərbaycan dünyada birinci
yerdədir, regionda güclü dövlətə çevrilib.
Nuru MƏMMƏDOV,
professor
Xaqani MƏMMƏDOV,
Professor
Azərbaycan.- 2010.- 20 yanvar.- S. 3.