Ölümün mükafat olduğu gecə

 

Yanvarın 19-dan 20-nə keçən gecə hamı eyni ruh,eyni hisslərlə aşayaraq azadlıq deyilənmüqəddəs bir anlayışın tilsiminə düşmüşdü.

Gecə vahiməli, xoflu və səksəkəli idi. Əcəl başımızın üstünü kəsmişdi. Küçələrdə gecələməkdən, postları gəzməkdən yorulmurduq. Elə bilirdik ki, yatmasaq, keşik çəksək, küçələrdən yığışmasaq, şəhərə sovet qoşunları girməyəcək, nəyinsə qarşısını almaq mümkün olacaq. Hər gün axşama kimi, hətta gecələr belə davam edən mitinqlər və izdihamların içindən imperiyanı dağlayan insanlar haqqa tapınaraq müstəqillik kimi şirin bir nemət uğrunda həyatlarını təhlükəyə atmışdılar. Tanımadığımız adamlar bir neçə günün içində bütləşsələr də, tarix onların çoxunu unutdu. Lakin yadda qalan o oldu ki, bu izdihamlar kimsənin arxasınca getməyə məhkum olunmuş itaətkar kütləyə bənzəmədilər. Əsrlər boyu hamının içində, ürəyində və beynində cücərən yanğıların eyni zamanda, eyni məqamda alışan atəşi, kimsəyə heç vaxt əyilməyən, tabe olmayan nisgilin azadlıq bağırtısı idi. Hər kəs içində coşan, beynində dalğalanan bu ehtirası sinəsindən çırpınan bir urək kimi çıxarıb başının üstündə tutmaq, istisinə və işığına hamını haylamaq, haraylamaq istəyirdi.

Yalnız meydana, izdihamlara toplaşanlar yox, bütün şəhərdə kiçikdən-böyüyə kimi hamı bir əhvali-ruyiyyədə idi, hamı eyni istəklə yaşayırdı. Hamı elə bilirdi ki, qoşunlar bir neçə gün də şəhərə girməsələr, onun arxasınca azadlıq gələcək. Elə bil, hamının bədəninə eyni bir ruh qonmuşdu, eyni hisslər içimizə hakim kəsilmişdi. Gecənin qaranlığından qarşına kim çıxsaydı, sənə doğma, yaxın gəlirdi. İnsanlar bir-birinə sıx bağlanmışdı. Bu, bəşər tarixində ən nadir hadisələrdən biri idi, okeanları çalxalayıb dalğaları göyə qaldıraraq təlatümlərə səbəb olan güclü sunamilər kimi, azadlıq eşqi də yüz minlərlə, milyonlarla insanı beləcə coşdurub kükrədərək sel kimi hərəkətə gətirmişdi.

20 il bundan qabaq yanvarın 19-dan 20-nə keçən gecə evini, ailəsini, işini, gələcəyini və hətta ölüm xofunu belə unudub şəhərin barrikadalarına, izdihamlara və mitinqlərə axışan minlərlə Azərbaycan vətəndaşının qarşısında sübhədək keçiləsi iki yol var idi: ya şəhid, ya da ki, şahid olmaq. O gecə hamı elə bil ölümüylə bir köynəkdə gəzirdi. Dəqiqələr, saatlar gecənin ömründən qopub uçduqca insanlar, küçələr, ağaclar, binalar və başına tarixən müsibətlər gələn Bakı da yaxınlaşan fəlakətin ağırlığını dərk edirdi.

Əhmədlidə bibim oğlugildə qaldığımdan gecələr ora yaxın yerdə Zığ şosesinin ayağında dururduq. Bibim oğlu zəng vurdu ki, dağılın gedin, şəhərdə qırırlar, mərkəzə tərəf gəlsək, bizi də öldürəcəklər. Zığ yolunda zeytun ağaclarının arasında özümüzə müdafiə mövqeyi tutduq. Sübhədək tankları gözlədik, amma artıq şəhəri bürüyən uzaq uğultudan sovet qoşunlarının başqa istiqamətlərdən paytaxta girdiyini başa düşmək çətin deyildi. Sonra minik maşınlarında adamlar gəlirdi və deyirdilər ki, qalmayın, dağılışın, şəhərdə qırğındır. Nə baş verdiyini anlamaq çətin idi. Evlərinin içindən vahimə ilə səmanı süngüləyən kor güllələri izləyənlər də nə baş verdiyini başa düşmürdülər. Tanklar tırtıllarıyla küçələri şallaqlayırdı. Qırmızı meydanına Qızıl meydan, qırmızı ordusuna Qızıl ordu deyib 70 sənə öyündüyümüz sovet ordusu azadlıq hayqırtısıyla gecənin ağuşuna atılan insanları dinindən, millətindən, yaşından, uşaq və qadınlığından asılı olmayaraq gülləylə divarlara mismarladı, zirehli texnika qarşısına çıxan maşın və insanları əzib üstündən keçdi. Minlərlə insanın 20 Yanvar gecəsinin qaranlıqlarına hayqırdığı "Azadlıq!" Azərbaycana bütün sovet respublikalarının hamısından baha başa gəldi.

Unutmadığım və yaddaşımda sərtləşib daşa dönən xatirələrdən biri şəhidlərin dəfni günü on minlərlə, yüz minlərlə insanın hönkür-hönkür ağlaması idi. Mən də hönkürən izdihamın içində bir damla göz yaşından savayı bir şey deyildim. Azadlıq meydanında bütün Qafqaz müsəlmanlarının şeyxülislamı ağlayırdı. Şəhidlər xiyabanınadək yollara döşənən qərənfillər də gözləmədikləri aqibətin sahibələri kimi ağılarını küçələrin not dəftərinə qan daman ləçəkləriylə düzürdülər. Xəzərdə Bakıya əli çatmayan gəmilər fit verib dərdli-dərdli bağırırdı, dəmir yollarında qatarlar qəzəbini dəmir təkərləri ilə relslərə çırpıb şaqqıldayırdı, şoselərdə avtomobillər siqnal verib ağlayırdı. Bəlkə şeyxülislam da ölənlərə ağlamırdı. O gecə sağ qalmaq elə ağır bir dərd idi ki, insan ölməyindən çox yaşamağına hönkürürdü, öz dirisinə ağı deyirdi. Çünki o gecə ölmək sağ qalmaqdan daha uca, daha şərəfli idi. Kim ölümün əcəllə çiçəklədiyi yerdə vardısa, ölürdü. O gecə mənim yaddaşımda ölümün ən gözəl mükafat olduğu məqam kimi qaldı. Biz bəxti gətirməyənlərdən olduq.

O gecəni küçələrdə yaşayanlar şəhidlərin və qanlardan əzabla doğulan ülvi bir azadlığın şahidləri oldular. 20 il ərzində də hadisələr zaman ötdükcə yaddaşımızda əbədiləşdi, azadlığın rəmzi abidəsinə çevrildi. Bu heykəl hərənin qəlbində bir cür ucalır. İndi biz - ömrünün ixtiyar çağını yaşayan şahidlər üzümüzü o gecədən bəri doğulan və o gecənin vahiməsini anasının bətnində yaşayan, anasının sinirləri ilə dərk edən və Vətənə anasının gözləri ilə baxan bugünkü gənclərə deməliyik ki, nikbin olsunlar, 20 Yanvarla, o gecənin tarixə düşən qəhrəmanlarıyla öyünsünlər. Xalq kimi, millət kimi sınmadıq, əyilmədik, məğlub olmadıq. Şəhidini uca tutan, əzizləyən, keçmişindən ibrət alan dövlət qüdrətli olur.

 

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2010.- 20 yanvar.- S. 3.